23.09.2014

Nahid Şəmşir - Vida

Onun çox nadir təsadüf olunan ifadəli gözləri vardı, iş­vəli parıltısından xeyirxahlıq, müdriklik, gizlənmiş kədər oxu­nurdu. Sanki baxışları deyirdi: "Bu dünya o qədər də yaxşı deyil, əzizim. Ancaq biz birlikdə bacararıq!".
-Həyatda nə istəyirsən?- soruşdum.
-Sevgi, - dedi. O tutuldu, mızıldadı ki, düzü, mən bu məsələ üzərində heç düşünmürdüm. Onda mən onu xilas etdim ki, özüm bu sual barədə əvvəllər çox fikirləşmişdim.
-Həyatımda hər şey yalnız məndən asılıdır, ona görə nəyisə istəmək yox, etmək lazımdır. İstədiyimi də edirəm. Amma sevgi... mənim ixtiyarımda deyil. Bu, həyatda, bəlkə də yeganə şeydir ki, gərək gözləyəsən,- o, göz qapaqlarını endirib fikrə getdi. Görünür ona vaxt lazımdı ki, mənim sözlərimi ikimizin də dilinə gətirsin. Ola bilsin, o, mənim anlamadığım şey barədə düşünürdü. Nəhayət, yavaş-yavaş başını qaldırıb mənə baxdı, sanki eyham vuraraq ki fikrim hədəfə çatıb və davam edə bilərəm. Ancaq mən heç nə əlavə etmədim.
Biz uzun müddət susduq, bir-birimizə baxdıq, bu zaman ürəyim qorxudan sıxılırdı. Lap tezliklə öz sevimli insanımı, o da məni itirəcək. Mən təsəvvürümə gətirirdim ki, həmin bu dəqiqələr necə xatirələrə çevriləcək, sonralar onlar necə ən soyuq gecələri qaranlıq otaqda mənim gizli ocağım, şamım olacaq.
Bu an mən özümə sanki gələcəkdən baxdım, yaşadıqlarımın təntənəsi qəlbimdə alovlandı, mən zövq aldım ki, əlimizdən qaçan zərif an çox gözəldir.
Mən onun əlini ovcuma aldım, istəyirdim bu to­xunmanın sevincini duyum. Onun dərisinin xətlərinə, şırım­larına diqqət etdim, barmaqlarımı biləyi üzrə gəz­dirdim. Mən hiss edirdim ki, o, gözünü məndən çəkmir.
-Dənizə getmək istəmirsən?
-Gedək,-razılaşıram.
-Onda sən qabaqda get, mən arxanca gəlirəm.
-Yaxşı.
Mən ayağa qalxdım, iti addımlarla qapıya sarı yönəl­dim. Arzuolunmaz gözdən qaçaraq, ağ güllü kol­ların, sitrus bitkilərinin yanından keçib addımlarımı yavaşıdıb dənizə sarı getdim. Arxaya çönəndə, onu gör­mə­dim. Ağacların boyunca yavaş-yavaş gəzərək, bir çiçək dər­dim, onu burnuma tutub qoxuladım- şirin iyli idi. Yar­paqları tünd göy olan sərt budaqlar küləkdən asta-asta səs-küy salırdı. Haradasa, lap dərinlikdə gözəgörünməz quş oxu­yurdu
-Bağışla, səni yenə gözləməyə məcbur etdim.
O, qaçışını yavaşıtdı və mənimlə üzbəüz dayandı. Cavab əvəzinə əlimdəkini ona uzatdım.
-Bu nədir?- o, gülümsündü və nazik göy qabığı dişlədi.
-Bilmirəm. Yabanı çiçəkdi.
O, başını buladı:
-Bu, naringidi.
Biz dənizə tərəf addımladıq.
Sahilə çatanda, gördük ki, dənizdə güclü fırtına var.
-Qəribədir, - o, fikirli halda dedi. Başa düşürdüm ki, fırtına həmişə rast gəlinən deyildi. Çox gözəldi!
-Fırtına əla oldu, - dedim.
-Hə, elədi. Qalırsan burda?- mən ondan ciddi so­ru­şur­­dum, - burada yaşa, hə?
O, təəccübdən donub qalmışdı. Biz dayandıq. O, mə­nə diq­qətlə baxmağa davam etdi, sanki, fikirlərimi oxu­maq istəyirdi.
-Qəddar zarafatdı, - mən onun sözünü kəsdim.
O, gözlərini qıyıb başını yellədi. “Qəddarlıq” sözünü digər dillərdə bilmirdi. O, məni başa salmağa çalışdı ki, nəyi nəzərdə tutduğumu anlayır.
-Bağışla, -dedim.
-Hər şey qaydasındadır.
O, üzünü çevirdi.
Biz bir az da irəli gedib, çimərliyə çatdıq. Hər itən saniyə ürəyimi ağrıdırdı, ayrılığın labüd gələcəyi qurğuşunla dolurdu. Ona baxmağa gücüm çatmırdı, dənizə boylanırdım. Dənizsə sahillərindən aşıb-daşırdı.
O, özü əlimdən tutub, barmağımdakı üzüyə baxdı.
-Maraqlıdır,- deyib baş barmağı ilə onu fırlatdı. Mən əlim­dəki çatı göstərib danışdım ki, bu üzük turniketdə necə əlimi xilas edib.
-Bu isə, - mən adsız barmağı göstərdim, - kişilərin və qadın­ların simvoludur.- O, başını buladı, onda mən izah etdim:
-Liliya və qılıncı.
