ABBASİ ƏLƏM. Seydəkəran kəndində, Miri Qubadovun evində yerləşir. Deyilənlərə görə, ocaq XX əsrin 20-ci illərində yaranmışdır. Abbas adlı şəxsin adı ilə bağlıdır. Bank işçisi olmuş Abbasın təftiş zamanı maliyyə sənədlərində kəsir aşkarlandığı üçün evində axtarış aparılır. Axtarış nəticəsində onun evinin banında sandıq içində ələm tapılır. Qeyd edək ki, ələm ərəb sözü olub “əlamət”, “nişanə”, “işarə” və “bayraq” mənalarında işlənməklə , islamiyyətdə bayraq rolunu oynamışdır. Həmin vaxt Sovet imperiyasının bir parçası kimi Azərbaycanda da ateizm ideologiyası hökm sürdüyündən axtarış aparanlar metaldan olan ələmi həyətə atır, bu zaman ələmin bir barmağı da sınır. Seydəkəran kəndinin 84 yaşlı sakini Məmmədəli Əliyevin verdiyi məlumata görə, üzərində ərəb dilində yazı olan və müqəddəs Kərbəladan gətirilən ələm heç bir fiziki qüvvənin təsiri olmadan, ilahi qüvvənin təsiri ilə yenidən sandığa girir. Həmin hadisədən sonra Abbasın evində olan ələm ziyarətgaha çevrilir. Yerli sakinlər ziyarətgahı talış dilində “Abbasi ələm,” yəni, “Abbasın ələmi” adlandırmışlar. Ocaq əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
AĞABƏY OCAĞI. Girdəni kəndinin Orta (Mionə) məhəlləsində,Gülağa Həbib oğlu Babayevin həyətyanı sahəsində yerləşir. Ocaqdan verilən məlumata görə, ziyarətgahın yaranması XV-XVI əsrlərə təsadüf edir. Ocaq Ağabəy adlı seyidin adı ilə bağlıdır. O, mömin, təqvalı və kəramətli seyidlərdən olduğu üçün qəbri ziyarətgaha çevrilmişdir. Deyilənlərə görə Ağabəy Girdəni kəndində adına ocaq olan Şahsubəyin qardaşı olmuşdur. Son vaxtlara qədər kənddə dini mərasimlər burada keçirilmişdir. 2012-ci ildə ocaq üzərindəki köhnə tikili sökülərək yerində yeni məqbərə inşa edilmişdir. Eni 7 m, uzunluğu 10 m olan məqbərədə dini ayinlərin icra edilməsi üçün hər cür şərait yaradılmışdır. Ağabəy ocağı əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur. Burada, xüsusilə məhərrəmlik ayında ziyarətçilərin sayı daha çox olur.
AĞAŞƏRİF OCAĞI. Veravul kəndinin Türkoba məhəlləsindəki qəbristanlığında yerləşir. Ağaşərif adlı seyidin adı ilə bağlıdır. Ağaşərif Mirşərif oğlu 1922-ci ildə Veravul kəndində anadan olmuşdur. O, dördüncü imam Zeynül Abiddinin (ə.s) şəcərəsindən hesab olunur. Ağır seyid olan Ağaşərif cəmi 19 il yaşayaraq gənc yaşlarında əbədiyyətə qovuşmuşdur. Cəddinə olan inam və hörmətin nəticəsi olaraq Ağanın qəbri ziyarətgaha çevrilmişdir. Xeyriyyəçi Hacı Adəsət Əhməd oğlu Quliyevin şəxsi vəsaiti hesabına 2000-ci ildə Ağaşərif ağanın qəbri üzərində məqbərə inşa edilmişdir. Ağaşərif ocağı əsasən yerli sakinlər tərəfindən ziyarət olunur.
AĞA MİRDAYAN OCAĞI. Xarxatan kəndinin Cəddoba məhəlləsində, Ağa Mirbəşir Mirdayan oğlunun həyətyanı sahəsində yerləşir. Ocağın yaranma tarixi məlum deyil. Burada olan nəhəng və çoxillik tarixə malik nil (azat) ağacı toxunulmaz və müqəddəs hesab edilərək ziyarət olunur. Sonralar Mirdayan adlı seyid ocaq ərazisində məskunlaşmışdır. Mirdayan Mirməmməd oğlu Məmmədov 1868-ci ildə Xarxatan kəndində anadan olmuş ,1978-ci il sentyabrın 20-də 110 yaşında vəfat edərək qonşu Cil kəndindəki Sexəlifə və ya Seyidxəlifə adlanan ocağın yerləşdiyi qəbristanlıqda dəfn edilmişdir. Kəramətli seyid olan Mirdayan ağa ziyarət olunan nil (azat) ağacının dibində istirahət edib, namaz qıldığı üçün həmin ziyarətgah sonralar onun adı ilə əlaqədar Ağa Mirdayan ocağı adlandırılmışdır. Ateizmin hökm sürdüyü Sovet dönəmində Lənkəran rayonunun rəhbərliyində təmsil olunmuş şəxslər belə Ağa Mirdayan ocağını ziyarət etməklə, hətta Mirdayan ağa ilə şəkil çəkdirmişlər. Ağa Mirdayan ocağı yerli və ətraf yaşayış məntəqələrinin, həmçinin, respublikamızın ayrı-ayrı bölgələrindən olan sakinlər tərəfindən ziyarət olunur.
AĞA MİRİBRAHİM BALALARI OCAĞI. Şivlik kəndində yerləşir. Miribrahim adlı seyidin adı ilə bağlıdır. Əslən ərdəbilli olan Miribrahim dini təbliğ etmək məqsədilə bu əraziyə gəlmişdir. O, vəfat etdikdən sonra qəbri ziyarətgaha çevrilmişdir. Şivlik kənd sakini, coğrafiya müəllimi Habil Mikayıl oğlu Ağayevin bildirdiyinə görə, ABŞ-ın Nyu-York şəhərindən gəlmiş etnoqraf Cems Cennard 2012-ci ilin iyun ayında ocaq ərazisində olmuş və buradakı başdaşlarından birinin üstündə ərəb əlifbası ilə “Miribrahim ağanın balası-1523-cü ildə vəfat etmişdir” sözlərinin yazıldığını müəyyənləşdirmişdir. Buradan belə məlum olur ki, ocaq ərazisində Miribrahim ağa ilə yanaşı onun övladları da dəfn edilmişdir. Başdaşı üzərindəki “1523-cü il” isə ziyarətgahın təqribən XV –XVI əsrlərdə yarandığını göstərir.
XX əsrin əvvəllərində şivlikli Axund Əbülfəz Ağa “Ağa Miribrahim balaları” ocağı üzərində ağacdan evcik tikdirmişdir.Müstəqilliyimizim ilk illərində Şivlik kənd sakinlərinin vəsaiti hesabına ocaq üzərində məqbərə inşa edilmişdir. Ocaq əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
AMİGİS OCAĞI. Horavenc kəndində, qəbristanlıqda yerləşir. Ocağın yaranma tarixi məlum deyil. Yerli sakinlərin bildirdiyinə görə, ocaq Amigis adlı seyidin adı ilə bağlıdır. Çox güman ki, Amigis dini təbliğ etmək məqsədilə bu əraziyə gəlmişdir. Amigisə olan inam və hörmətin nəticəsi olaraq onun qəbri ziyarətgaha çevrilmişdir. XX əsrin 90-cı illərinin axırlarında Horavenc kənd sakini Şahüseyn Rəzzaq oğlu Səfərovun şəxsi vəsaiti hesabına Amigisin qəbri üzərində məqbərə tikilmişdir. Amigis rayonun daha çox ziyarət olunan ziyarətgahlarından hesab olunur. Ocaq yerli və ətraf yaşayış məntəqələrinin sakinləri, həmçinin, ayrı-ayrı ərazilərdə yaşayan insanlar tərəfindən ziyarət olunur.
