29.09.2014

Vyetnam müharibəsinin hərbi aspektdən təhlili

Hüseyn Ələkbərli

1960-cı illlərin ortalarında ABŞ və SSRİ arasında hərbi-siyasi vəziyyət daha da kəskinləşirdi. Varşava Müqaviləsi Təşkilatı ölkələri və NATO blokunun yeni silahlarla təchiz olunması, Berlin və Karib böhranlarından sonrakı vəziyyət, habelə Avropada ortamənzilli qanadlı raketlərin yerləşdirilməsi rəsmi Moskva ilə Vaşınqton arasında razılığın əldə olunmasına mane olur, hər iki fövqəldövlətin atom və hidrogen bombalarını sınaqdan keçirməsi isə bəşəriyyətin gələcəyini sual altına qoyurdu. İstər ABŞ-ın, istərsə də SSRİ-nin nüvə başlıqlarını bir-birinə çatdıra biləcək ballistik rakketlərə sahib olması genişmiqyaslı nüvə müharibəsi təhlükəsi yaradırdı. Əlbəttə, trotil ekvivalenti onlarla meqaton olan nüvə zərbələri, nəinki, bu iki dövləti, hətta planeti tamamilə məhv etməyə qadir idi. Bu səbəbdən də fövqəldövlətlər nüvə müharibəsini arxa  plana salıb əsas diqqəti lokal münaqişələrə yönəltmişdilər. Vyetnam müharibəsi də bunlardan biri olmalı idi.

1954-cü ildə imzalanmış Cenevə müqaviləsinə görə Vyetnam müstəqillik ədə edir, lakin ölkədə vahid hakimiyyət formalaşmadığından şimalda Ho Şi Minin rəhbərliyi altında kommunistlər, cənubda isə qərb meyilli Sayqon rejimi Vyetnamı birləşdirməyə çalışır. ABŞ dərhal cənubi Vyetnamı dəstəkləyir. Ağ evdə ehtiyat edirdilər ki, Vyetnamda güclənən kommunizm dalğası Filippin və İndoneziyaya yayıla bilər. Bu isə gələcəkdə həmin ölkələrdə sovet hərbi obyektlərinin, o cümlədən, Sakit okeana nəzarət üçün sualtıqayıq bazalarının yaranmasına səbəb olacaqdı. Təhlükəni qabaqlamaq məqsədilə ABŞ cənubi Vyetnamda, Tailandda və Vyetnam sahillərinə yan almış 7-ci donanmasında olan aviasiya qrupunu münaqişəyə cəlb etməli oldu. Bu isə 1500-dən çox təyyarə demək idi.  Müharibənin ilk günlərindən ABŞ aviasiyası şimali Vyetnamı ağır bombardmanlara məruz qoyurdu. Aviazərbələr tamamilə amerikasayağı aparılırdı. Heç bir hərbi təyinata malik olmayan yaşayış məntəqələri dağıdılır, əkin sahələri qəsdən məhv edilirdi. Eyni zamanda ABŞ-ın Vyetnamda istifadə etdiyi kimyəvi silahları da xüsusi qeyd etmək lazımdır. 1965-1972-ci illərdə Vyetnama 72 milyon litr kimyəvi məhlul qarışıqlı bomba atılıb. Nəticədə isə  yüz minlərlə dinc insan “narıncı yağış”-ın qurbanı olmuşdur. Qeyd etmək lazımdır ki, heç bəşər tarixində ən böyük dağıntılarla yadda qalan İkinci Dünya Müharibəsində Vyetnamdakı qədər kimyəvi silahdan istifadə edilməmişdi. ABŞ rəhbərliyinin növbəti cinayətkar əməllərindən biri də şar şəkilli partlayan aviabombaların tətbiqi idi. Bu bombaların istifadəsi BMT tərəfindən qadağan olunub. BMT tərəfindən qadağan olunmasına baxmayaraq  ABŞ-ın geniş isifadə etdiyi bombalar sırasında  “Ağ fosfor” bombası da yer almışdır. Bu bombalar partlayarkən ətrafa səpələnən döyüş elementləri insanın bədənini, hətta sümüklərini də yandırırdı. ABŞ qoşunları Hanoya irəlilədikcə daha güclü müqavimətlə rastlaşır, aviasiyanın dəstəyinə ehtiyac duyurdu. F-4 Fantom qırıcıları isə “Yandırılmış torpaq” taktikasına uyğun olaraq “Napalm” tərkibli bombalardan geniş istifadə edirdi. Napalm qarışığı alışarkən temperatur 900-1100 C-yə çatırdı. Belə temperaturda nəinki insan, heç bakteriyalar belə yaşaya bilməzdi. ABŞ-ın F-4 qırıcıları və B-52 ağır bombardmançı təyyarələri növbə ilə fasiləsiz şəkildə aviazərbələri davam etdirirdi, lakin bombardmanlar lazımi nəticəni vermirdi. Buna səbəb Vyetnam ordusunun dağlara çəkilməsi idi. Vahid müdafiə xətti olmadığından ABŞ-ın cəbhə bombardmançıları Vyetnam ordusunun əsas zərbə qüvvəsini sıradan çıxara bilmir, dağlarda ehtimal olunan yeraltı bazalara qeyri-dəqiq zərbələr endirirdi. Hind-Çin yarımadası dağ-meşə massivi ilə əhatə olunduğundan belə relyef uzunmüddətli partizan müharibəsi üçün çox əlverişli hesab olunurdu. Nizamlı ABŞ ordusuna qarşı əsasını adi kəndlilər təşkil edən partizan dəstələri yaradılmışdı. Onlar yollara, körğülərə nəzarət edir, düşmənin texnika kolonlarını atıcı silahlardan, qumbaraatanlardan atəşə tuturdular. Belə toqquşmalar işğalçı ordu üçün gözlənilməz olduğundan onlar ağır itkilər verir, geri çəkilməli olur, dərhal həmin koordinatlara artilleriya hazırlığı və aviazərbələr başlanılırdı. Əlbəttə, peşəkar kadr və texniki hazırlıq cəhətdən üstün olan Amerika ordusu kommunistlərin müqavimətini qırmağa müvəffəq olurdu, lakin bu döyüşlər hücum tempini aşağı salırdı. Vahid cəbhə xətti olmamasının ABŞ komandanlığına yaratdığı çətinliklərdən digəri İkinci Dünya Müharibəsi illərində geniş istifadə olunan “Mühasirəyə alıb məhv etmək” taktikasının Vyetnamda tətbiqinin mümkünsüzlüyü idi. Belə mühasirə halqasının yaradılmasına xeyli tank diviziyası səfərbər edilməli idi, hansı ki, Vyetnamın dağ-meşə relyefi bu cür əməliyyatların icrasına ciddi əngəl törədirdi. Bu səbəbdən də Hind-Çinə çatdırılan tanklar yalnız şəhərlərin və hərbi bazaların müdafiəsi üçün saxlanılırdı. Tank dəstəyindən məhrum olan motoatıcı qruplar lazımi koordinatlara zirehli texnika ilə yox, transport vertolyotları ilə çatdırılırdı.  Bu vertolyotlar sıx meşəlik sahənin üzərində uçaraq desant əməliyyatı icra edir, partizan qruplarının mühasirəyə alınmasında əvəzsiz rol oynayırdı. Transport vertolyotlarının təhlükəsiz uçuşunu təmin etmək məqsədilə zərbə vertolyotları qrupu yaradılmışdı. Onlar desant qrupunu müşaiyət edir, yer hədəflərini idarəolunmayan raketlərlə məhv edirdi. Artıq, müharibənin ilk günlərindən şimali Vyetnam komandanlığı ABŞ-ın transport və zərbə vertolyotları qarşısında aciz qaldıqlaına dair rəsmi Hanoya məruzə etmişdi. Ho Şi Min ordunu yeni silahlarla təchiz etmək, çatışmazlıqları aradan qaldırmaq məqsədilə SSRİ-yə müraciət etməli oldu. Həmin vaxtlar dünyada imperializmə qarşı mübarizə aparan, beynəlmiləlçiliyi təbliğ edən rəsmi Moskvanın Vyetnamla bağlı öz planları var idi. Belə ki, Çinin nüvə silahına yiyələnməsindən sonra Mao Szedunun Kremllə hesablaşmaması, sərhəddə yaranan toqquşmalar və s. amillər Brejnevi Asiyada yeni müttəfiq axtarışlarına sövq edirdi.  