Qazi Məhəmmədin ölümündən sonra aktiv silahdaşlarından Həmzət bəy ortalığa düşərək özünün onun yerinə Dağıstan imam təyin edilməsinə nail oldu. Həmzət bəyin atası Əlisgəndər bəy tanınmış quldur olmuşdu. O Kaxetiya əhalisini zinhara gətirmişdi. Başına topladığı avar qaçaq-quldurları ilə tez-tez Kaxetiya ellərinə basqınlar edir və böyük qənimətlərlə GERİ qayıdırdı. Bu cür haram pullarla böyümüş Həmzət bəy sonradan bütün Qafqazın imamı seçilməyə nail oldu.
Bioqrafları qeyd edirlər ki, Həmzət bəy tüfənglə davranmağı evlərinin qarşısındakı məscidin minarəsindəki ayparanı nişan alaraq atmaqla öyrənmişdi. Məsciddəki aypara Həmzətin atdığı güllələrdən deşik-deşik olmuşdu. Evlənəndən sonra o uzun illər əyyaşlıq etmişdi, əmisi və qaynatası nə qədər çalışsalar da onu spirtli içkilərdən ayıra bilməmişdilər. Qaynatası Həmzəti Qazi Məhəmmədin dindarlarına qoşmuşdu ki, bəlkə içkini tərgitsin. Hər cür cildə girməyi bacaran Həmzət bəy tez bir zamanda Qazi Məhəmmədin yaxın köməkçisinə və dəstə başçısına çevrilmişdi. Həmzət bəy girdiyi kəndlərdən “əmanətsiz” çıxmırdı. Onun yaxın silahdaşı tanınmış Dağıstan qulduru Şıx Şaban idi.
Lakin soyuq və keçilməz Dağıstan dağlarında quldurluğa tab gətirə bilməyən Həmzət bəy “qazavatdan” ayrılmalı oldu; özü könüllü şəkildə ruslara əsir düşdü, mübarizəni dayandıraraq bağışlanmasını istədi. Ruslar onu bağışladılar və həbsdən azad etdilər. Həbsdən çıxandan sonra Həmzət bəy bir müddət yeyib içib gəzdi. Lakin o böyük pulların cövlan etdiyi quldurluğu tərgidə bilmədi və tale onu yenidən Qazi Məhəmmədin dəstəsinə gətirib çıxardı.
Bu “qayıdışdan” sonra Həmzət bəy daha uzaqvuran planlar hazırladı. O ilk növbədə rusların Zaqatala kəndi ərazisində tikdiyi qalanı məhv etmək niyyətindəydi. Çünki bu qalanı ruslar 1830-cu ildə məhz avarların gürcü və ləzgi ellərinə soyğunçuluq yürüşlərinin qarşısını almaq üçün tikmişdilər. Qaladakı rus qarnizonu əsrlər boyu ətraf ellərə basqınlarla dolanışıq qurmuş avar qaçaq-quldurlarına Kaxetiyaya soxulmağa imkan vermirdi. 19-cu əsrdə avar abrekləri Gürcüstana gedən “yağlı” yolun üstündə tikilmiş qala-maneəni dağıtmaq üçün dəfələrlə bura hücum çəkmişdilər. Amma müasir liberal tarixçilər yazırlar ki, guya Çar hakimiyyəti bu qalanı Azərbaycan kəndlilərinin ruslara qarşı üsyanlarının yatırılması üçün tikmişdir.
Həmzət bəyin Zaqatala qalasına hücum edərək onu dağıtmaq planı uğursuzluqla nəticələndi. Rus qoşunlarının yaxınlaşdığını eşidən Həmzət ona köməyə gəlmiş carlıları döyüş meydanında qoyub Dağıstana qaçdı. Dəfələrlə təkrarlanan belə “aradan çıxmaları” onu yaxın ətrafının gözündən saldı. Amma Qazi Məhəmmədin ölümündən sonra Həmzət öz misilsiz hiyləgərliyi hesabına onun yerinə imam seçilə bildi.
Həmzət bəyin “döyüş yolunun” çox hissəsi ruslarla yox, gürcülərdə “döyüşdə” keçmişdir- ağsaqqalın əsas diqqəti Dağıstandakı rus qalalarına hücumlara yox, gürcü ellərinə çapqınçılıq yürüşlərinə çıxmağa yönəlmişdi. Beləcə “cihad” adı altında böyük talan həyata keçirilirdi. Yeni imam qısa müddət ərzində soyğunçuluq yolu ilə böyük var-dövlət topladı. Həmzət bəyin sürətlə varlanmasını görən Dağıstanın bütün qaçaq-quldurları onun ətrafına toplaşdı. Onun qoşunu region xalqlarının qəniminə çevrildi. Həmzət bəy ona qarşı çıxan Tarku şamxalının, Əhmət xan Mextulinin və Akuşa qazisinin dəstələrini məğlubiyyətə uğratdı, ardınca avarın varlı ellərinə yürüdü.
