02.08.2015

Virus şairin ciyərini parçalayıb - Kənan Hacını itirə bilərik

Tanınmış şair-yazıçı Kənan Hacı bir gün əvvəl təyin etdiyimiz görüşə həyat yoldaşı İlhamə xanımla birgə gəldi.

-Salam Kənan bəy necəsiniz?
-Düzünü desəm, heç yaxşı deyiləm.

-Hə görürəm ki, çətinliklə ayaq üstə dayanmısınız. Niyə belə yorğunsunuz ?
-Xəstəliyimlə bağlıdır….

Lakonik cavab verib susdu… Düzü, daha dərinə gedib sual vermək istəmirəm, amma bu barədə özünün danışmağını gözləyirəm, mən baxışlarımı diqqətlə ona zilləmişəm, o isə bir nöqtəyə… Sükütu həyat yoldaşı İlhamə xanım pozdu:

-Kənan 8 ildir hepatit C xəstəsidir. Ona görə də bədənində ağrıları olur. Ayaq üstə dayana bilmir. Virus ciyərini də parçalayıb.


Gözləmədiyim cavab idi. Çox pis oldum, amma bunu biruzə verməməyə çalışdım.
İlhamə xanım ağlamağa başlayır…

-Kənan 8 ildir əzab çəkir, cəmi bir dəfə müalicə olunub. İmkanımız olmayıb ki, vaxtı-vaxtında müalicə etdirək. Xəstəliyinə görə işləyə bilmir. Bu zəhrimar xəstəlikdən sonra işsizlik, xəstəliyin özünün stressi onun ürəyində də problemlər yaratdı, ürəyi də narahatdır.

Kənan müəllim təbəssümlə söhbətimizi bölür: “Bura xəstəliyikdən danışmağa gəlməmişik ki… Yaradıcılıqdan, ədəbiyyatdan danışmalıydıq”. Özüylə gətirdiyi “Yaddaş kartı” kitabını mənə uzadır: – “Sizə gətirmişəm. Alıb minnətdarlıq etdim. Amma fikrim qalmışdı İlhamə xanımın gözlərində, qurumaqda olan yaşa səbəb olan xəstəlikdə…”
Dərhal suala keçirəm…

-Ədəbiyyata necə bağlı insan olduğunuzu hər kəs bilir. Bu barədə geniş danışarıq, amma hazırda məni daha çox sizin xəstəliyiniz narahat edir. Aqşin Yeniseylə eyni cəbhədə döyüşürsünüz. İndi o, yaxşıdır.
-Hə, eyni xəstəliklə savaşırıq. Mən evlənməmişdən əvvəl bu xəstəliyə yoluxmuşdum, amma fərqində deyildim. Həyat yoldaşım məni məcbur edib həkimə aparmasaydı, bunun üstü açılmayacaqdı. Onda biz nişanlı idik. Ağrılardan bir-iki dəfə İlhaməyə şikayətlənmişdim, o da məni gücnən həkimə apardı kı, səbəbini bilək. Qan analizində məlum oldu ki, Hepatit C var.

Sualı İlhamə xanıma ünvanladım:

-İlk təəsürrat necə oldu?
-(Yenə gözləri doldu.) Mənim həmin ərəfələrdə o xəstəlikdən yaxın qohumum da dünyasını dəyimişdi. Həkim deyəndə hepatitdir, elə bildim ki, Kənanı da itərəcəyəm, çox dəhşətli hissdir, uzun zaman özümə gələ bilmədim. Kənan mənə dedi ki, hələ nişanlıyıq, evlənməmişik, gəl ayrılaq, mən xəstəyəm, bilmək olmaz nə qədər ömrüm var. Mən qəbul etmədim, bilirsiniz, o, atasını da, anasını da itirmişdi. Onun həyatda məndən başqa heç kimi yoxdur. Nə əmi, nə dayı, nə xala, heç kimi… Mən də onu ata bilməzdim. Biz elə həmin ili evləndik, bu günə kimi də çox çətinliklərlə rastlaşmışıq, amma bir-birmizdən qopmadıq.

