24.08.2021

Cəmil Şirvanov: Əfqanlar artıq müharibədən beziblər

Politoloq Cəmil Şirvanov ilə müsahibə

-ABŞ-ın Əfqanıstandan qaçması Vyetnamdakı hadisələri xatırladır. Sosial şəbəkələrdə və KİV-də Sayqon və Əfqanıstanda çəkilmiş şəkillər müqayisə edilir, ümumiyyətlə hadisələrin paraleli aparılır və s. İstər istəməz adamda sual yaranır. Əfqanıstandan bu cür qaçışın arxasında nələr dayanır? Ağlına iki variant gəlir. Ya onlar bunu düşünülmüş şəkildə, qəsdən edirlər ki, ölkədə yarana biləcək xaosu provokasiya edərək bir növ partlaş effekti yaratsınlar və bununla qonşulara – Çinə, İrana, Pakistana, həm də Rusiyaya təsir etsinlər. Ya da amerikanlar vəziyyəti başqa cür idarə edə bilmirdilər, ona görə də qaçıb getdilər. Bəzi ekpertlərin fikrinə görə ABŞ bu cür qaçışla  sönməkdə olan imperiya olduğunu nümayiş etdirdi. İddiaları böyük olsa da bu iddiaları həyata keçirmək imkanları adekvat deyildi. Sizcə bu qaçışın arxasında nə dayanır: düşünülmüş plan, yoxsa rüsvayçı məğlubiyyət?
-Məncə ikinci variant, yəni amerikanların Əfqanıstanda məğlub olub qaçmalarını istisna etmək lazımdır. İndi baş verən hadisələrin səbəblərini bilmək üçün ABŞ-ın Əfqanıstana girməsinin səbəblərini araşdırmaq lazımdır. Ümumiyyətlə amerikanların hansısa ölkədə hərbi və ya başqa cür mövcudluğunun səbəbi nədir?  Nədənsə çoxları düşünür ki, əgər onlar bir ölkəyə girdilərsə orda qayda-qanun yaradırlar, vəziyyəti stabilləşdirirlər, əhalini diktaturadan qurtarıb ağ günlərə çıxarırlar və s. Təəssüflər olsun ki, amerikanlar heç bir ölkəyə bu məqsədlərlə daxil olmurlar. Onlar Əfqanıstana ona görə girdilər ki, geopolitik strategiya baxımından çox vacib regionlardan birini zəbt etsinlər. Əfqanıstana Avrasiyanın günəşinin parladığı yer deyirlər. Baxın, buradan güclü dövlətlərə, hətta sivilizasiyalara çıxış var. Məsələn, Çin. Əfqanıstan Çin ilə həmsərhəddir və amerikanlar bir vaxtlar burda, Çin ilə sərhədə yaxın yerdə bazalarını qurdular ki, Çinin materiklərarası ballistik raketlərinin olduğu obyektləri nəzarətə götürə bilsinlər. Üstəgəl Əfqanıstan Pakistanla həmsərhəddir. Pakistanın son zamanlar Çin ilə yaxınlaşması amerikanları narahat etməyə bilməz. Çünki onlar həmişə Pakistana yumşaq desək, müdirin öz tabeliyində olan katibəyə baxdığı kimi baxmışdır. Əfqanıstanın Hindistana da çıxış var. Bundan başqa ABŞ-ın ən qatı düşmənlərindən olan İranın ərazisinə birbaşa çıxış, ABŞ-ən ən böyük düşməni olan Rusiyanın təsir dairəsinə daxil olan Orta Asiya- postsovet dövlətlərinə, beləliklə dolayısı ilə Rusiyaya çıxış vardır. Bütün bunlar göstərir ki, Əfqanıstan regionu dünyanın geopolitik konfiqurasiyası üçün çox vacib regionlardan biridir. Xüsusilə də Avrasiya üçün. Avrasiyada hakimlik edən dünyaya hakimlik edəcək kimi bir tezisi yaddan çıxarmaq lazım deyil. Amerikanlar Çinin nüvə başlıqlı raketlərinin olduğu obyektlərinin düz böyründə hərbi aerodrom tikib orda bazalarını qurmağa nail oldular. Əfqanıstana həm də Orta Asiyanın keçmiş sovet dövlətlərinə, İrana, Hindistana və başqalarına təsir etmək imkanı qazanmaq üçün gəlmişlər. Bu təsir nədən ibarətdir? Məsələ təkcə bu dövlətlərə qarşı hansısa hərbi provokasiya təşkil etmək və ya xüsusi hərbi əməliyyatlar həyata keçirməkdən ibarət deyil. Heç nə ilə idarə edilməyən Əfqanıstan xaosu vasitəsilə təsir etmək məsələnin əsas tərəfidir. Yaddan çıxarmaq lazım deyil ki, amerikanların Əfqanıstana gəlməsindən sonra orda narkotik istehsalı və traffiki 100 dəfədən çox artdı. Bu təkcə ağlasığmaz məbləğdə pul demək deyil, həm də Amerikanın öz rəqiblərinə qarşı istifadə etdiyi bir silah rolunu oynayır. Amerikanlar narkotikin istehsal edilməsi və regionda yerləşən rəqib ölkələrə göndərilməsini himayə etməklə həmin ölkələrin əhalisinin “zəhərlənməsinə”, genofondun məhv edilməsinə, əmək qabiliyyətli şəxslərin azalmasına çalışırlar. Beləliklə, onlar Əfqanıstana qayda-qanun yaratmağa deyil, rəqiblərlə mübarizəyə getmişdilər.