O, başa düşdü və xırda daşlarla inkrustasiya edilmiş çi­çəyin hörgüsünə, ucunun iti qılınc kimi olmasına bax­mağa başladı.
O, əllərimi əlində tutmuşdu, mənə getdikcə nəfəs al­maq ağırlaşırdı, sanki sinəmdə hava üçün yer qalmamışdı. O, yenidən çimərliyə, dənizə nəzər saldı ki, onları yaddaşına dəqiq köçürsün, yuxusunda bir daha buraya qayıda bilsin. Dənizsə dincəlmirdi.
-Gedək, çimək?-mən təklif etdim.
-Gedək,-dedi, günəş eynəyini və pareonu sahilə qoyub suya girdi.
Dəniz ayaqlarımızın altında ağ köpüklə yanırdı. “Əl­vida, dəniz!”, yəqin bu an düşünürdü.
Mən onun əlindən tutdum, biz suya baş vurduq. Həmin an böyük bir dalğa bizi yaxaladı və yıxdı. Mən onu itir­məmək üçün, var gücümlə əlini sıxdım. Sudan çıxdım, nəfəs dərdim, sevinc­dən güldüm, gördüm ki, o da gülür. Onun islanmış saç­ları üzünü örtmüşdü.
-Ehtiyatlı ol, - sevincək qışqırdı və növbəti coşan ağ köpük seli üstümüzə cumanda onun ikinci əlini tuta bildim. O, tab gətirə bildi, məni də saxladı.
-Sən yaxşı üzürsən?-soruşdu.
-Əla üzürəm,- mən başımı tərpətdim.
Növbəti böyük dalğa yaxınlaşırdı, mən onun belin­dən qucaqlayıb, oyuncaq kimi dəli olan dənizin qarşı­sına tutdum. Ağ dalğaların ani hücumu arasında mən onun sinəsindən aşağı qucaqlayıb başımın üstünə qaldırdım. Sevincdən boğula-boğula, o əllərini qanad kimi yana açdı, mənə aşağıdan baxa-baxa, gülərək nəfəsini dərdi:
-Gözəldi!
Həmin an o, doğrudan da, özünü quştək hiss edirdi. Sim kimi uzanmışdı, mən onu coşan dənizin üzərində qal­dır­dım, sonra qanadlarını düzəldərək, coşqun səs çıxartdı. Onun qarşısında üfüq açılmışdı və yaxınlaşan ağ köpüklü dal­ğa dağına baxanda səndələdim, biz ikimiz də suya düş­dük. Sudan çıxarkən, o, deyəsən qorxudan və hey­ran­lıq­dan hələ də qışqırırdı, onda onu yenidən əlimə alıb daha aman­sız dalğalardan qorumağı düşündüm. O, boynumu qu­caqladı və bütün bədəni ilə mənə sıxıldı. Cəmi bir anlıq bi­zim dodaqlarımız bir-birinə toxundular, növbəti dalğa arxadan mənə elə şığıdı, az qaldı yıxılam. O, yenə var gücü ilə boynumu qucaqladı, mən dənizlə hələ savaşırdım, ancaq su geri çəkiləndə, onu öpə bildim.
Dərhal misli görünməmiş yeni güclü dalğa bizi ağuşuna aldı, yerə yıxıb suyun altında qoydu. Səma və də­nizin dibi anlayışını itirdik, hər şey vahid qaynayan axına qarış­dı, hər ikimizi bilmədiyimiz istiqamətə sürüklədi. Qu­caqlaşmadan ayrılmayaraq, hətta biz istəmirdik bilək, səth hardadır, dəniz hardadır ki, üzək, sadəcə imkan verirdik ki, dəniz bizi udsun, əbədi özündə saxlasın. Amma dəniz bizə belə mərhəmət göstərmədi. O, bizi səthinə çıxartdı, biz nəfəs aldıq, hələ də bir-birimizdən ayrılmamışdıq. Biz öpüşürdük, sanki bütöv bir can olmuşduq, sanki ətrafı­mızda heç nə yox idi. Dalğalar yenə də bizə hücum çəkirdilər, əldən salırdılar, köpüklə örtürdülər, ancaq biz hə­lə də öpüşürdük, dənizin suyu düz açıq ağzımıza do­lur­du və bu tərəfdən o tərəfə tullayırdı, bizi bir-birimizdən ayırmağa əbəs cəhd edirdi.
 Hökmündə olan hər anın sonuncu olduğunu biləndə, sev­ginin necə gözəl və qürurlu siması varmış, İlahi. Hə­min axşam dəniz bu sevginin qarşısında gücsüz idi. Həmin axşam biz dəniz olmuşduq.
 ...Yarım saatdan sonra biz naringi ağacının yaxın­lığındakı yolda vidalaşdıq.

Şəmşirov Nahid Rəşid oğlu (Nahid Şəmşir) 27 iyul 1980-ci il­də Kəlbəcər rayonunun Ağdaban kəndində doğulub. O, məş­hur Aşıq Şəmşirin nəvəsidir. Üç ali təhsili var: Azərbaycan Dövlət Tibb, Döv­lət İqtisadiyyat Universitetlərinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Aka­de­mi­ya­sının məzunudur. Bədii yaradıcılıqla uşaq yaşlarından məş­ğul olur. Şeirləri müxtəlif vaxtlarda mərkəzi mətbuatda çap olunub, saytlarda, inter­net portallarında yayımlanıb.
Novella onun bu yaxınlarda işıq üzü görən “Dönüş” kitabındandır.

Комментариев нет:

Отправить комментарий