Əslində şeirlərimə açıqlama verməyi sevmərəm. Çünki şeir qoşulandan sonra şairin yox artıq oxucunundur və oxucu hər oxunuşda şeiri yenidən və özücə qoşar. Ancaq bəzi tənqidçilərin yorumları və habelə bəzi saytlarda şeirlərimin dəyişdirilərək dərc edilməsi məni bu açıqlamağa məcbur etdi.
1) Dəyərli tənqidçilərə xitab: Mənim şeirlərim bir rəsim tablosuna bənzəyir. Şeirimi qavrayıb irdələmək üçün şeirimi bütöv olaraq görüb oxuyun. Şeirimin parçaları üzərə rəy sadir etməyin. Bəlkə hər parçanın bir-bir ilə və şeirin bütöv ilə ilgisini və çıxardığı sonucu nəzərə alaraq yorumlayın. Yəni dediyim rəsim tablosuna yaxından baxarsaq, ola bilsin bir şey anlamayaq. Anlayıb qavramaq üçün tabloya uzaqdan bir bütöv olaraq baxmalıyıq. O zaman tablonun gözəlsəlliyi anlaşılacaqdır.
2) Şeirlərimi saytlarda dərc edənlərə xitab: Məncə hər şair öz şeirində yeni və dildə tayı olmayan kəlmələr ürətməyə tam haqqı vardır. Beləliklə şeirlər dil xəzinəmizi bu yeni kəlmələrlə zənginləşdirəcəkdir. Şeirlə uğraşan biri olduğuma görə mən də şeirlərimdə yeni kəlmələr ürətirəm. Örnəyin DUZLU GƏLİNİM adlı şeirimın bu misrasında heçlaq kəlməsi duzlaq kəlməsini örnək alaraq ürətilmişdir:
Göm-göy bir dəniz...
O (Bu) yenələnən heçlaqda
Gərdəyə girəcəksən!
Ancaq bəzi saytlar və ya dərgilər bu yeni kəlmələrin gözəlliyini qavraya bilməyincə onları bir yanlış olaraq sanırlar. Məsələn, həmin HEÇLAQı HEÇLİKə çevirərək düzəltdiklərini zənn edirlər. Halbuki şair hər kəlmənin qullanmasında xas bir amacı nəzərə almışdır. Və bu kəlmələr dəyişildikdə şairin şeiri şeirsəllikdən düşür. Buna görə də bundan sonra hər kimsə mənim şeirlərimi çap ya dərc etmək istəsə, lütfən və lütfən heç bir ayrıntısını dəyişmədən dərc ya çap etsin.
Çox sağolun...
Sayğı və sevgilərimlə...
Комментариев нет:
Отправить комментарий