BABA RƏHMAN OCAĞI. Lənkəran-Lerik şose yolunun 16 kilometrliyində, Şovu kəndinin girəcəyində, yolun sağ tərəfində yerləşir. XV əsrin dini-tarixi abidəsidir. Ziyarətgah yerli sakinlər tərəfindən Bobo Rəhman adlandırılır. Ocaq Baba Rəhman adlı şəxsin adı ilə bağlıdır. Ziyarətgahdan verilən məlumata görə Baba Rəhman yeddinci imam Museyi Kazımın (ə.s) şəcərəsindən hesab olunur. O, bu gün ocaq olan ərazidə yaşamışdır. Baba Rəhman təqvalı və kəramətli seyidlərdən olduğu üçün kəramətləri ilə insanlara xeyir vermişdir. Baba Rəhman yaşadığı malikanənin ərazisində dəfn edilmişdir. Ona olan inam və ehtiramın nəticəsi olaraq qəbri sonralar ziyarətgaha çevrilmişdir. Baba Rəhmanın məzarı yaxınlığında daha bir qəbir vardır, bu da çox güman ki, ona yaxın olan bir şəxsin qəbridir. Ziyarətgahda başdaşı və kitabə olmadığından ocaq haqqında daha dəqiq və geniş məlumat əldə etmək olmur. 1995-ci ildə Lənkəran rayonunun Şağlakücə kənd sakini Fəxrəddin Oruc oğlu Əhədovun şəxsi vəsaiti hesabına bu qəbirlər üzərində məqbərə inşa edilmişdir.Məqbərə ortadan iki yerə bölündüyündən qəbirlər bir-birindən ayrı düşmüşdür. Baba Rəhmanın qəbri sol, digər qəbir isə sağ otaqda yerləşir. Sağ otaqda yerləşən qəbir üzərində qara mərmərdən qoyulmuş baş daşı üzərində ərəb və Azərbaycan dillərində “İmam Museyi Kazımın nəslindəndir” sözləri həkk edilmişdir. Ocağın qarşısında başdaşı formasında təqribən 60 sm uzunluğunda köhnəlmiş qara rəngli bir daş vardır.
Baba Rəhman ocağı Mollakənd və Şovu kəndlərinin qəbristanlıqlarının arasında meşəlik olan geniş bir ərazidə yerləşir. Burada çoxlu sayda şümşad, nəhəng və çoxillik tarixə malik bir neçə palıd, ağcaqayın və digər ağaclar vardır. Diametri 4 metrəyə çatan ağcaqayın ağacı ziyarətgahın qədimliyindən xəbər verir. Baba Rəhman ocağı insanların daha çox üz tutduqları ziyarətgahlardan hesab olunur. Bu müqəddəs ocağa nəinki ətraf yaşayış məntəqələrindən, həmçinin, respublikamızın digər bölgələrindən də insanlar ziyarətə gəlirlər. Ocaqda dini ayinlərin icra edilməsi üçün hər cür şərait yaradılmış, ziyarətçilərin yağıntıdan daldalanması üçün Şovu kənd sakini Kərbəlayi Əkrəm Hacıəli oğlu Mehdiyev tərəfindən tikili inşa edilmişdir. Yerli sakinlərin qənaətinə görə, Baba Rəhman Lerik rayonunda (Babagil kəndi) adına ocaq olan Babagilin (əsil adı Nizaməddin Əmir Şahsevər Gilani Kəskəridir-İ.Ş) qardaşıdır.
BABA SƏMƏN OCAĞI. Tükəvilə kəndində yerləşir. Baba Səmən adlı şəxsin adı ilə bağlıdır. Mirhaşım Talışlı və Etibar Əhədov “Lənkəran: ensiklopedik məlumat” kitabında Baba Səmən ziyarətgahı haqqında yazırlar: “Baba Səmən XVI əsrdə yaşamış, ərəb, fars dillərini bilmiş, dövrünün görkəmli şəxsiyyətlərindən olmuşdur. Hörmət və nüfuzuna görə el arasında Şah Səmən adı ilə də tanınırmış.” ( Bakı, 2014; səh.55).
El arasında olan hörmət və nüfuzuna görə Baba Səmənin qəbri ziyarətgaha çevrilmişdir. Geniş əraziyə malik olan ocağın sahəsi 6 hektardır. Baba Səmənin qəbri ziyarətgahın mərkəzində yerləşir.Qəbrin uzunluğu 5 m, eni 2 metirdir. Ziyarətgahın mərkəzində nəhəng nil (azat) ağacı ucalır. Sovet-alman müharibəsinə (Böyük Vətən müharibəsi-İ.Ş) qədər burada qonşu kəndlərin nüfuzlu şəxsləri dəfn olunmuşlar. Baba Səmən ocağının yerləşdiyi yer Şah Səmən qəbiristanı kimi də tanınır. Ocaq respublikamızın digər bölgələrindən olan insanlar tərəfindən də ziyarət olunur.
Yerli sakinlərin qənaətinə görə, Baba Səmən el arasında Babagil (Lerik rayonu) adı ilə tanınmış XVI əsrin böyük din alimi Nizaməddin Əmir Şahsevər Gilani Kəskərinin qardaşı olmuşdur.
BABA NƏCƏF OCAĞI. Türkəncil kəndinin mərkəzində, məscidlə yanaşı yerləşir. Ocağın yaranma tarixi məlum deyil. Ziyarətgah Baba Nəcəf adlı şeyxin adı ilə bağlıdır. Yerli sakinlərin bildirdiyinə görə, əslən Gilandan olmuş Baba Nəcəf dini təbliğ etmək məqsədilə bu əraziyə gəlmişdir. Ona olan inam və hörmətin nəticəsi olaraq qəbri ziyarətgaha çevrilmişdir. 2001-ci ildə Türkəncil kənd sakini Hacı Cavanşir Xanoğlan oğlu Rzayevin şəxsi vəsaiti hesabına Baba Nəcəfin qəbri üzərində məqbərə inşa edilmişdir. Məqbərənin ölçüsü 4x4 metrdir. Baba Nəcəf ocağı əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur. Qeyd edək ki, kənd sakinləri ocağı Bobo Nəcəf adlandırır.
BABA KƏYM PİRİ. Yuxarı Nüvədi kəndinin qərb tərəfində ,dağın ətəyində yerləşir. Yerli sakinlər piri talış dilində Bobokəm adlandırır.Baba Kəym eyni zamanda Baba Kərim türbəsi kimi də tanınır. Ziyarətgah Baba Kəym (Bobokəm) adlı seyidin adı ilə bağlıdır. Rzaqulu Rzayev “Yuxarı Nüvədi kəndinin tarixi” kitabında pir haqqında məlumat verərkən qeyd edir ki, “Baba Kəym Ərəbistandan Azərbaycana köçüb gəlmiş və Yuxarı Nüvədi kəndində məskunlaşmış seyidlərdəndir. O, burada bir neçə il yaşadıqdan sonra vəfat etmiş və dəfn olunduğu yer ziyarətgaha çevrilmişdir.” (Lənkəran, 2007, səh.34-35).
R.Rzayevin qənaətinə görə, Baba Kəym Lerikdə adına ziyarətgah olan Babagilin (Nizaməddin Əmir Şahsevər Gilani Kəskəri-İ.Ş) qardaşı olmuşdur. Əgər Baba Kəymin Babagilin qardaşı olması ehtimalını qəbul etmiş olsaq onda pirin tarixi XVI əsrə gedib çıxmış olur. Pir əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur. Kənd sakinlərinin vəsaiti hesabına Baba Kəymin qəbri üzərində məqbərə inşa edilmişdir.
ƏLİ MEYDANI OCAĞI. Lənkəran-Boradigah şose yolunun üstündə,Girdəni kəndi ərazisində, qəbristanlıqda yerləşir. Respublikamızda o cümlədən, Lənkəran rayonunun ərazisində Həzrəti Əlinin (ə.s) adı ilə bağlı olan ziyarətgahlardan biridir. Ocağın yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Rəvayətə görə, burada vaxtilə ərəb qoşununun düşərgəsi olmuşdur. Əhali bu gün ocaq hesab olunan ərazini Həzrəti Əlinin istirahət etdiyi və yemək yediyi yer olduğunu düşünərək “Əli meydanı” adı altında ziyarətgaha çevirmişdir. Qeyd edək ki, islam tarixinə əsasən Həzrəti Əli (ə.s) yeganə xəlifə olmuşdur ki, Ərəbistandan kənara çıxmamışdır. Deməli, “Əli meydanı” ocağı da insanların ona olan inam, sevgi və məhəbbətindən yaranmışdır. Ocaq üzərində Girdəni kənd sakini Rəsmiyyə Bəxtiyar qızı Hüseynovanın şəxsi vəsaiti hesabına 1997-ci ildə məqbərə inşa edilmişdir. “Əli meydanı” ocağı yerli və ətraf yaşayış məntəqələrinin sakinləri, həmçinin, şose yolundan keçən şəxslər tərəfindən ziyarət olunur.