Bu ölkə Yaponiya və cənubi Koreyaya nə qədər yaxın olacaqdırsa, bir o qədər əlverişli idi. Odur ki, Brejnev Ho Şi Minə müsbət cavab verdi. Bundan sonra müharibənin yekununadək hər gün SSRİ-dən Vyetnama minlərlə ton humanitar yardım və silah göndərilirdi. Partizan qrupları düşən vertolyotlarına qarşı iri kalibrli DŞK pulemyotları əldə etmişdi. Vyetnamın strateji obyektləri isə Hava Hücumundan Müdafiə Qüvvələrinin iki eşelonu ilə qorunurdu. Birinci eşelonda zenit artilleriya qurğuları, ikinci eşelonda isə  S-75 zenit raket kompleksləri yerləşdirilmişdi. Cəngəlliklərdə tez-tez kommunistlərlə toqquşmalı olan  ABŞ-ın piyada diviziyaları ləngiyir, əməliyyatlar uzlaşmırdı, lakin havada böyük üstünlüyə malik aviasiya quru qoşunlarını gözləmədən paytaxt Hanoyu bombardman etməyə hazırlaşırdı. 1965-ci ilin iyul hücumları ABŞ Hərbi Hava Qüvvələri tarixinə qara hərflərlə yazıldı. Bir neçə gün ərzində Hanoy səmasında 10-a yaxın F-4 vuruldu. Fantomların kifayət qədər yüksəkdən uçaraq zenit qurğulardan yayınmaq cəhdləri onları xilas edə bilmədi. Belə yüksəklikdə uçan hədəfləri ancaq S-75 kompleksi vura bilərdi. ABŞ kəşfiyyatının S-75 raketləri barədə düzgün məlumat əldə etməməsi F-4-lərə baha başa gəldi. SSRİ-nin göndərdiyi zenit qurğular Hanoyu alovlara qərq edilməkdən xilas etsə də, bu hələ tam qələbə demək deyildi. Ordunun müasir silahlara yiyələnməsinə baxmayaraq bu silahlardan bacarıqla istifadə edəcək hərbi kadrlar yox idi. Misal üçün əgər peşəkar sovet hərbçiləri 40 ədəd S-75 raketi ilə 23 təyyarə vura bilirdisə, təcrübəsiz vyetnamlılar 80 ədəd S-75 raketi ilə cəmi 5 təyyarəni məhv edirdi. Bu səbəbdən də Brejnev zenit raketlərlə paralel olaraq təcrübəli kadrları da Vyetnama yollayırdı. Müharibə illərində SSRİ-dən Vyetnama 20 mindən çox peşəkar zenitçi, həkim, pilot göndərilmişdi. Səmada sovet istehsalı Miq-21 təyyaələrinin peyda olması isə ABŞ komandanlığı üçün əsl şok oldu. Bu təyyarələr dinc əhalini rahatlıqla bombalayan Fantomlara layiqli cavab idi. Miq-21-lər Vyetnam Hərbi Hava Qüvvələrində yer almış köhnə Miq-17-ləri əvəz edirdi. Yüksək manevrli olsa da zəif sürətə malik Miq-17 qırıcıları F-4-lərlə döyüşdə heç bir üstünlüyə malik deyildi, lakin Miq-21-lər Fantomlardan geri qalmır, əksinə sürətinə və silahlanmasına görə öz analoqlarını qabaqlayırdı.  Tezliklə Miq-21-in üstün cəhətləri öz nəticəsini verdi. Yeni qırıcıların silahlanmaya verilməsindən sonra bir neçə ay ərzində Hanoy ətrafında 47 ədəd F-4 Fantom təyyarəsi vuruldu. Vyetnam aviasiyası isə cəmi 12 təyyarə itirdi. 