31.12.2011

Türk tarixi -7


VII hissə: Alp Ər Tunqa öldümu, Fələk öcün aldımu…

 Bozqır türkləri yaşadıqları yer və iqlimə görə heyvandarlıqla güzaranlarını təmin edirdilər. Bunların başında at və qoyun gəlirdi. Öküz, inək sulu və əkinçiliyə əlverişli yerlərdə daha faydalı olduğu üçün, ilk zamanlar bozqırda yetişdirilmirdi. Sığır heyvan daha çox hind və Avropa ellərinə məxsusdur. Donuz isə monqollarda yetişdirilirdi. Lakin sonradan sığır, qatır və dəvə türklərdə də oldu.
 Türklərin əsas qidalarını ət (at və qoyun əti) təşkil edirdi. Yeməklərdən şorba növləri çox sevilirdi, bunlardan yahnı (işkənə), tutmac- yoqurtlu (qatıqlı) və çörəkli şorpa çox sevilirdi. Hunlar zamanından bəri içkiləri qımız idi. Qımızı at südündən mayalandırıb hazırlardılar. Göktürklərin bekni adlı bir içkiləri vardı ki, buğda və darıdan düzəldirdilər. Oğuzlar boza (arpa, darı və ya buğda xəmirini qıcqırtmaqla qayrılan meyxoş içki) içərdilər.

