26.11.2014

Kamal Azər - Son saralmış yarpaq

Artıq noyabr ayıdır və payızın bizimlə vidalaşmasına sayılı günlər qalıb. Bu il payız çox gecikdi amma nədənsə getməyə yaman tələsir. Hələ təzə islanmış torpağın gül qoxan ətrini ciyərlərimə çəkməmiş, ətrafa ayrı bir gözəllik qatan xəzəlin üsdündə addımlayaraq onun xışıltısını hiss etməmiş, rəqs edən yağış damcılarının qulağıma sevgi nəğmələrini pıçıldamamış payızla vidalaşmaq istəmirəm. Hər dəfə payız gələndə ürəyim atlanır necə ki, günahsız bir körpənin ən sevdiyi oyuncağı əlinə aldığında üzünə xoş  təbəssüm qonub sevindiyi kimi... Niyə də sevinmiyim? Axı mən payızda gəldiyində itirdiyim uşaqlığımı  yenidən yaşayıram, yenidən dünyaya gəlirəm, yenidən nəfəs alıram, yenidən sevməyi öyrənib dünyaya qanad açıram, insanlara ümidlə baxmağı öyrənirəm. Mənim uşaqlığım olmadı, mən vaxtından tez böyüdüm. Mən həyatı daha tez dərk etməyə başladım. Hər şeydə tələsdim mən. Mən vaxtından əvvəl sevdim...

Yadına gəlir? Oktyabr ayı idi səninlə ilk tanışlığım. Deyilənə görə insanlarda 17 yaşlarda ən ülvi hislər oyanır mən isə daha erkəndən səndə tutuldum, sənə bağlandım, səndə yaşadım, gözlərində itdim, nəfəsinlə isindim, əllərinlə qızındım. Mənə baxdığında utanıb gözlərimi çəkəcək qədər uşaq idim mən və uşaq hisləri ilə sevdim, bağlandım. Əslində uşaq sevgisi qədər pak, saf, təmiz hislər yoxdur. İnsan zaman keçdikcə saflığını itirir, günahlara bürünür, her keçən gün daha da bataqlığa batır odur ki, heç bir yetkinin sevgisi uşaq sevgisi qədər günahsız, məsum ola bilməz. 
Artıq 18-ci payızımı yaşayıram. Kim bilir, sol tərəfimdəki mələyim nələr yazıb pozub günahlar əsərimdə... Gecələri niyə çox sevdiyimi bilirsən? Çünki gecələri yazmaqla məşğulam və yazmağımdan heç kəsə bir xəta gəlməyib odur ki, gecələri “sol” mələyim istirahət edir və bir növ gecələr məsumluq cildində günahsız bir körpə, gündüzlər isə hislərini dünyaya hayqırmaq istəyən, içindəki canavarı azad edib dünyanı ələ almaq istəyən günhlara bürünmüş şeytan cildində oluram, mən ikili həyat yaşayıram çünki bunu məndən həyat tələb edir...
Yadına gəlir bir dəfə səndən soruşmuşdum ki, bir ümid var görəsən? Sən isə bir az duruxub sonra çiyinlərini çəkərək bilmirəm demişdin. Artıq bu sualın cavabını bilirəm mən... Yaşadığımız həyatda hər dəqiqənin öz hökmü var və bizi istədiyi kimi çıxılmaz vəziyyətə sala bilər. Qalibiyyəti itirmiş insan məğlub deyil, ümidini itirib həyata küsən, hər şeydən uzaqlaşıb özünü yalnızlığa məhkum edəən insandır məğlub. Hər xırda şeydə bir məna tapıb həyata bir birindən fərqli çalarlar qatmaq lazımdır. Yoxsa yaşaya bilməzsən. 
Nədənsə hər dəfə “ümid” kəlməsini işlətdikdə payız fəsli yadıma düşür. Payız gəlişi ilə bir gün gözlədiyimiz günəşin çıxacağı ümidi ilə yaşayırıq və qışa yaxın vaxtlarda həmin ümid tamamilə ölür. Elə ki, yaz gəlir həyat canlanır və həmin ümid hissi oyanmağa başlayır nədənsə. Buna görə də payızı ümidsizlik, yazı isə ümidin baharı fəsli adlandırıram.
Payızda insanlar nə qədər ümidsizliyə qapansa da ayrı bir sevinc gətirir insana. Bütün həyatım büsbütün payız ilə bağlıdır: körpə vaxtı ilk dəfə payızda dil açmışam, ilk dəfə payızda yeriməyə başladım, ilk dəfə payızda məktəbə yollandım, ilk şeirimi payızda yazdım, ilk uşaq eşqim payızda yeni-yeni cücərməyə başlamışdı.
Bu gün ətrafdakı ağaclara baxırdım. Həyat necə də ümidsizliyə bürünüb, ağaclar yarpaqsız, küçələr bomboz libasını geymiş, havada isə boğucu bir təzyiq... ətrafdakı ağacların biri gözümə sataşdı yalnız o ağacda bir saralmış yarpaq qalmışdı. O, yarpağı görcək çox sevindim “hələ də bir ümid var” deyib başımı dik tutdum. Sevincdən var-gəl etməyə başlamışdım ki, həzin bir küləyin havada rəqs etdiyini hiss elədim. Və bir də baxıb gördüm ki, ağacdakı son saralmış yarpaqda yerə düşdü...

Комментариев нет:

Отправить комментарий