ƏLİNİN AYAQ İZİ OCAĞI. Tükəvilə və Gəgiran kəndləri arasındakı meşəlik ərazidə, Ülümçaydan təqribən 15-20 m aralıda yerləşir. Ocaq daş topasından ibarətdir. Burada daş üzərində ayaq izi vardır. Yaşlı sakinlərin dediyinə görə, bu Həzrəti Əlinin (ə.s) ayaq izidir. Yerli əhali həmin ərazini talış dilində “Əli lınqə riz”, yəni, “Əlinin ayaq izi” adlandırır. İnsanlar daş üzərindəki izin Həzrəti Əliyə (ə.s) məxsus olduğunu düşünərək oranı ziyarətgaha çevirmişlər. “Əlinin ayaq izi” ocağı əsasən oradan keçən insanlar tərəfindən ziyarət olunur.Qeyd edək ki, rayonumuzun Haftoni qəsəbəsi, Boladi və Cil kəndlərində də “Əlinin ayaq izi”, Qurumba kəndində isə, Zənqələkəş adlanan yerdə “Əlinin atının ayaq izi” adlı inanc yerləri vardır. Haftoni qəsəbəsindəki “Əli ayağı” ziyarətgahı sel suları nəticəsində torpaq altında qalmışdır. Cil kəndindəki Sexəlifə türbəsində ziyarətgahın yaxınlığında sal daş üzərində ayaq izi vardır. Yerli sakinlərin qənaətinə görə, bu Əlinin (ə.s) ayaq izidir. Respublikamızın ərazisində Həzrəti Əlinin (ə.s) adı ilə bağlı çoxlu sayda ziyarətgah vardır. Lakin, islam tarixinə nəzər saldıqda məlum olur ki, Həzrəti Əli (ə.s) yeganə xəlifə olmuşdur ki, o, Ərəbistandan kənara çıxmamışdır. Demək, ölkə ərazisində Həzrəti Əlinin (ə.s) adı ilə bağlı olan bütün ziyarətgahlar insanların ona olan sevgi və ümumxalq məhəbbətindən irəli gəlir.
GÜNƏHİR OCAĞI. Günəhir kəndinin “Lisəyni rəğ” deyilən ərazisində yerləşir. “Lisəyni rəğ” talış dilində “mal-qara üçün daş üzərinə duz səpilən yer” deməkdir. Kənd sakinləri mal-qara üçün həmin ərazidə olan iri yastı daşların üzərinə duz səpdiklərinə görə ərazi “lisəyni rəğ” adlandırılmışdır. Bakı şəhərində yaşayan, əslən günəhirli hərbçi Əlirza Xəlil oğlu Məhərrəmov XX əsrin 80-ci illərində yuxuda “Lisəyni rəğ” deyilən yerdə ziyarətgah olduğunu görmüşdür. Yuxudan bir müddət keçdikdən sonra Günəhir kənd sakini Aslan Rəhman oğlu Zabitov oradan keçərkən daşdan hörülmüş və yanaşı duran 2 iri qəbir aşkar etmişdir. Məhz bundan sonra həmin yer müqəddəs hesab edilərək çəpərə alınmışdır. Ocaq əsasən yerli sakinlər tərəfindən ziyarət olunur.
İMAMZADƏ OCAĞI. Kərgəlan kəndinin “Kiçik Kərgəlan” məhəlləsindəki qəbristanlığında yerləşir. XV əsrə aid dini abidə hesab edilir. Tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə ocağın üç əsrdən çox yaşı olduğunu qeyd etmişdir. İmamzadənin şəxsiyyəti haqqında heç bir məlumat olmasa da, tədqiqatçı Şaban Şəfiyevin fikrincə, bu müqəddəs şəxsiyyət seyid, imam, bir sözlə, peyğəmbər nəsli ilə bağlı olan adam olmuşdur.( Tarixlə üz-üzə. Bakı,1999; səh.46). İmamzadənin qəbri üzərində türbə tikilmişdir. Ocaq əsasən yerli sakinlər tərəfindən ziyarət olunur.
Qeyd edək ki, İmamzadə adı ilə bağlı Şamaxı şəhərində İmamzadə məscidi, Naxçıvan şəhərində İmamzadə kompleksi, Gəncə şəhərində İmamzadə piri,Bərdə şəhərində İmamzadə məscid-ziyarətgah kompleksi və Bakının Bülbülə kəndində Məhəmməd Sadiq İmamzadəsi ziyarətgahı vardır. İmamzadə məscidində (Şamaxı) dördüncü imam Zeynül Abiddinin (ə.s) oğlu, İmamzadə kompleksində (Naxçıvan) səkkizinci imam İmam Rzanın (ə.s) nəvəsi Seyid Səffan, İmamzadə pirində (Gəncə) beşinci imam Məhəmməd Bağırın (ə.s) oğlu İbrahim, İmamzadə məscid-ziyarətgah kompleksində (Bərdə) altıncı imam Cəfər Sadiqin (ə.s) qız nəvəsi İsmail və Məhəmməd Sadiq İmamzadəsi ziyarətgahında (Bakı, Bülbülə kəndi) isə beşinci imam Məhəmməd Bağırın (ə.s) nəvəsi Məhəmməd Sadıq dəfn edildiyində bu ziyarətgahlar İmamzadə adlandırılmışdır.
QARA SEYİD OCAĞI. Boladi kəndinin Seyidoba məhəlləsindəki məscidin həyətində yerləşir. Məscidə eyni zamanda onun adı ilə əlaqədar “Qara məscid”də deyilir.İsabala Xankişiyev və Etibar Əhədov “Boladi” kitabında Qara seyid ocağı haqqında yazırlar: “Adı məlum olmayan, lakin el arasında Qara seyid (“Siyo seyd”) kimi tanınan bu şəxs Ərdəbil şəhərindən olub, XX əsrin 20-ci illərinin əvvəllərində iki nəfərin müşaiyəti ilə kəndə gəlib Seyidoba məhəlləsində sakin olmuş və burada dünyasını dəyişmişdir.” ( B., 2003; səh. 15). Məzarı məscidin həyətindədir. İ. Xankişiyev və E.Əhədov daha sonra qeyd edirlər: “Qara seyidin (Siyo seyd) varislərindən biri qonşu Zövlə kəndindəki Perizağada, digəri isə Cil kəndindəki Sexəlifədə dəfn olunmuşdur.” (Göstərilən əsər, səh.15). Ocaq əsasən yerli sakinlər tərəfindən ziyarət olunur.
QARAAĞAC OCAĞI, “ÇILƏXONƏ”. Boladi kəndinin Lütoba məhəlləsinin yuxarı hissəsində, Boladi çayının sol sahilində yerləşir. Digər ziyarətgahlardan fərqli olaraq “Qaraağac” ocağı şəxs adı yox, ağac adı ilə bağlıdır. “Qaraağac”ın 800 ildən çox yaşı olduğu ehtimal olunur və toxunulmaz, müqəddəs ocaq kimi qorunur. Deyilənlərə görə, bir vaxtlar ağaca balta vuranlar da tapılıb. Amma onlar bir neçə gün ərzində vəfat ediblər. İsabala Xankişiyev və Etibar Əhədovun “Boladi” kitabından oxuyuruq: “Kəndi (Boladi-İ.Ş) daşqınlardan qorumaq üçün 1963-cü ildə Boladi çayının məcarasını dəyişmək lazım gəlirdi. Yeni çay yatağı salınarkən, layihəyə görə “Qaraağac”ı kəsmək problemi yaranmışdı. Bu iş rus millətindən olan mexanizator Nikolay Nemsova tapşırılır. Əsl möcüzə baş verir, buldozer yerindən tərpənmir. “Qaraağac” haqqında söz- söhbəti eşidəndə isə Nikolay Nemsov ağaca yaxın düşmür. “Qaraağac” ocağı adamların çoxdan ziyarət yerinə çevrilmişdir. Buradakı “Çıləxonə”yə pənah gətirənlərin çoxunun diləyi hasil olub. Danışırlar ki, uşağı olmayan onlarla qadın bu müqəddəs ocaqdan şəfa tapmışdır.” (B.,2003; səh.15-16).