 Südlü darı, pendir, yoqurt bozqır yeməklərinin əsasını təşkil edirdi. Yoqurt sonradan bulğarlar vasitəsilə Avropaya da keçmişdir. Uyğurlar Türküstanda üzüm əkər, ondan şirə və şərab düzəldərdilər.
 Əski türklərin geyimləri əsasən heyvan dərilərindən və yunundan olurdu. Onlar bez toxuyur və paltar üçün kənaf yetişdirirdilər. Rumlular kətan köynəyi ilk dəfə hunlarda gördülər. Bozqırın geyimi pencək və şalvardan ibarət idi. Çünki bu paltar atlıya daha münasib idi. Avropalıların köynəkləri isə uzun idi. *****
 Əski türklər şəhərə balık deyirdilər, bu gün işlədilən palçıq sözü eyni kökdəndir. Türk xaqanlarının iki sarayı var idi; biri yaylaq, digəri qışlaq. Qışlaq sarayları şəhərdə bina edilirdi. Mete xanın yaylaq sarayı bugünkü Monqolustanda Otugen çayı kənarında, Orxon ətrafında yerləşirdi. İkinci Göktürk xaqanlığının qurucusu Eltəriş xaqanın yaylaq sarayı Çoğayda və qışlaq sarayı Qaraqumda, həmçinin Qərbi Göktürk hökuməti başçısı İstəmi xanın yazlıq sarayı İkdağda və qışlıq sarayı İssık-kulda idi. Uyğur xaqanı Moyin Çurun (747-759) qurduğu Ordu və Balık şəhərlərinin xarabalıqları hələ də mövcuddur. Şəhərləri əsasən çiy kərpicdən tikilib, ilin müəyyən aylarında oturulurdu.
 Çindən Avropaya qədər çəkilmiş ipək yolu min il Çin-Türk keşməkeşlərinə və savaşlarına səbəb olmuşdur. Bunların hər biri bu yolları əllərində saxlamaq istəmişlər, nəhayət 751-ci ildə Talas (Təraz) hərbində müsəlmanlar qarluqların köməyi ilə çinliləri məğlub edib, bu yolları öz nəzarəti altına almışlar. Bu hadisədən sonra uyğur, qarluq və oğuz şəhərləri daha da abadlaşmışdır.
 İpək yolundan başqa ona bərabər olan bir kürk yolu da var idi. Bu yol Xəzər, Bulğar torpaqlarını, Ural və Sibirin cənubundan və Altay-Sayan dağlarından keçərək Çinə yetişirdi. Bu yoldan kürk hazırlamaq üçün səncab, tülkü, samur və bu kimi heyvanların dərisi daşınır, tacirləri isə oğurlar və bulğar türkləri idi.
*****
 İndi isə türk ellərinin dastanları (şifahi ədəbiyyat), yazı, sənət, musiqi, zaman hesabı, düşüncə, əxlaq və yazılı ədəbiyyatından qısa şəkildə bəhs edəcəyik.
 Türklərdə qurd üstün, qüdrətli bir rəhbər kimi əfsanələrə girmişdir. Göktürklərin inandıqlarına görə, xaqan ailəsi Aşina sülaləsinin böyuk cəddi bir dişi qurd imiş. Göktürk xaqanlarının otağı qarşısında taxılan tuğun ucundakı qızıl qurd başı xaqanlıq əlaməti idi.
 Asiya hunları, Qərbi Türküstan vosunları və tabqaçlarda da qurd əfsanəsi vardı.
 Əski türkcədə qurda «böri» də deyilirdi ki, Çin mənbələrində bu «foli» şəklində yazılmış, göktürklərin mühafizə alayının əsgərlərinə də foli deyilmişdir.
 Oğuz və digər türk dastanlarında da qurd rəhbər rolunda olub, səadət və zəfər rəmzidir.
*****
 Türk ellərinin ədəbiyyatı Orta Asiyada dastan ədəbiyyatı ilə başlamışdır.
 Dastanlar xalq şairləri, saz şairləri tərəfindən sazın müşayəti ilə söylənilir, xalq gözüylə görülən, xalq ruhu ilə duyulan, xalq xəyalında nağıl şəkli alan tarixlərdir. Musiqi aləti ilə çaldıqları ahənglərə kuğ (küy) və ya kök deyirdilər. Mühüm gördükləri hər hadisə və vaqeəni öz təxəyyülləri ilə bəzəyərək, bir-birlərinə anladır və zamanla dastan yaranırdı.
 Dastanın müəllifi bir fərd deyil, bir el və ya millətdir. Dastanlar və digər şifahi xalq ədəbiyyatı nümunələri xalq həaytının bir aynası, əski kültür və folklorumuzun xəzinəsidir.
 Müxtəlif saz alətləri arasında qopuzun xüsusi yeri vardır. Türküstanda Turfan arxeoloji qazıntılarında ələ keçən uyğur miniatürləri uyğur türkləri arasında orkestr təşkilatı olduğunu meydana çıxartmışdır. Bu orkestrdə müxtəlif saz alətləri, o cümlədən qopuz və cəngə bənzəyən, ağızla çalınan sazlar da görünməkdədir.
*****
 «Bildiyimiz kimi, islam və ərəblər İrana gələndən sonra İranda pəhləvi dili və ədəbiyyatı tərk edilmiş, yerinə ərəb dili hakim olmuşdur. Bu hadisənin ardından Türk elləri İrana gəlib və min il hökuməti ələ almışlar. Bütün bunlarla yanaşı, İran yenə də öz istiqlal və hakimiyyətini əldə edib, fars dil və ədəbiyyatını inkişaf etdirib başqalarına, hətta hakim türklərə də yaymağa müvəffəq olmuşdur. Bu böyük hadisədə Firdovsinin əski qəhrəmanlıq dastanlarını şeir dili ilə bəyan edən «Şahnamə»si böyük rol oynamışdır» (Doktor Cavad Heyət, Türklərin tarix və mədəniyyətinə bir baxış).
 Nizami Gəncəvinin türk dilində olan lirik şeirlər «Divan»ı hazırda Tehran kitabxanalarının birində saxlanılır. Onun surətini çıxarmağa, hətta oxumağa da icazə verilmir.
*****
 Zaman keçdikcə dastanlarla zəngin olan millətlərin aydınları arasında böyük dastan şairləri yetişdi və onlar millətlərinin əfsanəvi-tarixi ruhda milli dastanlarını yazdılar. Bu işi Yunanıstanda Homer, İranda Firdovsi görmüşdür. Mərhum Azərbaycan şairi Səhənd də «Dədə Qorqud» dastanlarını günümüzün dili və sayağı ilə qoşmacalar halında tərənnüm etmiş və «Sazımın sözü» adı ilə iki cilddə nəşr etdirmişdir.
*****
 YARADILIŞ DASTANI. Tanrı «Tüpür!» deməsəydi, kişi boğulacaqdı. Tüpürülən torpaq yerin üstündə təpələr və bataqlıqlar yaratdı. Torpaq böyüdü və dünya oldu.
 Yaradılmış ilk insanlar gözəl və yaxşı idilər. Şeytan onları öz tərəftinə çəkmək istədi. Tanrı şeytana uyan insanların ağılsızlığına qəzəblənib, şeytanı torpaq altındakı qaranlıqlar dünyasının üçüncü təbəqəsinə saldı, özü üçün isə göyün on yeddinci təbəqəsində bir nur aləmi yaradıb oraya çəkildi. Sonra şeytanı dünyanın ən alt təbəqəsinə saldı və dünyanın sonuna qədər orada qalmasını əmr etdi.
 Qədim türk inancına görə, Tanrı Kayra xan indi göyün on yeddinci təbəqəsindən kainatı idarə edir. Göyün yeddinci təbəqəsində Gün Ana və altıncı təbəqəsində Ay Ata otururlar. Bu dastan və ya nağılı XIX əsrdə V. Radlov şaman Altay türkləri arasından toplamışdır. 
 ƏFRASİYAB DASTANI. Əfrasiyab qədim türk xaqanı və qəhrəmanıdır. Bu qəhrəmanın türk adı Alp Ər Tunqadır (Alp- qəhrəman). Alp Ər Tunqa e.ə. VII əsrdə Saqa türklərinin (Turan) böyük xaqanı olmuşdur. O, İran-Turan savaşlarında iştirak edərək, iranlıları dəfələrlə məğlub etmiş, sonunda Key Xosrova (Midiya şahı Kiya Kəsra) məğlub olaraq öldürülmüşdür. Bizdən doqquz yüz il əvvəl Mahmud Kaşğarinin yazdığı «Divani lüğət ət-türk» kitabında (Türk dil və ləhcələrinin lüğət və qrammatikası) dəfələrlə Alp Ər Tunqadan bəhs edilir və onun ölümündə söylənilmiş sağu (mərsiyə) verilir:

