Paşayev Vüqar Zakir oğlu 1987-ci il avqustun 24-də Biləcəri qəsəbəsində doğulub. Atası yük maşını sürücüsü olub. Ailənin böyük övladı olan Vüqarın bir bacısı, bir qardaşı var. 12-13 yaşından etibarən Füzulini oxumağa başlayıb. Vüqarı ibadətə gətirən də qəlbindəki sevgi ilə yanaşı, Füzuli yaradıcılığı olub. Hamı məscidə Quranla getdiyi halda Vüqar Füzulinin qəzəllər toplusu ilə gedirmiş.
***
Uşaqlıq və yeniyetməlik illərində məşğul olduğu güləş naminə Vüqar təvəllüdünü bir yaş kiçildib. Təxəllüsünün Biləcəri olmasına baxmayaraq, əslən Bakının Hökməli kəndindəndir.
***
Vüqar bir müddət güləşlə məşğul olub. O bu sahəyə beynəlxalq nailiyyətlərə yüksələcək qədər davam etməsə də, kifayət qədər yaxşı güləşçi olub. Amma ədəbiyyat Vüqar Biləcərinin idmandan və gözünü oxşayan digər bərbəzəkli sahələrdən çəkib, öz sehrinə salıb.
***
Vüqar məktəbdə bir qıza aşiq olub. Füzulinin məcnun aşiqliq istedadı ilə sevən Vüqarda həmin xanım ciddi iz qoyub. Qovuşa bilmədiyi həmin qız onun həyatda ilk böyük travması olur.
Elə məktəbdə oxuduğu illərdən əruza olan marağı onu meyxanaya çəkib. Ardınca Mədəniyyət və İncəsənət universitetini bitirib. Universitetdə oxuduğu zamanlarda da meyxana onun həyatında əsas rol oynayırdı. Biləcəridə onun və dostlarının meyxana dediyi məşhur bir qaraj var idi. Vüqar Pünhan Əzimli və digər yoldaşları ilə orda uzun müddət meyxana deyib. Vüqar həmin illərdə universitet, məscid və həmin qarajdan başqa demək olar ki, heç yerə getməyib. Evdə onu dəfələrlə başını Seyid Əzim Şirvaninin, Füzulinin kitablarının üstünə qoyub yatmış halda görüblər.
***
İlk dəfə “De gəlsin” yarışmasına çıxdıqda hələ yarışmada sms mübarizəsi yox idi. Qalibi münsiflər seçirdi. Vüqar 16 yaşında qatıldığı yarışda finala qədər gəlib çıxır. Yarışmanın münsifləri olan Aydın Xırdalanlı, Namiq Qaraçuxurlu və Mehan Əhmədli Vüqar Biləcərinin istedadının bənzərsiz olduğunu etiraf etsə də, Vüqar texniki səhvdən, təkrardan, həyəcandan adaşı Vüqar Şiriyevə uduzur. Vüqar ikinci dəfə də “De gəlsin” layihəsinə çıxır, yenə də özünəməxsus iz qoyur. Onun ikinci layihədə dediyi ev tapşırıqları bu gün də meyxanasevərlərin dilindədir.
Bir müddət sonra istədiyi uğuru qazana bilmədiyi üçün artıq bu sahədən uzaqlaşmağa qərar verir. Ətrafındakılara da bu barədə danışır. Ona təklif edirlər ki, son dəfə də dostunun toyunda desin və bundan sonra istəməsə bu sahədən uzaqlaşsın. Beləliklə, Vüqar 2010-cu ildə dostu, digər məşhur meyxanaçı Rəşad Dağlının toyunda son dəfə meyxana deyib bu sahədən uzaqlaşmağı planlayır. Həmin gecə – 22 yaşında onun taleyi dəyişir. Vüqar o gecə məclisdə elə meyxana deyir ki, dinləyicilər ondan əl çəkmir. Xüsusən də həmin toyda Elşən Xəzərlə deyişməsi Vüqar Biləcərini bir anda söz xiridarlarının sevimlisinə çevirir…
***
Vüqar ömrünün sonuna qədər spirtli içki qəbul etməyib. 25 yaşına qədər isə ümumiyyətlə siqaret belə çəkməyib. Həmin yaşa qədər o hətta meydanlarda, toylarda meyxanaçı yoldaşları çox siqaret çəkib tüstü yaradanda onlara belə etiraz edirmiş. Sonu gözlənilməz ölümlə yekunlaşan bu onilliyə baxsaq, Vüqarın nakam gedişinin səbəblərini aydın görə bilərik.
