Keçmiş deputat Nazim Baydəmirli iş adamları, sahibkarlar, eləcə də digər vətəndaşların gömrükdə incidilməsi və bürokratik əngəllərlə üzləşməsi barədə danışıb.
Onu fikirlərini qısa olaraq sizə təqdim edirik.
“Gömrük orqanları qəsdən bəyannamə qiymətini şişirdirlər və nəticə etibarilə də proqnoz göstəricilərini artırmaq məqsədilə süni qiymət artımı yaradırlar. Sahibkarlar öz mallarını gömrük orqanlarının anbarlarında saxladığına, yaxud da maşına demarj verdiklərinə görə məcbur olurlar ki, onların dediyi ilə razılaşalar. Bununla da, bəyannamə qiymətini artırmasına razı olurlar. Bütün bunlar maddi itkilərə səbəb olan proseslər olduğuna görə, iş adamları daha çox belə süründürməçiliyə məruz qalırlar və bilərəkdən də sahibkarlara ziyan vurulur”.
***
“İlk növbədə idarəetmədə gömrük orqanlarının korrupsiya halları ilə uzunmüddətdir məşğul olmaları və beləliklə, regionçuluq, qohumbazlıq, yerliçilik bu qurumda daha çox biruzə verir. Təbii ki, Azərbaycanda bunu bilməyən yoxdur. Eyni regiondan olan şəxslərin, bir-birinə qohum olan şəxslərin bir qurumda rəhbər vəzifədə olması, sıravi işçilərin də qanunu pozmasına şərait yaradır. Beləliklə, məmurlar qanunla deyil, bir-birilə problemlərini həll edərək, bağlayaraq, gizlədərək vətəndaşı daha çox incidirlər. Bunun aradan qaldırılmasının yeganə yolu şəffaflıq, idarəetmədə bu tipin neqativlərini aradan qaldırmaqdan və korrupsiyanın, rüşvətin yox edilməsindən keçir”.
***
“Eləcə də dövlət orqanlarının bir çoxu vətəndaşların hüquqlarını pozur. Gələcəkdə vətəndaşlar öz hüquqlarını bərpa etmək üçün məhkəmələrə müraciət etdikdə isə məhkəmələr birmənalı olaraq dövlət orqanlarının tərəfini tutur”.
Комментариев нет:
Отправить комментарий