1991-ci ildə SSRİ dağıldığı zaman bizim heç birimiz üçün hansımızın türk, hansımızın talış, hansımızın kürd, hansımızın ləzgi, hansımızın şiə, hansımızın sünnü olmasının heç bir əhəmiyyəti və mənası yox idi. Biz hammız özümüzü azərbaycanlı, müsəlman hesab edirdik və ortaq dəyərlərimiz kimi də məhz bunu qəbul edirdik. Biz heç vaxt insanlara milli, etnik, dini yaxud da məzhəbi mənsubiyyətlərinə görə qiymət verməzdik, çünki bizim ölçülərimiz başqa idi. Bizim ölçülərimiz, ölçü vahidlərimiz yaxşı insan, yaxşı oğlan, dürüst kişi, yaxud qadın (qız) olmaq idi. Biz insanlara bu prizmadan qiymət verirdik. Ona görə də bizi istismar etmək, parçalamaq, torpaqlarımız işğal etmək mümkün deyildi. İnsanlar bir-birilərinə niyyətlərinə, əməllərinə, sözlərinə, hərəkətlərinə, etdiklərinə və etmədiklərinə görə qiymət verirdilər.
90-cı illərdə aramıza, beyinlərimizə elə viruslar saldılar ki, artıq cəmiyyət öz üzvlərinin hərəkətlərinə, baxışlarına, münasibətlərinə, şəxsinə və şəxsiyyətinə görə deyil, etnik, dini, məzhəbi mənsubiyyətinə görə qiymət verməyə başladı. Bununla da cəmiyyətimizdə insanların bir-birilərinə etimadsızlıqlarının, inamsızlıqlarının, ayrı-seçkiliklərinin, kiminsə yaradılış baxımından kimdənsə üstünlüyünün və ya əskikliyinin əsası qoyuldu. Beyinlərimizə, şüuraltımıza ölkəmiz, dövlətimiz, xalqımız, cəmiyyətimiz üçün çox yararsız, çox ziyanlı bir anlayış yeridildi. “Türkün türkdən başqa dostu yox” devizi bu cəmiyyətin ruhuna işlədikcə, təbii və doğru olaraq, “talışın talışdan, kürdün kürddən, tatın tatdan, ləzginin ləzgidən və s. və i.a. başqa dostlarının olmadıqları” təəssüratı avtomatik yaranmağa başladı. Yaxud başqa bir ifadə “nə mutluyam türküm deyənə” ifadəsi də əlbəttə ki, ölkəmizdəki digər qohum və qardaş etnik qrupları qıcıqlandırmalı və onlarda elə təəssürat yaratmalı idi ki, əgər bunlar türk deyillərsə, avtomatik mutsuzdurlar- yəni bədbəxt. Belə bir cəfəng ifadələrlə, fikirlərlə, ideoloji absurdlarla dolu olan sözlər, əlbəttə ki, ölkəmizdə digər etnik qrupların da millətçi damarlarına toxunacaq, onları qıcıqlandıracaq və onlar da türklər kimi “mutlu” olmağa çalışacaqdılar.
Baxın, bugün düşmən bizə qarşı təkcə silahla müharibə aparmır, o öz müharibəsinə haqq qazandırmaq üçün bugün məhz bu kartdan istifadə edir. Xarici xüsusi xidmət orqanları bizim əziz qardaşlarımızı, həmvətənlərimizi, qız verib, qız aldığımız, qohum olduğumuz, bir yerdə gülüb, bir yerdə ağladığımız, bir-birimizin xeyrində və şərində hansımızın haralı, hansı etnik qrupa mənsub olduğumuza fərq qoymadığımız qohumlarımızı bizim əleyhimizə qaldırmağa cəhd edirlər. Arqumentləri də budur ki, baxın, onlar üçün “türkün türkdən başqa dostu yoxdur”, “nə mutluyam türküm deyənə” kimi bir ideolojiləri vardır ki, bununla sizi saymırlar, sizi bədbəxt və ikinci sort hesab edirlər, nəyə görə siz də təşkilatlanıb onlarla mübarizə aparmayasınız? Xarici xüsusi xidmət orqanları bu mövzuda işləyirlər və işləyəcəklər də. Bugün hər bir türk anlamalıdır ki, onun bu cür axmaq, absurd, cəfəng fikri ancaq sionizmə xidmət edəcək. Digər etnik qrupdan olan qardaşlarımız da unutmasınlar ki, onları bizimlə məhz sionizm düşmən etmək istəyir. Sionizmin məqsədi bizim aramıza nifaq salıb, bizi biri-birimizdən küsdürmək, aramıza inamsızlıq salmaqdır. Unutmayın ki, onlar üçün bütün hallarda sizin hər biriniz müsəlmansınız.
Bugün bu ölkədə etnik ayrı-seçkilik salanlar, etnik mənsubiyyətinə uyaraq özlərini başqalarından üstün bilənlər və ya digərlərini özlərindən aşağı hesab edənlər əmin olsunlar ki, onlar bilərək, bilməyərək, istəyərək, istəməyərək erməniyə, kafirə və düşmənə xidmət edirlər. Sözün əsl mənasında onların dəyirmanlarına su tökürlər. Tarix boyu regionumuzda gedən müharibələrdə torpaqlarımıza tökülən türkün, talışın, ləzginin, tatın və digər qardaş xalqların qanları biri-birinə qarışıb. Əsrlər boyu bir-birimizə qız verib qız aldıq, qanlarımızı biri-birinə qatıb onu bərəkətləndirdik. Bugün torpaqlarımız uğrunda, bizim rahat evlərimizdə oturmağımız üçün hər bir bölgəmizin oğulları canlarından keçirlər, qanlarını bir-birilərinə qatırlar.
Etnik milliyyətçilik səviyyəsinə qədər enib cılızlıq edənlərə isə sözüm budur ki, qanlarını biri-birinə qatmış o igidlərin qanlarına hörmətsizlik etməsinlər.
Комментариев нет:
Отправить комментарий