1965-1973-cü illərdə isə ümumilikdə hava döyüşlərində 350 ABŞ təyyarəsi məhv edildi. Vyetnam tərəfi isə cəmi 130 Miq-21 təyyarəsini itirdi. Canlı qüvvə üstünlüyünü texniki imkanlarla birləşdirən kommunistlər tezliklə müdafiədən fəal əks-hücuma keçdilər. 1968-ci ilin yanvarın əvvəlləri 20 minlik  Vyetnam ordusu partizanlarla birgə ABŞ-ın Hisandakı aviabazasına hücuma başladı. Hücumu dayandırmaq üçün Hisana 5 min dəniz piyadası göndərən general Vestmorlend əsas diqqəti aerodromların mühafizəsinə yönəldir, lakin əslində Vyetnam ordusunun Hisana hücumu aldadıcı manevr idi. Əks-hücum tamam başqa  yerdən  olacaqdı. Yanvarın sonları Vyetnam ordusu ABŞ nəzarətində olan 5 iri şəhəri mühasirəyə alır. Şiddətli döyüşlər başlanılır. Amerika ordusu bütün texniki imkanlarını səfərbər edərək çətinliklə hücumu dayandırır. General Vestmorlend Vaşinqtona məruzə edərək Vyetnamdakı yarımmilyonluq ordu korpusuna əlavə 200 minlik qoşun tələb edir, lakin ABŞ-da başlanan nümayişləri nəzərə alan prezident Nikson mühaibəyə əlavə dəstək göndərmir.  Digər tərəfdən Nikson Vyetnam bataqlığından birdəfəlik yaxa qurtara bilmirdi, çünki onun seçkiqabağı kompaniyasını maliyyələşdirən iri sənayeçilər müharibənin uzanmasında maraqlı idi.  SSRİ-nin Vyetnamı silahlandırması qələbəni şübhə altına alırdı. S-75 kompleksləri ABŞ aviasiyasını tez-tez cəzalandırırdı. Bu zenit divizionlarını susdurmaq üçün F-4 Fantomlar yeni Şreyk raketləri əldə etdilər, lakin hava-yer tipli bu raket lazımi effekti vermədi.  Belə olan təqdirdə isə Fantomlar riskə gedərək alçaqdan uçmağa başladılar. Yerdən cəmi 25-30 metrlik məsafədə uçan qırıcıları S-75 kompleksi vura bilmirdi. Bu taktika ilə 60-cı illərin sonlarında xeyli S-75 vuruldu, lakin ABŞ hava üstünlüyünə tam yiyələnməmiş SSRİ Vyetnama yeni hazırlanmış S-125 zenit raketlərini göndərdi. Bu komplekslər həm alçaqdan, həm də hündürdən uçan obyektləri, hətta bombardmançıları da dəqiqliklə vururdu. S-125 kompleksi hədəfi 300 metrdən 12 km-lik hündürlüyə qədər, radius boyunca isə 25 km-lik məsafədə vura bilirdi. Yeni raket S-75-dən daha təkmil olmaqla yanaşı, həm də döyüş vəziyyətinə qısa bir vaxtda keçirdi. S-125 zenit raket kompleksləri dağlıq bölgələrdə düşmənin kəşfiyyat, qırıcı-bombardmançı təyyarələrini rahatlıqla məhv etsə də, düzənlik relyefdə yerdən 20-30, bəzən isə cəmi 4-5 metr hündürlükdə uçan F-4-lər qarşısında aciz qalırdı. Belə şəraitdə yalnız Şilka zenit artilleriya qurğuları alçaqdan uçan təyyarələri vurmağa qadir idi, lakin iri çaplı avtomatik silahlar belə bəzən lazımi effekti vermir,  F-4-lərin hava-yer tipli raketlərinə tuş gəlirdi. Vyetnam zenitçilərinin işini asanlaşdırmaq məqsədilə SSRİ 1968-ci ildə silahlanmaya qəbul etdiyi “Strela” zenit raketlərini Hind-Çinə göndərdi. Strela kompleksinin radiolokasiya qurğularına və heyət nəfərlərinə ehtiyacı yox idi. Cəmi bir neçə kq kütləyə malik bu kompleksi istənilən şəxs adi qumbaraatan kimi çiyninə qoyub istifadə edə bilərdi. Eyni zamanda S-75 raketlərinin öyrənilməsinə aylarla vaxt tələb olunurdusa, Strela kompleksi üçün bir neçə gün kifayət edirdi. Döyüş zamanı atılan Strela raketi istiliyə doğru uçaraq düşmən təyyarəsinin reaktiv motorunu partladır, təyyarəni sıradan çıxarırdı. Müharibə illərində SSRİ-nin Vyetnama göndərdiyi müxtəlif təyinatlı hava hücumundan müdafiə komplekslərinin köməyilə Hind-Çin səmasında 4 mindən çox düşmən təyyarəsi vuruldu. 