29.12.2011

BP Azərbaycan neftini oğurlayır


            DİQQƏT! DİQQƏT!! DİQQƏT!!! İŞĞAL!!!!!!!!!!!!!!!!!!!!

«Wikileaks» BP-Azərbaycan münasibətləri barədə 12 teleqramı açıqlayıb. Həmin teleqramlarda BP və Azərbaycan arasında bir sıra mübahisələr diqqəti çəkir

DƏNİZDƏKİ PLATFORMALARIN TƏHLÜKƏSİZLİYİ

9 iyul 2007. Anne Derse yazır ki, «BP-Azərbaycan»ın rəsmiləri offşor platformalardan birinin təhlükəsizliyindən narahat olduqlarını dəfələrlə ABŞ nümayəndələrinin diqqətinə çatdırıblar. «BP-Azərbaycan»ın Prezidenti Bill Schrader deyib ki, həmin platformanı yox etmək üçün qumbaraatanı olan bir nəfər, və ya adi qayıqda 6 nəfər bəs edər. Səfir Derse bildirir ki, onlar ciddi şəkildə Dövlət Departamentinə tövsiyə edirlər ki, yataqların qorunması üçün Azərbaycan tərəfinə kömək etsinlər. 

Məxfi sənəddəki platformaların adları və zəif tərəfləri açıqlanmayıb. Sonrakı teleqramlarda BP-nin bu problemin həlli üçün Azərbaycana xüsusi radar əldə etməsi qeyd olunur. 

BP AZƏRBAYCANDAN NEFT OĞURLAYIR

09 oktyabr 2007. Anne Derse yazır: 
 
«Oktyabrın 8-də (bir gün əvvəl) İlham Əliyevlə təkbətək görüşdə Azərbaycan prezidenti sərt şəkildə bildirib ki, «BP Azərbaycan neftini oğurlayır». İstəyirlər ki, «Azəri-Çıraq-Günəşli»dən çıxarılan neftin bölgüsünü (80/20 faiz nisbətində) 2010-cu ilədək təxirə salsınlar. Əks halda, BP səmt qazının hasilatını 3 milyard kubmetrdən 1.4 milyard kubmetrə qədər azaltmaqla hədələyir. 

Azərbaycan prezidenti açıq bildirib ki, BP bu adımı atsa, bundan ancaq Gürcüstan ziyan görəcək. Çünki qışda Gürcüstana qaz verə bilməyəcəklər. 

Teleqramda bildirilir ki, İlham Əliyev səfirə deyib ki, BP bu məsələdə mövqeyini dəyişməsə, onda Azərbaycan BP-nin neft oğurladığını açıqlayacaq. 

ARDNŞ ULTİMATUM VERİB

22 oktyabr 2007-ci ildə səfir Derse Vaşinqtona teleqramında yazır ki, 19 oktyabrdakı danışıqlar zamanı BP və Azərbaycan hökuməti arasında münasibətlər lap pisləşib. 
 
Danışıqlarda Azərbaycan Dövlət Neft Şirkəti qeyri-real ultimatumla çıxış edib və Beynəlxalq Konsorsiuma bütün problemi həll etmək üçün 1 həftə vaxt verib. 

BP iddia edir ki, ARDNŞ sadəcə 14 il əvvəl imzaladığı Hasilatın Pay Bölgüsü Sazişini bəyənmədiyi üçün indi şərtlərin dəyişməsini istəyir. Azərbaycan tərəfi isə bildirir ki, BP qəsdən nəqliyyat xərclərini artırmaqla Azərbaycana verilməli olan mənfəət neftini azaldır. 

Teleqramda mübahisə haqda ətraflı məlumat verilir: oktyabrın 19-da ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov dəfələrlə bildirib ki, «Qazaxıstana baxın!». (Orda beynəlxalq enerji şirkətlərinə qarşı dövlət tərəfindən məhkəmə iddiaları qaldırılıb). Nəsirov deyib ki, «hələ görünməyib ki, hansısa beynəlxalq şirkət yerli neft şirkətinə qarşı döyüşü udsun». 

