03.05.2016

“Dəmirəl Elçibəyin razılığı ilə Ermənistana taxıl vermişdi”

Moderator.az saytında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş müdafiə naziri Rəhim Qazıyevlə bağlı çıxışı, həmçinin Rəhim Qazıyevin həmin video görüntülərlə bağlı fikirləri yer alıb.
Həm video görüntüdə, həm də Rəhim Qazıyevin həmin video görüntüylə bağlı səsləndirdiyi fikirlərdə Türkiyənin keçmiş baş naziri Süleyman Dəmirəl Ermənistana taxıl verməkdə günahlandırılır.
Moderator.az-a bu məsələ ilə bağlı həmin dövrdə “Azərbaycan dünyası” qəzetinin baş redaktoru vəzifəsində işləmiş jurnalist Amil Avoğlu açıqlama verib.
Amil Avoğlu bildirib ki, Türkiyə ermənilərə o zamankı prezident Əbülfəz Elçibəyin razılığı ilə taxıl verib:
“Əvvəla onu qeyd edim ki, taxılın Ermənistana deyil, Dağlıq Qarabağ ermənilərinə göndərilməsi nəzərdə tutulub. Mən o zaman “Azərbaycan dünyası” qəzetinin baş redaktoru idim və məsələyə aydınlıq gətirilməsi üçün müxbirlərdən birini o vaxtkı Türkiyə səfiri Altan Karamanoğludan müsahibə götürməyə göndərdim. Səfir demişdi ki, Türkiyə ermənilərə taxıl göndərməkdə heç vaxt maraqlı olmayıb. Bu qərar Azərbaycan prezidenti Əbülfəz Elçibəyin razılığı ilə qəbul edilib.
Bir-iki gün sonra Ə.Elçibəy Prezident Aparatında mətbuat işçiləri ilə görüş keçirib jurnalistlərin suallarına cavab verirdi. Sual vermək növbəsi mənə çatanda prezidentin düşmən tərəfə taxıl göndərilməsinə nə üçün razılıq verdiyini soruşdum. Eyni zamanda səfir A. Karamanoğlunun dediklərini onun diqqətinə çatdırdım. Elçibəy Dağlıq Qarabağ ermənilərinə taxıl göndərilməsinə razılıq verdiyini təsdiq etdi. Bunu orda ermənilərin qadınlarının, uşaqlarının, qocalarının, yaralılarının olduğu ilə əsaslandırdı. Mən özümü saxlaya bilməyib dedim ki, bu taxıl qadınların, uşaqların deyil, Azərbaycan xalqının qanını tökən “boyevik”lərin qarnını doyuracaq. Bundan sonra arada gərginliyə səbəb olan diskussiya yarandı. Vəziyyəti belə görən rəhmətlik Nəcəf Nəcəfov (o, prezidentin mətbuat xidmətinin rəhbəri idi) xahiş etdi ki, mən diskussiyanı dayandırım”.
Amil Avoğlu daha sonra bildirib ki, həmin axşam AzTV-nin xəbərlər verilişində həmin mətbuat konfransı bütövlükdə efirə verilib: “Ancaq nədənsə mənimlə prezıdent arasında olan sual-cavab kəsilib götürülmüşdü. Taxılla bağlı əsl həqiqət bundan ibarətdir. Və bu deyilənlər o zaman “Azərbaycan dünyası” qəzetində öz əksini tapıb. Maraqlanan olsa mən onu əyani şəkildə də göstərə bilərəm. Hətta qəzetdə bir karikatura da vermişdim. Çiyni avtomatlı nataraz bir erməni “boyevik”i qucağında sünbül buketi çəkməsini Dağlıq Qarabağ torpağına qoyub təxminən belə deyir: “Silahımızı Rusiya verir, çörəyimizi isə Türkiyə””. /moderator.az/

Комментариев нет:

Отправить комментарий