01.09.2014

Ələddin Əzimov - Əmanət verdiyim sözlər

Sehirli sözlər

Verdim gedənlərə,
Uzağa səfər edənlərə -
Pak sözlərimi.
Qoy ziyalansın
Daha da saflaşsın deyə.
Dedim geri dönəndə
Köçürərsiniz bu sözlərin işığını
Zamanın tozuna bulaşmış
Tor görən
Və bir də cavanlıqda
Vaxtı ilə ziyasını
Kitablara, yazılara 
Payladığım gözlərimə.
İndi yollar ayrıcında
Gözləyirəm sizləri.

O zaman
Əmanət verdiyim sözləri.
Siz allah,
Bir az yeyin olun.
Qamçılıyın yolları!
Vaxtdır,
Çatdırın məni pak həqiqətə.
Qovuşum bir yolluq
Qəlbimdəki niyyətə.

Yaşımın ölçüsü

Yay bitdi.
Sonuncu qaranquşlar da
Uçub getdi.
İndidən əllərimi üşüdür
Payızın nəfəsi.
Havada nəm qoxusu var,
Deyəsən yağış yağacaq.
Amma qar, ayaz, sazaq
Hələ uzaqdadır.
Görən növbəti baharda
Bu il qurduqları
Yuvalara dönəcəkmi qaranquşlar?
Mənim bir yaş qocaldığımı
Duyacaqmı qaranquşlar?

Комментариев нет:

Отправить комментарий