06.09.2019

Rina İşıq - Yadına düşürəmmi?

Düşün məni hər nəfəsdə!
An məni açılan səhərdə.
Bil ki, sənə həsrət qalan
Səni sevən, səni duyan
Bir qız yaşar bu şəhərdə...

Yaşa məni həsrət kimi.
Hicran kimi, vüsal kimi.
Əlçatmaz məhəbbət kimi
Daşı məni ürəyində.

Qovuşmaq hər zaman gözəl.
Heç də səadət deyildir.
Qovrulmaq ruhun qidası,
Ehtiyacdır, dəyərlidir.

Çoxuna bəlkə də yaddır.
Bir ömür sevgi yaşamaq.
Bu sevgini ürəyində
Hamıdan gizli daşımaq.

Həyacanı hiss eləmək.
Harda olduğun düşünmək.
Nə acılar yaşasan da
Sevmək.
Sevmək.
Yenə sevmək...

Həyatın mənası buymuş.
Sevgi oduna qalanmaq
Hərdən həsrətdən kövrəlib,
Dolub, ağlayıb, boşalmaq.

Ölümlə sınaq olmasın.
Sağ olmağın- mənim bəsim.
Sənsən məni məndən yaxşı
Məndən uzaq duyan kəsim...

Düşün məni hər nəfəsdə.
Yaşa məni hər səhərdə.
Bil ki sənə həsrət qalan
Səni sevən, səni anan
Bir qız yaşar bu şəhərdə...

***
Getdiyin şəhərdə hava necədi?
Yağış yağırmı ora?
Külək əsirmi?
Payız gəlibmi qəfil?
Üşüyürsənmi?
Bulud alıbmı göy üzünü Bakı səması kimi?
Nə hiss edirsən bu an bilmək istəyirəm.
Əllərin titrəyirmi küçəyə çıxanda?
Ya mənsiz ürəyin?
Yadına düşürəmmi?
Ya özgə şəhər çıxara bilmiş qəlbindən məni?
Xəzri uçururmu yarpaqları-xəyalın kimi?
Yox Xəzri yox ki oralarda...
İsmi başqa rüzgarın da.
İnternetdən xəbər tutdum bu gün.
O şəhərdə havalar necə,
Çox məlumat aldım ordan.
Səndən xəbər yox təkcə.
Buludlu,yağmursızmış hava.
+11 dərəcə.
Ürəyim sakitləşdi azacıq.
Unutdurmağa yetməz məncə...

***
qadınlar xəyallarından
başlar ölməyə, əziz!
xəyallarından qocalar...
əvvəl xəyalları ölər.
sonra arzuları...
sonra bir-bir ümidləri.

ruhu büzüşmüş alçaya dönüncə
döşləri başlar ölməyə.
ardınca saçları...
əvvəlcə bezər, bozarar
sonra intihar edər
ümidləri kimi bir-bir...

qadınlar beyinlərindən qocalar əvvəl.
əzizlənməni, nazlanmanı yadırğayınca.
bir xoş sözə həsrət qulaqları
ağır eşidər get-gedə...
dodaqları firar edər
öpüşə həsrət.
sığal görməyən
çiçək görməyən əlləri cadarar...

ər məişət robotu kimi baxar
qardaş "namus daşıyıcısı"
övlad qayğı göstərən
yuyan, yedirən maşın kimi.
ən doğmalar ən uzaqları olar
gecələri yığışıb otel kimi
yatdıqları evdə.

sevgisizlikdən ölər qadınlar, adam!
nəfəs alar, yaşayar,
gülər, ağlar da hərdən
vecsiz, adi şeylərə
xəyyalarından töküldüyünü
kimsə görməz.
kimsə xatırlamaz
bi zaman hansı bağçanın
necə zərif bitkisi
necə həssas gülüydü
kimsə...
amma kimsə duymaz ki
bu gəzən, işləyən qadın
çoxdan... çoxdan ölüdü...

***
Hanı üzündəki güluş
Hanı cingiltili səsin?
Hanı qanadlanan yeriş,
Heyran qoyan görən kəsi...

Hanı qıvrım, qara saçlar?
Rüzgarla yarışa girən.
Hanı gözlər işıq saçan?!
Ümid verən, həyat verən...

Hanı sənin xəyalların?
Sevgi dolu, Günəş kimi...
Uydurduğun nağılların.
Mübhem, sirli, möcüzəli...

Hanı "Aq atli oqlan"ın?
Gəlib çıxmadı deyəsən.
Hanı dunyan, can atdığın,
Öz ağuşuna səsləyən?!

Hanı yazdığın şeirlər?
Hanı nəğmən zümzümədə?!
Hanı çəkdiyin rəsmlər?!
Saraldı ağ vərəqlərdə...

Hanı ulduzlu gecələr?
Mehtab sənə qonaq gələn...
Gözdən süzülən incilər
Bulud kimi yağış səpən?

Öz zirvənə çatammadın,
Nə dayandı ki yolunda?
Qaçdın, durdun, yuvarlandın.
Sən mətbəx oldun sonunda.

Nə kəsdi yolunu, qadın?
Kim kəsdi yolunu, qaldın?
Atan, baban, qardaşların?
"Olmaz!
Olmaz!" , deyə-deyə
Doğulacaq oğulların?!
Ya bu acımasız dunya?

Ağlama, sil gözlərini,
Ömür bitir addım-addım.
Hələ də arzulanan qadın,
Hanı sənin arzuların?
Hanı sənin arzuların?..

Комментариев нет:

Отправить комментарий