Dekabrın 21-də Vaşinqtonda Amerika Azərbaycanlıları Demokratiya Uğrunda -AZAD təşkilatının təşəbbüsü ilə "Azərbaycan: narazılığın artan səsləri” mövzusunda keçirilən forumda ölkənin yeni siyasi dinamikasına nəzər salınıb.
Turan-ın müxibirinin forumdan verdiyi məlumata görə, Azərbaycanda insan haqları, seçki, korrupsiya və mülkiyyət hüquqlarının pozulmasına dair son vəziyyət foruma qatılmış Vaşinqton analitikləri, rəsmilər və və sabiq diplomatların diqqətini çəkib.
Məruzəçilər Bakıdan tarixçi-alim Cəmil Həsənli və FAR Mərkəzinin sədri Hikmət Hacızadə diqqəti ərəb inqilablarının ardınca Azərbaycanda baş qaldıran "yeni səslər”ə - gənclər hərəkatı, dindarlar və ziyalıların mübarizəsinə çəkiblər.
C.Həsənli deyib ki, hakimiyyət Azərbaycanda digər sahələr kimi, siyasəti də "monopoliyaya almağa” çalışır və buna qismən nail olub. Sonuncu parlament seçkiləri müxalifəti tamamilə səhnədən silib və yerini "siyahısı Prezident Sarayında tutulmuş şəxslərə” verib.
C.Həsənli güman edir ki, hakimiyyət "xoşağəlməz suallarla” üzləşməmək üçün opponentlərini sıradan çıxarır. "Hətta 20-ci əsrin ən məşhur diktatoru Rza Pəhləvi də öz dövründə İran Parlamentində bir neçə müxalifətçinin təmsilində maraqlı idi”.
Özünə qapanmış iqtidar ziyalıları da "görmək istəmir”. Həsənli deyib ki, "tarixin heç bir dönəmində Azərbaycanda bu qədər qeyri-ziyalıdan ibarət hakimiyyət olmayıb”. Bu siyasətin nəticəsidir ki, ölkənin istiqlal bəyannaməsini imzalamış şəxslərdən biri - Arif Hacılı hazırda həbsdədir.
Hakim zümrənin daha da varlanmasına yönəlmiş neft siyasəti və artan korrupsiya "aşağılarda” əsəbləri gərir, insanlar ədalət tələb edirlər”, o vurğulayıb.
Azərbaycanın beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında qeyri- azad ölkə kimi xarakterizə edildiyini xatırladan Hikmət Hacızadə diqqəti ölkə daxilində cücərən "yeni səslərə” yönəldib.
Onun fikrincə, narazılıqlar məişət zəminində başlasa da, ziyalılar və gənclər hərəkatını hərəkətə gətirib. Dindarlara gəldikdə, onların heç də hamısı ekstremist deyil, aralarında demokratiya həkəratının təmsilçiləri də var.
Hər iki məruzəçi ölkədə islahat və dəyişiklik çağırışlarının artdığı qənaətindədir.
Tədbirə qatılmış ABŞ -ın Bakıdakı sabiq səfiri Richard Kozlariç Azərbaycan üçün xarakterik olan korrupsiyanın niyə məhz indi etiraz doğurğudunu sual edib.
Məruzəçilər bunu üç amilə əlaqələndiriblər. Korrupsiyanın "simasızlaşması”, cəmiyyətdə neft gəlirlərinə olan ümidlərin puça çıxması və hakimiyyətin "əsl üzünün" Wikileaks sənədlərinin timsalında açılması (Turan).
Комментариев нет:
Отправить комментарий