QARA ƏLƏM OCAĞI. Sütəmurdov kəndinin Seyidlər məhəlləsində yerləşir. Adından göründüyü kimi, Qara ələmlə bağlıdır. Qeyd edək ki, ələm ərəb sözü olub, “əlamət,” “nişanə,” “işarə” və “bayraq” mənalarında işlənməklə, islamiyyətdə bayraq rolunu oynamışdır. Ocaqdan verilən məlumata görə kasıb bir şəxs Xəzər dənizinin Sütəmurdov kəndi ərazisindəki sahilində yumru şəkilli qeyri-adi bir metal tapır. Metalın qeyri-adiliyi ondan ibarət olmuşdur ki, o, yerdə tərpənirmiş. Həmin metalın qara ələm olduğu məlum olduqdan sonra o, kənddə yaşayan və seyid nəslindən olan Mirmustafa Mirəli oğlunun ulu babasına verilir. Bundan sonra Mirmustafa ağanın ulu babalarının yaşadığı ev “Qara ələm” ziyarətgahı kimi tanınmışdır. Təqribi hesablamalara görə, ziyarətgahın 150-200 ilə yaxın yaşı vardır. Ocaqda qara ələmin köhnə və korroziyaya uğradığını müşahidə etmək olur. “Qara ələm” ocağı Lənkəran rayonunda evdə yerləşən ziyarətgahların hamısından geniş olmaqla eyni zamanda ən çox ziyarət olunan ocaqlardan hesab olunur. Ocağa yerli və ətraf yaşayış məntəqələrinin sakinləri ilə yanaşı həmçinin ayrı-ayrı bölgələrdən də ziyarətə gələnlər olur.
MİRİSLAM AĞA OCAĞI. Liman şəhərində yerləşir. Mirislam adlı seyidin adı ilə bağlıdır. Yazıçı Səyavuş Süleymanlı “Liman-bir dünya sevgim mənim...” kitabında Mirislam ağa haqqında məlumat verərkən yazmışdır: “ Mirislam Mirabbas oğlu Abdullayev 1930-cu ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. Uşaq yaşlarında olarkən valideyinləri Liman şəhərinə köçüblər. O, insanları öz kəramətləri ilə heyrətləndirmiş, ilahi vergisi ilə dərdliləri, bəlaya düçar olanları, pis gözə gələnləri xətalardan qurtarmış, onlara inam, etiqad əta etmişdir. Ağanı digərlərindən fərqləndirən başlıca əlamətlərdən biri də onun altı barmaqlı olması idi. Mirislam ağa 1984-cü ildə vəfat etmiş, şəhərin əsas qəbristanlığında dəfn edilmişdir. İnsanların böyük hörmətini qazanmış, cəddi onlara kömək olmuş Mirislam ağanın qəbri əhali tərəfindən ziyarətgaha çevrilmişdir.” ( I kitab, B., 2012) Xeyriyyəçi Vaqif Abbasovun şəxsi vəsaiti hesabına Ağanın qəbri üzərində məqbərə inşa edilmişdir. Mirislam ağa ocağı əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
MİRXİTAB AĞA OCAĞI. İstisu qəsəbəsində yerləşir. Mirxitab adlı seyidin adı ilə bağlıdır. Mirxitab Mirəli oğlu Bəhrəmov 1910-cu ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olmuşdur. 1950-ci ildə Lənkəran rayonunun Kirov (indiki İstisu) qəsəbəsinə köçmüşdür. Kəramətli seyid olduğundan insanlar ona nəzir göndərmiş və cəddinə hörmət etmişlər. XX əsrin 60-80 ci illərində ateizmin (Allahsızlığın-İ.Ş) tüğyan etdiyi bir vaxtda Mirxitab ağa hər il Məhərrəmlik ayında müqəddəslərin şərəfinə evində təziyə məclisi qurardı. Mirxitab ağa 1989-cu ildə dünyasını dəyişmiş, qəsəbə qəbristanlığında dəfn edilmişdir. Mirxitab ağanın evi sağlığında olduğu kimi, vəfatından sonra da ziyarətgaha çevrilmişdir. Cəddinə hörmət və ehtiramın nəticəsi olaraq qəsəbə sakinləri tərəfindən Ağanın məzarı üstündə dəmir konstruksiyalı tikili inşa edilmişdir.Ocaq əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
MİRƏHMƏD AĞA OCAĞI. Göyşaban kəndində yerləşir. Mirəhməd adlı seyidin adı ilə bağlıdır. Ayaz Əhmədov “Göyşaban (Gamışavan)” kitabında Mirəhməd ağa haqqında məlumat verərkən yazır: “Mirəhməd Mirbəşir oğlu Abbasov 1888-ci ildə Göyşaban kəndində anadan olmuşdur. Onun babası Seyid Abbas XIX əsrin ortalarında Xorasandan (Məşhəd) buraya köçmüşdür. Mirəhməd ağa öz nəcib əxlaqı,nəzakətli rəftarı, zəhmətsevərliyi ilə sakinlərin dərin rəğbətini qazanmışdır. O, kəramətləri ilə insanlara kömək etmişdir. Mirəhməd ağanın yaşadığı ev kommunist ideologiyası, ateizm dövründə belə ocaq kimi tanınmış, çətinliyə düşənlər ondan imdad istəmişlər. Mirəhməd ağa 1953-cü ildə vəfat edərək kənd qəbristanlığında dəfn edilmişdir. Sağlığında olduğu kimi, vəfatından sonra da ağanın yaşadığı ev ziyarətgah kimi fəaliyyət göstərir.” (Bakı, 2013; səh.329-330).Ocaq əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
MİRFATMA OCAĞI. Göyşaban kəndində yerləşir. Mirfatma adlı seyidin adı ilə bağlıdır. Mirfatma nənə ocaq sahibi olan Mirəhməd ağanın qızıdır. Mirfatma Mirəhməd qızı Abbasova 1928-ci ildə Göyşaban kəndində anadan olub. 67 il ömür sürən bu seyid peyğəmbər övladı evdar qadın olmuşdur. O, 1995-ci ildə vəfat edərək kənd qəbristanlığında dəfn edilmişdir. Mirfatma nənə də atası Mirəhməd ağa kimi təqvalı və kəramətli seyid olduğu üçün vəfatından sonra onun yaşadığı ev ziyarətgaha çevrilmişdir. Mirfatma ocağı əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunr. “ Mirəhməd ağa “ və “Mirfatma” ocaqları onların övladlarının yaşadıqları həyətdə yerləşir. “Mirəhməd ağa” və “Mirfatma” ocaqlarının yerləşdiyi ərazi yerli sakinlər tərəfindən Seyidlər adlandırılır.
MİRFAİL OCAĞI. Şilavar kəndində, məscidin yaxınlığında, həyətyanı sahədə yerləşir. Mirfail adlı seyidin adı ilə bağlıdır. Mirfail Qılman oğlu Abbasov 1958-ci il dekabrın 25-də Şilavar kəndində anadan olmuşdur. Əslən Lənkəran rayonunun Boladi kəndindəndir. O, 1995-ci il iyunun 22-də 37 yaşında vəfat edərək, Lənkəran şəhərindəki Sardəxıl qəbristanlığında dəfn edilmişdir. Mirfail ağa cəddinə tapınanlara kömək olmuşdur. Onu tanıyanlar işləri müşkülə düşəndə Mirfail ağanın cəddini köməyə çağırmış və ona nəzir ayırmışlar. Yaşadığı evin həyətində cənazəsinin yuyulduğu yer ziyarətgaha çevrilmişdir. Ağanın cəddinə hörmət və ehtiram əlaməti olaraq Lənkəran şəhər sakini İlham Mirdadaş oğlu şəxsi vəsaiti ilə ocaq üzərində məqbərə tikdirmişdir. Ocaq əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
MİRSƏLƏMƏ NƏNƏ OCAĞI. Velədi kəndində evdə yerləşir. Mirsələmə adlı seyidin adı ilə bağlıdır. Mirsələmə Mircavad qızı Hüseynova Velədi kəndində anadan olmuşdur. Mirsələmə nənə cəddinə tapınan insanlara kəramətləri ilə xeyir vermişdir.36 il ömür sürmüş Mirsələmə nənə kənd qəbristanlığında dəfn edilmişdir. Vəfatından sonra yaşadığı ev ziyarətgaha çevrilmişdir. Hazırda ziyarətgahın yerləşdiyi evdə Mirsələmə nənənin övladları yaşayır. Ocaq əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
MİRSALEH OCAĞI. Kərgəlan kəndinin Tara məhəlləsində, həyətyanı sahədə yerləşir. Mirsaleh adlı seyidin adı ilə bağlıdır. Mirsaleh ağanın atası Mirtağı Mirsaleh oğlu böyük hikmət və kəramət sahibi, müdrik el ağsaqqalı olmuşdur. Bu müqəddəs ocağın davamçısı olan və babasının adını daşıyan Məşədi Mirsaleh Mirtağı oğlu Abdullayev 1934-cü il martın 10-da Kərgəlan kəndində dünyaya göz açmışdır. O, da təqvalı, mömin və kəramətli seyidlərdən olduğu üçün insanlar cəddinə tapınmış, ona nəzir-niyaz ayırmış və hörmətini saxlamışlar. Bu sətirlərin müəllifi ağanın özünü şəxsən görmüş, insanların ona nəzir ayırdığını və ehtiramını saxlamalarının şahidi olmuşdur. Hələ, Sovet dönəmində (1920-1991) ateizmin hökm sürdüyü bir vaxtda Mirsaleh ağanın yaşadığı ev ocaq kimi insanların inam yerinə çevrilmişdir. Mirsaleh ağa 2007-ci il aprelin 16-da vəfat edərək, vəsiyyətinə əsasən qəbristanlıqda deyil, həyətində dəfn edilmişdir. Ağaya olan inam və ehtirama görə qəbri ziyarətgaha çevrilmişdir. Mirsaleh ocağı Lənkəran rayonu ərazisində həyətyanı sahədə fəaliyyət göstərən yeganə ziyarətgahdır ki, ocaq sahibi özü məhz həmin ziyarətgahda dəfn olunmuşdur. Mirsaleh ağanın qəbri üzərində övladlarının şəxsi vəsaiti hesabına şərq memarlıq üslubunda məqbərə inşa edilmişdir. Ocağa respublikamızın müxtəlif yerlərindən ziyarətə gələnlər olur.Əməkdar jurnalist İdris Şükürlü Mirsaleh ağa haqqında “Seyid Mir Saleh Ağa ocağının nuru” adlı kitab yazmışdır (Bakı,2003).