«BP-Azərbaycan»ın vitse-prezidenti Phil Home ABŞ səfirinə şikayət edib ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev onları hədələyib ki, «razılıq əldə edilməsə, o zaman özləri neft gəlirlərini hesablayacaqlar və Konsorsiumun payında olan əlavə nefti qaçaqmalı kimi qeydə alacaqlar. «BP-Azərbaycan»ın prezidenti Bill Schraderi «Azərbaycan xalqının 10 milyard dollarını» talamaqda ittiham edib, məsələni parlamentin müzakirəsinə çıxaracaqlar. 
 
Səfir Derse sonrakı teleqramlarında bu məsələylə bağlı danışıqların davam etdiyini yazır. Xüsusən də Rusiya-Gürcüstan müharibəsindən sonra Azərbaycan tərəfinin daha kompromisə meylli olduğunu vurğulayır. 

Bununla belə, teleqramlarda BP və Azərbaycan arasında 2026-cı ildən sonra BTC kəmərinin sahibliyi, Bakı-Supsa kəmərinin kimə məxsus olması və digər qaz yataqlarının işlənməsi məsələlərinin açıq olduğu bildirilir. 

TÜRKİYƏ-AZƏRBAYCAN QAZ DANIŞIQLARI

2008-ci ildə göndərilən teleqramlarda səfir Derse yazır ki, keçirilən görüşlərdə Schrader Türkiyəylə aparılan yeni tranzit danışıqlarına da toxunub. Deyib ki, Türkiyə Azərbaycan tərəfi üçün sərfəli olan şərtlərlə razılaşmaqdan imtina edərsə, onlar «Şahdəniz» yatağının ikinci fazasını ümumiyyətlə təxirə sala bilərlər. Türkiyə tərəfi 100 kub metrə görə ancaq 150 dollar təklif edir, real qiymət azı 350 dollardır, Rusiya isə qazı Avropaya min kubmetrini 500 dollara satır. 

TÜRKİYƏ BİR-İKİ QIŞ DONSUN, AĞLI BAŞINA GƏLƏR
 
Schrader bildirib ki, «Qoy Türkiyə bir iki qış donsun», bunun əvəzində konsorsium «Azəri-Çıraq-Günəşli» yatağının dərin qatlarındakı qazı hasil edə bilər. Həmin qazı isə Rusiya, İran və Gürcüstana satmaq mümkündür. ARDNŞ də bunda həvəslidir, çünki bu hasilat daha ucuz başa gələ bilər, İran, Rusiya və Gürcüstana satıla bilər və belədə Türkiyə marşrutuna gərək qalmaz. 

XƏZƏRDƏ QAZ SIZMASI

Teleqramlarda məxfi olaraq «BP-Azərbaycan»ın prezidenti Schraderə istinadən səfir bildirir ki, sentyabr ayının 17-də «Mərkəzi Azəri» platformasındakı qaz sızması üzündən 211 nəfəri təcili evakuasiya ediblər. Sonradan platformaya gələn səmt qazı kəmərində də problem yaşanıb. Nəticədə «Mərkəzi Azəri» və «Şərqi Azəri», sonra «Qərbi Azəri» platformasında da hasilat dayandırılıb. Bu, BP tarixinin ən böyük evakuasiya əməliyyatı olub. gündəlik hasilat 900 min bareldən 250 min barelə düşüb. Gündəlik itki 45 milyon dollar olub. 

Schrader deyib ki, qaz sızıntısı o qədər böyük olub ki, sentyabrın 19-a qədər suyun üzərindəki qaz qabarcıqlarını hətta havadan müşahidə etmək mümkün idi. Xoşbəxtlikdən partlayış olmayıb. Məlumatda o da deyilir ki, aparılan araşdırmalara baxmayaraq, ola bilsin ki, qız sızıntısının səbəblərini heç vaxt öyrənmək mümkün olmayacaq. 

2009-cu ildəki teleqramlarda bildirilir ki, «Azəri» yatağında qaz sızmasının səbəbi tapılıb – bu, pis sementləmə imiş. Bu da çox «yaxşı» xəbərdir, çünki qaz rezervuarlardan sızmış olsaydı, onun fəsadlarının aradan qaldırılması mümkünsüz olardı.

                                                                          sizma.blogspot.com

Комментариев нет:

Отправить комментарий