70-ci illərin əvvəllərində Vyetnamın hava məkanı kommunistlərin nəzarətində idi. Dünyanın ən güclü dövləti ABŞ biabırcasına məğlub olur, geri çəkilirdi. 1972-ci ildə kommunistlər sürətlə cənuba irəliləyir, düşməni sıxışdırırdı. Cəngəlliklərlə, dağlarla əhatələnmiş ərazidə çoxlu çaylar olduğundan Vyetnam qoşunları təbii maneələrlə üzləşir, hücum tempi aşağı düşürdü.  Çayların üzərində yerləşən körpülər xüsusi əhəmiyyətə malik idi. Bu səbəbdən də ABŞ aviasiyası həmin körpüləri, ən əsası isə Txanko körpüsünü vurmağa çalışırdı. 1965-1972-ci illərdə F-4 və B-52 təyyarələri 600 dəfə bu körpüyə hücum etmiş və 4000 bomba atmışlar, lakin körpü hər dəfə salamat qalmışdı. Bunun birinci səbəbi təyyarələrin yüksək sürətlə uçarkən hədəfə dəqiq zərbə endirə bilməməsi, ikinci səbəbi isə Vyetnam zenitçiləri idi. Əvvəlki uğursuzluqlara baxmayaraq 1972-ci ildə Txanko körpüsünün məhvi ABŞ ordusu üçün hava, su qədər vacib idi. Vyetnam komandanlığı bunu anlayıb qabaqlayıcı tədbir kimi hərbi əsirləri Txanko körpüsünün ətrafında yerləşdirdi. Bu yolla kommunistlər F-4-ləri aviazərbə planından çəkindirməyə çalışırdı, lakin bu vaxt F-4 Fantomların silahlanmasında yeni tipli bombalar öz yerini almışdı. MK-83 adlı bu aviabomba lazerbaşlıqlı olduğundan pilot tərəfindən idarə olunur, istənilən yüksəklikdən atılmasına baxmayaraq hədəfi tam dəqiqliklə vururdu. Bununla da idarəolunan bombalar dövrü başlandı. ABŞ tarixdə ilk dəfə bu bombanı Vyetnamda sınaqdan keçirərək  Txanko körpüsünün vacib hissəsini partlatdı. Hərbi əsirlər isə sağ-salamat qaldı. MK-83 bombalarının tətbiqi kommunistlərin hücumunu müvəqqəti dayandırır, Amerika ordusuna əlavə vaxt qazandırırdı. Vyetnamda aclıq yaratmaq və bu yolla ordunu zəiflətmək məqsədilə ABŞ-ın dəniz aviasiyası əkin sahələrini amansızcasına bombalayırdı, lakin bu bombardmanlar da lazımi effekti vermirdi. Əksinə, əkin sahələri dağılmış kəndlilər patizanlara qoşulurdu. Nə ağır bombardman əməliyyatlarından, nə də texmoloji yeniliklərdən istifadə etməklə Vyetnamı diz çökdürə bilməyən ABŞ ,nəhayət ki, danışıqlara getməyə məcbur oldu. Bu səbəbdən də bombardman əməliyyatları dayandırılır. 