22.09.2019

(OS)TURANÇILARIN NƏZƏRİNƏ

 Vahhabilər və bozqurdlar Sibirə şalban qırmağa, müxalifətçilər isə Çeçenistandakı dəlixanaya müalicə almağa göndəriləcək. Braqunı- müasir dövrün bəy, xan, əmir və xəlifələri bu adı yaxşı yadda saxlasınlar. Bu Çeçenistandakı psixiatrik xəstəxananın adıdır. Barışmaz müxalifətçilər orda müalicə alacaqlar. Kadırov söz verib, iynəyə simiclik etməyəcəklər; əgər onların müalicəsi üçün bir iynə tələb olunursa, iki iynə vuracaqlar. Serqunun dostları zarafatı sevmir. Mesajı alıblar və ciddi analizlər aparılır. Psixiatrların fikrincə, cəmiyyətimizdə hər 4 nəfərdən biri psixi pozğunluqdan əziyyət çəkir. Hörmətli liberal bəyəfəndilər, ətrafınızdakı 3 nəfəri yoxlayın, əgər onların psixoloji durumları yerindədirsə, demək xəstə sizsiniz! Hazırlaşın, dalınızca gələcəklər! Hökmən gələcəklər. Xəstənin ciddi bir bəlaya tutulub-tutulmadığını onun təxəllüsü ilə müəyyən edən həkimlər barədə yəqin ki eşitməmisiniz. Eşidəcəksiniz. 
 Vahhabilər və bozqurdlarda yoluxma dərəcəsi yüksək olduğuna görə onlar birbaşa Sibirə- təmiz havaya göndəriləcəklər. Qoy gedib turanı, xilafəti orda qursunlar. Balaca vətənlə böyük vətən arasında heç bir fərq yoxdur: turan elə turandır! Fərq etməz, hamısı köhnə ellərimizdir. Koordinatlar dəyişməmişdir, sadəcə qatarların qrafiki dəyişmişdir. Təbiət gözəlliyi naminə bir yurdu başqa yurdla dəyişmək lazım gələcək, vəssalam. Açıq sinəli qocaman şam ağacları Şamdan qayıdan cihadçı nərbalaları, Bakıya bazlığa gələn osmanlılara şam tutanları bağrına basıb dərdlərinə şərik çıxacaq. Lagerin parikmaxerləri saqqallınızı qırxanda üzə çıxacaq ki, saqqalsız necə də eybəcər görünürmüşsünüz! Şoyqunun boksçuları ən güclü zərbələrini kəllələri möhkəm olanlar üçün saxlayacaqlar. Beyin mayedən, baş sümükdən hazırlanıb. Hər yumruqdan sonra sosializm beyindən keçib qəlbdə bərqərar olmalıdır. Onsuz da əxinin beyni təzə qoz kimidir: gözləyir ki qabığını nə vaxt çəkiclə sındıracaqlar.
 Türk dünyası uludur, Sibir də böyükdür, orda bütün radikallara yer tapılacaq. Zamanın tələbi belədir ki, Sibiri qurmaq Turanı qurmaqdan daha vacibdir. Onlar insan ayağı dəyməmiş tayqanın bakirə meşələrində şalban qıracaq, çəkilən dəmiryolu xətlərinə şpal döşəyəcək, kəşf olunmuş yeni neft-qaz yataqlarında qazma-burma işləri aparacaq, enerji ehtiyatlarının nəqli üçün yeni boru kəmərləri tikəcək, bir sözlə, cəmiyyət üçün xeyirli işlərlə məşğul olacaqlar. Həzərat, söz kifayət deyil, iş də görmək lazımdır. Sibirdə iş çoxdur, amma regionda işçi qüvvəsinin kəskin çatışmazlığı hiss olunur. Rusiya Fövqəladə Hallar Nazirliyi mövcud durumu və tələbatı nəzərə alaraq keçmiş Stalin lagerlərini bərpa etməkdədir. Ruslar haqqında ağzına və ağlına gələni danışanları, Rusiya barədə dezinformasiyalar yayanları isə xüsusi qeydiyyata götürəcəklər. Maqadandakı zooparkda cəmi bir timsah var, o da darıxır. Onları həmin timsahın yanına kletkaya salacaqlar. Əlbəttə, timsahla dil tapmaq lazım gələcək. Timsaha liberal motivasiyalar girmir, zarafatı sevmir, aha, arada diş də ata bilər. Zürafə boyunlu nurçuları gen ağızlı timsahın yanına salanda necə də müdhiş mənzərə yaranacaq, İlahi, sözlə ifadə etmək çətindir!
 Günəş yalnız onunçün mövcud deyil ki, qanımızı soran milçəkləri törədib artırsın. Tayqada günəş enerjisi az tapılacaq. Hərdən sizə elə gələcək ki, əsl səma Xəzərdə əks olunan səmadır, Sibirdəki səma səma deyil, ümmandır. İntəhasız səma. Buludlar heç vaxt onu doldura bilməyəcək. Allahın işinə bax, qarşınızda bu boyda ümman açıb, amma uçmağa qanad verməyib. Hərdən sizə elə gələcək ki, səmada görünən kiçik bulud keçibəyə oxşayır. Ağrıdır? Bəli, ağırdır. Deyəsən qafiyələnmədi! Günəş şüaları buludu deşir, şair, sanki sap yumağına mil batırırlar. Bəli, üyüdüb tökməyə vaxt olmayacaq. Hörmətli liberallar, meşənin ortasında təmiz havada treninq keçirməyin öz ləzzəti var: Erkən evlilik, azad cəmiyyətə aparan yol, yoxsa yarımçıq qalmış simfoniya? Gündəm tez-tez dəyişə bilər. Bir günün içində həm uşaq, həm gənc, həm də qocalacaqsınız. Bu təpiyin kəmiyyətindən və sapoqun keyfiyyətindən asılı olacaq. Alışqana ehtiyac duyulmayacaq. Əlində gur tüstülü kösöv tutmuş pezəvəng özü yaxınlaşıb papirosunuzu yandıracaq.
 Həqiqi poeziya tayqadadır, şair. Orda gecə kor olmuş gündüz kimidir. Buludların görkəmi elədir ki, sanki onları şair təsvir edib. Ağacdakı tumurcuq gülümsünür, sanki gülməkdən partlayacaq. Orda çəmənlik buzu sınmış güzgü qırıntılarına oxşayır. Ocaqda tez alışan və yaxşı közü olan kösövlər- orda sənin tək istəyin bu olmalı. Alovun ruhunu görmək istəyəcəksən. Üşüyürsən? Əlbəttə qışda adam donar. Hətta külək də, şair. Boşşşeydi. Ən pisi içəridən gələn soyuqdur. Amansız qış! Sərçə qəfəsə girməyə, bülbülün yanına qaçmağa can atır. Orda elə quşlar yaşayır ki, ömürlərində bircə dəfə də kənd üzü görməyiblər. Əsl sizin yerinizdir. Bir yerə toplaşmış qarğalar qəflətən havaya qalxır, hardasa yaxından yenə avtomat səsləri eşidilir. Güllələyirlər. Budağın ucu havaya qalxan quşun ardınca can atır. Samovar çayının yeri görünür. Barakların damları bir-birinə qısılaraq yeni qarın yağmasını gözləyir. Yarpaqlar soyuqdan əsirlər. Onlar pəncərədən içəri girmək istəyirlər, donmuş balaca əllər tək titrəyirlər. Əsas odur ki, tayqada soyuq vursa da, burdakı kimi rütubətli şaxta yoxdur- quru şaxtadır. Təmiz hava insanı enerji ilə yükləyir. Sən tayqada tez-tez özündən soruşmalısan: enerji axınını tez-tezmi hiss edirəm? Əgər üç gündən yalnız birində özünü enerjili hiss edirsənsə, demək Sokolov nəzəriyyəsinin həqiqilik sübutları güclü olub. Orda təbiət oyananda tərtəmiz olur, insan isə oyanandan hələ çox sonra ağzında acılıq hiss edir. Qocalıq qar kimi qəfildən gəlir; səhər oyanıb görürsən ki hər şey dümağdır. Qəfil dərddən qocalan sifət küləyin qırışdırdığı suyun səthinə oxşayır. 