    Alp Ər Tunqa öldümu,
    Fələk öcün aldımu
    Fani dünya qaldımu?
    Şimdi ürək yırtılur.

    Zaman fürsət gözətdi
    Oğru tuzak uzatdı
    Bəylər bəyin azıtdı
    Qaçsa canı qurtulur.

 Bu şeir qədim türk şeirinin bariz nümunəsidir. Mahmud Kağaridən üç il qabaq Yusif Xas Hacib tərəfindən yazılan «Qutadğu bilik» (Elmi siyasət) kitabında da Əfrasiyab haqqında misralar vardır:

    Bu türk bəklərində ati belgülük
    Tunqa Alp ər irdı kuti belgülük
    Bedük bilgi birlə öküş ərdəmi
    Biliklik okuşluk budun kördəmi
    Taciklər ayır onu Əfrasiyab
    Bu Əfrasiyab tutdu ellər talab.

 Alp Ər Tunqa barəsində «Şahnamə»də müfəssəl rəvayət vardır. Təbiidir ki, Firdovsinin nəzmə çəkmiş olduğu rəvayətlər ancaq qarşı tərəfin görüşünü əks etdirmişdir.
 OĞUZ XAN DASTANI. Bu dastanın bir islamdan qabaq, bir də islamdan sonrakı şəkli vardır. XIII əsrdə uyğur yazısı və dili ilə yazıya keçən dastanın qəhrəmanı Oğuz xan türklərin cəddidir və böyük hun xaqanı Mete xan olması ehtimal edilir. Bu dastanın tək əlyazma nüsxəsi Paris Milli kitabxanasındadır və onun İstanbul türkcəsində mətni 1936-cı ildə Banqi ilə Rəşid Rəhməti Arat tərəfindən Türkiyədə nəşr edilmişdir. Dastanın islami şəkli XIII əsrdən sonra «İcad», «Came ət-təvarix» və Əbu-l-Qazi Bahadur xanın «Şəcəreyi Türk»ündə nəql edilir.

Комментариев нет:

Отправить комментарий