“Bakılı şən və hazırcavablar” klubunun sabiq sədrləri, yadda saxlayın, tutduqları yüksək vəzifədən elə-belə, öz xoşuna ayrıla bilməzlər. Belə nadir, həlledici anlarda yazılmamış yasanın ayrıca, xüsusi maddəsi işə düşür dərhal. Sabiq sədr, peşəkar bir qatilə zəng vuraraq sakit səslə öz qətlini sifariş verir.
Adını, soyadını diktə edir hərf-hərf, heca-heca. Dəqiq ünvanını, iş rejimini izah edir. Gələcək görüş yerini bəribaşdan göstərir. Kostyumunun, eynəyinin, qalstukunun dəqiq brendini qatilinə öncədən nişan verir. Təkcə elə bu cür xırdalıqlarla kifayətlənmir – görüş yerindəki bahalı restoranın uzun menyusu ilə də tanış edir öz qatilini:
– Yaxşı Kiyev kotletləri olur bu restoranda. Dadsan, barmaqlarını yalarsan. Aşpazların hamısı Filippindən gətirilib. Salatların çeşidi tükənməzdi burda... Məsləhətdi, vallah... Necə? Üzr istəyirəm, cümlənizin axırını yaxşı eşidəmmədim.
Klubun ilk sabiq prezidenti “şən və hazırcavab” Anar Məmmədxanov, vaxt vədəsi gələrkən, bəziləri kimi sağa-sola burcutmadı. Kübar insandı axı... Dediyim qədim zadəgan adətinə sözün əsl mənasında tam əməl etdi o. Nəməlum gizli ünvana zəng vuraraq sakitcə öz qətlini sifariş verdi.
- Yoooxxxx...Vəsiyyətnaməyə, məncə, ehtiyac yoxdu... Son dəfə restoranda hansı musiqini sifariş edəcəyimi soruşursunuzsa... Hmmmm... Nə bilim... Tələsməyin hələ, görüş zamanı deyərəm öz seçimimi. Nə?... Hansı odekolondan istifadə edirəm? Nigaranlığınız əbəsdi. Ətri xəfifdi. İşimizə mane olmayacaq, görərsiz.
Sizdən day nə gizlin? Həmin naməlum qatil elə mən idim –oxuduğunuz bu sətirlərin müəllifi.
Adətə görə, mətbuatda gedəcək ən son müsahibəsini də sifarişçi elə mənə verib, bununla da, bütün izləri azdırmalıymış. Müstəntiq şübhələnib sorğu-suala çəksəydi məni, deyəcəkdim bəs, o nə söhbətdi edirsiz barəmdə? Jurnalist babayam. Vəzifə borcumu yerinə yetirmişəm. Öncəgörən Vanqa-zad deyiləm hələ ki... Hardan biləydim “Yeni Müsavat” qəzetinin 4 aprel 2011 tarixli sayında çap olunmuş son müsahibəmin daşı bu qədər ağır olacaq rəhmətliyə?
Mənim də öz islaholunmaz peşə azarım var – atıcılıq tirlərindəki özüyeriyən hədəflərə – qaza, ördəyə, tülkü-canavara oxşadaram əvvəlcə adətən öz növbəti qurbanlarımı. Anar Məmmədxanovu elə ilk baxışdan dikbaş qaza oxşadıb, görüşümüzün axırınacan bu qənaətimdə qaldım. O, səhnənin arxasından peyda olan özüyeriyən qaz kimi vədələşdiyimiz ünvana – zabitlər bağına gəlib, qara eynəyi arxasından ətrafa bir xeyli boylandı. Buzüstü yarışlar üçün nəzərdə tutulmuş qapalı idman arenasına varlı müştəri, üzr istəyirəm qaz kimi daxil olub, üzərinə cuman xidmətçiyə bahalı kokteyl sifariş verdi.