MİRİ BƏY OCAĞI. Veravul kəndinin Mollatıba qəbristanlığında yerləşir. Ocaq öz dövrünün tanınmış ziyalılarından biri, ilahiyyatçı, filosof, hərbçi olmuş Miri bəy adlı seyidin adı ilə bağlıdır. Miribəy Fərəculla bəy oğlu Talışxanov 1855-ci ildə Veravul kəndində anadan olmuşdur. O, Talış xanı Seyid Cəmaləddinin (Qara xan-İ.Ş) oğlu Mir Məhəmməd Rza bəyin nəticəsidir. Seyidlik şəcərəsi dördüncü imam Zeynül Abiddinə (ə.s) çatır. Miri bəy eyni zamanda xalq arasında ulu babasının adına uyğun olaraq Mirməhəmmədrza bəy kimi də tanınmışdır. Zəngin kitabxanaya malik olmuş Miri bəy Azərbaycan və talış dillərindən başqa, ərəb, fars və rus dillərini də mükəmməl bilmiş, dini, fəlsəfi, əxlaqi mövzularda traktatların müəllifi olmuşdur. O, çar ordusunda xidmət edərək palkovnik rütbəsində istefaya göndərilmişdir. Miri bəyin Veravul kəndində böyük mülk və torpaq sahəsi var imiş. O, həmişə xalqın qayğısına qalmış, kənddə yeni ailə quranlara dolanışıqları üçün təsərrüfat yaratmaqda yardımçı olmuşdur. Böyük nüfuz, mərifət və kəramət sahibi olan Miri bəy təkcə Veravul kəndində deyil, ətraf yaşayış məntəqələrində də yaxşı tanınmışdır. Deyilənlərə görə, o, çox zaman ürəkdən keçənləri duyarmış, hətta öldürüləcəyini də qabaqcadan duyaraq övladlarını denikinçi Şıvkunovun təqiblərindən qurtarmaq üçün onları təhlükəsiz yerlərə göndərmişdir.
1918-ci ildə bolşevik-daşnak birləşmələri tərəfindən azərbaycanlılara qarşı mart soyqırımı həyata keçirilmiçdir. Mart soyqırımı nəticəsində təkcə Bakıda 12 mindən çox azərbaycanlı dinc sakin öldürülmüşdür. Bolşevik-daşnak birləşmələri Azərbaycanın digər bölgələri kimi, Lənkəran qəzasında da soyqırımını davam etdirmişlər. Lənkəranda soyqırımı denikinçi Şıvkunov tərəfindən həyata keçirilmlşdir. Burada soyqırımına məruz qalmış kəndlər arasında Veravul kəndi də olmuşdur. Miri bəy həmin soyqırımının qurbanı olmuşdur. Hacı Etibar Əhədov və Hacı İdris Cəfərov yazırlar ki, “ Denikinçi, ermənipərəst Şıvkunovun quldur atlı dəstələri həyət qapısında görünəndə Miri bəy “Quran” oxuyurmuş. O, son nəfəsinədək Şıvkunovu ədalətə, sülhə, Allahın qəzəbindən qorxmağa çağırsa da, Şıvkunov onu amansızcasına qətlə yetirmişdir. Başından dəyən güllədən Miri bəy otağın ortasında “Quran” üstünə yıxılmışdır. Alnında qılınc yarası da varmış. Quldurlar sonra da Miri bəyin kitablarını ortaya çəkib süngü ilə deşik-deşik edərək yandırmışdılar. Mart soyqırımının qurbanı olan Miri bəy Veravul kəndinin Mollatıba qəbristanlığında dəfn olunmuşdur. Deyilənlərə görə, o, öldürülən zaman günəşli hava bir anda qaralmış, güclü leysan yağmağa başlamışdır.” Miri bəy ağır seyid, hörmət və kəramət sahibi olduğu üçün insanlar onun məzarını ziyarətgaha çevirmişlər. Miri bəy ocağı əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
MİRAMANA OCAĞI. Girdəni kəndinin Leğətük məhəlləsində yerləşir. Ocaq XX əsrin əvvəllərində yaranmışdır. Miramana adlı seyidin adı ilə bağlıdır.Miramana Nəsir qızı əslən Lənkəran rayonunun Göyşaban kəndindəndir. O, girdənili Əhməd Hümmətovun ikinci həyat yoldaşı olmuşdur. Miramana nənə ağır seyid olduğundan cəddinə tapınanlara kömək olmuşdur. Cəddinə olan inama görə hələ sağlığında, yaşadığı ev ziyarətgaha çevrilmişdir. Miramana nənə Girdəni kəndinin Lənkəran-Boradigah şose yolunun üstündə yerləşən qəbristanlığında dəfn edilmişdir. Evindən başqa onun həyətində yuyulduğu yer və qəbri də ziyarətgaha çevrilmişdir.
90-cı illərdə Girdəni kənd sakini Hacı Xatimə Səfər qızı Rəhmanovanın şəxsi vəsaiti hesabına Miramana nənənin qəbri üzərində məqbərə inşa edilmişdir. Ocaq əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
MİRİBRAHİM OCAĞI. Narbağı kəndinin Hüşətük adlanan ərazisində yerləşir. Ocağın yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Ziyarətgah Miribrahim adlı seyidin adı ilə bağlıdır. Onun qəbri ziyarətgaha çevrilmişdir. Miribrahim ağaya qoyulan başdaşıda Ağanın yeddinci imam Museyi Kazımın (ə.s) şəcərəsindən olduğu həkk edilmişdir. Ocağın həyətində quyu qazılmış və dini ayinlərin icra edilməsi üçün hər cür şərait yaradılmışdır.Narbağı kənd sakini Nizami Vəliməmməd oğlu Həsənovun şəxsi vəsaiti hesabına XX əsrin 90-cı illərində Miribrahim ağanın qəbri üzərində məqbərə inşa edilmişdir. Ocaq əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
MİRSƏLİM OCAĞI. Gərmətük qəsəbəsinin Kəlbioba məhəlləsində yerləşir. Ocağın yaranma tarixi məlum deyil. Mirsəlim adlı seyidin adı ilə bağlıdır. Mirsəlim ağa və onun övladları qəsəbə qəbristanlığında dəfn olunmuşlar. Ərazinin ziyarətgaha çevrilməsi və niyə Mirsəlim ocağı adlandırılması ilə bağlı qəsəbə sakinləri bilgiyə malik olmadıqları üçün bu barədə məlumat əldə edə bilmədik. Ziyarətgahın ərazisində çoxlu sayda şümşad ağacları vardır. Burada kiçik evcik inşa edilmiş, ələm və teşt qoyulmuşdur. Mirsəlim ocağı əsasən yerli sakinlər tərəfindən ziyarət olunur.
MİRXANIM OCAĞI. Lənkəran şəhərinin Azad Mirzəyev küçəsində, evdə yerləşir. Ocağın yaranma tarixi məlum deyil. Ocaqda olan ələm ziyarət olunur. Ələm seyid nəslindən olan Mirxanım Hacı Mirnağı qızının yaşamış olduğu evdə yerləşdiyindən ziyarətgah “Mirxanım” ocağı kimi tanınır. Hacı Mirnağı, Mirxanım və onların övladları Lənkəran şəhərinin Kiçik bazar qəbristanlığında dəfn olunmuşlar. Mirxanım ocağını ziyarət edənlər çox zaman Mirxanım nənənin və atası Hacı Mirnağının məzarlarını da ziyarət edirlər. Ocaq əsasən Lənkəran şəhər və şəhərə yaxın olan yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur. Xüsusilə Məhərrəmlik ayında burada ziyarətçilərin sayı daha çox olur.