Həmzət bəy 1832-ci ildə başının dəstəsi ilə avarların məşhur Dido kəndinə gəldi və kənd sakinlərinin ona biət etmələrini istədi. Lakin didoylar onu yaxşı tanıdıqlarından “Əyyaşdan imam olmaz” dedilər və onu rədd etdilər. Ona məhəl qoyulmadığını görən Həmzət bəy evlərə basqın etdi, sakinlərin ən axırıncı əşyalarını belə əllərindən aldı. Onun müridləri “biət” etmək istəməyən Ruqudja hakimi Sultanavı tutub zəncirlədilər, var-dövlətini müsadirə etdilər, evindən əllərinə keçəni götürdülər. Həmzətin müavini Şeyx Şamil zindanında saxladıqları Sultanavın başını kəsdi. Sultanav tanınmış adam idi, Şeyx Şamil onun başını ona görə kəsdi ki, digər müqavimət göstərmək fikrinə düşənlərə dərs olsun, həm də Şamilin “şöhrəti” ətrafa yayılsın. Şeyx Şamil necə dindar, necə imam idi ki, əsirlərin başını kəsirdi? Həmzət bəy imam olduğu dövrdə Şeyx Şamil ona naiblik edirdi və əsas vəzifəsi “günah” işlədənlərin başını qılıncla atdırmaq idi- sonradan bu başkəsən də zor gücünə Həmzət bəyin yerinə “Qafqazın baş imamı” seçildi.
Get-gedə daha çox elləri ələ keçirən, külli miqdarda var-dövlət toplayaraq varlaşan və cəzasız qalacağına arxayınlaşan Həmzət bəy qaçaq-quldurluqdansa sakit həyat tərzinə keçmək- Avarıstan xanı olmaq eşqinə düşdü. 1834-cü ilin avqustunda Həmzət bəyin qoşunu Avarıstanın paytaxtı sayılan Xunzaxı mühasirəyə aldı. Həmin dövrdə Xunzaxdakı baş dövlət sarayında Baxu Bikə xanım xanlıq edirdi.
Mənbələrə görə, Dağıstan hələ min il əvvəl bura gəlmiş suriyalı Əbu Müslimin dövründən onun təyin etdiyi, sonra isə onun soyundan olan xan və bəylər tərəfindən idarə olunmuşdur. Araşdırmalar göstərir ki, bunlar əsasən avar xan və bəyləri olmuşlar. Sadəcə fərq onda idi ki, əgər avar elində xanlıq vərəsəlik yolu ilə- sakit, davasız-şavasız ötürülürdüsə, yəni idarəçilik birbaşa atadan övlada keçirdisə, digər ellərdə- şamxallarda, qazıkumıklarda, mextulilərdə və kaytaqlarda kimin qolu güclüdürsə, yəni silah gücünə o biri xanı öldürməklə, adamlarını qırıb çatmaqla xanlığı ələ keçirirdi. Həm də fərq bunda idi ki, əgər o biri ellərdə yalnız kişilər xan təyin olunurdusa, avarlarda qadın da ona miras qalan taxt-tacda otura bilirdi, yəni atası öldükdən sonra onun yerinə xan keçirdi.
Xunzaxda oturan Avarıstan xanı Baxu Bikə xanım müdrikliyinə və mərdliyinə görə xalqın böyük hörmətini qazanmışdı. Gözəl və əzəmətli görünüşə malik bu qadın daim belində qılınc, çiynində tüfəng at üstündə sadə camaatın arasında idi. Qayda-qanunlara riayət edən, kasıb-kusuba səxavətli, duz-çörəkli bir xanım idi, buna görə də sadə camaat onu çox sevirdi. Onun həmin dövrün xanlarına xas olmayan tərzdə xalqla mehriban davranması, kasıb-kusuba əl tutması barədə söz-söhbətlər Avarıstandan da kənara yayılmışdı. Onu da qeyd edək ki, köklü, aqil və dünyagörmüş adam kimi Baxu Bikə xanım ruslara böyük hörmətlə yanaşırdı, Dağıstanın əmin-amanlığını Rusiyada görürdü və Rusiya ilə birləşməyin tərəfdarı idi.
