Azərbaycan Ziyalılar Forumu dünən hakimiyyətin qurum üzvlərinin Hyatt Regency otelində gənc fəallarla görüşmək istəyini qadağan etməsini pisləyib.
“Ziyalılar Forumuna tədbir keçirməyə imkan verilməməsi uşaq ərköyünlüyüdür. Biz siyasi partiya deyilik. Ziyalılar ölkədə və beynəlxalq aləmdə Azərbaycana mənfi imic gətirən məsələlərə münasibət bildirir. Dünənki tədbirimizdə isə gənclərin problemlərindən danışacaqdıq. Bizim xoşməramlı tədbirimizə qeyri sivil yanaşma təəccüb doğurur. Elə dairələr var ki, qulaqlarını tənqidə qapamaq istəyir”, - deyə forumun üzvü Cəmil Həsənli qeyd edib.
Forumun digər üzvü, politoloq Eldar Namazov otel administrasiyasının texniki problemlər haqqında arqumentlərini tutarsız adlandırıb. Təşkilatçılar başqa zal verməkdən və ya tədbirin tarixini dəyişməkdən imtina ediblər ki, bu da qadağanın siyasi xarakterli olduğunu göstərir, deyə Namazov qeyd edib.
Forumun digər iştirakçıları öz çıxışlarında bütün “vicdan məhbuslarının”, o cümlədən həbs edilmiş islamçıların və AMİP lideri Nemət Pənahlının azad edilməsi məsələsini qaldırıblar.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin fəaliyyəti xüsusi tənqidə məruz qalıb.
“Demokratiyanın magistral yolu azad seçkilərdən keçir. İran şahı Məhəmməd Rza Pəhləvi belə utana-utana deyirdi ki, 3-4 nəfəri parlamentdə görmək istəyir. Amma Azərbaycanda Ramiz Mehdiyevin siyahısından kənarda bir nəfər belə parlamentə keçməyib”,- deyə Cəmil Həsənli vurğulayıb.
Ziyalıların digər nümayəndələri də bu fikri dəstəkləyiblər. “Nə qədər ki, eyni şəxslər uzun müddət vəzifə tutur, nə qədər ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindədir, Azərbaycanda islahatlar olmayacaq”, deyə kinodramaturq Rüstəm İbrahimbəyov bildirib.
Ziyalılar ölkədə vəziyyətin gərgin olduğunu diqqətə çatdırıb. Onların fikrincə, bütün statistika yalanlardan ibarətdir. Rüstəm İbrahimbəyov deyib ki, 5-6 adam dövləti öz maraqlarına işlədir. “Müstəqillikdən 20 il keçməsinə baxmayaraq, bu insanlar dəyişməyib. Azərbaycan məktəbləri rüşvət alanlar istehsal edir. Uşaq 3-4 yaşından rüşvətin nə olduğunu dərk edir. Məktəb illərindən başlayaraq rüşvətverənə çevrilir. Sonra rüşvəti həyat tərzinə çevirir və nəhayətdə özü rüşvətalan olur. Bu dəyişməlidir. Dəyişiklik üçün isə cəmiyyət qorxudan xilas olmalıdır, tənqid və ictimai nəzarət gücləndirilməlidir. Bunun üçün isə ilk öncə ziyalılar sözünü deməlidir”, - deyə o qeyd edib.
Ziyalılar həmçinin islahatlara başlaması üçün hökumətə təsir mexanizmlərindən danışıb. “Birqütblü sistem dayanıqlı ola bilməz. Biz istəyirik ki, insanlar eşidilsin. İqtidar isə hər şeyi ya qaranlıqda görmək istəyir, ya da qaranlıq imitasiyası yaradır. Amma, zorla qaranlıq yaratmaq mümkün deyil. Artıq ata-oğul nəsli deyil. Dünya dəyişib. İndi internetlə böyüyən, sosial şəbəkələrdə tərbiyə alan nəsil formalaşıb”, - deyə akademik Rafiq Əliyev qeyd edib.
contact.az
Комментариев нет:
Отправить комментарий