23.08.2021

Qəhrəman şəhidimiz Bədəlov Valeh Vahid oğlu


Bədəlov Valeh Vahid oğlu 1990-ci il oktyabrın 10-da Zaqatala rayonu Aşağı Tala kəndində doğulmuşdur. 1996-ci ildə Ramiz Şabanov adına Aşağı Tala kənd 3 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. Məktəb illərində yaxşı oxumuş, savadı və davranışı ilə kollektivin rəğbətini qazanmışdır. 2007-ci ildə həmin məktəbi bitirərək yüksək balla Qafqaz Universitetinin Filologiya fakültəsinə qəbul olmuşdur. Universitetdə oxuduğu müddətdə nümunəvi davranışı, savadı, vətənpərvərliyi ilə seçilən tələbələrdən olmuşdur. 2012-ci ildə universiteti bitirərək hərbi xidmətə yola düşmüşdür. Bir ay əsgər kimi xidmət etdikdən sonra Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə zabitlik kurslarına oxumağa göndərilmişdir. Zabitlik kursunu bitirərək leytenant rütbəsində Murovdağda, Ballıqaya ərazisində yerləşən hərbi hissəyə zabit kimi işləməyə göndərilmişdir. 2015-ci ildə Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə işə göndərilmişdir. 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin hazırlıq kursuna seçilmişdir. Bir neçə ay ərzində kursun ağır təlimlərindən keçərək yüzlərlə hərbçinin arasından XTQ-yə qəbul olunmuşdur. Orada zabit fəaliyyətinə başladığı zaman Aprel döyüşləri başlamış, B.Valeh həmin döyüşlərdə iştirak etmişdir. Aprel döyüşləri bitdikdən sonra 2016-cı ildə ailə həyatı qurmuşdur. 2017-ci ildə Türkiyə Respublikasına dağçılıq komando kurslarına göndərilmişdir. Həmin kursu da uğurla başa vuraraq yenidən Azərbaycana qayıtmış, XTQ-nin N saylı hərbi hissəsində kəşfiyyat qrup komandiri kimi fəaliyyətini davam etdirmişdir. XTQ-də işlədiyi illərdə dəfələrlə düşmən arxasında gizli tapşırıqları yerinə yetirmişdir. Savadlı zabit kimi ən hazırlıqlı qrup komandiri olmuşdur. Buna görə Azərbaycan prezidenti İlham Əliyev XTQ-nin hərbi hissəsinə baxış keçirdiyi vaxt öz qrupu ilə prezidentin qarşısında çıxış etmişdir. 2018- ci ildə Azərbaycan ordusunun yaranmasının 100 illik yubiley paradında və Bakının azad edilməsi münasibətilə keçirilmiş paradda Hikmət Mirzəyevin rəhbərliyi altında iştirak etmişdir. 2020-ci il sentyabrın 27-sində Vətən Müharibəsinin ilk anlarından döyüşlərdə iştirak etmişdir. 27 sentyabrda komandiri olduği qrupla Murovdağ silsiləsində yerləşən düşmən postlarına hücuma keçmişlər. Sıldırım qayaları kəndirlərlə qalxaraq bir neçə saat ərzində düşmən postlarını darmadağın etmişlər. Ömər aşırımı adlanan yüksəklikdən keçməklə Kəlbəcər ərazisinin xeyli hissəsini düşməndən təmizləmişlər.
Döyüş yoldaşlarının danışdıqlarına görə baş leytenant Bədəlov son dərəcə soyuqqanlı davranışı, qorxmazlığı, şücaəti ilə rəhbərlik etdiyi qrupun döyüş ruhunu yüksəltmiş, ölümün gözünə dik baxmaqla onlara nümunə olmuşdur. "Bir canımız var, öləndə də şərəflə ölmək lazımdır"- deyibmiş.
Murovdağ döyüşləri zamanı son dərəcə çətin coğrafi şərait olduğuna görə arxadan kömək gecikmiş, dörd gün ərzində ac-susuz olmalarına baxmayaraq düşmənin əks hücumlarını dəf etmiş, bir addım belə geri çəkilməmişlər.
Döyüş yoldaşlarının danışdıqlarına görə baş leytenant Bədəlov düşmən üzərinə hücum zamanı hərb işini gözəl bildiyini dəfələrlə nümayiş etdirmiş, pusquya düşmüş yoldaşlarını ölümdən xilas etmişdir. Onun bir qərarı onlarla insanın həyatını xilas edib. Dörd gün sonra Murovdağı Milli Orduya təhvil verərək şəhid və yaralıları götürüb dağlardan eniblər. Bir gün istirahət ediblər. Oktyabrın 2-sində ailəsi ilə əlaqə saxlayıb. "Hər şey əladır,düşməni qovuruq, bizi görəndə düşmən qorxuya düşüb qaçır, axıra qədər düşməni qovub torpağımızı azad edəcəyik" - deyib. Kəşfiyyat qrupu olduqları üçün döyüşə telefonsuz gediblər. Bundan sonra ailəsi onunla əlaqə saxlaya bilməyib. Döyüş yoldaşlarının dediyinə görə bir gün istirahət etdikdən sonra Cəbrayıla hücuma keçiblər. Oktyabrın 4-də Cəbrayıl şəhərinə Azərbaycan bayrağını sancıblar. Həmin dpyüşlərdə baş leytenant Bədəlov öz qrupu ilə xüsusi şücaət göstərərək düşmən arxasına keçmiş, düşmənin silah-sursat anbarlarının, canlı qüvvəsinin, hərbi texnikasının dəqiq koordinatlarını çıxarmış, yuxarı komandanlığa ötürmüşdür.
Yoldaşları deyir o qədər dəqiq koordinat çıxarırdı ki, artilleriya da dəqiqliklə oranı məhv edirdi. Cəbrayıl döyüşləri zamanı baş leytenant Bədəlovun verdiyi koordinatla külli miqdarda düşmən texnikası, silah anbarları, canlı qüvvəsi məhv edilmişdir. Həmin döyüşlər zamanı qrupu ilə dəfələrlə düşmənlə üzbəüz döyüşə girmişlər və şəxsi heyətdən itki vermədən düşmən postlarını darmadağın etmişlər. 
Baş leytenant Bədəlov 2020-ci il oktyabrın 7-də Hadrut istiqamətinə hücuma keçərkən qəhrəmancasına şəhid olmuşdur.

Комментариев нет:

Отправить комментарий