Adının açıqlanmağı etik olmasa da, Vüqarı bəlaya düçar edən elə sənət dostlarından biri olub. Vüqar son vaxtlarda da həmin şəxsə zəng vuraraq onu bu hərəkətinə görə acılayırmış. Həyata bağlılığı həssas olan şəxslərin bu tip aldadıcı, nəşələndirici məqamlara olan meyli və bu meyldən qurtulmaq bacarığının zəif olması da hər kəsə aydındır.
***
Vüqar özündən gənc heç bir meyxanaçının qarşısını kəsməyib, əksinə xeyli gənci yanında otuzdurub, onlara yol açmağa çalışıb. Heyvansevər adam olub. Evində göyərçinlər saxlayırmış. Eyni zamanda müxtəlif sort itləri də var imiş. Boş vaxt tapan kimi zamanını heyvanlarla keçirirmiş.
***
Vüqarın düşkünləşməsinə səbəb həm də anasının 50 illik yubileyində insult keçirməsi olur. Bu hadisə Vüqarın həyatında ən ciddi sarsıntı olur. Anasına xüsusilə bağlı olan qəzəlxan hətta ölümünə yaxın günlərdə hər gün anasının ayaqlarının yanında durub, onun ayaqlarından öpürmüş.
***
Vüqar evlənməməsini də sənəti ilə bağlayır, gecələr toylarda olduğundan heç kəsi narahat etmək istəmədiyini deyirdi. Anasına söz veribmiş ki, artıq ömrünün geridə qalan hissəsini bütün lazımısız vərdişlərdən, hətta meyxanadan da uzaq, sakit yaşayacaq. Hətta karantin bitən kimi meyxanadan gedəcəyini deyibmiş. Son günlərində ancaq ölümdən danışırmış. Bir də anasının yanından uzaqlaşmaq istəmirmiş. O öz taleyini, ailə həyatını, evlənməməsini “Dəlli yellər” mahnısında kədərlə qələmə alıb.
Vüqar dünyasını dəyişmədən bir ay əvvəl xəstəxanaya yerləşdirilib. 20 gündən artıq xəstəxanada müalicə alıb. Təəssüf ki, artıq bədəni olduqca zəiflədiyindən müalicənin də ona xüsusi təsiri olmayıb. Ayağında əmələ gələn yara da ona əlavə ağrı verirmiş. Ölümündən bir-iki gün əvvəl Biləcəri ruhanilərindən olan Hacı xan Mirzəyə zəng edib bir növ halallıq istəyib. Zəng edəndə ilk sözü bu olub: “Salam. Mənəm, özünü bədbəxt eləyən şair”. Ardınca qeyd edib ki, ruhanilərin qarşısında xəcalətliyəm, utanıram.
Artıq son günlər öləcəyini bilirmiş. Ayağını da son günlərə qədər hamıdan gizlədirmiş. Avqust ayının 28-i gecə saatlarında vəziyyəti ağırlaşır. Onu təcili xəstəxanaya aparırlar.
Vüqar Biləcərinin uşaqlıq dostu Hacı Rövşən onun ölüm anından dəqiqələr öncə başının üstündə imiş. O deyir ki, artıq danışa bilmədiyini, gözlərinin bağlandığını gördükdə əlini sinəsinə qoyub “Ayətül-kürsü” oxuyub. Vüqarın səsi çıxmasa da ağzını açıb bağlayaraq ona təşəkkür edib. Sonra Rövşən onun qismən rahatlaşdığını görüb xəstəxananın həyətinə düşüb. Qayıdanda isə Vüqarın artıq reanimasiyada olmadığını görüb. Həkimlərdən onun hansı palataya köçürüldüyünü soruşanda tibb bacısı başını yelləyərək deyib ki, ürəyi dayandı.
