"Millətim" qəzeti
Deyəsən Avropanın yaxasından sallanmağımız bizim axırımıza çıxacaq. Doğrudur, Avropadan götürüləsi çox şeyə ehtiyacımız var. Belə ki, Avropada son 50 ildə sözün tam mənasında həyata keçirilmiş sosial proqrama ciddi ehtiyac duyuruq.
Əslində tarix boyu da elə belə olub. Yəni hər hansı bir məkana və topluma aid yalnız ən yaxşı cəhətdən layiq bilinən tərəfləri götürməyə önəm verilib.
Ancaq bizim başbilənlər deyəsən Azərbaycanın gələcəyi üçün ümumilli maraqlar baxımından deyil, elə Avropanın görmək istədiyi yöndən bu məkanın sahib olduğu hər şeyi kor-koranə ölkəyə gətirməyə maraq göstərirlər.
Bunun sayəsindədir ki, artıq “mavilər” açıq-aşkar və sərbəst fəaliyyətə qoşula biliblər. Onun sayəsindədir ki, addımbaşı satdıq mal kimi müştəri gözləyən qadın bazarları və işini priton fəaliyyəti üzərində quran kafe və restoranlar adi günlük iş sistemi kimi, cəmiyyətə adi hal kimi həzm etdirilir. Həm də bunun sayəsindədir ki, ölkədə boşanmaların sayı keçən hər gün bir qədər də artır, ailə mənəviyyatı ayaq altına düşür. Bütün bu olanların fonunda insan alverinə qarşı mübarizə çağırışları sadəcə təəccüb doğurur. Axı hər tərəfdən rəvac verilən bir işin qarşısını necə almaq olar.
Avropalaşma fonunda gedən bu aşınma millətin gələcəyini böyük təhlükəyə atır. Hətta bu təhlükə öz dərəcəsinə görə maddi müstəmləkəçiliyin nəticələrindən daha qorxulu hesab oluna bilər. Çünki sonrakı zaman müddətində itirilmiş maddi durumu bərpa etmək mümkün olduğu halda, aşınmış mənəviyyatın bərpasına sadəcə olaraq yer görünmür. Bu anlamada Azərbaycanı Rusiya müstəmləkəçiliyi ilə müqayisədə, Avropadan gələn mənəvi aşınma daha ağır duruma sala bilər.
Bəlkə də Avropanın türk kişisinə münasibəti məhz bu aşınma proqramı fonunda məqsədli bir fəaliyyətdir. Onsuz da tarix boyu şərəf və namusa önəm verilməyən Avropada türkün bütün uğurlu nəticələrinin, bu toplumda kişilərin söz sahibi hüququnu qətiyyətlə qorunmasında axtarmaları, onları bu fəaliyyətə təhrik etdi. Bu mənada türkün gələcəyini öz zövqünə uyğun görməyə çalışan Avropa elə bu addımı ilə türk toplumlarını aşındırmağa səy etmişdir. Bu gerçəkliyi dərk etmək üçün son onillikdə Avropadan türk cəmiyyətlərində kişilərin rolunun sıxışdırılması ilə bağlı son dərəcə canfəşanlıqla həyata keçirilən proqramlara nəzər salmaq kifayətdir. Görünür kişilərin cəmiyyətdə, xüsusən ailədə rolunun heçə endirilməsi elə türk cəmiyyətlərini Avropanın istədiyi bir səviyyəyə endirə biləcəkdir.
Son on ildə Azərbaycanda bu mənəvi aşınmaya xidmət edən proqramları izləyəndə bir sızıltıdan yan keçə bilmirsən: Görünür milli mentaliteti qorumağa hazır Azərbaycan kişilərinin faciəsi başlayır. Əvvəlcə gender bərabərliyini əsas gətirərək, qadın qarşısında kişilərin üstünlüyünün heçə endirilməsi, daha sonrakı mərhələdə isə öz uşaqları üzərində səlahiyyətləri alınan kişiləri Avropalı kişiciklərə bənzədən qanunlar bu toplumu hara sürükləyir?
Yəni artıq yalnız o kişilər alqışlanmalıdır ki, onlar öz qadınlarından heç bir hesabat istəməsinlər? Bir az diqqət edəndə görürsən ki, bu “Avropalaşmanın” carçıları daha çox qadınlardır. Əgər qadınlar bu gün onlara verilən sərbəstliklərlə kifayətlənmirlərsə, onlar haraya qədər yürümək fikrindədirlər.
Bir ata sözündə deyildiyi kimi “Allahsız yerdə oturmaq, ağsaqqalsız yerdə oturmaqdan daha yaxşıdır”. Bəs onda kişilərin “zərərsizləşdirildiyi” bir cəmiyyətdə bizi nələr gözləyir?
Комментариев нет:
Отправить комментарий