Çağırışçının Bakıya xəstəxanaya göndərilməsi üçün Həsrət İsmayılov valideynlərdən 1000 manat pul tələb edir
Cəlilabad Hərbi Komissarlığında biabırçı hadisə qeydə alınıb. JAM.AZ xəbər verir ki, «toyuq korluğu» xəstəliyindən əziyyət çəkən Yusif Məmmədov hərbi xidmətə göndərilib. Validyenlərinin etirazından sonra isə təxsis olunub.
Yisif Məmmədovun atası Mahir Məmmədov bununla bağlı media orqanlara şikayət məktubu göndərib. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırlq.
"Mənim oğlum Məmmədov Yusifin anadangəlmə gecə görmə qabiliyyəti yoxdur. Ekspertlər də bildiriblər ki, bu elə bir xəstəlikdir ki, heç vaxt müalicəsi mümkin deyil. O xəstəliyin dəqiq elmi adını bilməsəm də (müxtəlif xəstəxanaların verdiyi müvafiq kağızlarda göstərilib), el arasında buna “toyuq xəstəliyi” deyilir. Oğlum gündüzlər görsə də, gecə qətiyyən görmür. Biz onu anadan olandan ta indiyə kimi gecələr çölə, ayaqyoluna əlindən tutub yanımızda aparıb gətiririk. Həkim kağızlarında da göstərilir ki, oğlumun görmə qabiliyyəti 23-30 faizdir.
Bu il oğlumun əsgərlik yaşı tamam oldu. Mən evdə olmadığımdan həyat yoldaşım və yeznəm uşağı da götürüb Cəlilabad rayon Hərbi Komissarlığına gəlmişlər. Onlar Cəlilabada hərbi komissarı Həsrət İsmayılovun yanında olmuş, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin verdiyi arayışı və tibbi müayinə kağızlarını komissara təqdim etmişlər. Komissar Həsrət İsmayılov kağızları vərəqləmiş, lakin bundan sonra qeyri-etik, məmura yaraşmayan hərəkətlərə yol vermişdir. Belə ki, o kağızları həyat yoldaşımın sifətinə çırpmış, qışqırmışdır ki, götürün rədd olun çıxın burdan, mənə bu kağızlar lazım deyil, uşağınız əsgər getməlidir! Yeznəm ona demişdir ki, bu çox ədəbsiz hərəkətdir, əvvəla sən dövlət məmurusan, kağızı qadının sifətinə çırpmazlar. Bundan sonra komissar Həsrət İsmayılov bildirmişdir ki, mən nə Zərifə Əliyeva mərkəzinin kağızlarını, nə də sizi hərləmirəm, gedin 1000 manat gətirin, uşağınıza Bakıya göndəriş verim, bilet düzəldin, yoxsa mümkin deyil! Sanki biz bəy-xan dövranında yaşayırıq, Həsrət İsmayılov isə kəndxudadır, hər şey o dediyi kimi olacaq.
Həsrət İsmayılov bu rayona göndəriləndən Cəlilabad Hərbi Komissarlığında rüşvət baş alıb gedir. Çağırışçının Bakıya xəstəxanaya göndərilməsi üçün Həsrət İsmayılov valideynlərdən 1000 manat pul tələb edir. Belə bardaq və korrupsiya görünməmişdi. Qiymətlər qalxıb, rayonda hərbi biletin qiyməti 3000-4000 civarındadır. Qadın bilmir, uşaq bilmir, hamını təhqir edir, min bir oyundan çıxır ki, pul qazansın.
Mən Həsrət İsmayılovun yanında oldum, dedim ki, o boyda Zərifə Əliyeva adına xəstəxana mənə kağız verib ki, uşağın gözü görmür, bəs sən ona nə deyirsən? Deyir ki, o boş şeydir, Zərifə Əliyeva adına mərkəzin verdiyi kağızlar hamısı saxtadır! Mən təəccüb içində qaldım.
Həsrət İsmayılov mənim inadkarlığımı görüb acığa düşərək oğluma “povestka” verib əsgərliyə göndərtdirdi, oğlumu apardılar, hətta Naxçıvana hərbi hissəyə düşdü. Lakin bir neçə gün keçmədi ki, orda uşağımın həqiqi xəstə olduğunu görüb geri qaytardılar, hətta onu göndərən hərbi komissarı lənətlədilər. Bunlar puldan sarı min oyundan çıxırlar. Xəstə olanı aparırlar, sağlam olandan isə pul alıb xəstə edirlər. Oğlum gecələr qətiyyən görmür, sabah əsgərlikdə “padyom” verib ayağa qaldırsaydılar, uşaq əl-ayaq altında qalıb şikəst olacaqdı. Bunu oğlumun düşdüyü hərbi hissədəki komandirlər və həkimlər də təsdiq etdilər. Komissar Həsrət İsmayılov Zərifə Əliyeva adına xəstəxananın kağızlarını vecinə almayaraq oğlumu əsgərliyə göndərmişdi. Mən dəqiq bilirdim ki, oğlum əsgərlik xidmətinin yarısından “komsovat” olunub geri göndəriləcək. Pislik komissar Həsrət İsmayılova qaldı. Puldan sarı özlərini biabır edirlər, min oyundan çıxırlar və Azərbaycan məmuru adına ləkə gətirirlər. Belələrinin dövlət vəzifəsində işləməsi düzgün deyil. Xəstə uşağımın nahaq yerə, heç nədən hərbi xidmətə gönədrilməsi ailəmizə saysız-hesabsız fiziki və mənəvi iztirablar hesabına başa gəldi. Cəmiyyətimizdə artan psixi xəstəliklər məhz bu cür məmurların ucbatından baş alıb gedir. Həsrət İsmayılov rüşvət vermədiyimi görüb uşağım obyektiv müayinədən keçməsinə imkan vermirdi. Mənim uşağım əsgərlikdə tələf olacaqdı, bunun məsuliyyətini isə Cəlilabad Hərbi Komissarı Həsrət İsmayılov daşıyacaqdı. Məgər o bunu fikirləşmir?
Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin verdiyi kağızda da göstərilir ki, Məmmədov Yusif gecələr görmə qabiliyyətinə malik deyil. Amma Cəlilabad rayon Hərbi Komissarı Həsrət İsmayılov pul maraqlarına görə, tamahkarlığa görə bu kağızı saya salmadı, hələ bir deyir ki, Zərifə Əliyeva xəstəxanasının verdiyi kağızlar saxtadır. Xahiş edirəm ki, əlaqədar dövlət orqanları bu işlə dərindən maraqlansınlar və jurnalistlərimiz bu məsələni işıqlandırsınlar ki, Həsrət İsmayılovun rüşvət kompaniyasına son qoyulsun və bizim kimi insanların haqqı tapdalanmasın".
Комментариев нет:
Отправить комментарий