Həmzət bəy başının dəstəsi ilə Xunzaxa hücum etdi. Qısa döyüşdən sonra Baxu Bikə xanım Xunzaxın üləmalarını Həmzət bəyin yanına sülh danışıqlarına göndərdi ki, sizin şəriətinizi də qəbul edirəm, şərtlərinizə də razıyam. Lakin Həmzət bəyə sülh və biət lazım deyildi, bunlar bəhanə idi, ona əslində Baxu Bikəni və ailəsini qırıb onun qızıllarını ələ keçirmək, Avar xanədanına yiyələnib xan olmaq lazım idi. Hiyləgər Həmzət bəy ilk əvvəl tələb etdi ki, sülh danışıqlarına başlamağın sığortası kimi Baxu Bikə özünün kiçik oğlu Bulaç xanı onun yanına girov qoysun. Çarəsiz vəziyyətdə qalan Baxu Bikə razılaşmalı oldu və 11 yaşlı oğlu Bulaç xanı Həmzət bəyin yanına göndərdi. Lakin bundan sonra Həmzət bəy tələblərini artırdı, dedi ki, danışıqlara Baxu Bikənin o biri oğlanları- Nuçal xan və Umma xan gəlsinlər. Həmzət bəyin və onun naibi Şeyx Şamilin yırtıcı xislətlərinə yaxşı bələd olan Baxu Bikə oğlanlarını Həmzət bəyin yanına bir dəstə silahlı adamla göndərdi və tapşırdı ki, ehtiyatlı olsunlar. Lakin Həmzət bəy qonaqları aldadıb namərdcəsinə qırdı. O Baxu Bikənin oğlanlarını qəbul edərkən əvvəl baş əyərək yaltaqlandı, onların qulu və dostu olduğunı bildirdi və öz çadırına aparıb süfrə açdı. O öz sözünün üstündə durmadı- axşam namazından sonra onun adamları bir yerdə namaz qıldıqları xunzaxlıları gülləbaran edərək öldürdülər. Həmzət bəyin “mücahidləri” bir az əvvəl duz-çörək kəsdikləri və deyib güldükləri qonaqları qəfildən gülləyə tutdular. Yaralı Nuçul xan qılınca əl atdı və sonadək igidcəsinə vuruşdu; o Həmzət bəyin “mücahidlərini” qabağına qataraq iyirmisini qılıncdan keçirdi, nəhayət qan itirməkdən gücdən düşüb yıxıldı və canını tapşırdı. Xunzaxlıların meyidləri çöldə qalıb qurd-quşa yem oldu, imam heç onları basdırmağa da izn vermədi.
Avar ağsaqqallarının “Günasız insanları niyə qırdınız?” sualına Həmzətlə Şamil sadə bir cavab verdilər: “Onlar kafir idilər və dindən çıxmışdılar”. Halbuki Baxu Bikə xanım və övladları gündə 5 dəfə namaz qılırdılar.
Qafqazın baş imamı adını üzərinə götürmüş Həmzət bəy uşaqlıqda Baxu Bikənin övladları ilə bir evdə yaşamışdı, onlarla uzun illər çörək kəsmişdi, axırda da puldan sarı onların başını kəsdi- belə imamlıq olurmu? Səhəri gün Həmzət bəy Baxu Bikə xanımın özünü də öldürmək əmri verdi və onun silahlıları Xunzaxa doluşdu. Həmzət bəyin və Şeyx Şamilin məqsədləri Avarıstan xanlığında hakimiyyəti ələ keçirmək idi, odur ki xanlığın bütün varislərini qırmalıydılar ki, burda tam hakimiyyətə otursunlar. Təsadüfi deyil ki, 1834-cü ildə Şamil ruslarla danışıqlara girib bildirmişdi ki, siz məni Avarıstan hakimi kimi tanıyın, mən də öz fəaliyyətimi dayandırım, lakin ruslar buna razılıq verməmişdilər. Rus komandanlığına yazdığı məktubunda Şamil hətta hədə-qorxu gələrək öldürdükləri xanların yerinə özlərinin Avarıstan hakimi kimi tanınmalarını istəyirdi: “Mən sakitlik naminə talanı, quldurluğu dayandırmışam, bir qism əsir düşmüş əsgərləri ruslara qaytarmışam. Amma bədniyyət adamlar mənə hədər yerə böhtanlar atırlar... Əgər ruslar sülh istəyirlərsə, Avarıstana kimi hakimliyi bizə verməlidirlər. Onda mən onlarçün sakitlik yaradaram. Əks təqdirdə qüdrətli Allahın gücünə və müdrikliyinə arxalanacam və hərə bildiyini edəcək”.