Buz üzərində sürüşən tək-tük varlı müştərilər hələ naşıydılar –dəqiqəbaşı arxaları üstə buza çırpılır, yıxıldıqları nöqtədə bir xeyli çırpınıb-çapalayırdılar. Burda oyun iştirakçıları çox azdı, mənim kimi tənbəl tamaşaçılar, azarkeşlər isə çox. Hiss olunurdu ki, buzüstü idman növləri üzrə beynəlxalq yarışlarda ölkəmizin iştirakı indinin yoxxxxx.... Çox uzaq, xoş bir gələcəyin mövzusudur.
Məmmədxanov ssenaridən kənara çıxıb razılaşdırılmış görüşümüzü gecikdirməyə başladı. Buzüstü idman döyüşlərinin gələcək nəbzini xəyallarında canlandırıb, eynəksiz, sərxoş gözlərini yavaşca yumdu. Milli yığmamımızın gələcək qələbələrini daxilində seyr edib, gözünü açıb bu günə qayıtmağına anında peşman oldu. Düz önündəcə bir gözəlçə qızın yerə çırpılmasını day həzm etməyi bacarmayıb dərindən köks ötürdü. Kor-peşmancasına ətrafına boylanıb baxdı... Baxdı... Baxdı... Ön sıralardakı tək-tənha heykəlimi çox gec seçdiyinə özü də təəccübləndi elə bil. Addımlarını sürətləndirib arxadan mənə yaxınlaşdı. Önümə keçmədən qulaqlarıma gizli parolumuzu pıçıldadı:
– Eynək gözdədir.
Cavabı bilə-bilə bir xeyli yubadıb Anarın təngi-nəfəsliyindən bir xeyli ləzzət aldım. Kəhrəba təsbehimi barmaqlarım arasında hərləyib nəhayət, insafa gələrək pıçıldadım:
– Təsbeh isə əldə.
Məmmədxanovu atıcılıq tirlərindəki özüyeriyən qaza oxşatmaqda elə bil ki, tələsmişdim. Sovet cizgi filmlərinin bütün zooloji qəhrəmanları sanki növbəylə, bir-bir, gəlib sırayla Anarın sifətində canlanırdılar. Həyata cizgi filmlərin, kinolentlərin davamı kimi baxan bu “şən və hazırcavab” insan, nostalji hisslərin tam ixtiyarındaydı:
– Sovet vaxtları, yadımdadı, bahar günlərinin birində gəlib qapımızı taqqıldatdılar. Gördük qapı kəndarında dayanmış iki xoşməramlı kəs içəri keçməyə tələsmir. İndikilər, danışdıqca anbaan irəli gəlirlər, az qalırlar yataq odana da soxulsunlar. Çarpayının altına, içinə baxsınlar hətta. Bunlarsa məqsədlərini hər dəfə bizə dedikcə, qapımızdan bir addım da geriyə çəkilirdilər. Kürəkləri divara dirənəndə nəhayət, məqsəd bəlli oldu bizə.
Anar uzun çöplü kokteylindən bircə udum almağı özünə borc bildi.
– Nəydi gəlişlərinin səbəbi axı? – Kokteylinin dadını öz damağımda hiss edib, Anara qarşı azca paxıllandım. Allah onu başqalarının daxili söhbətlərini eşitmək, duymaq istedadından məhrum etməmişdi. Tələbatımı anında hiss etdi o:
– Deyim, kokteyl gətirsinlər sizə, etiraz etməzsiz?
– Yox... – deyib, köhnə mövzuya qayıtdım. – Sovet dövrü xatirələriniz çox şirindi mənimçün.
Aramızdakı ciddi maneəni – kostyumuna qonmuş tükünü, Məmmədxanov bircə hərəkətiylə kənara tullayınca xeyli rahatlandı elə bil. Maneəni dəf edincə açdığı mövzuya qayıtdı:
– Dedilər ki, bəs Bakıda buzlu idman arenasının inşası gələn il bitəcək. Bəs indidən buzüstü balet, xokkey idman növləri üzrə namizədlərin qeydiyyatı başlanılır. Bədən ölçülərim, bəs guya imkan yaradır ki, xokkey forvardı olum gələcəkdə. Bəs siz necə? Oxşar dəvətlər almamışdınızmı uşaqlığınızda?