-ABŞ-ın Əfqanıstandan çıxması hansı acı fəsadlara səbəb olacaq?
-Bu gün amerikanlar Əfqanıstandan çıxmaqla vaxtilə yaranmasında xüsusi rola malik olduqları Taliban hərəkatının daha da güclənməsinə rəvac verirlər. Sovet qoşunları Əfqanıstanda olan zaman Taliban hərəkat halında deyildi, hərəkatın cücərtiləri olsa da Sovet qoşunları tərəfindən bitirilib qurtarmaq üzrə idi. O vaxt heç bir ciddi təhdid sayılmırdılar. Talibanı Amerika, Səudiyyə Ərəbistanı və Pakistan xüsusi xidmət orqanları birləşib yaratmışdılar. İkinci məsələ odur ki, əslində amerikanlar çıxıb getdikləri istənilən yerdə qalırlar. Necə? Çünki onlar mövcud olduqları ölkələrdə kütləvi surətdə əhali arasında təbliğat işləri aparır, müxtəlif proqramlar vasitəsilə özlərinə sərf edən adamların Amerikaya getməsini təmin edir, orda onlara yaxşı təhsil, xüsusi təlim keçirilir. Bir sözlə növbəti dövr üçün 5-ci və 6-cı kolonu hazırlayırlar. Bəzən bu təlimlər və təhsil proqramları, hətta döyüş hazırlığı təlimləri ABŞ-ın öz ərazisində deyil, onun tabeliyində olan ölkələrdə də həyata keçirilir. Xüsusilə də son zamanlar. Talibanla da vəziyyət belədir. Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin köməyilə Taliban kimi güclü bir hərbi-siyasi qüvvə-hərəkat yaradıb arxayın şəkildə Əfqanıstandan çıxırlar. Aydın məsələdir ki, fevral ayında Talibanla Amerika və Əfqanıstan hökuməti arasında əldə edilmiş razılaşma heç də Amerikanın məğlubiyyəti boynuna alıb kapitulyasiya aktına imza atması deyildi, planlı şəkildə atılmış addımlar idi. Fikir verdinizsə, Taliban Əfqanıstandan çıxmağa çalışan və hələ də onların nəzarət etdiyi zonalarda olan heç bir amerikalıya toxunmadı. Amerikanlar qarşılarına qoyduqları vəzifələrinin öhdəsindən gəldilər. Hətta ordan çıxana qədər müxtəlif qruplaşmalar yaradıb silahlandırdılar, əhalini belə silahlandırdılar və aradan çıxdılar. Taliban və digər siyasi-hərbi qruplaşmaların idarəetmə elitasında olan əfqanları 20 ildən artıq bir müddətdə öz ölkələrində və müttəfiq ölkələrdə hazırladılar, lazımi yerlərə qoyub getdilər. İndi də uzaqdan tamaşa edib deyirlər ki, qırın bir-birinizi! Və heç də təsadüfi deyil ki, amerikanların Əfqanıstandan “məğlub olub” çıxmasından onların özləri deyil, Əfqanıstanın qonşuları narahatdır. Bu narahatlıq əbəs yerə deyil. Bu elə ABŞ-ın məlum məqsədlərini həyata keçirməsi prosesinin davamı, başqa formada təzahür edən formasıdır. Yəni üsullar fərqli olsa da hədəf eynidir.

