28.12.2011

SƏNSİZLİYƏ SALAM VERDİM


Könül Səid

Sənsizliyə salam verdim
Keçmiş günlərimin qırıq pəncərəsindən,
Qan daman barmaqlarım da
Salamladı həsrətdən solan günəşi.
***
İçimdə dəli bir kədər var
Ağlada-ağlada güldürür məni,
Çıxardır illərdir qəlbimdə yatan
İtmiş kimliyimdən boylanan Məni.
***
Arzularını göz yaşlarında boğdu
Ümidlərini kədərli gülüşlərində.
Sevgisini bir qayığa yükləyib
Ötürdü yad olan sahilə doğru.
***

İntihar qoxulu vücudumu
Sürüyrəm yol boyu
Kəsir yalın ayaqlarımı
Kəsək, daş, şüşə.
Bəlkə bu gedişlə qurtulacağam,
Bəlkə də yoxluğa mən dolacağam,
Süzülür qanım dolaşıq yollara
Ağrılar, acılar da qərq olur burda
Yoxluğun varlıqla buluşmasında.
***

Gəl sənə nağıl danışım
Qaranlıq gecələrdən,
Sənsiz sakit görünən
Dolaşıq döngələrdən,
Gəl sənə nağıl danışım
Sənsizliyin üsyan etdiyi
Sənli günlərdən.
***
Biz eyni dəftərin
Ayrı-ayrı vərəqləriyik.
Mən həmişə ağ qalıram
Mürəkkəblə bulanmıram.
Sən isə şumlanmış tarla kimisən
Yazılırsan, pozulursan,
Darmadağın olursan.
Arada da lazımsız
Artıq bir vərəq kimi
Cırılırsan, atılırsan
Zibil qutusuna
Bax, görürsən fərqimizi?!
Mən həmişə ağ qalıram.
***
Hər gecəm eyni, monoton
Rəngsiz, fonsuz fırlanır
Öz oxu ətrafında.
Uzaqlardan isə musiqi dalğaları
Bu günümə yamaqlı calaq
Olmağa çalışır.
İllərdir qırılmış,
Bir küncə atılmış,
Nədənsə susmayan, oxuyan
Bir köhnə qrammofon
Məni narahat edir.
***
İllərdir yatdığı çarpayısından
Ölü bir ağırlıqla qalxdı.
Qar da qəfildən yağdı saçlarına,
Üşüdü əlləri soyuq təmasdan.
Sürüdü ayaqlarını çox çətinliklə
Tozlu aynasının önünə doğru
Diksindi, titrədi ürəyi,
Sanki yad bir qadın baxdı aynaya.
Gözləri fərqli, üzü qırışlı
Özünə qoca deməyə belə utandı.
Yaddaşında gömdü cavanlığını,
Zəhərlədi ilan kimi keçmişini,
Əbədi və sonsuz bir iz buraxdı,
Aynanın xırdalanmış hər zərrəsində ...
***
Bu gecə
Yaman uzun olacaq,
Uzanacaq uzandıqca əlləri.
Sarı tüstü qoxan nəfəsi ilə
Yapışacaq ulduzların yamaqlı yaxasından
Amma,
Sabaha çata bilməyəcək...
***
Payızı gözlərimdə öldürdün
Onun göz yaşları axdı yanaqlarımdan.
Sarı rəngdən bir ton yuxarı,
Qırmızıdan bir ton aşağı,
Bir rəngə boyandı üzüm.
***
İkimiz də köçəcəyik bu dünyadan
Susaraq aşacağıq o son döngəni,
İkimiz də sabahı dünəndə boğub,
Yaralı ruhumuza vida söyləyib,
Köçəcəyik kimsəsizliyə doğru...
***
Nidalar üsyan edir
Hər bir sözün sonuna
Bir quyruq olmaq üçün.
Nidalar tüğyan edir
Hər bir məşhur şairin
Şeirinin sonuna
Bir kölgə olmaq üçün!!!
***
Yenə də həyat anlamını itirdi
Kövrək qəlbimin gizli qatında.
Toz basmış aynamdakı əksim
Aciz bir insana bənzədi.
Bəlkələrə sığınmağa çalışdım
Bölgülərdən, sınaqlardan yoruldum.
***
Kədərli musiqilər ruhuma qidadır,
Qarışıq içkilər əhvalıma toxunur,
Rəngli duyğular dar çərçivə içində,
Mənasız misralara bir addım yaxınlaşır.
***
Gecənin parlaq yaşıl işıqları
Görünməyən buludların üzərində
Qəribə bir sevginin
Gizli tarixini həkk edir.
***
Qısqanmaq və uduzmaq kimi bir qorxum yox mənim,
Aldanmaq və aldatmaq kimi bir suçum da yox,
Ammalar, bəlkələr girdabından qurtulsam əgər
Mavi bir dənizdə qayıq olacam.

Комментариев нет:

Отправить комментарий