08.05.2020

"Tutulan icra başçılarının hamısı Ramiz Mehdiyevin yığdığı kadrlardır" - Şok ittihamlar

"Azərbaycan xalqı icra başçılarına kimlərin rəhbərlik etdiyini gözəl bilir. Onlar vaxtilə Ramiz Mehdiyevin yığdığı kadrlardır. Məgər o bilmirdi ki, bulvarda çayçı işləyən Mahir Quliyevi Astaraya icra başçısı qoymaq olmaz? Bilirdi. Eyni zamanda onun ətrafında olan, bu sahəyə kuratorluq edənlər nədən vaxtında bu barədə prezidenti məlumatlandırmırdılar?" 
yenisabah.az xəbər verir ki, bu sözləri son günlərdə icra başçılarının ardıcıl həbsləri ilə bağlı məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. 
Partiya sədri sözlərini belə davam etdirib: "Düşünürəm ki, bunlar kifayət qədər ciddi məsələlərdir və bu səbəbdən də dərhal araşdırılmalıdır. Bu barədə danışdıqda, bildiklərimizi cəmiyyətlə bölüşdükdə təzyiqlərə məruz qalırıq, bizi incidirlər. Bizim bu cür faktları açıqlamağımız qərəzdən irəli gəlmir. Bu, dövlətə, xalqa, ölkə başçısına olan sadəqətimizdən irəli gəlir. Yoxsa biz də sakit dura, rüşvət bulaşanların yanında dura bilərik. Lakin biz bu yolun yolcusu olmadığımızdan ölkədə baş verən problemləri, məmur özbaşınalığını ifşa edirik. Təbii ki prezidentin təkbaşına bu kimi problemləri həll etməyə gücü çatmaz. Odur ki ölkə başçısına böyük kömək lazımdır. Biz öz növbəmizdə əlimizdən gələni edirik, lakin ətrafındakılar da ona kömək etməlidir. Onlar bilməlidirlər ki, tək adam hər şeyi həll edə bilməz. Əgər belədirsə, onda bu qədər dövlət aparatı nəyə lazımdır?! Düşünürəm ki, korrupsioner məmurların əlləri zamanında kəsilməli idi. Mən dəfələrlə demişəm ki, korrupsioner məmurlar rüşvət almasalar, axşam xanımları onları evə buraxmırlar. Bu qədər vicdansızlıq, xalqa, dövlətə, ölkə başçısına xəyanət etmək olmaz. Hesab edirəm ki, qısa müddətdə daha ciddi faktlar açıqlanacaq və daha böyük fiqurlardan haqq-hesab sorulacaq. Düşünürəm ki, daha ciddi mafioz qüvvələrin üzərinə gedilməsi məqsədəuyğun olar. Çünki məhz bu, xalqı daha da ümidləndirər. Odur ki xırda fiqurlardan çox da yapışmağa dəyməz. Ona görə ki həmin rayonların kuratorları cavab verməlidirlər. Niyə onlar vaxtında bununla bağlı ölkə başçısına məlumat verməyiblər? Prezident özü də bəyan edib ki, məktubları, məlumatları ondan gizlədiblər. Kim gizlədirdi? Və həmin şöbənin müdiri nədən bu gün orda oturmalıdır? Niyə əməllərinə görə cavab verməməli, cəzalarını almamalıdır? Odur ki, bunların hamısı düşündürücü və mütləq cavablandırılmalı suallardır". /moderator.az/

Комментариев нет:

Отправить комментарий