28.12.2011

Bankların milyonlarla qurbanları

İmran Kərimov

Borclu adam asılı adamdır ki, onu da idarə etmək daha asandır

Əsrlər boyu insanlara elə təbliğ olunub ki, guya banklar az qala iqtisadiyyatın məhək daşıdır. Əslində bu iddia mifdən başqa bir şey deyildir. Bəlkə də banklar qədər iqtisadiyyata ziyan vuran ikinci bir struktur tapmaq mümkün deyil. Çünki banklar zahirən özlərini nə qədər yaxşı tərəfdən qələmə verməyə nail olsalar da, əslində insanların cibinə girirlər və onlar adamların acınacaqlı maddi durumda qalmasında maraqlıdırlar.

Lakin banklar aptek də deyildir ki, ona təbii zərurət olsun. Valyuta mübadiləsini, pul köçürmələrini, əmanət şəklində faizsiz pul qoyuluşlarını və bu kimi normal xidmətləri nəzərə almasaq, bank sisteminin failiyyətinin iqtisadiyyata heç bir dəxli yoxdur. Bankların mahiyyətində sadəcə mədəni, ”sivil” quldurluq, pislik durur.

Pulun pula satılması absurd bir şeydir. Normalda ancaq mal, xidmət, pula satıla bilər. Hal-hazırda maliyyə böhranı bürüyən dünyanın təcrübəsi də onu göstərir ki, banklar kütləvi surətdə insanların, ələlxsus kasıb təbəqənin evini yıxır, dolayısı ilə milyonlarla ailəni müflis, bədbəxt edir. Bu baxımdan islamda faizə pul almağın, verməyin günah sayılması heç də təsadüfdən deyil. Allah Quranda bunu birbaşa insanın xeyri üçün deyib.

Əlbəttə, böyük bir qism adam nəfsə uyaraq yanlış olaraq hesab edir ki, pul olmayanda və borc verən də az olanda ən yaxşı və düzgün yol elə heç kimin minnətini götürməyərək bankdan pul götürməkdir. Bu səhv fikrin formalaşmasında bankların həvəsləndirici və şirnikləndirici təkliflərinin, təbliğlərinin böyük rolu var. Necə deyərlər, çətini quyuya, tələyə salıncadır. Sonra onlar sənə yox, sən onlara yalvaracaqsan.

Pul götürəndən sonra ilk vaxtlar bir çoxlarına bu proses əldəntutma kimi görsənsə də, çox zaman bu sevincin, şərti xöşbəxtliyin ömrü çox çəkmir. Bir müddətdən sonra, artıq aybaay konkret məbləğlər ödəmək vaxtı çatanda kreditin fəsadları öz sözünü deyir; adətən həmin adamın maddi və psixoloji durumu pul götürməzdən qabağki dövrə baxmış daha pis duruma düşür.

Sosial psixoloqların tədqiqatların nəticələri göstərir ki, bankdan pul götürənlərin əksəriyyətinin fikir çəkməkdən, həyacan keçirməkdən, stress keçirməkdən yuxu sistemi pozulur ki, bu da həzm sisteminə, ümumiyyətlə orqanizmə mənfi təsir göstərir. Sağlamlığı isə bildiyimiz kimi miqdarından aslı olmayaraq pul ilə əvəzləmək və ya bərpa etmək olmaz ,çünki o qiymətsizdir.

Bir çox hallarda bankların cəmiyyətdə müsbət imici böyük pullar hesabına başa gələn davamlı, beyinləri yeyən, insanları yoldan çıxaran reklam hesabına əldə edilir. Normalda hansısa əşyanı əldə etmək üçün və ya yaranan hansısa problemi həll etmək üçün vacib deyil ki, o dəqiqə banka və ya sələmçiyə mürüaciət edəsən. Birdəfəlik başa düşmək lazımdır ki, bank batana əl uzadıb əl tutan deyil, onu bataqlıqdan çıxaran deyil, bank xeyriyyə təşkilatı da deyil. Əksinə bank boğulanın xirtdəyəcən borc içində üzməsindən öz xeyri üçün istifadə edib daha da çox gəlir əldə etmək istəyir. Bu ona oxşayır ki, siz çətin vəziyyətdə amansız caniyə kömək üçün müraciət edirsiz.

