06.09.2014

Əli İbrahimov - Şirin xəyallardan gerçəyə

DÖN GƏL

Getmisən, həm üzüm, həm künlüm solub,
Baharda ilk açan çiçəyə dön gəl.
Getmisən, təbim də sənsiz yorulub,
Göyləri dağıdan şimşəyə dön gəl.

Gəl, qəmi-kədəri axıtmaq üçün,
İçimdə həsrəti dağıtmaq üçün,
Ruhuma, canıma can qatmaq üçün,
Eşqlə dolub-daşan ürəyə dön gəl.

Şeir və nəğməmi könlünə qazıb,
Adımın yanına adını yazıb,
Köhnə şəkilləri bağrına basıb,
Ən yeni arzuya, istəyə dön gəl.


O gündən gözümü dikmişəm yola,
Artıq səbir kasam az qalır dola.
Deyirəm, yanımda bircə yar ola,
Şirin xəyallardan gerçəyə dön gəl.

Qəlbin atəşini ölçüb-biçərək,
Min bir sınaqlardan səhvsiz keçərək,
Yollar çoxdur, yalnız bir yol seçərək-
Getdiyin o yolla geriyə dön gəl!

Gəl, dərdi, kədəri dağıtmaq üçün,
İşimdən həsrəti axıtmaq üçün,
Ruhuma, canıma can qatmaq üçün,
Eşq ilə çırpınan ürəyə dön gəl...

UNUDA BİLMİRƏM

İllər ötsə də sən ürəyimdəsən,
Heç çıxarıb ata bilmirəm, gülüm.
Ən son, axırıncı istəyimdəsən,
Mən səni unuda bilmirəm, gülüm...

İstəyirəm dönüb bir qaranquşa,
Gizlin uçum gəlim otağına mən.
İstəyirəm dönüb narın yağışa,
Durmadan süzülüm yanağına mən.

Yenə pəncərəmdən baxıram yola,
Həmişə bu yolla gedib-gələrdin.
Ürəyim az qalır dərddən sıxıla,
Mənə əl yelləyər, sonra gülərdin...

Səndən sonra çoxlu eşqlər yaşadım,
Hamısı mənasız, qısa və yalan.
Fəqət qəlbimdə tək səni daşıdım,
Fikrimdən çıxmadın mənim bircə an.

Mən səni unuda bilmirəm, gülüm,
O xoş baxışını, doğma üzünü.
Mən səni unuda bilmirəm, gülüm
De, necə unudum özüm-özümü?

Sən həm xəyalımda, həm də ruhumda,
Necə ki mən sağam, bil sən də sağsan.
Gündüz yadımdasan, gecə yuxumda,
Mən yaşayan qədər yaşayacaqsan!

Комментариев нет:

Отправить комментарий