 Amma tayqada ömür qısa olsa da, adam darıxmağa macal tapmır. Deyirəm, ağsaqqal, ölüm çox pis təşkil edilib. Elə olmalıdır ki, ölülər vaxtaşırı səsinizə səs verib yanınıza gəlsinlər və heç olmasa yarım saat sizinlə söhbət etsinlər. Onlar sağ ikən sizə çox söz deməyə macal tapmadılar. Sən də çoxları kimi şəfa tapanda cəfanı unudanlardan oldun. Sənə bircə palka da kifayət idi, a bədbəxt, səninsə könlünə bütöv meşə düşdü. Sibirin öz qayda-qanunları var. Ən düz, ən dəqiq, ən mənalı söz “heç nə”dir. Baraka götürülmüş liberalın qulağının digər nitq orqanları kimi nəcib olması vacib deyil. O kobud sözlər eşidə bilər, lakin həmin sözləri təkrar etməsi məsləhət deyil. Mübahisə etməyin yeri yoxdur, qan fəvvarə vura bilər. Başqalarının mənfi reaksiyasına hazır olmalısan. Qəzəb əksər hallarda mənasızdır. O vəziyyətin nəzarətdən çıxmasına səbəb olur. Yadda saxla ki, qəzəb sənə daha dağıdıcı təsir edir, nəinki hirsləndiyin qəzavü-qədərə. Başa düşməyə çalış ki, əgər daim kiməsə əsəbləşirsənsə, onda bu zaman daha çox özünə ziyan vurursan. Həmin insan isə səni bürüyən qəzəb hissindən heç şübhələnməyə də bilər. Ona görə də həyatı daha da xoşagələn etmək üçün qəzəbdən uzaq durmalısan və yaranan gərginlikləri gülümsəyərək yola verməyə çalışmalısan. Emosiya yaxşı şeydi, bəy. Emosiya onu göstərir ki, sən temperamentli oğlansan. Amma emosiya ötüb keçir, onun doğurduğu acı nəticələr qalır. Yəni toydan sonra nağara. Zurna. Tədbirli olun. Uğursuzluqlardan daha yaxşı bir insan olmaq üçün istifadə edin: sizin yeni vəzifəniz- adam olmaqdır. Cəmiyyət üçün xeyirli adam! Öz üzərinizdə kiçik qələbələr qazanmaqla böyük çətinliklərdən yaxa qurtara bilərsiniz. Əgər dostunuzun sağ ayağı axsayırsa, sol ayağınızla axsayın ki dostunuz daim müvazinətdə olsun. Çalışın orda özünüzə həmdərd tapın. Demokratiyanın oseçka verməsi barədə fikirlərinizi bir kimsə ilə bölüşərkən, bu dünyada hər şeyi, hətta keçmiş auditoriyanızın sizin dərd-sərinizə qoz qoymamasını belə unutmağa çalışmalısınız.
 Ədalət var? Var, ancaq onu heç də həmişə görmürük. Azərbaycanda ədalət böyrümüzdədir, amma həddindən artıq səs-küy salan ədalətsizliyin içərisində itib batır. Tayqada isə ədalət üzdədir. Ədalət tayqada sizin çiyinlərinizdə olacaq. Həqiqət özü boynunuza hoppanacaq. Camiənizdə kiçik bir guşəni bürümüş pafos şimalda bütün meşəni tutacaq. Ucsuz-bucaqsız meşə əsl demokratik ab-havaya köklənib. Diktaturaya nifrətinizi ağac gövdəsinə bıçaqla yaza bilərsiniz. Qulağınıza səslər gəlir? Hardan? Axı ətrafda ins-cins görünmür. Aha! Danışan ağaclardır. Düzdür, sözün fikirlə mübarizə aparması vacibdir, amma bir şərtlə ki badalaq vuran olmasın. Tayqada arzularınız boy atacaq, təxəyyülünüz enlənəcək. Arzu heç nə ilə qidalanmayan fikir deməkdir. Çox ac qalanda arzularınız şahə qalxacaq, təxəyyülünüz fontan vuracaq. Gecələr yatmamışdan qabaq lampadan tavana düşən işıq dairəsinə diqqətlə baxın: Göytürk impressionizminin episentri elə ora olmalı.
 Ola bilsin koordinasiyanızı itirəcəksiniz, düz dura bilməyəcəksiniz, mostunuz qaçacaq. Ola bilsin daha diksiyalı danışmaq alınmayacaq, nala-mıxa vuracaqsınız. Ola bilsin havası sizə düşməyəcək, özünüzü bərbad kontrol edəcəksiniz. Şalvarınıza qaçıracaqsınız, bu hökməndir. Bəli, belə getsə, perspektivi batıracaqsınız. Arada ürəyiniz bulanacaq, könlünüzə duzlu xiyar da düşəcək. Ola bilsin, ənənəvi mətbuat konfranslarındakı tək şax yeriyə bilməyəcəksiniz. Amma sizə əlləri üstə oynamağı öyrədəcəklər, hökmən öyrədəcəklər, bu da var. Dağdan gəlib Bakıda şellənirdiniz, hakimiyyətdəki yerlilərinizin hesabına qorxusuz-hürküsüz ömür-gün sürürdünüz, yetənə yetib yetməyənə bir daş atırdınız. Amma burda tez-tez diksinəcəksiniz, dabanınızdan təpənizə kimi ildırım sürətilə keçən, əl-qolunuzu donduran cərəyan duyacaqsınız. Yay-qış stanok daim işləyəcək, yay gələndə isə kombayn xodlanacaq. Biçəcək eee! Konveyer sizi kövrək və sıravi məxluqlara çevirəcək.
 Göz yaşları əzabın gözəlliyini korlayır, şair, səbirli olmaq lazımdır. İnildəmək lazımdır, amma ahəngdar dildə. Zarıltın ayağının yanında otun üstündə oturan qurbağanın qurultusu ilə üst-üstə düşməlidir. Yoxsa alınmaz. Həyat qırılmış patefon kimi eyni notanı çalacaq: Aman, aman, aman! Bəli, sənətkarı ağlamaq tutacaq. O qələtlər ki etdiniz, etməməliydiniz! Bu qədər ərəb baharının bir qışı da olmalıydı. Səndə günah yoxdur, şair, indi elə zəmanədir soyuqdan ulduzların da gözü yaşarıb. Bundan sonra rahatlıq olmayacaq. Nato girməyəcək, qrant şabaşı tökülməyəcək, Pensilvaniyadan da qiblə çıxmayacaq. Ey fani dünya, kaş ömrü boyu kasıb olaydın, amma o cür gicdırnaqlıqlar eləyib pul qazanmayaydın. Qanınız qaralır, bilirəm, neyronlar sıradan çıxır. Bir gecə yuxuda görəcəksiniz ki, xoxan başınızın üstünü kəsdirib. Yaxşısı budu problemin yaranmasının səbəbləri haqqında düşünün, onun nəticələri haqqında deyil. İndidən izahatınıza nəzarət etməyi öyrənməlisiniz. Bu dünya sənə istədiyin hər şeyi verə bilmədi. O dünya verəcək. Bax, şair, tufan zamanı quş nə edir? O budaqdan yapışıb qalmır. O tufanın ardınca gedir. Olan şeydir.