***
Sonra Vüqarın ölümü ilə bağlı müxtəlif söz-söhbətlər yaranmağa başlayır. Meyxanaçı Orxan Lökbatanlını Vüqarı pis vərdişlərə qurşandırmasında günahlandırırlar. Müsahibələrinin birində Orxan Lökbatanlı bu barədə deyir: “Biz Vüqarla ailəvi yaxın olmuşuq. Boş söhbətlərdir. Digər tərəfdən, Vüqarın ölümünə səbəb kimi hamı narkotiki göstərir. Amma belə deyil. Vüqar anasına çox bağlı insan idi. O anası ilə nəfəs alırdı. Beş-altı il əvvəl Vüqarın anası Mətanət xanım 50 illiyində iflic oldu. Ondan sonra Vüqarın yaşamağa həvəsi qalmadı. Meyxanaya olan həvəsi də itmişdi. Biz nə qədər çalışsaq da, Vüqar ailə qurmadı, onu evləndirə bilmədik. Ona bu barədə deyən kimi deyirdi mən evə necə gəlin gətirim, anam xəstədir. Bu cür fikirdən, dərddən Vüqarın canı xəstəlik tapdı, axırda da dünyasını dəyişdi. İndi hərə bir şey danışır. Onun ağır xəstəliyi vardı. Vüqar o qədər avam, cahil, dərrakəsiz insan deyildi ki, onu kimsə nəyəsə məcbur edə. Elə şeylər var insan onların qarşısında acizdir. Heç kim istəməzdi Vüqar ölsün”.
Vüqarın həyatında özündən yaşca böyük Samirə adlı qadın da olub. Samirə Vüqarın ölümündən sonra verdiyi müsahibələrinin birində deyir: “Əvvəl gündən ona deyirdim ki, bizimki alınmaz, olmaz. Sən subay oğlansan, mən iki uşaqla ayrılmış qadın və aramızda yaş fərqi var. Günün birində ailə qurmalı olacaqsan, mən o qadın deyiləm ki, ikinci olum. İndi fikirləşirəm ki, kaş deməzdim. O buna görə ailə qurmadı. Bilirdi ki, ailə qursa, ayrılacam. Ayrılanda həmişə saatları sayardıq. Məsələn, deyirdi ki, 32, ya 26 saatdır danışmırıq. Mən onun maşınının şüşələrini belə qırmışam, o mənim maşınımın nömrələrini açıb aparıb, yəni bura qədər dalaşmışıq. Ciddi ayrıldığımız məqamlar olub. Mən hətta onun toyunun siyahısını da tutmuşdum. Hansı rayondan hansı dostları var, toya kimlər gəlsin. Yazıb, evlərinə vermişdim. Deyirdim ki, məcbur deyilsən bu dəqiqə gəlin gətirməyə. Bakılılarda adət var, gəlini sonradan da gətirirlər. Hər kəs məni günahkar bilirdi. Halbuki mən günahkar deyildim. İçimdən, qəlbdən deməsəm də məcbur olub ona “get evlən” deyirdim. Biz küsəndə anası barışdırırdı. Zəng edib deyərdi ki, ay Samirə, oğlum yenə yemək yemir, danış yesin. Son anında yanında olmadım. O vəfat edəndə biz küsülü idik. Mənə deyirdi ki, Samirə, heç kimin sözünə inanma, bizi ayırmaq istəyirlər, mən öləcəm, sən yanacaqsan. Son görüşdə mənə bunu dedi və dediyi kimi də oldu. Halbuki xəstə mən idim”.
kulis.az
Комментариев нет:
Отправить комментарий