-Kənan bəy, sizin taleyiniz onda gətirib ki, Allah sizi kimsəsizliyin, xəstəliyinizin, maddi sıxıntılarınızın qarşılığında belə bir qadınla mükafatlandırıb.
-Mən dəhşətli dərəcədə səhlənkar adamam, özümə qalsaydı, heç vaxt həkimə getməyəcəkdim. O, təkid etdikdən sonra məcbur olub həkimə getdim və yenə də onun təkidiylə müalicə aldım. Düzdür, buna müalicə demək olmaz, xəstəliyin şiddətlənməməsi üçün müəyyən dərmanlar qəbul etdim. Həmin dönəmdə məhz o, məni xilas etdi.

-Hər halda həm jurnalist, həm yazar kimi kifayət qədər dost-tanışınız var. Heç sizə dəstək olmurlar?
-1995-ci ildən jurnalist kimi müxtəlif qəzet və junallarda, portallarda çalışmışam. İyirmi il bir igidin ömrüdür, məndən çox sonralar bu sahəyə gələn junalistlər dövlətdən bir yox, hətta ikinci evi belə alıblar. Məni tanıyanlar bilir ki, heç nədən heç vaxt şikayət etməmişəm və belə şeyi də sevmirəm. Sağlıqlarına qismət!

-Eşitdiyimə görə siz kirayələrdə yaşayırsınız, ata mülkü qalmayıb sizə?
-Atam xərçəng xəstəliyinə tutuldu, çox ağır şəraitdə yaşayırdıq, məcbur olub evi satdıq. Bir müddət sonra o, dünyasını dəyişdi. Atamın vəfatından 6 il sonra isə anam dünyasını dəyişdi. Mən 15 ildir ki, 20 kv-lıq otaqlarda kirayənişin qalıram. 8 ildir ailə qurmuşuq, hələ də kirayələrdə sürünürəm.
APA-da, Publika.az-da, Tərcümə Mərkəzində çalışmışam. Xəstəlik sürətləndikcə iş qabliyyətimi məndən aldı. Getdikcə oturaq işdə işləyə bilmədim. İndi də bir-iki saytla razılaşmışıq, evdən yazılar yazıb göndərirəm, qəpik-quruş qazanıram.Onunla da maddi problemləri qarşılamaq mümkün deyil.

-Mən belə başa düşürəm ki, bütün problemlərin qaynağı xəstəliyinizdir. Niyə Heydər Əliyev Fonduna və yaxud imkanlı iş adamlarına müraciət etməmisiniz? Onlar sizi müalicə etdirə bilərlər, nəzərə alsaq ki, bu mualicə üsulu çox bahalıdır, sizin onsuz da buna imkanınız çatmayacaq, ən azından imkanlı şəxlər sizə köməklik göstərə bilərlər.
-İki il əvvəl belə bir şans yaranmışdı. Türkiyədə yaşayan yaxın bir dostum mənə köməklik edəcəyinə söz verdi. Onda da yolpulu tapıb gedə bilmədim.

-Kənan müəllim, bu fürsəti necə dəyərləndirmədiniz? İndi siz çox sağlam ola bilərdiniz, işləriniz də qaydasında olardı. Dostdan-tanışdan borc alıb getməli idiniz.
-Bir neçə dosta ağız açdım, alınmadı. Banklara borcum olduğu üçün də kredit götürüb gedə bilmədim. Amma müxtəlif vaxtlarda mənə imkan daxilində maddi yardım edən dostlar olub. Onlara təşəkkürümü bildirirəm. Əlbəttə, nəyi bacarıblarsa, onu ediblər. Sağ olsunlar. Kömək edəcəklərini deyən dostlar da olub, etməyiblərsə də yenə canları sağ olsun.

-İnanıram ki, bu müsahibədən sonra böyük ürəkli imkanlı həmyerlilərimiz sizin ağrılarınıza əzablarınıza son qoyacaq.
-İnşallah!

İlhamə xanım əlavə edir: “Bilirsiniz, Kənan kitabları sevdiyi qədər özünü sevmir. Əlinə düşən 3-5 manata da hər gün kitab alıb gətirir. 20 kvadratlıq otaq, şəraitsizlik, rütübət üstəgəl 5 000 kitab, təmizləmək olmur.Mən özüm filoloqam, universitetde dərs deyirəm. Evdəki kitabxanadan istifadə edirəm, kitabı əlimə alanda Kənan yüz dəfə deyir vərəqini qatlama, iz düşməsin, əlin yaş deyil ki, birdən ləkə düşər. Özü də gecələr yatmır, səhərə qədər yazır. Mən də narahat oluram, yata bilmirəm, onda da işiğı söndürüb lampa işığında yazır. Dünyada kitaba, ədəbiyyata bu qədər bağlı olan ikinci bir adam olduğuna inanmıram”.