-Deyirsiniz ki, onlar Əfqanıstana əfqan xalqını ağ günə çıxarmaq, beynəlxalq terrorizmə son qoymaq və s. bu kimi məqsədlərə çatmaq üçün gəlməmişdilər, ona görə gəlmişdilər ki, özlərinin geopolitik rəqibləri ilə haqq-hesablaşsınlar. Lakin bu yenə o demək deyilmi ki, onlar Əfqanıstanı öz əlində saxlaya bilmədilər? Axı onlarçün Əfqanıstanı xaosa sürükləmək deyil, orada qalıb güclü həri bazalar yaradaraq Çini, Rusiyanı, İranı, Orta Asiyanı təhdid etmək daha sərfəli olardı. Sizə elə gəlmirmi onlar bunu bacarmadılar, ona görə də regionu xaosa sürükləmək planına keçdilər? Ya da bu variantlar bir-birinin davamı idi?
-Bir-birinin davamı desək yanılmarıq. O da var ki əfqan xalqı artıq müharibədən bezib. 1978-ci ildən bəri orda müharibə gedir. Əhali bundan yorulub. Əhali sülh istəyir, başına bomba düşməyəcək, övladını rahat məktəbə, digər yerlərə göndərəcək bir ölkədə yaşamaq istəyir. Digər tərəfdən də amerikanların başqa ölkələrdə törətdiklərinə – xüsusilə İraqda, Liviyada avropalı müttəfiqləri ilə bərabər törətdiklərinə fikir verin. Onlar həmin ölkələrdə olmazın qırğınlar, qarətlər törətdilər, yerli hakimiyyətləri devirib rəhbərlərini fiziki məhv etdilər və sonra sakit şəkildə çıxıb getdilər. Onlar həmin ölkələrdə, o cümlədən, Əfqanıstanda qalmaq istəyirdilərmi? Çox istəyirdilər. Lakin çıxmaq qərarı verdilər. Bu qərarı nə Bayden, nə də Tramp vermədi, bundan qabaq Obama da demişdi ki, qoşunları ordan çıxaracaqlar. Sadəcə müharibənin xarakteri dəyişib. İndi bu ölkəyə daxil olan digərlərinə də fikir vermək lazımdır. Türkiyə ilə Qətərin bura girmək yanğısı ilə tutuşub yandığını qeyd etmək yerinə düşər. Qətər bunun üçün külli miqdarda vəsait ayırıb. Türkiyənin Suriyada dəstəklədiyi yaraqlıları Əfqanıstana daşıması ilə bağlı məlumat heç də gizli deyil. Əfqanların əksəriyyəti onlarla məzhəb baxımından yaxın olsalar da buna qarşıdırlar. Çünki əfqanlar dindar olduqları qədər də millətçidirlər. Onlar yadelliləri öz aralarına qəbul etmirlər. Lakin fakt budur ki, Əfqanıstanda minlərlə yaraqlı vardır ki, Türkiyə və Qətərdən dəstək alırlar. Bundan əlavə, Çin və Pakistanın bura daxil olmaq istəklərinə də diqqət etmək lazımdır. Çin Əfqanıstanda amerikanların hərbi mövcudluğunun ləğv edilməsində çox maraqlıdır. Çinə sakit, stabil, müharibəsiz Əfqanıstan lazımdır. Karbohidrogen məhsullarına həddindən çox ehtiyacı olan Çin Malakka boğazından bu malları qəbul etməkdə çətinlik çəkir, çünki həmin boğazda ABŞ-ın hərbi mövcudluğu çox güclüdür və bu, Amerikadan strateji asılılıq deməkdir. Ona görə də Çin Əfqanıstan və Pakistan vasitəsilə karbohidrogen məhsulların daşınması üçün güclü bir tranzit koridoru yaratmaq istəyir. Hazırda koridorda qaz kəmərlərinin çəkilişi və başqa işlər görülməkdədir. Anqlosaksların yaxşı aradan çıxma təcrübəsinin olmasını nəzərə alıb demək olar ki, onlar hansısa regiondan hərbi qüvvələrini çıxarsalar da başqa formada orda qalırlar. Buna Suriya və İraqı misal göstərmək olar. Məsələn, Suriyada amerikanlar çox cüzi hərbi qüvvə ilə iştirak edirdilər. Lakin onlar öz qüvvələrindən dəfələrlə böyük hərəkatlar – İŞİD, Cəbhət ən-Nüsrə və s. təşkilatları yaradaraq Suriyada öz maraqlarını təmin edirdilər. Biz çox istəyirik ki, Əfqanıstanda da nəhayət stabillik olsun. Lakin biz hardan bilək ki, sabah Talibanın öz daxilindəki hərbi qüvvələr arasında müharibə olmayacaq? Və ya ABŞ dollarları ilə yeni bir terrorçu təşkilat və ya hərəkat yaradılıb Əfqanıstanın qonşularına, xüsusilə də Çinə problem yaradılmayacaq? Nəzərə alsaq ki, “Bir yol, bir kəmər” layihəsi Amerikanı heç vaxt qane etməz və o bununla heç vaxt barışmayacaq, hadisələrin bu cür inkişafı proqnozlaşdırıla bilər. Baxaq görək. Çox ümid edirik ki, belə bir şey olmaz. Amma təcrübə, gözümüzün önündə baş verən hadisələr bizə onu deyir ki, hadisələrin bu cür inkişaf etməsi ehtimalı yüksəkdir. Məsələn, Liviyada Amerika hərbi qüvvələri yoxdur, hətta orda onların səfirini belə öldürdülər. Lakin Liviyada dövlət də yoxdur. O cümlədən İraqda da. Amerikanların bu ölkələrdəki işi münaqişə ocağına benzin tökməkdən başqa bir şey deyil. Onlar üçün əsas olan burda xaosun olmasıdır. İngilislərdə belə bir deyim var: Britaniyanın əbədi dostları və düşmənləri yoxdur, onun əbədi maraqları var. Hadisələrə bu cür yanaşsaq ingilislərin belə bir fikrə söykəndiyini güman etmək olar ki, onlar üçün əbədi qələbə və əbədi məğlubiyyətlər də yoxdur. Qələbə məğlubiyyətə çevrilə bilər. Lakin məğlubiyyəti də qələbəyə çevirmək mümkündür.

