Aqşin YENİSEY
Əşi, görəcəksiniz, bu Yeni il də elə keçən ilki Yeni ilin tayı olacaq, yəni adı yeni olacaq. Bu yaşa gəldik çıxdıq, hələ ciddi bir Yeni il görmədik.
Artıq Türkiyədə Yeni il gecəsi küçələrdə təxribatçı ünsürlərlə qapışacaq polis-Şaxta babalarının təlim-tərbiyə işlərinə başlanılıb və bu xəbər bütün televiziya kanallarında yayımlanıb. Yəni guya, araqarışdıranlar bilməyəcəklər ki, hansı Şaxta baba həqiqidir, hansı polisdir.
İndi ay ağıllı adamlar, düşünün, bundan xəbər tutan hansı təxribatçı kütbeyin Şaxta babanın yanında əlini cibindəki piştoya atar? Yaxud kim zəmanət verə bilər ki, küçələrdə polis-Şaxta babaların olacağından xəbər tutan təxribatçılar da özlərindən girdirmə Qar qızdan-gəlindən düzəltməyəcəklər? Polis-Şaxta baba hardan biləcək ki, əlmeymunu kimi yan-yörəsində atılıb-düşən, şit-şit gəlib-gedənə əl yelləyən Qar qız, əslində, Qar gədənin biridir?
Gərək onda bir-bir bütün Qar qızları tinin birinə çəkib münasib yerlərini əlləşdirəsən. Əlinə toxunan zada əsasən dəqiqləşdirəsən ki, aha! Bu, həqiqi Qar qızdır, çünki ələ gələn bir şeyi yoxdu, bu isə zırramanın biridir. Demək istədiyim odur ki, Yeni ilə ayaq basmaq o qədər də asan məsələ deyil.
Məsələn, inişil Yeni il axşamı məni bir verilişə dəvət etmişdilər. Aparıcı ilə üzbəüz oturub boş-boş şeylərdən danışdığımız zaman qəfildən arxadan kimsə belimə mindi. Başımı qaldırdım ki, bu ağır çəkili bir Şaxta babadır və onun qəfildən atılıb qonaqların belinə minməsi, dünyanın efir məkanında olmayan bir rejissor tapıntısıdır.
Guya, Yeni il əyləncəsi üçün ünlü rejissor götür-qoy edib, başdanxarab istedadını gecə səhərəcən Misir qulları kimi işlədib və bu qərara gəlib ki, veriliş əyləncəli alınsın deyə, Şaxta baba arxadan qonaqları minsin.
Məndən sonra bir qadın qonaq vardı, məni minən Şaxta baba onun üstünə atılanda qadın sözünü bitirib ayağa qalxdı və özünü havada saxlaya bilməyən Şaxta baba, sadəcə, atılıb xalxın arvadına kərkinə bildi.
Evə dönəndə hiss etdim ki, belim sərpib, yəni el dilində desək, quluncum düşüb. Ağrı getdikcə şiddətlənir, və məni evdə Qvazemoda kimi gəzməyə vadar edirdi. Uşaqların birini aptekə keçi piyi almağa yolladım.
Millət evdə yeyib-içəndə, Zeynab Xanlarovaya qulaq asıb, şar partladanda, nə bilim, şampan şərabı köpükləndirəndə, mən dümbülümə piy çəkib zarıyırdım. Həmin il mən köhnə ildən Yeni ilə küpəgirən qarı şəklində əyilə-əyilə keçdim, sözsüz ki, məni bu kökə salan rejissorun və onun adam minən Şaxta babasının yeddi arxa dönənini yağlaya-yağlaya.
Düzdür, gərək bayram günlərində xoş xatirələri yada salasan, ancaq insanın həyatında xoş xatirə yoxdusa, məcbursan, acı xatirələri süni yolla lağ-lağılaşdırmağa.
Bir dəfə də tələbə vaxtı yataqxanada Yeni il axşamı kartof qızartması ilə araq içib şəhərə əylənməyə çıxmışdıq. Tələbə yoldaşlarımızdan biri, qızların xoşuna gəlməkdən ötrü gecə-gündüz ayaqqabı mazlamaqdan əlləri “slesar” əli kimi həmişə qapqara olan cüvəllağı – onun sevgi fəlsəfəsinə görə, guya, bizim qızlar ayaqqabısı daim mazlı olan oğlanları ayaqqabıları mazlı olmayanlardan, yaxud az mazlı olanlardan üstün tuturlar və bu mazlı ayaqqabılara görə bir könüldən min könülə onlara aşiq olurlar, – Qar qızlardan birinə söz atdı və bu zaman Şaxta baba əlindəki zərli zopanı var gücü ilə onun təpəsinə endirdi. Gədəni qan apardı. Bununla yetməyən Şaxta baba əsəbi şəkildə Yolkanın yanındaca əynini soyunub üstümüzə şığıdı və bizə də bir-iki şillə-təpik Yeni il hədiyyəsi bəxş etdi.
Sən demə, bu Şaxta baba ilə Qar qız ər-arvad imiş və bizim bu avara Şaxta babanın namusuna toxunubmuş. Başı qarpız kimi partlayan dostumuzu xəstəxanaya apardıq. Növbətçi həkim Yeni il axşamı olduğu üçün evə tələsdiyini bildirdi, tələm-tələsik yarılmış başa baxıb: “Qorxulu bir şey yoxdur” deyib bizə yod və bint verdi ki, yaranı özümüz sarıyaq.
Beləliklə, kor-peşman yataqxanaya qayıdıb tavanın dibində qalmış əlartıqla yenidən Yeni ili “qeyd etməyə” başladıq.
Allah bu ilki Yeni ildən qorusun!
Комментариев нет:
Отправить комментарий