Xətrimə dəyirsən zalımın qızı!
Hər gün bircə addım uzaqlaşırıq
Hər gün gələcəyin qorxularıyla
Yataqda yol gedib qucaqlaşırıq!
Gözündə sevgi yox, vicdan əzabı
Əlində bir soyuq inkarın yükü
Mənə baxmaqdansa yerə baxırsan
Mənsə kefli-kefli, boynu bükülü...
Sözlərin ox kimi tullanır mənə
Artıq sevə-sevə danışanmırsan.
Keçmişdə bir küsüb min barışardın
İndi bircə dəfə barışanmırsan.
Bilsəydim bu qədər sevməzdim səni
Gedib vurulardım qayaya, daşa.
Sel kimi axardım dərədə, düzdə,
Çay kimi vurardım ömrümü başa.
Sənin qaş-qabağın, mənim heyrətim
Tufanın öncəki süküt, faciə.
Yadıma gəlir ki, biz gülüşərdik
Demə alışırdıq bu səssizliyə!
Çıxıb gedəcəyəm harasa bir gün,
Çiynimdə dərdlərin gülüşmə səsi...
Sənə sığınmağın dadı başqadır
Səndən sənə qaçmaq olardı kaş ki...
Комментариев нет:
Отправить комментарий