MİRƏNVƏR OCAĞI. Digah kəndinin girəcəyində, Səmədağa Mirənvər oğlu İsmayılovun həyətyanı sahəsində yerləşir. Ocağın dəqiq yaranma tarixi məlum deyil. Ziyarətgah Mirənvər adlı seyidin adı ilə bağlıdır. Mirənvər ağa ocaq sahibinin varislərindən hesab olunur. Onun ulu babası kəramətli seyidlərdən olduğu üçün onların yaşadıqları həyət və ev müqəddəs hesab edilmişdir. Mirənvər ağa Lənkəran şəhərinin Kiçik bazar qəbristanlığında dəfn olunmuşdur. Ağanın yaşadığı evdə hazırda oğlu Səmədağa yaşayır. Səmədağanın evində olan ələmlər və həyətindəki təndir ziyarət edilir. Təndir üzərində kiçik evcik inşa edilmişdir. Mirənvər ocağı əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
MİRŞƏRİF OCAĞI. Osakücə kəndində, qəbristanlıqda yerləşir. Mirşərif adlı seyidin adı ilə bağlıdır.Əslən Ərdəbildən olan Mirşərif Mirkazım oğlu Kazımov XIX əsrin birinci yarısında anadan olmuşdur.O,əvvəl Lerik, sonra isə Osakücə kəndinə köçmüşdür. Altıncı imam Cəfəri Sadiqin (ə.s) şəcərəsindən sayılır. O, təqvalı və kəramətli seyidlərdən olduğu üçün hələ sağlığında ona nəzir-niyaz ayrılmış, cəddinə “yasin” oxudulmuşdur. Mirşərif ağa 1917-ci ilin iyulunda vəfat etmişdir. Vəfatından sonra qəbri ziyarətgaha çevrilmişdir. Osakücə kəndində hər hansı bir şəxs nəyisə inandırmağa çalışarkən çox hallarda “Mirşərifin cəddinə and olsun!” deyə and içir. Müstəqilliyimizin ilk illərində Ağanın nəvəsi İlqar Mirşərif oğlu Kazımovun şəxsi vəsaiti hesabına Mirşərif ağanın qəbri üzərində məqbərə inşa edilmişdir. Məqbərənin eni 4 m, uzunluğu 5 m-dir. Mirşərif ocağı əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
MƏHYƏDDİN OCAĞI. Bəliton kəndində yerləşir. Məhyəddin adlı şəxsin adı ilə bağlıdır. Ocağın yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Rəvayətə görə, başqa yerdən gələn Məhyəddin adlı şəxs burada yanan ocaq (köz) görür. O, hər dəfə buraya gələrkən ocağın (közün) yandığını görür və bunu sirr olaraq özündə saxlayır. Lakin bir müddət keçdikdən sonra Məhyəddinin həyat yoldaşı da yanan ocağı görüb bu barədə ona xəbər verir.Məhyəddin isə həmin ocağı çoxdan gördüyünü və bunu sirr saxladığını yoldaşına söyləyir. Tezliklə yanan ocaqla bağlı xəbər ətrafa yayılır. Məhz bundan sonra sakinlər həmin ərazini “Məhyəddin ocağı” adlandıraraq ziyarətgaha çevirmişlər. Ocaq əsasən yerli sakinlər tərəfindən ziyarət olunur.
PİƏŞIXNƏZƏR OCAĞI. Havzava kəndindən təqribən 5-6 km aralıda, Piədiçayın sağ tərəfində, Talış dağlarında (meşədə) yerləşir. Ocağın dəqiq yaranma tarixi məlum deyil. Ocaq öz adını Nəzər adlı şeyxin adından götürmüşdür. Şeyx Nəzər burada məskunlaşmaqla dinin təbliği ilə məşğul olmuşdur. O, vəfat edərək yaşadığı mülkün ən hündür yerində,təpədə dəfn edilmişdir. Şeyx Nəzər böyük hörmət və nüfuz sahibi olduğundan insanlar ölümündən sonra həmin ərazini və onun qəbrini ziyarətgaha çevirərək, Piəşıxnəzər (yerli sakinlər ocağı Piəşıxnəzə adlandırır-İ.Ş) adlandırmışdır. Talış dilində piə - “qoca, pirani,” şıx – “şeyx” deməkdir. Nəzə/Nəzər isə qeyd etdiyimiz kimi şəxs adıdır. Beləliklə, Piəşıxnəzə Azərbaycan dilinə tərcümədə “Qoca şeyx Nəzər” mənasını verir. Ocaqda kitabə olmadığı üçün ziyarətgah haqqında daha dəqiq və geniş məlumat əldə etmək olmur.Ocaq geniş ərazini əhatə edir, burada palıd, dəmir, vələs və digər ağaclarla yanaşı çoxlu sayda şümşad kolları da vardır. Piəşıxnəzər ocağının girəcəyində bir qəbir yerləşir. Deyilənlərə görə o, şeyx Nəzərin oğlu Pirvəlinin (Pirəlinin) qəbridir.Müstəqilliyimizə qədər şeyx Nəzərin qəbri üzərində ağacdan ibarət olan kiçik evcik olmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra xeyirxah insanların vəsaiti hesabına ziyarətgahda şeyxin qəbri üzərində baş daşı qoyulmuş, məqbərə tikilmiş, namaz qılmaq, qurban kəsmək və digər dini ayinləri icra etmək üçün şərait yaradılmışdır. ” Piəşıxnəzər” Lənkəran rayonunun ən çox ziyarət olunan ocaqlarından hesab olunur. Buraya müxtəlif yerlərdən ziyarətə gəlirlər.Xüsusilə Məhərrəmlik ayında ziyarətçilərin sayı daha çox olur. Ocağın yerləşdiyi ərazi hazırda Hirkan Milli Parkına daxildir. Piəşıxnəzər ocağına ən yaxın yaşayış məntəqəsi Havzava kəndi olduğu üçün insanlar bu ziyarətgahı daha çox Havzava kəndində yerləşən ziyarətgah kimi tanıyırlar.
PİRİ ƏRƏB OCAĞI. Xolmili kəndinin şərq tərəfində, Xəzər dənizinin sahilinə 150-200 m məsafədə yerləşir. Ocağın yaranması IX-X əsrlərə təsadüf edir. Tağı Abbasov və Güloğlan Bağırov “Xolmili” kitabında “Piri Ərəb” ocağı haqqında yazırlar: “Professor Məşədixanım Nemətovanın və kəndin yaşlı nəslinin nümayəndələrinin fikirlərinə əsaslanaraq qeyd edə bilərik ki, bu ocaqda dövrünün böyük ruhani alimi, sosial, mədəni-ideoloji mərkəzin rəhbəri dəfn edilmişdir. Çox güman ki, burada tikili kompleksi mövcud olmuş, lakin sonrakı dövrlərdə həmin tikili uçulub dağılmış, bəzi məlumatlara görə suyun altında qalmış və indiki nəslə yalnız həmin müqəddəs qəbir gəlib çatmışdır.” (Bakı,2013; səh.9).
Piri Ərəb ocağının yerləşdiyi ərazidə qədim Siyavar kəndi mövcud olmuşdur. Sonralar Xəzər dənizinin su basması nəticəsində Siyavar kəndi indiki ərazisinə köçmüşdür. Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlı “Lənkəran” kitabında Siyavar kəndi haqqında ensiklopedik məlumat verərkən” Piri Ərəb”in də adını çəkərək yazmışlar: “Qədim kənddir, XIII əsrdə (son araşdırmalar ocağın yaranma tarixinin IX-X əsrlərə təsadüf etdiyini göstərir-İ.Ş) burada Piri-Ərəb adlı mömin şəxs yaşamışdır.”(Bakı, 1990; səh.304).
VII-IX əsrlərdə Azərbaycanda Ərəb ağalığının hökm sürdüyünü və bu ocağın yaranmasının IX-X əsrlərə təsadüf etdiyini nəzərə alıb qeyd edə bilərik ki, ziyarətgahın adındakı Ərəb sözü burada dəfn edilmiş böyük ruhani aliminin mənşəcə ərəb olduğunu bildirir. Pir isə fars sözü olub, “ocaq, qəbir” və digər mənalarda işlənir. Buradan belə qənaətə gəlmək olur ki, Piri Ərəb “Ərəbin piri,” “Ərəbin ocağı” deməkdir. Ziyarətgahın həyətində çox illik tarixə malik olan nəhəng tut ağacı vardır. Ziyarətçilər ağacın budaqlarına ip və parça qırıqları bağlayırlar. Xolmili kənd sakini Hakim Zəbi oğlu Ağayev 2013-cü ildə Piri Ərəbin qəbri üzərində şərq memarlıq üslubunda məqbərə inşa etdirmişdir. Piri Ərəb ocağına respublikamızın müxtəlif yerlərindən ziyarətə gəlirlər.
