“Qaydaları Amerika müəyyən etməlidir. Qərarları Amerika verməlidir. Digər ölkələr Amerikanın və onun tərəfdaşlarının müəyyən etdiyi qaydalarlarla oynamalıdır və bunun tərsi olmamalıdır”.
Əgər sitatda “Amerika” sözü olmasaydı, fərz etmək olardı ki, tamtam kimi səslənən bu cümlələr Mussoliniyə, yaxud Hitlerə məxsusdur. Ya da hansısa banda başçısı başqalarından məhz onun istədiyini etmələrini tələb edir. Kəlmələrdə şantaj da var, isterika da. Çətin ki, özünə tamamilə əmin olan birisi bir daha öz dominantlığını sərt şəkildə başqalarının qarşısına sərsin.
Ancaq yox. Danışan Obamadır. 2008-ci ilin Sülh üzrə Nobel laureatı. Əgər leksikon qətiyyən sülh və barışıq dilinə uyğun gəlmirsə, eyb etməz, Nobel mükafatını kimə gəldi paylamağa öyrəncəlidirlər.
Obamanın “Washington Post” qəzetinin 2 may sayında dərc olunan məqaləsindəki bu sözlər Konqresə yönəlib (və həm də hamıya). O, Konqresi bacardıqca tez Transsakit okeanı Əməkdaşlığı sazişini təsdiqləməyə çağırır. Bu saziş isə ABŞ, Kanada, Meksika, Peru, Çili, Yaponiya, Malayziya, Bruney, Sinqapur və Vyetnamı əhatə etməklə yeni bir iri azad ticarət zonasının yaranmasına gətirib çıxarmalıdır (Baxır kimin üçün “azad”). Bu dövlətlərlərin ticarət nazirləri yekun sənədi imzalayıblar, indi qalır sazişin hər bir dövlət tərəfindən ratifikasiyası. Obama tələsir, çünki alternativ təşəbbüs Çin tərəfindən də həyata keçirilir. Çinin təşəbbüsü ilə yaradılan iqtizadi azad zona isə özündə 15 dövləti birləşdirir (o cümlədən, ASEAN dövlətləri, Hindistan və Cənubi Koreyanı).
ABŞ üçün Çinin təşəbbüsü rəqabət deməkdir. Bu səbəbdən də, Obama öz müraciətində Çini xatırlamağı da unutmur: “Dünya dəyişir, qaydalar da dəyişir. Qaydaları Çin kimi ölkələr yox, ABŞ yazmalıdır”.
Bütün bunları necə adlandırmalı? Müştəbehlik? Narsissizm? Qulliver sindromu? Yəqin ki, neoimperializm.
Adətən, diktaturalar konkret ölkələri əhatə edir. İndi isə biz qlobal diktatura çağırışını dinləyirik.
Və sual doğur: Əgər dünyada kimsə Obamanın cızdığı qaydalardan kənara çıxsa, boyun əymək istəməsə, onda onun qisməti necə olacaq? Cavab çoxdan bəllidir - həmin yerlərə “demokratiynın ixracı” başlayacaq. Sanksiyalar şəklində, qırıcı təyyarələrin qanadlarında, işğal, yaxud vətəndaş müharbəsi formasında...
Axı bənzər hədələri nə vaxtsa bir nəfər də etmişdi. Onun soyadı Hitler idi. Sonu da ki, məlum.
O ki qaldı Transsakit okeanı Əməkdaşlığı sazişinə, ABŞ monopolistlərinə istədikləri iqtisadi siyasəti yürütmək şansını legitimləşdirən bu sənədin mətni sadalanan ölkələrin nəinki xalqlarına, heç siyasi isteblişmentinə də təfərrüatı ilə bəlli deyil. Şəksiz olanı odur ki, yeni “azad iqtisadi zona” inkişafda zəif olan ölkələri vuracaq, onların iqtisadiyyatını və sosial siyasətini çökdürəcək. Bunun fərqində olduqlarındandır ki, Meksika, Çili və Peruda sazişə qarşı kütləvi çıxışlar aylardır səngimir.
***
Eyni rüzgarlar Avropada da əsir. Və burada analoji vəziyyət yaranıb. Bu dəfə də Obama Avropa İttifaqı ölkələrinin rəhbərlərini başqa sazişi - Transatlantik ticarət və investisiya Əməkdaşlığı (TTİP) sazişini maksimum tez təsdiqləməyə çağırır.
Avropada tələsmirlər - Fransa, Almaniya, İtaliyada saziş əleyhinə etirazlar davam edir. Hələlik Obamanın tərəfdaşı rolunda yalnız Angela Merkeldir. O, sazişin müsbət tərəflərinə xalqını inandırmaqda aciz olduğundan apreldə Obamanı Hannoverə dəvət etdi. Birlikdə mikrofonlar qarşısına çıxıb təbliğat apardılar. Həmin vaxt isə 150 min nümayişçi sazişin əleyhinə küçələrdə idi.
Məsələ ondadır ki, TTİP-in sənədləri məxfi saxlanılır. Nəinki ictimaiyyət, hətta siyasətçilər də orada hansı bəndlərin olduğunu bilmir. “Açıq cəmiyyət” dediklər yəqin bu imiş.
Söhbət min illərin manuskriptindən yox, adidən adi kağızdan gedir. Onu oxumaq yox, sadəcə gözucu tanış olmaq üçün Berlində Ticarət nazirliyinin binasında seçilmişlər üçün oxu zalı yaradılıb. Yalnız əlahiddə adamlar bələdçinin müşayiəti ilə (sən sənədə baxırsan, o isə başının üstündən çəkilmir) tələm-tələsik kağızı gözdən keçirə bilərlər. Şəklini çəkmək - olmaz. Çıxarışlar edib yazmaq - yenə olmaz.
“Süddeutsche Zeitung” qəzeti mayın 2-də sızan məlumatlar əsasında müqavilə sənədindən bəzi bəndləri açıqlayıb. Məlum olur ki, TTİP reallaşandan sonra Avropa iqtisadiyyatı ABŞ ilə rəqabətə davam gətirməyəcək. Məxfi sənədlərə görə, ABŞ mallarının Avropaya axınını təmin etmək üçün Avropa İttifaqı özünün sosial, hüquqi və ekoloji standartlarının səviyyəsini endirməli olacaq. Yaxud, əgər Avropa okeanın o tayından daha çox kənd təsərrüfatı malları almaqdan imtina edərsə, ABŞ avtomobil ixracını azaldacaq. Bundan əlavə, Avropa genetik dəyişdirilmiş məhsulları da qəbul etməyə məcbur olacaq. Avropa İttifaqının prinsiplərinə görə, yalnız insan orqanizminə və ətraf mühitə ziyanı olmayan məhsullar satışa çıxarıla bilər. İndi isə ABŞ bu prinsipin də ləğvini tələb edir - geni dəyişdirilmiş məhsulların ixracına nail olmaq üçün.
Müqavilənin bütün şərtləri yalnız barmaqla sayılacaq siyasətçi və bürokrata məlumdur. Və sənədin məxfiliyi - çox mühüm faktordur. Çünki TTİP haqda ictimai fəzada dolaşan bilgilərin heç də əsl bilgilərlə üst-üstə düşmədiyindən xəbər verir. Odur ki, avropalıların qorxuları əsassız deyil.
Ancaq inciməyin yeri yoxdur. Amerika Obamanın dili ilə əvvəlcədən açıq mətnlə deyib: “Bizim qaydalarımızla oynamalısız”...
Комментариев нет:
Отправить комментарий