26.08.2015

Şou-biznesin ən "səxavətli sponsoru" - Binəqədi icra başçısı Xaləddin İskəndərov

Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun yaratdığı rüşvət sistemi mətbuatın diqqətindən düşmür. Vaxtaşırı Binəqədi icra başçısının özünün və bu rayonda at oynadan qohum-əqrabasının qanunsuzluqlarına dair faktlar media tərəfindən ictimailəşdirilir.
Xaləddin İskəndərovun əsas gəlir mənbələrindən birinin rayon ərazisindəki tikintilərə rəsmi və qeyri-rəsmi icazələrin verilməsi olduğu bildirilir. Mətbuatda yazılanlara inansaq, Xaləddin İskəndərovun bu qara işini icra hakimiyyətinin birinci mərtəbəsində əyləşdirdiyi oğlu Elnur İsgəndərov həyata keçirir.
Musavat.com yazır ki, rayonda faktiki olaraq hasar çəkmək üçün 2-3 min, kürsülü ev üçün 8-10 min, ikimərtəbəli evin tikintisi üçün isə 12-15 min manat rüşvət tələb edilir.
Strateq.az saytı isə xəbər verir ki, Rəsulzadə qəsəbəsində “Vorovski” deyilən yerdə ev tikintisinə icazə çox bahadır- bunun üçün, nə az-nə çox, minimum 60 min manat ödəməlisən; Xocasəndə isə birmərtəbəli ev üçün minimum 5-6 min, ikimərtəbə üçünsə 25 min tələb olunur. Biləcəridə isə yerindən asılı olaraq, qiymətlər 12 mindən 25 minədək dəyişir:
"İcra başçısına əsas gəlir gətirən sahələrdən biri isə ticarət və iaşə obyektlərinin tikintisi və mövcud tikililərdə dəyişikliklərin aparılmasıdır: burada məbləğ yerindən və təyinatından asılı olaraq, 20 min-200 min arası dəyişir: bir qapının açılması üçün 20 min alındığı yer də var, bir obyektin üzərində əlavə tikinti üçün 200 minin tələb edildiyi də…"
Daha sonra sayt icra başçısının oğlunun paylaşdırdığı konvertlər barədə məlumat yaymışdı:
Xaləddin İskəndərovun birinci müavini Süleymanov İlqar Qəzənfər oğlu- ayda 20 min manat; Qeyd edək ki, bu şəxs vaxtilə Xaləddin İskəndərovla birgə Vergilər Nazirliyində işləyib və onun ən yaxın adamlarından sayılır.
İcra başçısının digər müavini İsmayılov Vüsar Qəşəm oğlu, başçının sevmədiyi və yola salmağa hazırlaşdığı müavinlərdən sayılır- ayda 10 min manat;
İcra başçısının müavini Əliyeva Aygün Nazif qızı, Xaləddin İskəndərovun özünün irəli çəkdiyi və xeyli səlahiyyətlər verdiyi kadrıdır- ayda 10 min manat.
Siyahıda qəsəbə icra nümayəndələrinin də adı var.
AzToday.az-a daxil olan məlumatlara görə, Binəqədidə tikintilərə rəsmi və qeyri-rəsmi icazələrin verilməsi üçün tələb olunan "qiymət"lərin (oxu - rüşvət) başqa rayonlarla müayisədə yüksək olmasının ilginc səbəbi varmış. Belə ki, Xaləddin İskəndərovun Vergilər Nazirliyində işlədiyi zamandakı həyat tərzi bunu "tələb" edir. Məlumatlarda iddia olunur ki, Xaləddin İskəndərov Vergilər Nazirliyində işlədiyi zamandan bəri şou-biznes əhli üçün səxavətlə pul xərcləməkdədir. Şou-biznes nümayəndələrinin (məlumatda həmin müğənnilərin adları da var, hələlik onların adını açıqlamağı lazım bimirik- red) icra başçısından pul almaq üçün min bir yola baş vurduğu da deyilir. Belə ki, qadın müğənnilərdən biri həftədə uşağının xəstə olmasını bəhanə edərək hər dəfə 2 min dollar aldığı da məlumatlarda yer alıb.
Başqa bir müğənninin isə bir dəfə Xaləddin İskəndərovla "görüş"ə "qırxı çıxmamış" yenicə doğulan uşaqla gəlməsi əhvalatı icra başçısının yaxın adamlarınının belə "heyrət"inə səbəb olubmuş...
Mənbə Xaləddin İskəndərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yığdırdığı rüşvətin xərclənməsi istiqamətləri barədə inanılmaz faktları AzToday.az-a təqdim edib. Həmin faktları araşdırandan sonra oxucuların ixtiyarına verəcəyik...
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

aztoday.az

Комментариев нет:

Отправить комментарий