 Nitsşe deyirdi ki, “Öz arzularınızdan qorxun- onlar həyata keçir”. Turan qurmağa Dərbəndi və Təbrizi yox, Uzaq Şərqi fəth eləməkdən başlamaq lazımdır. Maqadan Ulduzu festivalında kimlər iştirak etmək istəyir? Ora sizi qısa yolla aparacaqlar, yanacağa pulunuz çıxmayacaq. Sərnişin yox, yük təyyarələrinə doldurub aparacaqlar ki, yer çox olsun, bir birinizdən ayrı düşməyəsiniz, əyan-əşrəflərinizlə birgə uçasınız. Çox qalaqlasalar qocaman müsavatçıları altınıza salarsınız, onların üstünə minərsiniz, axı onlar sizin kimi teksun yağı ilə böyüməyiblər, sovet yağı ilə böyüyüblər, bədənləri möhkəmdir, hər cəfaya dözürlər. Kefdi, 9 min metr hündürlükdə uçacaqsınız. Avrasiya qitəsinin başına pulsuz dövrə vuracaqsınız. Möhtərəm sərnişinlər, gərək bağışlayasınız, burda qıçları uzun, gözləri göy stüardessa yoxdur ki, hücnü-camalına baxıb feyziyab olasınız. Məcməidə kofe və şokolad gəlməyəcək. Servis nol! Adətən sərnişin təyyarələrinin oturacaqlarına bağlanıb uçurdunuz, burda isə ətalət qüvvəsinə tabe olub uçacaqsınız. Külək də yoxdu, dilxorçuluqdu, boğulursunuz. Həzərat, tayqanı qarşılamağa hazırlaşın. Təbiətin naqqallardan zəhləsi gedir, çalışın sadə olun, yoxsa təpiklənəcəksiniz. Şillə yeyəndə divardakı mıxa baxıb fikrə dalacaqsınız. O kiçik mıxdan çox böyük fəlsəfələr asılıb, şair. Ən böyük poeziya o mıxdan sallanıb qalıb. Ey Allahın huşsuz bəndələri! Yalnız dəhşətli ağrıdan bağıran zaman hansı alovun içində olduğunuzu qanacaqsınız. Az qalıb. Tufana hazırlaşın. Bulud dolu arabalar astadan guruldaya-guruldaya irəliləyir. Qatar gəlir. 11-ci Qızıl Ordu qayıdır. Həyat sizdən uzaqlaşır, onun lap ucundan tutmusunuz. Oğuznamədə deyildiyi kimi, qatırın zürafə kimi nadır heyvan olacağı gün uzaqda deyil. İndidən piloramada taxtanı düzgün tutmağı öyrənin. Adamın gərək naxışı ola, bəy. Üstünüzə şam ağacı aşsa, düz bir il balandadan yeyib yatacaqsınız, heç kimin sizinlə işi olmayacaq. Tanrı türkü şam ağacının aşmasından qorusun. Ağacın aşmasını düzgün hesablamayanda yaman olur halın. Liberallara paz vurulanda daha zəhmətkeş və qədirbilən olurlar- bu çoxdanın düsturudur. Arada paz lazımdır. Havası elədir ki, orda tənbəllikdən əsər-əlamət qalmayacaq. Şoyqunun korrektorları qısalığa yazıpozan rezinin köməyi ilə nail olurlar. Rezin lazımi sözləri asanlıqla pozur. O rezin dəyənək ki var, sizə yeni tale yolu cızacaq. Məcburi işləməyi orda sizə məcburi öyrədəcəklər. Sizi dünyanın ən incə, ən xeyirxah, ən həlim, ən sülhsevər, ən zəhmətkeş, eyni zamanda ən kövrək məxluqatına çevirəcəklər. Daha heç kimin bostanına daş atmayacaqsınız. Orda başa düşəcəksiniz ki, yorulmazdan əvvəl dincəlmək adəti çox pis şeymiş. Ağıl əməyin hesabına püxtələşir, şair. Şalban daşımaq, şpal döşəmək adamın ağlını başına gətirir.
 Rusiya və İran səfirliklərinin qabağında yaxa yırtan vətənşüvənlər, Buryatiya dağlarında tunel qazmaqla aranız necədir? Tunelin girişi o qədər cansıxıcı olmasa da ortasına çatar-çatmaz adamı vahimə bürüyür. Adama elə gəlir ki, daşlardan biri yerindən qopub üstünə yuvarlanacaq. Yaman dağdı ha, başqan! Üst hissəsi çılpaq, sərt görünən qayalıqlar adama “gəl altdan gir məni yar” deyir. Gözlərinizin tozunu silib yaxşı baxın, görün kaskalarınızın fonarlarının işıqlandırdığı çapıq-çapıq qayalar necə göz oxşayır! Sən əlində külüng dayanıbsan, lap Nizaminin qaya çarpan Fərhadına oxşayırsan, bircə Şirinin çatışmır. Tunel qazanların içində sizi o aksiyaya yönəldən kuratorlarınız da olacaq, odur ki darıxmayacaqsınız. Bilirəm, hər oğul içəri girə bilmir, amma sapoq dəyəndən sonra adam qaça-qaça girir. Hər dəfə partlayışa oxşar səslər eşidəndə diksinəcəksiniz, dabanınızdan təpənizə kimi ildırım sürəti ilə keçən, əl-qolunuzu donduran həmin o cərəyanı yenidən duyacaqsınız. Hər bir diksinmə xırda infarktdır, odur ki içinizdə Fətulla Gülənin tibb kolleclərini bitirənlər olsa, baraklara qayıdanda özünüzü onlara başdanbaşa yoxlatdırın. Partlayış sədası qulağın dibində vurnuxan cırcırama kimi uçub gedir, amma ağır fəsadları qalır. Gurultu şiddətli və davamlı olanda nəm divara qısılaraq gözlərinizi yummağınız və bu halda gurultunun qurtarmasını gözləməyiniz məsələhətdir. Ortada dayansanız birdən çatlamış qayalıqlar sizi ağuşuna alıb altına basar, xalqımız bu itkiyə necə dözər? Tenqri özü sizə yar olsun. Çətin olacaq əlbəttə, axı ömrü boyu linglə, kompressorla işləməmisiniz, çarxların mahnısına öyrəşməmisiniz; sizinki klaviatura olub, monitor olub, saytda rusa-farsa virtual tullanmaq olub. Çırmanıb real işə girişmək lazım. Belə dağ görmüşdünüz? Heç təsəvvürünüzə də gətirmirdiniz. Eləmi, qağa, eləmi? İndi bu sizə nağıl kimi görünür, bilirəm. Haydı kərkinməyi tərgidəlim, dağla çarpışmağa hazırlaşalım! Gödəkçənizi soyunub ovuclarınıza tüpürün. Ağzını div kimi açmış tunelin qabağında dayananda səfirliklərin qabağında keçirdiyiniz o ödənişli aksiyalar kino lenti kimi gözünüzün önündən ötüb keçəcək. Heyhat! Yanınızdakı kuratorlarınızı əzişdirəndən sonra əlinizdəki lingləri, külüngləri tüfəng kimi dik tutub qara kahıya girəcəksiniz. Hadi bakalım kolay gəlsin. Karbid fənərlər yolunuzu işıqlandıracaq. Aman tanrım, dağın didim-didim olmuş içalatı necə də dəhşətli görünür! Soyuq hava adamın üzünə vurur, su damlaları tağdan süzülüb birbaşa alnının ortasına düşür. Lap xal kimi. Xatuba! Xırda daşlar sükutda bilirsiz necə cingiltili səs çıxardır? Bilmirsiz. Biləcəksiz. İrəli getdikcə ətraf qaranlıqlaşır, boğuqlaşır. Adamın havası çatışmır ey! Hanı o Xəzər qırağındakı nəxi villa ki, həyətində bir ağız hava udanda gözünə işıq gəlir, yorğunluğun qaçır, qanadlanırsan, xoşallanırsan, qızırsan, min xəyala düşürsən, rəngarəng planlar qurursan; gah neft payından nəsə umursan, gah amerikan qrantı eşqinə düşürsən. Hanı? Nərdə, abi? Tuneldə isə zülmət adamı boğur, əzələləri sıxıb dondurur. Ordan eşiyə, açıqlığa çıxanda günəşin necə gözəl, nurlu göründüyünə baxmağın öz ləzzəti var! Neyləmək olar, qismət beləymiş; divarlara dirənə-dirənə, çala-çuxura düşməkdən qoruna-qoruna irəliləmək lazım gələcək. Bir də gördün guppp!