-Amerikanların maraqları bəllidir. Onlar öz maraqları naminə ustalıqla xaos təşkil edib onu idarə edə bilirlər. Bəs onların rejimləri necə olsun? Onlar Vyetnamdan çıxan kimi Sayqon rejimi çökdü. Onlar hətta Əfqanıstandan çıxmağa macal tapmamış təyin etdikləri adamlardan ibarət rejim çökdü. Ümumiyyətlə onların qurduqları rejimlər dərhal çökürlər. Lakin SSRİ-nin Əfqanıstanda yaratdığı rejim bir neçə il duruş gətirə bildi. Əgər kənardan azca da olsa kömək olsa idi o rejim daha bir neçə il hakimiyyətdə qala bilərdi. Bəlkə indi də həmin rejim hakimiyyətdə qalmışdı. Sovetlərin Vyetnamda, Kubada qurduğu rejimlər hələ də mövcuddur. Onda belə çıxır ki, amerikanların qurduğu demokratik və liberal adlandırılan rejimləri süngülər çəkilən kimi çökür, lakin rusların qurduqları və antidemokratik adlandırılan rejimlər hələ də hakimiyyət sürməkdə davam edirlər, dayanıqlıdırlar.
-Bəli, onlar Vyetnamı həqiqətən də özlərinin məğlubiyyəti kimi qəbul edirlər. Bu hərbi kampaniya ilə bağlı çox adamların “kəlləsi getdi”. Lakin onlar sonradan Yaxın Şərqə daxil olmaqla özlərinin dünyadakı geostrateji mövqelərini daha da gücləndirə bildilər. Onlar Yaxın Şərqdə elə bir rejimlər qurdular ki, regionu qeyri-stabillik zonasına çevrildilər. Lakin biz məsələyə başqa tərəfdən baxmalıyıq. Biz araşdırmalıyıq ki, bu müharibələrdə Amerikanın korporativ maraqları, yəni onun şirkətləri itkilər verdimi? Məncə yox. Onlar istənilən müharibədən gəlirlə çıxdılar və çıxırlar. Əsas sual da budur. İndi Əfqanıstanda vəziyyəti bu yanaşma ilə araşdırmaq lazımdır. Onlar Əfqanıstana girərkən onların orya daxil olmasının əsas istəklərindən biri kimi Uran-235-in əldə edilməsi güman edilirdi. Bu maddə orda sırf təbii halda idi və heç bir kəşfiyyat, emal və başqa prosedurlardan söhbət gedə bilməzdi. Amerikanların ora daxil olandan sonra Uran-235-i hasil edib işləyəcəkləri gözlənilirdi. Lakin onlar bunu indiyə qədər etməyiblər. Deməli, bu əslində onlarçün sərfəli deyil. Onlar vəziyyəti istənilən an gərginləşdirə bilərlər. Fikrimcə, Taliban hakimiyyətə gəldikdən sonra müvəqqəti sakitlik yaransa belə onlar bu sakitliyin uzun sürməsinə imkan verməyəcəklər.

