23.09.2014

Asif Ata Ocağında Şərqilik Bayramı keçirilib

Mütləqə İnam Ocağının Ruhsal Mərkəzində “Şərqilik” Bayramı keçirilib. Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib. Ocağın Ruhsal Başçısı Safruh İnam Evinin həyətində qalanmış tonqal yörəsində bayramın mahiyyətini ifadə edən söz deyib, gələnləri kutlayıb. Bayramda Ocaqçılar, İnamçılar, Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ocaqçılar və qonaqlar bayramın ruhuna uyğun söz deyiblər. 
Asif Ata Ocağının il ərzində keçirilən 4 bayramı var: “İnsanilik”, “Xəlqilik”, “Şərqilik”, “Bəşərilik”. 
Şərqilik – Ocağın üçüncü bayramıdır. Kutsal “Şərqilik” Bayramının mahiyyətində Şərqin əzəli, əbədi ilahilik məqamları vurğulanır, Şərqilik bir dəyər kimi insanlara sunulur, bayram səviyyəsində kutlanır. Bunun özülündə duran amac ondan ibarətldir ki, insanın, yurdun var olması sonda Şərqin var olmasıyla sonuclanır. 
Şərq insaniliyin beşiyidir: bədiiyyatda, ondan daha artıq səviyyədə dində, ruhaniyyatda, fəlsəfədə...
Mütləqə İnam dünyabaxışı Şərqiliyin, bəşərin bütün gözəl cəhətlərini öz içinə alır, bunlardan daha uca, daha üstün mənəvi xilasçılıq gətirir. Şərq əzəli dəyərlərinə, özümlüyünə qayıtmaqla qurtula bilər. Bu səbəbdən də Şərqiliyin bayram edilməsi bəşərin bayram ənənəsində ilkdir, qeyri-adidir, yenidir, həm də Şərqin indiki halında hava-su kimi gərəklidir. 
Şərqilik Bayramı – ulusumuz, uluslar, bəşərin taleyi ilə bağlı Mütləqə İnam səviyyəsində qayğılanmağımızın ifadəsidir. İnsanın, ulusumuzun, Şərqin, bəşərin var olmasının qaynağı İnam Atanın dünyabaxışı, bunun canlı sorağı Ocaq, Atanın, Evladlarının ömrüdür. 
Bayramda aşıqlar Adil Cəfakeş, Fikrət, Qara Borçalı, Dərya Mərdanzadə, Orxan Kamilovun sazda ifaları dinlənilib.

Комментариев нет:

Отправить комментарий