-Gəlin ədəbiyyata qayıdaq, bu gün Azərbaycan ədəbiyyatında kosmopolit yazar kimi hesab edirsiniz?
-Əli Əkbəri misal çəkə bilərəm. Onun bir üstünlüyü də Avropaya çıxa bilməsidir. Amma kosmopolit düşüncə həqiqi ədəbiyyat yaratmağın meyarı sayıla bilməz. Bu standart kompliment aldadıcıdır. Ədəbiyyatda qloballaşma dəyərlərdən imtina etmək demək deyil. Yazıçı hardan gəldiyini və hansı millətin övladı olduğunu mütləq nəzərə almalıdır. Qərbi yamsılamaqla ədəbiyyat yaratmaq olmaz, Qərb üçün sənin kimliyin, hansı dəyərlərin daşıyıcısı olduğun maraqlıdır. Milli koloritdən məhrum ədəbiyyat bic doğulan uşaq kimidir. Məsələn, görkəmli yazıçımız Kamal Abdullanın əsərləri dünyanın bir çox dillərində çap olunub və böyük marağa səbəb olub. Kamal müəllimin əsərlərində bizim genetik kodlarımız var, bu əsərlərdə milliliklə bəşərilik üzvi surətdə bir-birinə bağlıdır. Bu əsərlər ingilis üçün də, rus üçün də, fransız üçün də yeni düşüncə, yeni təfəkkür tərziylə tanışlıq deməkdir.

-Kənan Hacıya ilk dəfə ədəbiyyatın gücünü hiss etdirən yazar kimdir?

-Viktor Huqo. “Səfillər”i 18 yaşında oxumuşdum, bu əsər məni sözün əsl mənasında silkələmişdi, 96 vərəqlik dəftəri qeydlərlə doldurmuşdum. Sonralar Hüqo haqqında geniş bir yazı da yazdım. O zaman bəlkə də çox şeyi dərk etməmişdim, amma iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, bu əsərdə elə bir detal yoxdur ki, xatırlamayım.

-Azərbaycanlıların Kafka sevgisi haradan qaynaqlanır ?
-Bu sevgi suni sevgidir. Kafkanın adını tez- tez dilə gətirən adamların çoxu inanın ki, heç Kafkanı oxumayıblar. Baxırsan, Kafka haqqında ağız dolusu danışır, soruşanda məlum olur ki, “Çevrilmə”dən başqa heç bir əsərini oxumayıb.

-Yazarlarımızın ən böyük bəlasi nədir?
-İmitasiya.

-Bu problem Avropada da var.
-Avropa da Şərqi imitasiya edir. Ona görə də üslubu olan yazıçı çox azdır. Əlbəttə, dünyada üslubçu və üslubu olmayan yazıçılar var. Hansısa yazıçıdan təsirlənmə də normal bir haldır. Təsirlənmə başqa bir şeydir, imitasiya başqadır. Təsirlənmə ədəbiyyatı qidalandırır, amma tam doyurmur. Təfəkkür tərzi özünəməxsus olmalıdır, yazıçı yeni söz deməyi bacarmalıdır. İkinci Kafkaya, ikinci Markesə ehtiyac yoxdur.

-Siz şer də yazırsınız, nəsr də, hansını daha yaxşı bacarırsınız?
-Ortada mətnlər varsa, demək hər ikisini bacarıram. Bəziləri şeirlərimi xoşlayır, bəziləri nəsr əsərlərimi bəyənir. Hər iki qismin fikirlərinə sayğıyla yanaşıram.

-Çox sağolun sizə şəfa diləyirəm. Bir gün yenə görüşüb söhbətləşərik.
-Sağ olun! Mənə elə gəlir ki növbəti görüş baş tutmayacaq. Ölüm özünü tez tez xatırladır.

Xəyalə, azxeber.com

Комментариев нет:

Отправить комментарий