25.12.2021

Putin SSRİ-nin yaradılması ilə bağlı reallığı deyib

Nəzakət Məmmədova

Bizim xoşumuza gəlsə də, gəlməsə də Putin SSRİ-nin yaradılması ilə bağlı reallığı deyib. Mən düşünmürəm ki, Putinin bu fikirləri postsovet ölkələrinin əhalisi tərəfindən qəzəblə qarşılanıb. Gəlin Azərbaycanda sorğu keçirək və sadəcə bir sual verək. Sualımız belə olsun ki, siz indiki həyatınızdan razısınız, yoxsa Sovet dövründəki həyatınızdan? Mən əminəm ki, insanların çoxu deyəcək ki, biz Sovet dövründə indikindən min dəfə yaxşı yaşayırdıq. Söhbət təkcə yaxşı yaşamaqdan, sosial rifahdan getmir. Söhbət dövlətin qanunla idarə olunmasından gedir. Həmin dövrdə dövlət qanunla idarə olunurdu. Bu gün o qanunlar yoxdur.
***
Putinin SSRİ-ni yaratmaq niyyətini insanlar o vaxt qəzəblə qarşılayardılar ki, onların indiki rifah vəziyyətləri Sovet dövründəkindən yaxşı olsun. Rüşvət, korrupsiya və digər neqativ hallar müstəqillikdə təəssüf ki var. Tək Azərbaycan deyil, əksəriyyət keçmiş Sovet dövlətləri bu üsullarla idarə olunur. Pafoslu müstəqillik adı altında bir qisim insanların surətlə varlanması və digər insanların səfalət içində yaşaması yaxşı hal deyil. Faktiki olaraq indi insanlar evi olan bomj kimi yaşayırlar. Yəni ev var, amma insanların gəliri yoxdur. Dükan və bazarlarda hər şey var, amma insanların istədiklərini almağa imkanları yoxdur. Həmçinin insan öz övladını normal böyüdə bilmir. Heç məhkəmə, iş, əmək hüquqları da yoxdur. Bir qrup insanlar başqa qrup insanları kölə kimi istismar ediblər. Bunun adı da müstəqillikdirsə, bu heç bir ölkədə normal qəbul oluna bilməz.
***
SSRİ-nin dağılması müttəfiq ölkələrin hamısı üçün faciə idi. Reallıq odur ki, milyonlarla insana SSRİ-nin dağılmasının qurbanına çevrilib. Əgər SSRİ-i dağılmalı idisə belə dağılmalı deyildi. Onu dəyişmək olardı. Biz nə Avropa kimi avropayıq, nə də başqa quruluş kimi quruluşuq. Hazırda faktiki olaraq vəhşi kapitalizmdir. Məsələn, Azərbaycanda oliqarx olanlar dünya bir yana, heç öz ölkəsində heç bir sahədə tövhə verməyən insanlardır. Onlar birdən birə oldular oliqarx. Başqa insanlar isə qəpiyə möhtac qalıb. Bunun nəyi yaxşıdır? Həmçinin etnik münaqişə zamanı istər Azərbaycanda, istər Ermənistanda, istər Gürcüstanda, istər Moldovada minlərlə cavan insanlar öldülər. Hazırda bu proses Ukraynada baş verir. Bu da çox böyük faciədir. Amma SSRİ olsaydı bunların heç biri baş verməzdi. Putin SSRİ-nin yenidən yaradılmasının vacibliyi ilə bağlı düz deyir və tamamilə haqlıdır. Bizim xoşumuza gəlsə də, gəlməsə də Putin reallığı deyib. Bu fikirləri tək Putin yox, ali təhsilli insanlar da, fəhlə insanlar da deyir. Yəni ağlı başında olan hər bir insan 30 illik yaşadığı dövrdən sonra bu fikrə gəlib.

Комментариев нет:

Отправить комментарий