09.08.2021

Qonşu vaqondakı ata

Asif Şəfəqqətov

Uşaq ata-anası ilə danışaraq deyir:
–Ata, olar ki, bu bazar daçamıza mən tək gedim? Mən elə istəyirəm ki, özümü müstəqil hesab edim!
Ata təəccüblənir və deyir:
–Axı sənin cəmi 7 yaşın var, ata-anasız sən necə elektrik qatarı ilə...
Uşaq onun sözünü yarımçıq kəsir:
–Bütün stansiyalar mənim yadımdadır. Harda minməyi, harda düşməyi, harda bilet almağı bilirəm. Nə olar, ata, imkan ver, özümü böyüklər kimi hiss edim.
–Sən bütün stansiyaları dəqiq yadında saxlamısan? – deyə ata soruşur.
–Bəli, ata, onlar altıdır. Biz daçaya gedəndə mən həmişə onları sayırdım, qatar hər stansiyada dayananda mən bir barmağımı qatlayırdım.
–Hansı stansiyada düşdüyümüzü də bilirsən?
–Bəli, ata. Çox yaxşı bilirəm.
–Amma hər ehtimala qarşı mən sənə stansiyaların adını bir kağızda yazacam – birdən yadından çıxar.
Bunu deyib, ata bir kağız parçasında nəsə yazır, qatlayıb, oğluna verir. Uşaq kağızı cibinə qoyur və böyük sevinc içində dəmir yolu vağzalına gedir.
O bilet alır, qatara minir və qatar yola düşür. Hər stansiyada qatara daha çox adam minməyə başlayır. Kimi sumka ilə, kimi kisə ilə, kimi arabası ilə... Kimi onu tənbeh edir, deyinir ki, yekə oğlansan, ayıb olsun sənə, oturmusan, amma yaşlı qadın ayaq üstə dayanıb, qadına yer vermək lazımdır...
Uşaq əsəbiləşməyə başlayır, özünü itirir...
Bu zaman konduktor vaqona daxil olur, biletləri yoxlayır... Vaqonda biletsizlərin mübahisələri eşidilir... Birdən uşaq anlayır ki, stansiyalarda barmağını qatlamağı unudub, hesabı itirib, hansı stansiyada olduğunu bilmir... Onu qorxu bürüyür...
Konduktor ona yaxınlaşır və biletini soruşur. Uşaq əlini cibinə salır və bileti tapa bilmir, bütün digər ciblərinə, atasının verdiyi çantaya da baxır – bilet yoxdur...
Sonra xatırlayır ki, bileti qolundakı saatın kəməri arxasına qoymuşdu. Bileti çıxarıb konduktora təqdim edir. Konduktorun “Nədir, dərhal xatırlaya bilmirdin, hara qoymusan?!” qınağından uşaq özünü bir az da itirir... 
Sonra “Kim düşür?”, “Kim minir?” qışqırıqları eşidilir, minib-düşənlər onu ora-bura itələyirlər, basabasda elə sıxırlar ki, onun qorxu və ağrı hissləri bir-birinə qarışır...
Heç kim ona fikir vermir, hansı stansiyada olduğunu bilmir, əlləri artıq əsir, gözlərindən yaş axır... Nə vaxt və harada düşməlidir – bilmir... Bilir ki, 6-ncıda düşməlidir, amma indi neçənci stansiyanın olduğunu bilmir.
Birdən yadına düşür ki, atası ona kağız vermişdi və kağızı o köynəyinin döş cibinə qoymuşdu. Kağızı çıxarır ki, bəlkə orda hansı stansiyada düşməli olacağı yazılıb. Onu açır və oxuyur: “Mən qonşu vaqondayam. Atan”.
Uşaq sakitləşir. Ata isə qonşu vaqondan daxil olur və soruşur: “Qorxmuşdun?” “Bəli, ata”, – deyə uşaq cavab verir...
...Yaxşı ki, atamız bizimlədir.

Комментариев нет:

Отправить комментарий