Ümumiyyətlə,insan çalışmalıdır ki, ayağını yorğanına görə uzatsın, gəlirinə, xərcinə dəqiq nəzarət etsin, öz vəsaiti imkan verdiyi işə girişsin, nəfsini imkan dərəcəsində cilovlasın. Ən düzgün yol isə qənaət edib özünə kapital yığsın. Əgər insanın hansısa əşyaya həqiqətən ehtiyacı varsa yaxşı olar ki, o əşyanı qənaət hesabına yığdığı pulla alsın. Əgər bu mümkün deyilsə, onda ona dövlət yardımçı olmalıdır. Əgər dövlət yardımçı olmursa demək həmin iqtidarı, birləşib dəyişmək lazımdır.

Normal vətəndaşın bankdan pul götürməkdən və ya cinayətə əl atmaqdan başqa yolunun olmaması dərəcəsinə çatdırılması birbaşa iqtidarın günahıdır. Çünki iqtidar normal vətəndaşın çətin duruma düşməsinə imkan verməməlidir, onun qanuni yolla və ləyaqətinin alçalmaması şərtilə pul qazana bilməsi üçün hər bir şərait yaratmalıdır. Çünki qanunla bu onun borcudur. İqtisadiyyat nə qədər kapital qoyuluşu tələb etsə də bunu təbii yolla etmək lazımdır. Banklardan pul götürüb ondan investisiya kimi istifadə etmək narkotikdən istifadəyə oxşayır. Çünki o pis asılılıq yaradaır. Bundan başqa bankdan pul götürüb bir müddət rahat nəfəs alan istər-istəməz rahatlaşır, işə bir qədər laqeyd yanaşır, ziyanlı olaraq arxayınlaşır (bu tədqiqatların nəticəsidir).

Təsadüfi deyil ki, hal-hazırda Azərbaycanda az qala hər bir ailə, hətta onun hər bir üzvü hansısa banka, bir çox hallarda isə eyni zamanda bir neçə banka borcludur (ya kreditə götürülmüş hansısa məişət əşyasına, elektrik avadanlığına, avtomobilə, mənzilə və ya pula görə). Bir çoxları isə bir bankdan qurtulmaq üçün başqa bir banka üz tutur, ondan pul götürüb əvvəlkini, ona dirənəni ödəyir. Belə davam etdikcə ümumi borc da öz növbəsində tez bir zamanda şişir və axırda bədbəxt müştəri əmlakını, maşınını, qızılını, var-yoxunu satır, intihar edir, infarkt keçirir, ”çarpalıyıq“ olur.

Banklardan heç bankda işləyənlər özləri xeyir görmür, qaldıki kənar şəxs. Məsələn, Sumqayıtda mənim bir qonşum var, Bakıda sanballı bankların birində (bankın adın özüm çəkmirəm ki, bu həmin adama ziyan edə bilər) məsul vəzifədə işləyir. Əvvəcə namaz qılan, ancaq indi namazı tərk edən çox mədəni, intellektual insan olan bu şəxs özü mənə etiraf edib ki, 1200 manat maaş almasına baxmayaraq və israfçı olmamasına, ailəsi azsaylı olmasına baxmayaraq 6 banka pul borcludur və maaş ona azlıq edir. O özü hiss edir ki, bankda işlədiyinə görə sadəcə aldığı yüksək maaşın bərəkəti yoxdur. Qonşum etiraf edir ki, bankda işləməyin günah olmasını bilir və görünür bunun cəzasını alır. Namazı da məhz bu səbbəbdən tərk edib.

Mən ona məsləhət gördüm ki, bu cür işdən çıxsın, haram olmayan işlə məşğul olsun və onda indi aldığının yarısını alsa belə bu ona artıqlaması ilə bəs edər. Əsas isə onu qeyd edim ki, banklar dünyanı idarə etməyə çalışanlar üçün gözəl vasitədir ki, onların da əsas məqsədi heç də varlanmaq yox, insanları asılı vəziyyətə salıb onlara hökmran olmaqdır. Çünki borclu adam həm də asılı adamdır ki, onu da idarə etmək daha asandır.

Комментариев нет:

Отправить комментарий