“28 aprel” çevrilişinin sirləri, gərgin dramaturgiyası indiyədək dəmir seyflər arxasında gizlədilir. Bu çevriliş barədə məxfi sənədlərlə tanışlıq xoşbəxtliyi yazıçı Firidun Ağayevin payına düşmüşdü. Hadisələrin “boz kardinalı” sayılan Çingiz İldırım barədə “İldırım dənizə çaxır” romanını yazarkən o Moskvanın ən məxfi arxivlərinədək gedir. Sənədlərdən bəlli olur ki, Çingiz İldırım təkcə elə Moskvanın deyil, həm də Londonun “adamı” idi. O vaxtlar- 1920-ci ilin mart-aprel aylarında sən demə London da Bakıda çevriliş etmək, parlament respublikasını Çingiz İldırım-Texlas diktaturası ilə əvəzləmək istəyirmiş. Əvvəlcə bu versiyaya inanmağım gəlməsə də, kitabla tanışlığım bütün əvvəlki əfsanələri beynimdə alt-üst etdi. O vaxt, sən demə London Azərbaycan, Ukrayna, Polşadakı qüvvləri bir bayraq altında birləşdirib Sovet Rusiyasına qarşı hücuma hazırlayırdı. Cümhuriyyətimiz Londona lazım deyildi. Londona burda hərbiləşdirilmiş diktatura lazım idi. Eynən Pilsudski Polşasındakı kimi. Bu gələcək diktatoru ingilislər vaxti ilə ABŞ-da təhsil almış, ingiliscə gözəl danışan Hərbi-dəniz qüvvlərinin komandanı Çingiz İldırımda görürlər. Çevriliş planı hazırlanır, topların çaxmaqları oğurlanır, neft mədənlərinin mühafizəçiləri bir gecədə dəyişdirilir.
Ancaq Çingiz İldırım ikili agent idi. Oxşar tapşırığı həm də Moskvadan almışdı. Sağ cibində Cümhuriyyətimizə qarşı Londondan göndərilmiş ultumatumun mətni vardı. Sol cibində Moskvada yazılmış ultimatumun mətni.
Son anadək o hansı cibindəki mətni çıxarıb Parlament kürsüsündən oxuyacağını bilmirdi. Ən son anda, lap axırda, kürsüyə qalxarkən bir kölgə qulağına pıçıldayır ki, sol cibindəki mətni oxu.
O da məşhur mətni götürüb oxuyur. Cümhuriyyətimizə son qoyur.
28 apreldə Polşa diktatoru Pilsudski Kiyevə daxil olur. Lenin isə buna Bakının alınmağı ilə cavab verir.
Əsl həqiqət bax bu qədər mürəkkəb, ciddi və...
Və faciəvi idi.
Yazıçı Firidun Ağayev bütün bunları Çingiz İldırımın 1937-ci ildəki məhkəmə işindən oxumuşdu.
Gözlərindən yaş axıda-axıda bütün bunları mənə- o vaxt cəmi 17 yaşı olan bir gəncə danışırdı...
İnanılası deyildi bütün bunlar.
Ancaq əsl həqiqət elə buydu.
Əsl kinosüjetdi bu. Hollivud ağlayır vallah bu cəsus süjeti üçün...
Комментариев нет:
Отправить комментарий