PİR YAQUB OCAĞI. Xanbulan kəndinin Elmi İdarə (Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnistitutunun çayçılıq və sitrus bitkiləri üzrə filialı-İ.Ş) adlanan ərazisində yerləşir. Ocağın dəqiq yaranma tarixi məlum deyil. Ocaq Yaqub adlı seyidin adı ilə bağlıdır. Deyilənlərə görə, Yaqub dini təbliğ etmək məqsədilə bu əraziyə gələrək, burada yaşamış və vəfat etmişdir. Ona olan inam və ehtirama görə qəbri ziyarətgaha çevrilərək Pir Yaqub adlandırılmışdır. Pir Yaqub fars dilində “Yaqubun piri,” “Yaqubun ocağı” mənasını verir. Yerli sakinlərin qənaətinə görə, Pir Yaqub Biləsər kəndində adına ocaq olan Bilalın(Pir Bilal) qardaşıdır. Kənd sakinlərinin şəxsi vəsaiti hesabına Yaqubun qəbri üzərində məqbərə inşa edilmişdir. Məqbərənin eni 4 metr, uzunluğu isə 5 metrdir. Ocağın qarşısında çoxillik tarixə malik olan nəhəng palıd ağacı vardır. 1995-ci ildən etibarən kənd əhalisi ölülərini burada dəfn etdiyi üçün ziyarətgah ərazisində qəbristanlıq salınmışdır. Pir Yaqub ocağına müxtəlif yerlərdən ziyarətə gəlirlər.
PİR BİLAL OCAĞI. Lənkəran-Biləsər şose yolunun sol tərəfində, Biləsər kəndinin yaxınlığında, Hirkan Milli Parkın ərazisinə daxil olan meşəlikdə yerləşir. Ocağın yaranma tarixi məlum deyil. Ziyarətgah Bilal adlı seyidin adı ilə bağlıdır. Kənd sakinlərinin dediyinə görə, Bilal dini təbliğ etmək məqsədilə buraya gəlmişdir. Onun qəbir yeri məlum deyil. Çox güman ki, Bilal bu gün ziyarətgah hesab olunan ərazidə dəfn edilmiş, sonradan qəbri itmişdir.Pir Bilal fars dilində “Bilalın piri,” “Bilalın ocağı” deməkdir. Ocaqda çoxlu sayda şümşad kolları vardır. Təqribən 100-120 il əvvəl ocaqda ağacdan kiçik evcik inşa edilmişdir. 2000-ci ilin əvvəllərində köhnə ağac tikili saxlanmaqla, ocaq üzərində eni 3 m, uzunluğu 5 m olan məqbərə tikilmişdir. Deyilənlərə görə, Bilal Biləsər kəndində adına ocaq olan Məhəmmədin (Pir Məhəmməd) qardaşıdır. Xanbulan kənd sakinlərinin fikrincə, kənddə adına ocaq olan Yaqub (Pir Yaqub) da Bilalın qardaşıdır. Pir Bilal ocağı əsasən yerli sakinlər və yoldan ötənlər tərəfindən ziyarət olunur.
PİR MƏHƏMMƏD OCAĞI. Biləsər kəndinin mərkəzində, məktəbin yaxınlığında yerləşir. Ocağın yaranma tatixi məlum deyil. Ocaq Məhəmməd adlı şəxsin adı ilə bağlıdır. Deyilənlərə görə, o, dini təbliğ etmək məqsədilə buraya gəlmişdir. Qəbir yeri məlum deyil. Çox güman ki, Məhəmməd bu gün ocaq hesab olunan ərazidə dəfn olunmuş, sonradan qəbri itmişdir. Pir Məhəmməd fars dilində “Məhəmmədin piri,” “Məhəmmədin ocağı” deməkdir. Ziyarətgah ərazisində çoxlu sayda şümşad kolları vardır. Ocaq üzərində köhnə tikili saxlanmaqla 2007-ci ildə kənd sakini Malik Ağaboyli oğlu Babayevin təşkilatçılığı ilə yerli sakinlər tərəfindən ocaqda məqbərə inşa edilmişdir. Məqbərənin eni 3 metr, uzunluğu isə 4 metrdir. Pir Məhəmməd ocağı əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
PİƏMƏLO OCAĞI. Separadi kəndinin Penə məhəllə (Yuxarı məhəllə) adlanan ərazisində yerləşir. Pirin təqribən 100-120 il yaşı vardır. Pir yuxu nəticəsində yaranmışdır. Digər ziyarətgahlarımızdan fərqli olaraq burada olan dəmirağac və onun dibindəki bulaq müqəddəs hesab edilərək ziyarət olunur. Piəməlo pirinin yaranması haqqında yazıçı-publisist Hafiz Mirzə “Separadi” kitabında yazır: “Separadi kənd sakini Həbib kişi münasib bir yer seçib orada ağacdan ev tikdi. Ev hazır olan günün gecəsi o qəribə yuxular gördü. Yuxuların təfərrüatı yadında qalmadı. Ancaq bir səs yaddan çıxmadı. Bu səs ona “Sən burada ev tikmisən, amma arxanı ocağa çevirmisən” deyirdi və evi sökməsini hökm edirdi. O, təzə evin arxasına diqqətlə nəzər saldı. Ağacların arasında bir nəhəng dəmirağacı onun diqqətini cəlb etdi. Qəribə idi ki, bu ağacın dibindən tər-təmiz bulaq suyu çıxmağa başlamışdı. Bu qəribə yuxu bir neçə gün təkrar olunduqdan sonra nəhayət ki, Həbib kişi bu evi sökür və ondan bir qədər kənarda ev tikir. Bu yerlərdə indi onun nəvəsi Oruc Hüseynovun evi tikilmişdir. Həbib kişi arxası dəmir ağacına olan evi sökdükdən sonra yuxuları görmür və buna görə də o bu nəhəng dəmirağacının ətrafında abadlıq işləri aparmağa başlayır. Bu möcüzəli ağacın sorağı az müddət ərzində ətraf mahallara , vilayətlərə yayılır, adamlar buraya ümid axtarışı, mətləb niyyəti ilə gəlməyə başlayırlar” (Bakı, 2001; səh. 48).
Piəməlo talış dilində piə-“qoca” və məlo-“molla” sözlərinin birləşməsindən yaranaraq Azərbaycan dilinə tərcümədə “qoca molla” mənasını verir. Pirin niyə “Piəməlo” adlandırılması barədə yerli sakinlər heç bir bilgiyə malik olmadıqları üçün bu barədə məlumat əldə edə bilmədik. 2003-cü ildə xeyriyyəçi-sahibkar Hacı Tərlan Kərim oğlu Əliyevin şəxsi vəsaiti hesabına Piəməlo ziyarətgahı-bulaq yeni formada təmir edilmişdir. Piəməlo piri əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
PİƏŞAMS OCAĞI. Qodəsə kəndində, eyni adlı qəbristanlıqda, yamacda yerləşir. Ocağın yaranma tarixi haqqında məlumat yoxdur. Ocaq Piəşams adlı seyidin adı ilə bağlıdır. Deyilənlərə görə,Piəşams qonşu Türkəncil kəndində adına ocaq olan Baba Nəcəfin yaxınlarındandır. Baba Nəcəfin şeyx olduğunu nəzərə alsaq , Piəşamsın da şeyx olduğunu qeyd edə bilərik. O, dinin təbliği ilə məşğul olduğundan qəbri ziyarətgaha çevrilmişdir. Yerli sakinlər ocağı Pirəşəms də adlandırır. XX əsrin 90-cı illərində Qodəsə kənd sakini Məhəbbət Həşim oğlu Həşimovun şəxsi vəsaiti hesabına Piəşamsın qəbri üzərindəki köhnə tikili sökülərək yerində məqbərə inşa edilmişdir. Məqbərənin uzunluğu 5 metr, eni isə 3 metrdir. Piəşams ocağı əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
PERİZAĞA OCAĞI. Zövlə kəndinin Şiroba məhəlləsində, açıq ərazidə yerləşir. Yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Ocaq Perizağa adlı seyidin adı ilə bağlıdır. Yerli sakinlər ziyarətgahı Perazdağa adlandırır. Perizağa kəramət sahibi olduğundan qəbri ziyarətgaha çevrilmişdir. Çox güman ki, vaxtilə bu ərazi qəbristanlıq olmuşdur. Hazırda burada Perizağanın qəbrindən savayı qəbir yoxdur. Burada üzərində yazılar yazılmış qədim daşlar da mövcud olmuşdur. Həmin daşlar sonralar qəbir üzərində qurulan daş tikiliyə yapışdırılmışdır. Perizağaya qoyulmuş başdaşıda ərəb dilində “Cənab İmam Hüseynin oxşarı” sözləri həkk edilmişdir. Ziyarətgah geniş əraziyə malikdir. Ərazisində nəhəng palıd ağacları və çoxlu sayda şümşad kolları vardır. Kəndin yaşlı sakinlərinin qənaətinə görə, ocağın əsl adı Pirağa (Ağanın piri-İ.Ş) olmuşdur. İsabala Xankişiyev və Etibar Əhədov “Boladi” kitabında “Qara seyid” (Siyo seyd) ziyarətgahı haqqında məlumat verərkən yazırlar: “Qara seyidin (Siyo seyd) varislərindən biri qonşu Zövlə kəndindəki Perizağada, digəri isə Cil kəndindəki Sexəlifədə dəfn olunmuşdur” (Bakı,2003; səh. 15).