-Sizcə ABŞ-ın Əfqanıstanda yarada biləcəyi yeni təhlükələrin qarşısını almaq mümkündürmü?
-Bu zəmində Şanxay Əməkdaşlıq Təşkilatının özünü necə aparacağı maraq doğurur. İran, Hindistan, Pakistan, Çin və Rusiyanın Əfqanıstana cəlb edilməsi, bu ölkələrdən kimin kimi hansı məsələdə qabaqlayacağı məsələsi maraqla izlənilməlidir. Hələlik isə amerikanların Əfqanıstandan çıxması Çində, Hindistanda və Pakistanda müsbət hal kimi qiymətləndirilir. Şanxay Əməkdaşlıq Təşkilatının hazırki rejimə-Talibana Əfqanıstanda idarəetmə sistemini, əhalinin təminat sistemini yaratmaqda necə kömək edəcəkləri əsas suallardan biridir. Çünki orda əsl humanitar fəlakət yaşanır. Bəzi regionlarda, hətta ölkədə aclıq tüğyan edə bilər. Bununla da vəziyyət elə qəlizləşə bilər ki, xaosun qarşısını almaq mümkün olmayacaq. Bu halın baş verməsi ABŞ-ın əlinə, ŞƏT ölkələrinin isə ziyanına işləyəcək. Ona görə də bu təşkilatı üzərinə böyük iş düşür. Vəziyyəti normallaşdırmaq üçün diplomatik səylər həddindən artıq yüksəldilməlidir, bir sözlə fövqəladə əmək sərf edilməlidir ki, vəziyyət nəzarətdən çıxmasın. Bu baxımdan Rusiya səfirliyinin Əfqanıstandakı işi maraq doğurur. Rus diplomatları hələ ki bu işin öhdəsindən səliqəli və yüksək səviyyədə gəlirlər. Ümid edirik ki, Talibanla diplomatik əlaqə yaratmaq istəyən və vəziyyəti nəzarətdə saxlamağa çalışan digər ŞƏT ölkələrinin diplomatları da eyni cür nəticələr əldə edəcəklər və bu nəticələr davamlı olacaq. Bundan sonra əfqanlarla diplomatiya və digər sahələrdə elə qarşılıqlı əlaqələr qurulmalıdır ki, əfqanlar amerikanların ölkədən getdiyinə sevindikləri qədər ŞƏT ölkələrinin bura daxil olmasından da hiddətlənməsinlər.


Hazırladı: Aqil Adiloğlu

Комментариев нет:

Отправить комментарий