- yenə tunelin bir tərəfi uçdu! Diksindin, yenə cərəyan, fənər əlindən düşdü, qoydun üstə daban əlli altı qaçdın. Milliyyətçi Gənclər Partiyası üzvlərinin bir xeyli hissəsi, özü də ən aktiv, sanballı və təşəbbüskar hissəsi qaldı daşın altında. Yüz il sonra liberast mətbuat yenə yazacaq türk dünyası zəkalarını itirdi. Sən öl, şair, elə bil div adamın üstünə nərə çəkir, od-alov püskürür, elə deyil? Ağır dərddi. Daş qayaya rast gəlib. Yıxılıb dura-dura qaçdınız, nəhayət işıqlığa çıxdınız. Təşkilatdan sağ qalan üzvlərinizin rəngi-ruhu qaçıb, tir-tir əsirsiniz, iç vurursunuz. And içəcəksiniz ki, bir də heç biriniz bu cəhənnəmə ayaq basmayacaqsınız. Amma yox axı, 44 razmer botınkanın təpiyindən sonra yenə qayıtmalı olacaqsınız. Əyin-başınız da büsbütün toz, sanki un anbarında eşələnmisiniz. Dəyirman. Üst-başlarınızı çırpın, fənərlərinizi yandırın, partiya yoldaşlarınızı yenə də içəri, ardınızca səsləyin. Onlara deyin ki, qayıdın, səs maşındandı. Yalandan deyin ki, bayaqkı uğultu içəridəki kompressordan gəlirmiş. Qoy bir az cürətli olsunlar. Onları başa salın, bu tunel ki var, çox lazımlı şeydi, sizi düz Türk dünyasının tarixi məntəqəsi Ulan-Udeyə kimi aparacaq. Başqırdlar, udmurtlar və çuvaşlar bu tuneldən keçəndə fəxrlə deyəcəklər ki, bu tuneli Turan ordusunun əsir əsgərləri tikiblər, Allah hamısına rəhmət eləsin. Bəyəm bu sizə azdır? Elə bil misilsiz, nəcib, təmənnasız işlər görməlisiniz ki, bütün camaata xeyir dəysin, nəsildən nəslə qalsın. Bu cür iş görməyə vaxtı ilə söhbətlərinə diqqətlə qulaq asdığınız müdrik ağsaqqallar savab deyirdilər. Amma bu motivasiyalar girməsə, qarşıdan gələn uğultu onları yenidən çaşdırsa, dayanıb geri qalsalar, briqadiri çağırın, akt tərtib edin, tağların dirəklə bərkidildiyini, diblərinə paz vurulduğunu, pazın da ki möhkəm olduğunu, həddən artıq möhkəm olduğunu, divarın uçmayacağını, arxa hissənin dayanıqlı qaldığını onlara başa salın, qoy sakitləşsinlər. Əzmlə işləsinlər. Fənərlərin boğuq işığında işləyənlərin kölgələri bilirsiz necə qeyri-adi tərpəşir? Biriniz vəhşi aslan öldürürmüş kimi külüngə zərbə endirirsiniz, biriniz pnevmatik çəkicləri qüvvətlə çırparaq sərxoş kimi yırğalanırsınız. Balaca iş deyil e, kişi, qaya dəlirsiniz. Bakıda belə hünəri heç kəs sizdən gözləməzdi. Arxanızdakı oyuqlardan tüstü çıxır. Uğultu adamı az qala dəli edir. Siz irəlilədikcə, tunelin o biri dəliyinə yaxınlaşdıqca uğultu da güclənir, oriyentirlər itir. Dağ cana vəlvələ salır, sal daşlar qoz kimi çatlayıb düşür, ətrafda hər şey guruldayır, uğuldayır, qulaqlarınız batır, gözləriniz toz-torpaqdan dumanlanır, çayın axarına düşmüş dana kimi hərəkət edirsiniz. Gərək arada gözlərini elə bərəldəsən ki, arxası sənə külüng vuran türkçü kolleqanı da görə biləsən. Möhkəm durun, alnınıza nə yazılıbsa, odur. Düzdür, ilk dəfə tunelin oyuğuna ayaq basanda mandraja düşəcəksiniz, sizə elə gələcək ki, indicə nəhəng dağ büsbütün yerindən qopacaq, sizi öz altına alıb basdıracaq. Amma yox! Çox yox, bir-iki ay səbrlə canınızı dişinizə tutub işləsəniz maşınlardan daha hürküb eləməcəyəcəksiniz, gurultunu heç vecinizə də almayacaqsınız, guppultuya da alışacaqsınız. Baş Düşərgələr İdarəsinin dəmiryolu tikintisi seksiyasının sizə qol çəkdirib etibar etdiyi külüngləri dağın daş zirehinə endirəndə vəcdə gələcəksiniz. Sanki bu qayalar şiələrə atəş açmadıqlarına görə osmanlı sultanının qəzəbinə tuş gəlmiş yeniçərilərdir, siz də kürd paşasının başıpozuqlarısınız, onlara dayanmadan döşəyirsiniz, var qüvvənizlə zərbələr endirirsiniz. Yeniçərilərin kəllələri, burunları, qarınları xırd-xəşil olur, qulağı sırğalı osmanlı sultanı ləzzətdən qəşş edir və sizinlə qürur duyduğunu hayqırır. Haydı qıvraq olun, külüngü möhkəm vurun, axı o günə kimi osmanlı torunu adını daşımaq sizə ləzzət verirdi! Abi, qaranlıqda bir-birinizi itirəndə azərbaycanca yox, türkcə haylayarsınız, yaxşı? Ortaq türk əlifbası bax o tuneldə lazım olacaq. Tunel çatlayıb eləsi latın qrafikası ilə gedib çıxışı taparsınız. Amma çox uzağa qaçmayın ha, eşikdən kənarda durub tunelin ağzından tüstü çıxanacan gözləyin. Bəzilərinizin hövsələsi çatmayacaq, dizi üstə yerə çöküb qəhərlənəcək. Qalx ayağa, yavrum, Bilge Xaqanın nəvəsi diz çökməz! O biri igidlərlə birgə içəri geçməyə, partlayışın nəticəsini görməyə, neçə metr yer təmizlənəcəyini aydınlaşdırmağa tələsin. Sən bir dünyanın işinə bax, min bir əziyyətlə, zəhmətlə işləyib tunelin axırına çatanda bir yekə sal daş yerindən qopur, yolu kəsir, işıqlığa və aydınlığa çıxmağa qoymur. Bax nurçulara ən çox yer eləyən bu olur! Birdə gördün əxilərdən birinin başına yenə daş düşüb, sanitar xərəyinə uzadıblar. Həyya ələl-fəlah. İrigövdəli briqadır də əlində jurnal xəşillənmiş başın üstündə dayanıb salavat çevirir. İhdinəs-sıratəl müstəqim.