1972-ci ilin oktyabrında ABŞ dövlət katibi Kissincer şimali Vyetnam rəsmiləri ilə görüşür, lakin danışıqlar baş tutmadığından B-52-lər yenidən yaşayış məntəqələrini bombalamağa davam edir. Hava əməliyyatları gedişində ABŞ xeyli təyyarə itirdiyindən 1973-cü ilin yanvarında danışıqların növbəti mərhələsi başlanılır. Görüş zamanı Kissincer kommunistlərdən xahiş edir ki, ABŞ qoşunları Hind-Çin yarımadasından çıxarılandan dərhal sonra cənubi Vyetnam tutulmasın. Bu hadisə fövqəldövlətin nüfuzuna ağır zərbə ola bilərdi. Vyetnam rəhbərliyi bu təkliflə razılaşır. Əslində Vyetnam məsələsi hələ 1972-ci ildə  Kremldə prezident Niksonun Brejnevlə görüşü zamanı həll edilmişdi. Strateji silahların ixtisarı və raketdən müdafiə sistemlərinin qurulmasına dair müzakirələrin aparıldığı vaxt Nikson tezliklə Vyetnamdan çıxacağını bildimişdi. 1973-cü ilin əvvəlləri ABŞ qoşunları Hind-Çini tərk edir. Bu müharibə ABŞ-ın Asiyada apardığı sonuncu müharibə kimi tarixə düşdü. Kommunistlər isə söz verdikləri kimi dərhal cənubi Vyetnama hücum etmirlər. 1975-ci ildə Vyetnam ordusu 6 il əvvəl vəfat etmiş rəhbərləri Ho Şi Minin şərəfinə adlandırdıqları çoxdan gözlənilən “Ho Şi Min əməliyyatı” na başlayır. Nəticədə cənubi Vyetnam birləşdirilir. Müharibə kommunistlərin qələbəsi ilə yekunlaşır.  
YEKUN. 1964-1975-ci illəri əhatə edən 11 illik müharibə Ho Şi Min tərəfdarları ilə Sayqon rejimi arasında aparılsa da, əslində bu ABŞ və SSRİ-nin silah yarışının bir parçası idi. Hər iki fövqəldövlət öz arsenalındakı silahları bir-birinə qarşı qoymaqla Vyetnam poliqonunda sınaqdan keçirirdi. Buna aviasiyadan tutmuş, atıcı silahlara kimi bütün texnologiyanı aid etmək olar. Hərbi-texniki baxımdan Vyetnam təcrübəsi silahlanmada yeni mərhələ açdı. Burada ilk dəfə lazerbaşlıqlı idarəolunan bombalar, xüsusi təyinatlı dəstələr üçün zirehli jiletlər və s. istifadə edildi. SSRİ-nin hərb texnologiyası qarşısında aciz qalan Pentaqon dəqiq vuran silahlara maraq göstərməli oldu. Amerikalı hərbi mütəxəssislər “F-15” və “F-16” qırıcı təyyarələri üzərində işləməyə başladılar. Beləcə 4-cü nəsil təyyarələr dövrü başlandı. Eyni zamanda ABŞ hərbi gəmiləri üçün “Tomohavk” tipli qanadlı raketlər hazırlanırdı, lakin texniki nailiyyətlərin heç biri Vyetnamda geniş tətbiq olunmadı. İstər 4-cü nəsil təyyarələr, istərsə də dəqiq vuran qanadlı raketlər istifadəyə hazır olan vaxt müharibə qurtarmışdı. Vyetnam üçün hazırlanmış hərbi-texniki yeniliklər özünü Hind-Çində göstərə bilmədi. Müharibə ABŞ-a 300 milyard dollara başa gəldi. 11 illik müharibə ərzində 70 min hərbçi cəngəlliklərdə həlak oldu. ABŞ Hərbi Hava Qüvvələri öz arsenalının 25 %-ni Vyetnam səmasında itirdi. Şimali Vyetnama gəldikdə isə onlar 1 milyondan çox hərbçi və 3 milyon dinc insan itirir. Dinc əhalinin belə kütləvi məhvində ağır bombardman əməliyyatlarının rolu böyükdür. Həmin illərdə SSRİ, Sosialist ölkələri bloku, qərbi Avropa, hətta ABŞ-ın əksər ştatları Nikson administrasiyasına qarşı çıxsa da Ağ ev olanlara göz yumurdu. Bu müharibədə törədilən vəhşiliklər dünyaya deməkratiya və humanizm gətirən Amerikanın tarixində əbədi “ağ ləkə” kimi qalacaq.

gencdiplomat.az

Комментариев нет:

Отправить комментарий