Peşəkar azarım yenidən beynimə vurdu – xəyallarımda, tir səhnələrinin özüyeriyən heyvanları nizam-intizamla qarşımdan ötürdülər. Barmağımı tətiyə keçirməyə tələsmirdim. Bir başqa tərəfdə – buz üstə sürüşənlər üzərində sınaqdan keçirirdim öz peşəkar killer, daha doğrusu kilhanter istedadımı. Müştərilərə iti nəzərimi sancınca, yazıq bədbəxtlər bir-bir, sıraynan buz üstə çırpılırdılar.
Oxşar baxışla Məmmədxanova zillənməyim nəticəsiz qalmadı. Yazığın kokteyl çöpü, dodaqları arasından sivişib yerə düşdü...
TÜFƏNGSİZ OV. Düzü, bizim qapımızı da o uzaq dövrlərdə oxşar şübhəli müştərilər taqqıldatmışdılar. Ata-anama sənəd imzalatmışdılar ki, bəs guya mən xüsusi istedad kimi, imtahansız-filansız Moskvadakı sərrast atıcılıq məktəbinə qəbul edilirəm. Bir daş altdan, bir daş üstdən – bəs guya bu, xüsusi qorunan böyük dövlət sirridir.
Məktəbimiz sıx rus meşələrinin arasında, Moskvadan çox yox, uzağı 20-25 kilometr kənarda yerləşən sakit Malaxovka qəsəbəsindəydi. Silahlı snayperlərin təhsili bizlərdən ayrıydı orda-meşədə bir tala vardı, yığılıb gecə-gündüz təlim keçirdilər orda. Özüyeriyən müxtəlif uzaq hədəfləri güdər, bircə sərrast gülləylə məsələni həll edərdilər. Mən isə silahsız killerlərdən, snayperlərdən idim. Nə odlu silah verilərdi bizə, nə də ki, soyuq. Özü də killer deyil, “kilhanter” deyilərdi bizlərə. Çox deyildik –bütün SSRİ-də cəmi yeddi nəfər. Biz elə öz hirsimizlə, baxışlarımızla, gizli məramımızla qətlə yetirməliydik qurbanlarımızı. Bunun həm çox sadə, həm çox mürəkkəb təlimləri vardı. Hərdən, altımız da gücümüzü xəyallarda birləşdirib, yeddinci həmkarımıza ötürməyi bacarmalıydıq. Sifarişlər müxtəlif fərqli yollarla, gizli kodlar, parollar vasitəsiylə bizlərə ötürülürdü. Sifarişçilərimiz, adətən naməlum qalardı bizlərə. Bizim haqqımızda ancaq indi-indi az-maz danışmağa başlayıblar. Amerika rejissoru Jarmuş, özünün məşhur “Kontrolun son həddi” filmində biz kimiləri –kilhanterləri, ilk dəfə kino qəhrəmanına çevirib.
Yadımdadır, Rusiya prezidenti Vladimir Putinin qatı düşməni Boris Berezovski Londondakı qəsrində, yüzə yaxı mühafizəçinin əhatəsində naməlum bir silah vasitəsiylə qətlə yetirilərkən mən, Orta Asiya respublikalarının birində köhnə müəllimimə qonaqdım. Füsunkar Tyan-Şan dağları ətəyindəki məxfi, xəlvət bağda təlimlərimizi təkmilləşdirirdik. Gecənin bir vaxtı, artıq yataqdaykən, müəllimim qəfil öz “Cip” maşınına atılıb məni bağında bir müddət tək-tənha buraxdı. Qayıdanbaş qapımın arxasından bircə kəlməylə yuxudan oyatdı məni:
– “Bereza”nı, yəni ağcaqayını kəsdilər. Beş-altı saatdan sonra bütün dünya mətbuatı Boris Berezovskinin qətlindən danışacaq.