 Lagerdə iki sənət var ki, həmin sənətləri hökmən öyrənməlisiniz, ya da bir cür bir təhər özünüzü həmin sahəyə soxmalısınız ki, dəmə qoya biləsiniz. Biri daşyonanlıqdır, biri də çörək bişirməkdir ki, bu sahələrə özünüzü pərçimləyə biləsiniz, ağır işlərdən kənarlaşdırılacaqsınız və bütün gününüzü sexin isti küncündə keçirəcəksiniz. Biri var külüng vurub qaya çartdadasan, biri də var talon kəsib çörək paylayasan. Otur özünçün bütün günü sexdə, daşdan səkkizguşəli ulduz, daşdan aypara düzəlt, sementlə yaxıb birləşdir, həzz al. Sən əzmlə çalışmalısan, yavrum, gərək qəbiristanlıqda bircə türkçünün də qəbri başdaşısız qalmasın. Ehtiyatlı ol ki, daş çarpanağı sıçrayıb gözlərinə dəyməsin, yoxsa o şahin gözlərin sıradan çıxar, şedevrə kolleqalarının reaksiyasını görə bilməzsən. Daş yonarkan qorxundan əlində düzəltdiyin sənət əsərinə o qədər qıyqacı baxacaqsan ki, vərdiş edəcəksən, adamla danışanda da ona qıyqacı baxacaqsan. Söhbət elədiyin həmfikrin elə biləcək ki, ya ona nifrət edirsən, ya inanmırsan, ya da incik düşənlər kateqoriyasındansan. Odur ki, söhbət alınmayacaq. Eybi yox, onu başa salarsan ki, xasiyyətin heylədir- hər şeyə inanan deyilsən. Amma bu dediklərimizə inan, şübhə eyləmə. Çörək sexinə təyinat alıbsansa, demək bəxtin gətirib. Burda deyiblər, asanca kükə tapdın. Araşdırmalar göstərir ki, çörək bişirənlərin xasiyyəti daşyonanlardan həlim olur. Xəmirin yumşaqlığı elə bil adamın iliyinə işləyir. Bakıda debatlarda ipə-sapa yatmırdın, dəliqanlıydın, yavrum. Elə ki xəmir yoğurmağa başladın, şirən çəkildi, yumşaldın. Aslan dönüb dövşan oldu. Şir evdən getdi. İstidən daim pörtəcəksən, bədənindən vedrə-vedrə tər axacaq. Maykanı sıxanda şırıltı ilə su töküləcək. Arıqlayacaqsan, hökmən çəkindən bir xeyli itirəcəksən, balqabaqa oxşayan başın get-gedə balqabağın tumuna oxşayacaq. Çörək də elə şeydir ki, nə qədər bişirirsən bişir, liberal kontingent doymaq bilmir. Daş yonmaq isə lap adamın mayasını da batırır, xayasını da. Daş yonanda bilirsən adamın gözünə nə qədər qəlpə qıçrayır? Daş sənə tutuzdursa, ondan aralı dur, söyüşləri kənardan yağdır. Yanındakı nurçu politoloq isə gözlərini qıymadan işini görür, daşın sıçramasından, zədələnmədən qorxmur, çünki kişinin gözündə eynəyi var. Gör e, rayonun mərkəzində özünə heykəl yeri axtarırdın, heykəl gəlib özü səni tapd! Ala, bu da sənə hazır heykəl! Əlinə yekə qaya parçası keçsə Tonyukukun təpəsini düzəldərsən. Arada yığışıb təpəsinə baxa-baxa improvizələr edərsiniz, fantaziyalar qurarsınız. Bax aa, çavuş heyətinə qıyqacı baxmaq olmaz, yoxsa yonduğun daşdan da betər bölünə bilərsən. Bakıya doluşub yağlı yerləri ələ keçirmişdiz, yeyib yatırdız, orda isə yuxunuz ərşə çəkiləcək. Gecə yarısı qalxıb yonduğun daşların arasında gəzəcəksən, yaratdığın şedevrlərdən həzz almaq əvəzinə daşa acığın tutacaq. Amma daşa kəllə atmaq olmur. Deyirəm ağsaqqal, biz hamımız ölüb gedəcəyik, torpağın altında çürüyəcəyik, amma daşçün fərqi yoxdur- nə çürüyəndi, nə də paslanan. Gözəl sənətdi, bəy, naşükürlük eləmə, sənin sənətinin bəhrəsi daim yaşayır, nə yağış, nə şaxta, nə istidən qorxusu var. Qoy çörəkçi qüssələnsin, axı onun malı oddan-alovdan keçsə də, ömrü bir gündür. Xəmir göz önündə qalxıb şişir, qabdan çıxıb daşır, dağa dönür. Radioda həzin azəri musiqisi səslənir: “Dağlar duman olar, Gül yanağın saralıb solar”. Bunu administrasiya xüsusi olaraq sizinçün qoyub. Ocağın uğultusu get-gedə güclənir, az qala partlayacaq. Alov dəli pişik kimi vurnuxur, aradan çıxmaq istəyir. Hasardan tullanıb qaçmaq istəsən hökmən qoltuğuna, balağına tikanlı məftillər ilişəcək. Göynədəcək. Göynətməliydi əlbəttə. Qazan xan demişkən, olacağa çarə yoxdur. Xəmiri kündələyib kürəyə qoymaq vaxtıdır. Çörəkləri sobadan çıxarıb piştaxtanın üstünə düzürsən, arada o üz bu üzə çevirirsən ki, tez soyusun, soyuyandan sonra rəflərə yığırsan. Kürəyi çörəyin altından üsulluca çıxarmağı öyrənməlisən, yoxsa briqadirin qəzəbinə tuş gələrsən. Briqadir tayfası isə həmişə bədgümandı. Güldüsə bu gülüşü yaxşılığamı, yamanlığamı yozmaq çətindir. Onu görəndə çatma qaşların həmişə yuxarı dartılacaq, özü də düz ortadan. Çörəyin kütə getsə əllərin əsməyə başlayacaq, çünki kartoçkanda kəsir yaranacaq. Orda çörəkxananı obyekt kimi işlətmək alınmayacaq, mühasibat güclü nəzarət altında olacaq. Arada sexi yoxlamağa gələn osetin çinovniki duz-çörəklə qarşılamağı öyrənməlisən. Bu sənin müqəddəs vəzifələrindən biri olmalıdır. Bax a, kəl boyunlu çinovnikin qəzəbinə tuş gəlsən, dabanına kimi çat verəcəksən, hətta 100 il sonra liberallar sənə repressiya qurbanı kimi heykəl qoyanda da o çat arxandan görsənəcək. Çətin məsələdir. Arada prostatından ağrılar tutacaq, könlünə balqabaq tumu düşəcək. Orda həyat özü sənə tum gətirir, qara tumdu, yekə, sadəcə qovurmaq çətindir. Hərəkatınızın başqanını barakdan çağırtdırarsan, yanına işə götürərsən, ikiniz bir yerdə kündələyərsiniz. Arada səni konfetə saldığına görə onu bir-iki ağız söyərsən, ürəyin boşalar, başqan da ki söyüşlərə öyrəncəlidi, dinmir, əslində o elə əvvəldən qaradinməzdi, bircə kuratoru görəndə çox danışırdı ki, ondan bir şey qoparsın. Burda isə dinmir, sözə və ələ baxandı. Sən yatmağa gedəndə təknəni təmizləyir, qırıntıları süpürür. Həyat davam edir. Arada sakitlik olanda deyib gülərsiz, xalqı loxladığınız günləri yada salıb nostalgiyaya qapılarsız. Başınız çox qarışmasın, xəyallara çox uymayın ki, xəmir acıyıb tavadan yerə axmasın. Yoxsa ikinizi də əmi-bala isti sexdən qovub soyuq mədənə göndərərlər. Elə ki çörəyin kütə getdi, sənin özünün də vaxtın yaxınlaşdı. Mədənin çörək