26.08.2015

Bütün küçələr çıxıb getmək üçündü

Ruzbeh Məmməd

bütün təkliklər üçün

mənim üçün bir dəqiqəlik hüzn, bir saatlıq ayrılıq,
və bir günlük darıxa bilməyəcəksənsə sevmə.
mən səni sevirəm ki, gözlərin yalqız qalmasın,
qolların unudulmasın
sevgi; iki insanı bir-birinə tanıtmaqdı,
mən də səni sevdim ki tanımaq üçün.
özümü təsəvür edə bilmirdim sənəcən...
əgər sən yanımda qalsaydın, bilməyəcəkdim
kiməm?!, nəçiyəm?!, niyə öləcəm?!
sən getdin, mən iki adamı tanıdım, özümü, bir də səni
hələ mən bütün ömrüm boyuda, iki adamıda tanıyacam
özümü... birdə səni!
ayrılıq bir insanın çıxıb getməsi deyil, gedib qayıtmasıdı
qayıdıb ağlamasıdı.

o vaxt sevgimə görə, indi kövrəkliyimə görə üzülürsən
üzülmə, mən də səni sevdim ki,
yanımda sevgidən danışılanda xəbərim olsun
sən mənim hələ doğulmayan uşağımın anasısan
məni uşağıma görə bağışla
əgər məni unuda bilmirsənsə, heç yorma özünü
əsas insana can sağlığıdı
yeri gələndə unutmaq da olar
mən səni sevmək üçün yaşamırdım, yaşamaq üçün səni sevirdim...
indisə yaşamıram,
hələ ömrüm boyu qatarlarda yol gedəcəm
maşınlara yük olacam.
sən də məni maşınlarda gözləyəcəksən,qatarlarda biləcəksən
qorxma, adamlar darıxdığı zaman sevir, sevdikləri zaman darıxır.
bil ki, tənhalıq, sənin məndən ayrı qalıb düşünməyin,
mənim səni gözləməyim deyil,
ikimizin oturub ayrılmaq üçün gətirdiyimiz bahanələrdi.
yalqızlıq, iki nəfərin bir-biriylə danışmasıdı.
əslində yalqız adamlar daha çox danışır
ancaq yalqız deyiləm, bütün günü güzgü önündəyəm
və bilirəm ki, məndən başqa bütün adamlar yalqızdı təkdi,
tək yaşamaq bütün günü özünü düşünməkdi
özü-özünü anlamaqdı,balaca uşaqlar kimi özünü islah etmək
vurub danlamaqdı
indi mən də səni unuduram-daha çox sevməyim üçün...
bütün küçələr çıxıb getmək üçündü
bilirəm ki hər gün unudulmaq,
zibil kimi mənasızlaşmaq,
ev kimi baxımsızlaşıb, küçə kimi tərk edilmək var.
bütün küçələr çıxıb getmək üçündü bu şəhərdən

bütün gecələr unudulmaq üçündü

əslində, yer kürəsi çox cılızdı.
eyni günəş çıxır, eyni külək əsir, eyni yağış düşür,
hər kəs eyni cür darıxır,
eyni cür yox olur.
bir də ümidsizliyə qapılmaq, yorğun üzünü qapamaq
və ütüsüz köynəyinin darıxan yaxası...
bütün küçələr çıxıb getmək üçündü bu şəhərdən
bütün gecələr unudulmaq üçündü
yenə böyük şəhərlər, dayanacaqlar
ayaqqabısıyla darıxan sərnişinlər,
unutmaq döngəsi, xəyanət prospekti...
olmazın üzüntüləri,
şəhər hüznləri.
bütün küçələr çıxıb getmək üçündü bu şəhərdən
bütün gecələr unudulmaq üçündü

təsəlli

bütün yoxluqlar içində özümü sayıram barmağımla
iki adamlıq skamyada üçüncü adamı gözləyirəm
bir az təsəlliyə ehtiyacım var
ən yaxşı təsəllini ağıllı adam yox, dəli adam verə bilər
deyər ki ağlın olsun yaşama, özünü as,
köynəyinin yaxasını açar boynu kəsik-kəsik
deyər ki, intihar edirdim, yaxınlarım qıymadı bir kəndiri mənə
tanrıya dua edər ki, tanrı nə yaxşı məni dəli yaratdın
ağıllı yaradıb, dəli eləmədin
şükür sənə, tanrı bu gündən
bəlkə məni it eləyəsən
it günündə yaşamaq istəyirəm, bezdim adam günündən..

əgər darıxsan

birdən insafsızca əgər darıxsan
tutub qucaqlarsan evdə pişiyi
durub güzgülənərsən pəncərələrdə
dönüb yığışdırarsan evi-eşiyi
çətin ki fikrini tək saxlayarsan
hardasa saat üç... girib yerinə
bir ovuc əlini sığallayarsan
hoparsan yastığa yatana kimi
daş kimi düşərsən ağrı üstünə
gördün üşüyürsən, saçına kimi
özünü çəkərsən bağrın üstünə
bir qərib ağrıyar hər gecə solun
qımıcıb əllərin saçına gəlmir
bir də baxarsan ki şişib süd yolun...

üç yüz dəfə tanrıya edilən dua

və özümü dərk edəndə üç yüz dəfə tanrıdan dilədim ki,
tanrı mənə, qarğa ömrü verməklə cəzalandırma,
dilədim ki məni yaşamaqla günahlandırma...
sonra da dilədim ki pişik qovan küçə itlərinə, küçədə yaşamaq,
həmin o pişik qovan itlərə, pişik qismət eləmə.
dilədim ki çörək üçün zibilxanaları gəzən bomjun qarşısına ilk
dəfə sevdiyi qıza “zibil atmaq günahını” yazma
tanrı, Adəm olmağı da istəmirəm
cənnətə getmək bir ayıb, cənnətindən getmək iki ayıb!
yaman acımasız olar, əminəm, həm də utandırıcı
korlanmış vaxtı keçmiş bəxtlərdən yamama ömrümə
uzağı bir gün ömür ver
o da ki öldürmək üçün bəndən olsun deyə...
tanrı, əgər mənim yaradılışım anam üçün sevindirici olubsa
anam məni bağışlasın
mən məhkum deyiləm, cəzalanam ümidlərlə
yaşayam üzü kifirli özündən razı, özünü aldadan səfillərlə

tozlu saat, dörd divar

sən də çıxıb gedənnən
buralarda hüzündü.
yarıdan çox ağrımaq;
sən bildiyin üzüntü...
hər şey qoyduğun kimi.
hər şey yerli-yerində.
dəyişən heç nə yoxdu
ayrılıq şəhərində...
bizdə bütün il boyu
qaranlıqdı pəncərə
gündə yüz yol ölürəm
darıxıram min cürə...
necə ki səhər olur
günəş çıxır işartı
məni rahat buraxmır
zəhrimar bu diş ağrı...
gör nə qədər vaxt keçib
bildiyin nə çox, nə az
sənə daha demirəm
vaxtın olsa mesaj yaz...

Комментариев нет:

Отправить комментарий