Həmin “beş-altı saat” söhbəti, ancaq iki gün sonra özünü doğrultdu. Xəbər gəldi ki, bəs iki gün öncə Boris Berezovski Londonda naməlum şəraitdə dünyasını dəyişib. Müəllimim bu vaxt bir mənə baxdı, bir də televiziya ekranına. Fincanıma çay süzdü, dolabda konfet-zad axtardı. Bütün səyləri fıs çıxanda məyuscasına pıçıldadı:
– Buradakı Britaniya Kəşfiyyatı nümayəndəliyi məxfi görüşə dəvət edib hər ikimizi. Hazır ol, qəliz suallar var ünvanına.
Vədələşdiyimiz vaxt müəllimimin qara “cip”ində gəldim şəhər kənarındakı BMT-yə məxsus dəbdəbəli malikanəyə. Üst-başımı diqqətlə yoxlayan mülki geyimlilərə kinayəmi, istehzamı gizlətmədim. Pasportumu barmaqlarımın ucunda yazıqlara təhvil verib, içəri daxil oldum. İkinci mərtəbədə məni çox yüksək rütbəli bir zabit salamlayıb, müşahidə kameralarına gizlincə bir göz vurdu. Kabinetinin ən gizli guşəsindən çıxardığı şotland viskisini masa üzərinə qoyaraq, ingiliscəsini bir kənara tulladı. Keçdi səlis rus dilinə:
– Bilmək istərdik Berezovskini kim qətlə yetirib? Ən vacibi isə necə, nə təhər baş verib bu? Hansı silahdan, zəhərdən istifadə edib qətlin icrası zamanı?
Qarşımdakı viski dolu qədəhlə bir müddət tək-tənha qaldım.
Ev sahibi, bir başqa gizli düyməni basaraq, nağıllardakı kimi divarı aralayıb yoxa çəkilmişdi...
Karıxmadım. Azca düşündüm öz-özümə... Axırda əlimə qələm götürərək fikirlərimi oxunaqlı xətlə kağız üzərinə köçürdüm: “Boris Berezovskinin ölüm xəbəri ingilis mass-mediasına ötürülərkən iki gün gecikdirilib. Görünür, Mİ-6-ya bu qətlin gizli səbəbləri hələ də aydın deyil. Qətlin sifarişçiləri bu zaman ən müasir bir gizli silahı, həm də sanki ilk dəfə, dünya ictimaiyyətinə nümayiş etdiriblər. Bu, ciddi xəbərdarlıq məqsədi daşıyır. Qətl zamanı killerlərdən deyil, mən kimi kilhanterlərdən istifadə olunub. Postsovet məkanında məndən savayı cəmi-cümlətanı altı nəfər kilhanter mövcuddur. Peşə borcumu yerinə yetirərkən onlarla oxşar qətllərin iştirakçısı olmuşam. Odlu, soyuq silahlardan qətiyyən istifadə etmədiyimiz səbəbdən cinayət yerində, meyid üzərində bircə iz belə buraxmarıq. İndiyədək qətllər postsovet məkanı daxilində həyata keçirilirdi. Berezovskinin qətliylə bu gizli texnologiya ilk dəfə xaricə sıçradı. Digər oxşar qətlləri gözləyin”.
QƏDİM FOTO. Anar Məmmədxanovun növbəti sualı uzun gülüş qəhqəhəsiylə müşayiət olunaraq məni şirin xatirələr aləmimdən ayırdı.
– Demək, hər ikimizi hələ lap uşaqlıq vaxtımızda nəzarətə götürüblərmiş ki...
Anarın şən gülüşünə təkcə sifəti, yanaqları deyil, əlləri, çiyinləri də qoşuldu. Lakin bu gülüş çox tez acı istehzayla əvəzləndi.
– Demək, həm də seçiblərmiş bizləri...
Səsim lap kallaşmışdı. Məcbur qaldım öskürməyə.
– O sovet nağılı həyata keçdi də... Gördüyün bu buz arena nəhayət ki, inşa edildi. Arzuna çatdın, “Bakılı şən və hazırcavablar”ın kapitanı oldun. İndi də gəlib bu həyata keçmiş tikintinmi deyim... yoxsa arzununmu qarşısında...
Məmmədxanov burda fürsət tapıb cümləmin axırına yiyələndi:
– Öz ölümümü, qətlimi sifariş verirəm...