sexi kimi isti küncü yoxdur, bacasından da tüstü çıxmır. Səhərdən axşama kimi kömürdələni mədənin divarına söykəyib tırıldadırsan, bircə zabit icazə verəndə dincəlirsən. Rusa-farsa kərkinən oğlan indi kömürdələnə kərkinir. Əsəbləşirsən ki, vodoley erası tayfalığa sizə düşmədi. Balıq erasında akula idiniz, indi tilova düşmüsünüz. Şəyirdlərin kömür tozundan qaralmış əlləri ilə gözlərini ovuraraq səndən soruşurlar ki, a bəy, bu necə oldu, nə yedik bu günlərə qaldıq? Gəl indi cavab ver! Kərəmi ağlamaq tutdu. Sexdə isə hər cür dəmə qoymaq olur. Sobanın istisindən şabalıdı rəng alacaqsan, ləqəbin olacaq “hisə verilmiş”. Arada unu ələyib qabın dibinə yayandan sonra bir eşmə çəkərsən, onda Qara dəniz özü səndən sarı çırpınacaq. Batumi plyajları səndən sarı darıxacaq, Abşeron plyajlarında da yerin görünəcək. Dostlarla Xəzərə girib suyu şappıldadırdın, restoranda Xan kababından yeyib könül bulandırırdın, tut arağının təsirindən əlini stola çırpırdın, lül-atəş bulvarda coşub gəlib bomba oğlanlıq edirdin, yanından əri ilə keçən qadına söz atırdın, mübahisə düşürdü, polis də səni tutub aparmaq əvəzinə qadının ərini aparırdı, çünki bütün rayonların polis rəisləri sənin yerlilərindir. Paytaxtda bütün məsələlər sizlik idi. İndi obyektində bayquş ulayır. Plyajdakı şezlonqun boş qalıb, indi pal-paltarlı şkonkada uzanmısan, bit-birə içəridə səni qıdıqlayıb güldürür. Gör gətirib bu boyda oğlanı hara tullayıblar! Radio da barbar bağırır ki, liberalizm tarixin zibil yeşiyinə atılıb. Çərxi-fələk tərsinə dövran edir indi. Arada xəmirli əllərinin barmaqlarını bozqurd işarəsi formasında tutub ulayarsan. Ürəyin nə qədər istəyir. Ula ki ulayasan. Amma astadan ha! Yəni zildən yox, bəmdən. İş ki tamam oldu, planı ki təhvil verdin, önlüyünü aç, gərnəş, indi yatmağa gedə bilərsən. Gedəndə icazə verirlər, çörəkdən bir xırtçanaqlısını seç özünçün apar. Çörəyi vur qoltuğuna, bir də gördün şkonkaya çatınca əritdin getdi içəri. Yatanda yanındakına nəsə demək istəsən də gözlərin yorğunluqdan yumulacaq. Yuxunda görəcəksən ki, Dərbəndə çoxdan bayraq taxmısınız, artıq Rostova yetişməkdəsiniz. Başqanınız BMT-nin tribunasından, özü də türk dilində konuşur. Çəkiclər yenə zindana zərbələr endirib cingildəyir, qıpqırmızı dəmirdən qığılcımlar sıçrayır. Turan ordusunun müvəffəqiyyətlərdən və zəfərlərdən havalanmısınız, impiçment tələb edirsiniz. Şimal-şərqə, əsasən də şərqə doğru irəliləyirsiniz. Volqa çayını birnəfəsə üzüb keçirsiniz. Bombalar partlayır, alov yelləri əsir. Türk şahinləri qaranlıqlar içindən, dağınıq buludlar arasından aşağıya, şəhərlərin üzərinə şığıyır. Körpüləri havaya sovurursunuz, külə dönmüş zəmiləri tapdalayıb keçirsiniz, boşalmış səngərlərin üstündən hoppanırsınız, yanı-yörənizdə ağaclar yanır. Yer kürəsini şumlaya-şumlaya gedirsiniz. Kəndlər xaraba qalır, fermalar dağılır, dünya qozunuza deyil. Donub taxtaya dönmüş yun papaqlı meyitlər, ac quşların dimdiklədiyi açıq gözlər, buz bağlamış zabit ulduzları, son addımda ilişib qalmış sahibsiz boş çəkmələr... Qıvraq olun, az qalıb, planeti götürürsiniz. NATO-nun sizə verdiyi tuşonkaların içindən mal əti əvəzinə pediqri, viskas it və pişik yemləri çıxır, sən maddi-texniki təminata məsul şəxs kimi əlini stola çırpırsan, təcili menyunu dəyişdirməyi tələb edirsən. NATO-nun baş katibi sənin alnından öpərək deyir Moskvanı tutun, sizə lap ikra yedizdirək! Dağıtdığınız xutorlardan birindəki evlərdən yekə taxta çəllək çaxır tapırsınız, sərinlənib şarkı oxuyursunuz. Turan igidləri qorxu bilmədən irəli şığıyır. Rus çöllərində dayanmadan irəliləyən arabalarınızın təkərləri cırıldayır, taqqıldayır, elə bil dilə gəlib sizlərə mahnı oxuyur. Atlarınızın kişnərtisi okeanın o tayına kimi çatıb exo verir. Diyarbəkirli komutanınız geridə qalanları qırmanclaya-qırmanclaya irəli qovur. Üst-üstə qalaqlanmış qum dolu çuvalların arxasında keşik çəkirsiniz, silahlarınızın maqazinlərini doldururub yenidən döyüşə atılırsınız. Türk dünyası ellərinə dayanmadan qara kağızlar gedir, amma siz and içmisiniz, qalaktikaya sahiblənməyincə sakitləşməyəcəksiniz. Avrasiya qitəsinin hər yerinə sümüklər, kəllələr səpələnib. Gözləriniz qızıb. Qabağınıza çıxan yoxdur, düşmən dəlik-deşik maşınları, yanmış tankları, əzilmiş topları, aşırılmış vaqonları qoyub qaçır. Ağsaqqalları, kənd sovetlərini, antiqlobalist onuncu sinif şagirlərini, Pensilvaniyadakı imama biət etmək istəməyən dindarları güllələyirsiniz. Yolayrıclarında bozqurd simgəsi ilə şəkil çəkdirirsiniz. Geriyə gedən qatarlarınız vaqonlarla mal-heyvan daşıyır, trofeydən kalan pullar tutursunuz. Tərtərin mal bazarında ikinci əl norka papaq, geyilmiş dublyonka, qızıl üzük və dişlər satdırırsınız, pula pul demirsiniz. Transsibir magistralında qabağınıza çıxan nişanlar, oxlar dalbadal yerə səpələnir, əvəzinə bircə yazı, bircə nişan ucalır: “Maskvanı alajıyıx!” Gödək şalvarlı keçmiş İŞİD komandiri toplarınıza komanda verir və lülələr Tehrana tuşlanır. Arabalarınızın təkərlərini teksunla yağlayırsınız ki, Uyğurıstana tez çatasınız. Çin səddinə böyük ruh yüksəkliyi ilə yetişirsiniz. Ələ keçirilmiş şəhərlərə mahnı ilə girirsiniz, səkilərdə düzülmüş qıyıqgöz çinli qızlar sizə gül dəstələri və blok-blok siqaretlər tullayırlar. Bəziləri əllərini ağızlarına tutub: “Mən ancaq türk oğlu türkə verəcəm” qışqırırlar. Yük maşınlarınıza, toplarınıza, lafetlərinizə, arabalarınıza gül-çiçək və konfet yağışı yağır. Sizi gözləyirmişlər- xilaskarları! Bütün kənd və şəhərlərdə ağ bayraqlarla qabağınıza çıxıblar. Çin Kommunist Partiyasının birinci katibi arabalarınızın təkərlərini