Həmzət bəy bilirdi ki, nə qədər ki legitim varislər sağdılar, onun Avarıstan xanı olmaq üçün hüquqları çatmayacaq və burda hakimliyi ləngər vuracaq. Silahlılar xan sarayına doluşan kimi Həmzət bəyin müridi Baxu Bikəni namaz qıldığı yerdə qolundan tutub çölə sürüdü, at tövləsinə salaraq orda qılıncla qadının başını vurdu. Bütün bunlar qana hərisləşmiş Həmzət bəyin gözləri önündə baş verdi. Qadın Həmzət bəyi görəndə gülümsündü. Qılınc onun başını beləcə atdırdı və gülümsəyən baş Həmzət bəyin ayaqlarının yanına diyirləndi.
Sual olunur: Həmzət bəy necə imam idi ki, qadının başını namaz qıldığı yerdə kəsdirirdi? Elə Həmzət bəyin təkcə bu əməli onun imamlığının əsl mahiyyətini açıb göstərir.
Baxu Bikə xanım Həmzət bəyə çox yaxşılıqlar eləmişdi. Həmzət bəy uşaqlıqda Xunzaxda molla məktəbində oxuyarkən Baxu Bikə xanım onu öz sarayında saxlamışdı, onunla öz övladı kimi rəftar eləmişdi və qayğısına qalmışdı. Qazi Məhəmməd məğlub edilərək öldürüldüyü dövrdə Həmzət bəy qaçıb Baxu Bikəyə məxsus kəndlərdən birində gizlənmişdi, rus generalı Baron Rozen nə qədər istəmişdisə, Baxu Bikə Həmzəti ona verməmişdi, öz əzizi kimi qoruyub saxlamışdı. Amma Həmzət bəy bütün bunları unuduraq, Baxu Bikənin var-dövlətini ələ keçirmək niyyətilə nəinki onu öldürdü, hətta kökünü belə kəsdi. Həmzət bəyin əmri ilə müavini Şeyx Şamil xan sarayını qarət etdi və öz kəndinə daşıdı. Onların namərdliyi yerli sakinlərdə qəzəb doğurdu. Xalq bir daha başa düşdü ki, onların başlatdığı hərəkat “qazavat”, “cihad”, “mürid-mürşidlik” adları ilə pərdələnsə də, sözün əsl mənasında quldurluqdur. Avarlarda Həmzət bəyə və həmin dövrdə onun müavini işləyən Şeyx Şamilə nifrət yarandı, bu isə müridlərin büsbütün Avarıstandan qovulub çıxarılması ilə nəticələndi.
Sonralar əsir düşəndə Şeyx Şamil bildirmişdi ki, Avar xanlarını qırmaqla və köklərini kəsməklə Həmzət bəy “həm xalqın diqqətini özünə cəlb edə bilmişdi, həm də onların yerinə oturması ilə heç bir idarəçilik qabiliyyəti olmasına baxmayaraq daha il yarım imam postunda qalmaq imkanı əldə etmişdi”. Baxu Bikənin ölümündən sonra Həmzət bəy bir müddət onun sarayında yaşadı. Xanları qırdıqdan sonra Həmzət bəy özünü Avarıstan xanı elan etdi və Xunzaxdakı saraya köçdü. Hətta Baxu Bikənin əmisi oğlu Surxay xanı da qonşu kənddən gətizdirib öldürtdürdü ki, ona xanlıqda mane olan olmasın.
Beləliklə, imam arvad-uşağı qırıb xan oldu. 100 il sonra belələrinin nəvə-nəticələri deyəcəkdilər, babamın qanuni mal-mülkü vardı, ruslar gəlib babamı repressiya edərək mal-mülkünü əlindən aldılar. Amma yaxşı ki Həmzət bəyin şahlığı 100 il sürmədi- bəy onun kimi quldurları daban-dabana izləyib qırmağa çalışan rusların ona əli çatmamış xalqın öz zavalına gəldi.
