Anar Yusifoğlu
- Abi, azəri qardaşlarımız niyə bizə qaz satmaq istəmirdi?
İstanbulda Atatürk hava limanına gəlmək üçün çağırdığım taksi sürücüsünün bu sualından, doğrusu, xeyli təəccübləndim. Söhbətə özü körpü saldı, “memleketin neresi” deyə sual etdi. “Azərbaycandan” dilucu cavabını verib, öz aləmimdən məni ayırmağa cəhdin o qədər də asan olmadığını sürücüyə başa salmaq istədim. Taksi sürücüsü ilə nə danışacaqdım, axı?
Amma əhəmiyyət vermədiyim bu adam sualı ilə diqqətimi çəkdi. Kəsədən gəlmişdi, kəsədən də cavab almalıydı:
- Ona görə ki, türk qardaşlarımız bizim düşmənimiz Ermənistanla sərhədlərini açmaq istəyir.
- Abi, biz heç ermənilərlə sərhədləri açarıqmı? 1992-də o sərhədlər niyə qapanıb, unutdunuzmu?
“Türk mediasının təbliğatıdır, çox güman. Yəqin bu sürücü ölkə üçün əhəmiyyətli xəbərləri izləyir, ancaq inanmıram bundan uzağa getsin”.
- Sərhədləri açmasanız da, Türkiyədə erməni millətindən olan 70 min qeyri-qanuni miqranta şərait yaradırsınız, Bursada Azərbaycan bayrağını çöplüyə atırsınız…
- Ya abi, onu biz etmədik, onu edənlərə də nələr söylədiyimizi bir bilsəniz! Eurovisionda sizin Eldarla Nigar biz türklərə elə bir şok yaşatdı ki, bunu ömrümüz boyu unutmarıq. 9 milyonluq azəri qardaşlarımız 75 milyon nüfuzu olan qos-qoca Türkiyəyə dərs verdi. Avropa Türkiyəni yarışmadan kənarda qoydu, azəri qardaşlarımız isə türk bayrağını finalda qaldırmaqla bizim kölgədə qalmağımıza izn vermədilər...
“Arkadaş, uduzdun deyəsən”. Güldüm:
- Fərqimiz də bundadır.
- Yox, abi, bizim fərqimiz yox, hepimiz türkük. «70 min erməninin qeyri-qanuni olaraq Türkiyədə yaşamasına niyə izn verirsiniz» - sorursunuz. Ancaq bir az məsələyə genəl yanaşaq…
“Aha, siyasi polemika başlandı. Bu taksi sürücüsü nəyi izah edəcək mənə?”
- Abi, dünyaya mesajdır bu. Həm də bizim Ermənistana təzyiq vasitəmizdir. Onların sayı burda daha da çox olsa, nə olar? Bir gün “siz qanunsuz yaşayırsınız” deyib onları öz vətənlərinə qovsaq, Ermənistan çökər. Bu təsirdən niyə imtina edək?
- Bəzi şirkətləriniz Ermənistanla ticari əlaqələr yapır, qeyri-rəsmi, İranın, Gürcüstanın üzərindən. Bu da təsir vasitələrinizdirsə, deyin, bilək.
- Yeni bazardır, iqtisadi baxımdan Türkiyəyə bağlanan Ermənistan daha inamsız ola bilər.
“Yox, bu adam azərilərlə söhbətə xeyli hazırlaşıb”.
- Bu, bəhanələrdir, hakim ideologiyanın fikridir.
- Abi, mən AK partiyanın siyasətinə qarşıyam, bir türk millətçisiyəm, müxalifətdəyəm…
Və Rəcəb Tayyib Ərdoğanla bağlı elə şeylər danışır ki, matım-qutum quruyur.
- …Amma abi, igidi öldür, haqqını yemə. Ərdoğan İstanbul bələdiyyə başqanı olarkən dənizin təmizlənməsi və içməli su ilə bağlı layihələri gerçəkləşdirməsəydi, indi batardıq…
Xeyli müzakirə edirik, fikir bölüşürük. Gözləmədiyim halda maraqlı bir müsahib tapmağıma sevinirəm. Onsuz da darıxmağa başlamışdım və xəyallar məni lap yorurdu.
Saata baxıram. Vaxt daralır. İstanbulun tıxaclarından çıxa bilməyəcəyimizdən, təyyarəyə gecikəcəyimdən narahat oluram. Sıralanan maşınların sağ tərəfində, iki xətt arasında boş bir zolaq göz deşir.
- Mən gecikirəm, çıx bu yola, – təklif edirəm.
- Yox, abi, olmaz, o yol acil (təcili yardım) və rəsmi araçlar üçündür. Ora çıxmaq olmaz.
Bakı sürücüləri gözümün qabağına gəlir.
- Kamera gözə dəymir, polis də. Niyə çıxmaq olmaz? – deyə zarafata salıram.
- Abi, yasadır, yasanı pozmaq olmaz.
Bir dəqiqəlik sükut çökür. Darıxıram. Bir siqaret çıxardıram. Həyəcanla mənə tərəf çevrilir:
- Abi, siqara çəkmək olmaz. Böyük Millət Məclisi qərar verdi, arabalarda siqaret yasaqlandı.
- Sən çəkmə, sizin qanun, mənsə azərbaycanlıyam, bizdə belə qanun yoxdur.
Sürücü ciddiyə alır:
- Olmaz, abi, yasalara uymaq lazım. Su istərsinizmi? Hansısa mahnını dinləmək ürəyinizdən keçirmi?
Narahatlığımı aradan qaldırmaq üçün çalışdığını hiss edirəm. Təsdiq cavabıma plastik stəkana su süzüb verir, aşağı səsdə bir musiqi qoşur. Sezen Aksudu,
“Meğer nasıl karanlık ne bu dert
Acıtmışım canını sevdikçe”, oxuyur.
«Oxusunmu, ya dəyişim» soruşur. «Qalsın» deyirəm.
Suyu içib stəkanı qaytarıram. Sürücü stəkanı böyründəki sellofan torbaya atır. Torbada xeyli belə zibil yığıldığı diqqətimi çəkir.
- Bunları niyə atmırsan? – soruşuram.
- Qarşımıza çıxan ilk çöpçüyə atacam, - deyir...
…İstanbul-Bakı reysinə vaxtında çata bilirik. “Taksi sürücüləri haqda yanlış düşüncədəyəm” - düşüncəsi Binə aeroportunda qeydiyyatdan keçib həyətə çıxana qədər məni təqib edir.
Bir neçə taksi sürücüsü dərhal yaxınlaşır:
- Taksi lazımdır, qaqaş?
Biriylə qiymətləşirik. Oturan kimi maşın yerindən quş kimi götürülür.
- Ehtiyatlı sür, qardaş, tələsən yerim yoxdur, – gülə-gülə deyirəm.
- Qaqaş, sənin yoxdur, mənim var, - deyib göz vurur, yarıya qədər çəkdiyi siqareti açıq şüşədən tullayır və son xəbərlər haqda coşğunluqla danışmağa başlayır.
- Yəqin xəbərin olmaz, Bakıda deyildin, Rəqsanə dünən «avariyaya» düşüb, maşını xurd-xəşil olub, öz gözümlə gördüm – sözlərini əlini maqnitofonun düyməsinə atmaqla tamamlayır. Qulaqları batıran səs salonu başına götürür:
«Can-canadır, can-cana…»

Комментариев нет:
Отправить комментарий