yuyur, Çinin müdafiə naziri isə atlarınızın ayaqlarına nal vurur. Amma Honkonqun qulabanına çatanda təkərə düşürsünüz. Birləşmiş rus-fars qoşunları sizi mühasirəyə salır. Katyol iysi gəlir. Mühasirədən çıxmaq üçün yenidən Qərbdən kömək istəmək fikrinə düşürsünüz. Acından ölmüş rabitəçinin iylənmiş meyidini qərargah qazmasından kənara çıxarıb tullayırsan, notbukun arxasına özün keçib Brüsselə elektron məktub yazırsan. Brüsseldən cavab gəlmir. Gecə qaş qaralanda aradan çıxmağı qərarlaşdırırsınız. Sağ qalmış əsgərləriniz palçıqlı toppuzlarına, sınıq nizələrinə söykənə-söykənə səngərin dibi ilə yavaş-yavaş gedirlər, sən də irəlidə əlində məşəl tutaraq yol göstərirsən. Az getdiniz, üz getdiniz, dərə-təpə düz getdiniz. Sarğı altında qaysaqlanmış yaralar, əzik-üzük dəbilqələr, dağınıq saçlar, qaralmış sifətlər, deşik-deşik qalxanlar hətta üzü döyüşlər görmüş sənin kimi cəngavəri belə kövrəldir. Paltarlarınızdan meyid iyi gəlir. Aclıqdan üzülən kim, qanqrenadan ufuldayan kim. Axı yürüşün əvvəlində üst-başlarınız tozsuz, geyiminiz şax, papaqlarınız parıltılı, silahlarınız saz idi. Böyük bir dağın başına çatırsınız, Turan bayrağını təpəsinə sancmaq istəyirsən ki, tarix yazasan. Lakin məlum olur ki, diviziyanın zampaliti həmin bayrağı donmuş ayaqlarına dolayıb. Onun sarğılı ayağına təpik ilişdirirsən, o ağrıdan ufuldayır, sənsə söyürsən. Qəzəb içində ratsiyaya əl ataraq birbaşa Pentaqonu yığırsan. Pentaqondan səni mədəni şəkildə başa salırlar ki, okeanın o tayından təyyarə göndərmək baha başa gəlir, həm də bu layihədə nəzərdə tutulmayıb və sənə NATO-nun Avropadakı ali baş komandanından kömək istəməyi məsləhət görürlər. Onları başa sala bilmirsən ki, Çin Amerikaya Avropadan daha yaxındır. Məlum olur ki onların xəritəsində Çinə Avropadan keçib gedirsən. Birdən ətrafı bürümüş “Uraa!” səsləri səni dəhşətə gətirir. Kazaklar hücuma keçir. Ulu Tenqriyə yalvarıb yardım diləyirsən və o toz-duman qaldırır. Külək səni lələk kimi göyə qaldırıb NATO-nun Brüsseldəki ştab-qərargahı binasının üstünə salır. Ömrü boyu bu yüksəkliyə qalxmadığına, hündürlükdən qorxduğuna görə diksinib ayılırsan. Çox yatma, ayıl, əfəndim, xəmiri yoğurmağa tələs, yoxsa maya qıcqıracaq. Sən bu yandan, başqan o yandan başınızı qaldırmadan yoğurub yapın. Tezdən sexə girəndə görəcəksən ki, başqan səndən qabaq oyanıb, artıq maya çalır. Yazığın yuxusu ərşə çəkilib. Ocağı ki qaladın, darıxmağa vaxt olmur, iş öz-özünə gedir. Çörəklərin sayını itirirsən, başqandan soruşursan: “Neçə oldu?”. “Nə bilim, bajıoğlu, fikrə getmişdim, sayammadım”. “Elə mənim də fikrim dağılmışdı”. Eh, deyirəm, ey zavallı, arada pəncərədən başını çıxart, bir bax gör dünyada nə var nə yox. Pəncərədən isə bir qalaq kömür, bir şələ odun görünür. Dəmir bidonlar cingildəyir, burnuna nöyüt iyi gəlir. Kolımada huşun yavaş-yavaş özünə gələcək. Həmişə qatar səsi eşidəndə nigaran olacaqsan, elə bil kimsə sənə dəyməyə gəlməliydi, gecikir. Təbiətcə mülayim, fağır birinə çevriləcəksən. Sənə baxanda adama elə gələcək ki, həmişə nə haqdasa dərindən düşünürsən, yəni fikirləşirsən. Az danışacaqsan, danışanda da sözünün yerini biləcəksən. Sənə qulaq asanda adama elə gələcək ki, sinəndə hələ düyünü açılmamış çox-çox sirlər yatıb. O sirləri heç kəsə vermə. Bir də gördün yanındakına badalaq vurub yerə sərdilər- dimdik dur haa, ona tərəf baxma. Gör haa, sənə uşaqlıqdan başqasına badalaq vurmağı, irəlidə gedəni yıxmağı öyrətmişdilər, o da burda kara gəlmədi. “Bu insan hüquqlarının kobud şəkildə pozulmasıdır”- deyinə-deyinə yanından bir cəbhəçi keçir, ağzı-burnu qan içindədir. Onu sakitləşdir, de ki, əsəbləşmə, a bəy, olan şeydir. Bir gün sizinlə gecələyəcək, sabah onu ayrı yerə köçürəcəklər. Səhər duranda sir-sifətində yuxusuzluqdan əsər-əlamət olmasa da, gözünün altında finqalın yeri görcənəcək. Ural meşələri onu gözləyir, Buryatiya dağlarının nəhəng kölgələri ona əl eləyir. Xalqı fırlatmaq dövrü başa çatdı, bəy, oğul deyərəm dəzgahı fırlat! Dəzgah elə bir şeydir ki, lap istəyirsən fit çala-çala işlət, səsin yuxarıçinlilərin qulağına çatmayacaq, nadzorlar sənə irad tutmayacaq ki, nə gününə qudurmusan? Lap istəyirsən dayanmadan çal, gah ucadan, gah pəsdən- dəzgahın səsi fit səsini batırır həmişə. Ürəyinin istəsə osmanlının əski ordusunun marşını da çala bilərsən.
 Xalqsa... Xalq hətta sizin gedişinizə sevinəcək də! Sizin caynaqlarınızdan qurtulduğuna görə qurbanlar kəsənlər də tapılacaq. Həmvətənlərimizin belə məsələlərə laqeyd qalacağını proqnozlaşdırmaq üçün nostradamus olmaq lazım deyil. Onda görəcəksiniz ki, bu xalqın nəzərində siz heç nəsiniz. Bu elin gözündə sizin qara qəpik də dəyəriniz yoxdur. El sizsiz daha şən, daha tox, -və ən əsası!- kreditsiz yaşayacaq. Bəzilərinizi hətta Rus əsgəri zorla xalqın əlindən alacaq: “Bunları asmayın, bunlar bizə Sibirdə material kimi lazım olacaq!” Piarınız yox olunca özünüz də yox olacaqsınız. Sadəcə üzə çıxacaq ki heç bir fədailik yoxmuş, sizi hətta ən yüngül tədbirlərlə də islah etmək mümkünmüş. Yalançı cəsur olmaqdan asan iş yoxdur, bu məlum məsələdir. Bəzən bir həftə ərzində ləyaqətli adam olmaq on dəqiqə tv ekranında qəhraman olmaqdan qat-qat çətindir. Sibir elə bir yerdr ki, orda liberal fahişələrə ləyaqətli olmağı tez öyrədirlər. Bu tarixən sınaqdan çıxarılıb. Bununçün xüsusi kurs və prosedur qaydaları hazırlanıb. Başa düşüləndir, neçə onilliklər zəhmətiniz bada gedəcək. Bizim camaata öz orijinallığın ilə xoş gəlmək çətin işdir. Bu qədər can qoydunuz, imic yaratdınız, heyf! Yelini dolu inək böyürə-böyürə buzovu çağırır, şair, əvəzində sağıcı gəlir.