Özünə imam adı qoyan bu ünsür ard-arda törətdiyi cinayətkar əməllərdən sonra Qafqazda tam hörmətdən düşdü. Bir dəfə o 4 min atlı ilə Çudaxar elindən keçib Azərbaycana girmək istədi, lakin çudaxarlılar onun qarşısını kəsib gülləbaran edərək qovdular. Bu döyüşdə Həmzət bəy başından yaralandı, müridləri onu qoyub qaçdılar. Çudaxar qazisi belə bir əclafı imam kimi tanımadıqlarını bildirdi. O vaxtdan müridlərin çoxu aradan çıxdı, bir daha Həmzət bəyin yanına qayıtmadı. Təhlükəni hiss edən Şamil Həmzət bəyi xəbərdarlıq etdi ki, Xunzaxdan çıxıb getsin, camaat əvvəl-axır onu öldürəcək. Lakin konkurentləri tam aradan götürən Həmzət artıq özünü Avarıstanın şahı kimi rahat hiss edirdi.
19 sentyabr 1834-cü ildə Həmzət bəy Xunzax məscidinə namaz qılmağa gələrkən xunzaxlılar onu təpəsindən güllələdilər və meyidini tikə-tikə doğradılar. Onun müridlər adlanan quldur dəstəsi avarlar tərəfindən darmadağın edildi. Müridlərin bir hissəsi qaçaraq xan sarayında gizləndilər, xunzaxlılar saraya küləş döşəyib od vurdular. Müridlər içəridə qışqıra-qışqıra od tutub yandılar, o dünyadakı cəhənnəmi bu dünyada yaşadılar. Mürudlərin bir hissəsi Xinzaxdan qaçaraq canlarını qurtara bildilər.
İmamları öldürüldükdən sonra “mücahidlər” onun qisasını 11 yaşlı uşaqdan aldılar. Xunzaxlıların qabağından qaçan Həmzət bəyin adamları Baxu Bikənin sağ qalmış kiçik oğlu Bulaç xanı öldürmək üçün atlarını Qimrıya çapdılar. Uşağı saxlayan kişi əvvəl onu vermək istəmədi, dedi ki, Quran körpəni öldürməyi qadağan edir, bu əməldən çəkinin. Lakin müridlər kişini döyərək uşağı zorla onun əlindən aldılar, çayın qırağına gətirdilər və suya atdılar. Rus əsgərləri xunzaxlıların xahişi ilə Bulaç xanı qurtarmağa yollansalar da gecikdilər. Üzə bilməyən uşaq özlərini “Allahın mücahidləri”, “din təəssübkeşləri” adlandıran əclafların gözü önündə “Ana! Ana!” qışqıra-qışqıra, fəryadlar altında suda boğularaq öldü. Mənbələr yazır ki, onlar uşağın meyidini Şeytan körpüsü deyilən yerdə qayadan aşağı tulladılar ki, qurda-quşa yem olsun. Beləcə quduz müridlər Xunzax xanlarının axırıncı varisini də öldürüb onların kökünü kəsdilər. Sual olunur: Dindar da köməksiz və anlamaz uşağı suda boğub öldürərmi? Onun cəsədini basdırmaq əvəzinə qayadan aşağı atarmı? Bu hansı dinə-imana sığar? Hansı dində, hansı kitabda yazılıb ki, imam uşağı Şeytan körpüsündən aşağı tullasın?
Təsəvvür edin ki, ruslar olmasaydı, belələri öz xilafətlərini bütün Qafqazda quracaqdılar. Axı onlar öz imamət adlandırdıqları dövlətlərini bütün müsəlman ellərinə qədər uzatmaq fikrindəydilər. Ruslar gəlməsəydi bütün Qafqaz Həmzət bəy, Şeyx Şamil kimilərin Böyük Avarıstanı olacaqdı. Onu da qeyd edək ki, hələ Qazi Məhəmmədin dövründə onun başlatdığı “qazavat” ilə Dağıstan üləmalarının çoxu razılaşmırdılar. Onlar bildirirdilər ki, imamət yaratmaq və müsəlmanları ora qovub köçürməklə doldurmaq nəyə lazımdır, axı ruslar məscidləri bağlamırlar və müsəlmanları inancına görə təqib etmirlər. Ruslar bir çox məsələlər kimi din məsələsində də yerli xalqlara tam sərbəstlik vermişdilərsə, xüsusi imamət zonası yaratmağa nə ehtiyac vardı? Lakin “qazavat” pərdəsi altında öz gizli niyyətlərini həyata keçirən müridlər belə dindarları “dönük” adlandırırdılar və öldürürdülər.
Turan Ekspress teleqram kanalı
@turan_ekspressi
Комментариев нет:
Отправить комментарий