Karıxmadım söhbətimizin bu cür gedişinə. Mən də başladım Anar kimi fikirləşməyə:
– Əvvəl kokteylini sifariş etdin, sonra məni, sonra ölümünü... Yaxşı niyə məni – Həmid Herisçini, Əzrayılı seçdin özünə?
Rəhmətlik həqiqətən hazırcavabdı:
– “Yeni Müsavat”a, Həmid Herisçiyə müsahibə vermək elə edam kürsüsünə qalxmaqdı da mənimçün... Bilə-bilə edirəm bunu...
– Hazırsanmı? – tək kəlməm güllə kimi açıldı.
– Hə... De, nəylə qətlə yetirəcəksən məni – tapanca atəşimi son qoyacaq həyatıma? Yoxsa boğazıma keçirdiyin polad məftili var gücünlə özünə tərəf dartacaqsan? – Anarın əvvəlki pafosu, pıçıltıyla əvəzlənmişdi indi.
– Əsl qatil, mən kimi, silaha əl atmır ömrü boyu. Fikrin əldəqayırma roman, kino qəhrəmanlarına getməsin.
– Əzrayılsan?
Burda susmağa üstünlük verdim.
Anar Məmmədxanov qara lüks kostyumunun döş cibindən çıxardığı bir arxiv fotosunu bu vaxt imkan tapıb mənə ötürdü.
– Pişəvərinin qətl səhnəsidir... Yevlaxın dördyolu, 1947-ci il, 11 iyul... Bu şəkildəki killeri, yaxud sən deyən o kilhanteri indi özün tap... Həmişə, bir qətlin müəmması başlayanda, digərinin düyünü açılır axı...
Hədiyyədən gözlərim ayrılmırdı.
– Avtomobil, hə, Pişəvərinindi. O vaxtkı sonbala Amerikan “byuk”u... Qum təpələr də, Yevlax-Şəki arasındakı coğrafi məkanı xatırladır.
Bunu deyib çox mənalı şəkildə başımı tərpətdim. Axırda əlavə etdim:
– Qonorarımdı?
– Bəli...
***
Redaksiyadan zəng edib Anarın ölüm xəbərini mənə deyəndə, “28 may” metrostansiyasının dərinliklərindəydim. Yaxşı ki, özüyeriyən pilləkənlar üstəydim. Yoxsa bu zaman məni yerimdən tərpədəcək bir başqa güc tapılmazdl bizim fani dünyada.
Ayaqlarım özü məni istiqamətləndirib apardı yaxındakı bir uca çoxmərtəbəli binanın kiçicik həyətinə. Biləndə ki, bəs bu mərtəbələrin birində Anarın mənzili yerləşir, bəs indicə yazığın meyitini aşağı endirəcəklər... Rəngim-rufum saraldı.
Asim Mollazadı ilə Səməd Seyidov – rəhmətliyin masa dostları – bir də gördüm ildırım sürətiylə həyətə daxil oldular. Asim kök olsa da, öndəydi, nisbətən arıq Səməd isə arxada. Alışdığımız adi məntiqi pozan bir mənzərəydi bu.
Qəfil kimsə qışqırdı ki, bəs jurnalistləri həyətdən qovun iti qovan kimi. Bunu, təbiidi öz ünvanıma götürmədim. Bir də gördüm Anarı kəfənli-zadlı tabutda aşağı endirirlər. Asimlə Səməd ilk imkan tapınca çiyinlərini verdilər tabutun altına.
Küçə vitrinləri üzərində öz əksimi görməməyim elə mənə bəsdi. Bildim ki, başqaları da məni görmürlər. Müştəri gözləyən taksi sürücülərində belə şək-şübhə yaratmadan sakitcə adladım üzbəüz səkidəki dayanacağa.
İzdihamlı insan kütləsi arasında əridim. Əl qaldırıb taksi saxlatmadım. Avtobusun kirli arxa şüşəsindən gözəl Bakımıza baxa-baxa cinayət yerindən aralandım.
kult.az
Комментариев нет:
Отправить комментарий