 Liberallar öz siyasi konyukturalarını yenidən nəzərdən keçirməlidirlər. Sibirin soyuq hava şəraiti və çeçen psixiatrlarının kəl görkəmi nəzərə alınmalıdır. Ergenekon yolu tutanlar bu yolun Maqadanda bitdiyi ilə barışmalıdırlar. Bəli, bəyəfəndilər, Börte Çənə dastanı Arxipelaq Qulaqla yekunlaşır. Bəri osturun. Bu xəritə köndələndir, düzəldib baxın. Eynəyinizi taxın. Siz indi bir az gec ayılmısınız, amma bu cızmaqara xoşuna gəlməsə də axıradək oxumalısınız. İndidən hər zəhrimara qalmışı düzəltməyi öyrənməlisiniz, oksigenlə, avtogenlə, ruberoidlə işləməyi bacarmalısınız. Çox gülməlidir, hə? Hiss edirəm, dünənki korlar necə acgözlüklə oxuyurlar. Başınızı ağrıtdısa, apteçkadan bir analgin götürüb atın. Qarnızı ağrıtdısa tetraskilin. Lagerin kitabxanasında kalan macəra ədəbiyyatı olur, ürəyiniz sıxılanda birini götürüb oxuyarsınız, keçər. Ona görə deyirəm ki, latın qrafikasına çox aludə olmayın, indidən kirili öyrənin. Oxuduz? Qanadlarınız kəsildi? Yatmış qüssəniz oyandı yenə. Başa düşüləndir, üslub bir az sıxılmışdır, liberal isteblişmenti boğur. Neyləməli, məhəbbət üçün daha ciddi üslub tələb olunur. Elə ciddi sözlər var ki, qəlpə kimi yaralayır. Bəzi cümlələri iki dəfə oxumaq lazım gəlir; ona görə yox ki dərin mənası yoxdur, ona görə ki kifayət dərəcədə aydındır və dediyimiz kimi nostradamuscasınadır. İfadələr həddindən artıq dartılan məftil kimi bircə anlığa titrəyir. Çingizxanın dəli-dolu nəvələrinə elə gəlir ki, şimal küləyi burda yaman qəzəbli əsir. Küləyin təsiri ilə hər şey əsir, burnunu yerdən ayırmayıb otlayan inəklərdən başqa. Külək dalğası canlı yarpağı budaqdan ayırmaqdadır. Yarpaqsa budaqdan elə möhkəm yapışıb ki, budaq elə bil dar ağacıdır, şair.
 Qəflətən şairin kitabının əhvalı xarablaşır və o rəfdən yerə düşür. Amma başqa cür də ola bilməzdi. Təkanlar o qədər güclü olacaq ki, başınızdakı papağınız da düşəcək. Üç qatırlı arabası olan osmanlı paşası o dünyada qıvrılacaq, qatırları şahə qalxıb arabanı çevirəcək. Çox dərinə getməyək. Bir daha üzr istəyirəm, batıracaqsınız, hökmən şalvarınıza batıracaqsınız. Dərzi ilə danışın, indidən sizə qalın və isti dizlik tiksin, şalvarının dizləri tez-tez üzülüb gedəcək. Batı xan özü sizə kömək olsun, elə bir saza keçmisiniz ki, qurtulmaq çətin olacaq. Taledə günah yoxdur, sizi elə öz üslubistikanız boğacaq. Başa düşməliydiniz ki, sizi tirkalayanların çoxunun Avropada malı-mülki var, vaxtı çatanda qaçacaqlar, mədənlərə kömür çıxarmağa isə onların fitnələrinə uyan sizin kimi fəqir-füqəralar göndəriləcək.
 Hələlik! Özünüzə yaxşı baxın. Sizin qapınızın bağlanmasına hələ bir xeyli var. Protokol çərçivəsində desək, siz Vasili Vladimiroviçin dediyi həmin o işarələnmişlərdənsiniz: canlılar aləmindən kənar edilmisiniz, amma hələ sıradan çıxarılmamısınız. Türk dünyasının Sibir şöbəsi sizin əcəlinizi istəmir, halal zəhmətlə işləməyinizi, hər ayın başında vaxtanın jurnalına qol çəkib əməkhaqqı almağınızı istəyir. Sağlamlığınız sizə lazım olacaq, onu qoruyun, zərərli vərdişlərdən kənar durun. Sulu yeməyinizə fikir verin. Yağlı xörəklər yeyin, şaxtadan qorunmaq üçün piy qatı gərəkir. Dalağınıza sağlıq. Ağartı və göyərtiyə üstünlük verin, vitamın qıtlığı yaranacaq, caynaqlarınızın dibi çürüyəcək. Sürtülə-sürtülə tük tökəcəksiniz, nə qədər imkan var, tellərinizi darayın. Dədə Qorqud demişkən, az yeyin, saz yeyin. Özünüzü rütubətdən qoruyun, çalışın bulvarda çox gəzin, xəzri küləyi bir də ələ düşməyəcək. Səhər gimnastikası edin, -bir, iki, bir, iki- özünüzü yavaş-yavaş rejimə öyrəşdirin. Əl-qol hərəkəti nə qədər çox etsəniz, ümumi işin xeyrinədir. Əsas odur ki çalışın qətiyyən əsəbləşməyin. Əsəb hüceyrələri bir də bərpa olmurlar. Sakitləşin, tale ağır zərbələrsiz keçinə bilməz. Sol böyrünüz üstə yatmayın, gur işıqlı yerdə oturmayın. Sol, sol, sol! - tezdən durub himn oxuyun. Sağ çiyninizi çoxlu hərəkət etdirin, şalbanı o çiyninizdə daşıyacaqsınız və sümüyünüzdə deformasiya yaranacaq. Normal vəziyyətdə boyun arxaya 75 dərəcə, qabağa 40 dərəcə, sağa-sola 45 dərəcə əyilir. Çox olsa sınar. Hər halda belə ehtimal var. Əgər yoqa ilə məşğul olsanız, bu göstəriciləri çoxaltmaq şansınız yaranar. Çalışın peysəriniz plastilin kimi yumşaq olsun. Bundan sonra internetdən türkçülük ədəbiyyatı yox, yoqa videoları yükləyin. Xare Krişna, Xare Rama! Çalışın başınız ramkaya keçsin. Yoxsa qulaqlarınız sivrilər. Özünüzə qarşı tələbkar olun. Qoy bütün ideyalarınızın sürüsü öz çobanı Zəka müəllimin iradəsi ilə düz yola doğru irəliləsin. Tarixin çürük ideyalarının üstündən xətt çəkin. Deyilənlərə düzgün əməl etsəniz, fırlatdığınız bu məmləkətdə hələ bir müddət sakit yaşaya bilərsiniz.

Deyə bilərsənmi, a Abas qağa,
Palıd ağajına, qoz ağajına
Nə deer dimdiyi ağajdələnin?

Töylədə, sarayda, köyüşənlikdə
Ovjunu yağışa tutan uşağın
Nə deer ovjuna siyən yağışlar?

Ehey… qulaqları darı dələnim…
Nə deer harayı qarğanın göyə?
Nə deer harayı zurnanın toya?
Nə deer torpağa eşşəyin nalı?
De də!

Günü göy əskiyə bükülüf gedən
Dolmuş bulud təki tökülüf gedən-
Arvad ölümünə, at itkisinə
Nə deer, nə deer göz yaşlarımız?

Bir də damxamızın pənjərəsini
Küləyin əliylə kim döyer, qağa?
Hörümçək toruna düşən bu milçək
Çırpınıf dünyaya nə deer, qağa, hə?

Daha nə soruşum, nə xavar aleym?
Eh, başı taxtalı lopabığ kişi,
Nə dedih dünyaya gəlişimizlə?
Deyə bilərsənmi, nə verəjiyih
Dünyaya- dünyadan gedişimizlə?..

Комментариев нет:

Отправить комментарий