1988-ci ildə Kərbəlayi Mirzəhüseyn Mirzağa oğlu Əliyevin rəhbərliyi altında Zövlə kənd sakinlərinin şəxsi vəsaiti hesabına bənna Kərbəlayi Ağadadaş Mehrəli oğlu Məmmədov tərəfindən Perizağanın qəbri üzərində məqbərə inşa edilmişdir. Məqbərənin eni 5,5 m, uzunluğu isə 10,5 metrdir. Ziyarətgahda dini ayinlərin icra edilməsi üçün hər cür şərait yaradılmış və quyu qazılmışdır. Perizağa ocağına respublikamızın müxtəlif yerlərindən ziyarətə gələnlər olur.
SEXƏLİFƏ OCAĞI. Cil kəndində, qəbristanlıqda yerləşir. Sexəlifə hibrid söz olub, talış dilində se – “üç” və ərəb dilində “müavin, köməkçi” mənasında işlənən xəlifə sözlərinin birləşməsindən yaranaraq Azərbaycan dilinə tərcümədə “Üç xəlifə,” “Üç müavin” mənasını verir. Məlum olduğu kimi orta əsrlərdə, daha dəqiq, 630-1258-ci illərdə Ərəb xilafəti (xilafət ərəb dilində “dövlət” deməkdir-İ.Ş) adlı geniş ərazili və eyni zamanda qüdrətli bir dövlət mövcud olmuşdur. İslam bayrağı altında mübarizə aparan ərəblər bir çox ölkələrə yürüş edərək onları özlərinə tabe etmişlər. Ərəb işğalına məruz qalan ölkələr arasında Azərbaycan da olmuşdur. Azərbaycanda iki əsr, VII-IX əsrlərdə ərəb ağalığı hökm sürmüşdür. Xilafətin banisi Məhəmməd peyğəmbər (s.) 632-ci ildə vəfat etdikdən sonra xilafət xəlifələr-“müavinlər” tərəfindən idarə edilmişdir. Ziyarətgahın adından ilk olaraq , ocaqda müxtəlif vaxtlarda Ərəb xilafətinə rəhbərlik etmiş üç xəlifənin dəfn edilməsi qənaətinə gəlmək olur. Lakin, tarixə nəzər saldıqda Azərbyacan ərazisində hər hansı bir xəlifənin dəfn edilməsi faktına rast gəlinmir. Onda haqlı olaraq belə bir sual yaranır, xəlifələrin dəfn edilmədiyi bu ziyarətgah niyə “Sexəlifə” adlandırılmışdır? Ziyarətgahın belə adlandırılması ilə bağlı Cil kəndinin qonşuluğunda yerləşən Şağlaser kəndindən olan mərhum tarix müəllimi Mirmuğdad Qafarovun məlumatını məqbul hesab etmək olar. Muğdad müəllimin fikrincə,” Cil kəndindəki türbədə imam və peyğəmbər nəslindən olanlar, o cümlədən, Seyid Mirabbasın əmisi oğlu Seyid Əmirxan, Seyid Mirabbasın özü və oğlu Seyid Cəmaləddin uyuyurlar. Onların, imam-peyğəmbər övladlarının şərəfinə bu türbə “Sexəlifə” və ya seyid olduqlarına görə “Seyid Xəlifə” adlandırılmışdır.” (Mirhaşım Talışlı, Etibar Əhədov. Cil kəndi – “Sexəlifə” ocağı. “Aşkarlıq” qəzeti, 24-30 sentyabr 2005).
Qeyd olunduğu kimi “Sexəlifə” ocağı həmçinin yerli sakinlər tərəfindən “Seyidxəlifə”də adlandırılır. “Seyid” ərəb sözü olub “ağa,” “cənab” mənalarını verir. Bu Məhəmməd peyğəmbərin (s.) nəslindən olanlara verilmiş adıdır. “Sexəlifə” ocağının yerləşdiyi qəbristanlıqda hündürlüyü 1,4 m olan qəbirüstü abidələr mövcuddur. Qəbirüstü abidələrdə əl-ayaq, qol hissələri, ox, qılınc, nizə və d. silahların şəkli həkk edilmişdir. Türbədə oxunmamış çoxlu yazılı daşlar da vardır. “Sexəlifə” insanların ən çox üz tutduqları ziyarətgahlardan hesab olunur. Xüsusilə Məhərrəm və Ramazan aylarında burada ziyarətçilərin sayı daha çox olur. Cil kəndinin tanınmış ziyalılarından biri, Milli Məclisin üzvü Cavanşir Hümmət oğlu Paşazadənin şəxsi vəsaiti hesabına ziyarətgahda məqbərə tikilmişdir. Sexəlifə türbəsi yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
SEYİD DAVUD OCAĞI. Havzava kəndinin mərkəzində yerləşir. XVIII əsrin dini-tarixi abidəsi hesab olunur. Ocaq Davud adlı seyidin adı ilə bağlıdır. Əslən İranın Camaşa mahalından olan Davud Havzava kəndində yaşamışdır. O, təqvalı, mömin və kəramətli seyidlərdən olmuşdur. Öz kəramətləri ilə insanlara xeyir vermişdir. Məhz buna görə də Havzava kəndində adı ilə əlaqədar “Seyid Davud” ocağı vardır. Ocaqda olan daş ziyarət olunur. Deyilənlərə görə, bu günki ocaq yeri Seyid Davudun namaz qıldığı və yuyulduğu yer olmuşdur. Havzava kəndinin yaşlı sakinlərindən biri olan Ağamir Nəsir oğlu Mənsimovun fikrincə, “Seyid Davud “ocağının yerləşdiyi ərazidə Seyid Davudun evi olmuşdur. Ağamir Mənsimov eyni zamanda, Seyid Davudun vəsiyyətinə əsasən ulu babalarının uyuduğu Lerik rayonunun Camaşair (Cəmoşə) kənd qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Havzava kəndində olduğu kimi Camaşair (Cəmoşə) kəndində də Seyid Davud ocağı vardır. Orada Ağanın qəbri ziyarətgaha çevrilmiş və eyni zamanda qəbri üzərində məqbərə inşa edilmişdir. Havzava kəndindəki Seyid Davud ocağının qarşısında vaxtı ilə nəhəng palıd və cökə ağacları olmuş və bu ağaclar 3 yanvar 2010-cu il tarixində bərk külək nəticəsində yıxılmışlar. Havzavalı alim, kənd təsərrüfatı elmləri namizədi Vaqif Rəhmət oğlu Kərimov və müəllim Səfail İslam oğlu Həsənovun şəxsi vəsaitləri hesabına 2010-cu ilin yanvar ayında ziyarətgahda bənna Oqtay Qulam oğlu Məmmədov tərəfindən məqbərə inşa edilmişdir. Məqbərənin eni 3 metr, uzunluğu isə 4 metirdir. Ziyarətgahda olan üzlük piltələr suvaqçı Canəli Ramazan oğlu Məhərrəmov tərəfindən düzülmüşdür. Ramid Əyyar oğlu Abdullayevin təşəbbüsü ilə havzavalı gənclər tərəfindən 2014-cü ilin iyul ayında ocağın ərazisində quyu qazılmışdır. Burada dini ayinləri icra etmək üçün hər cür şərait yaradılmışdır. Seyid Davud ocağına müxtəlif yerlərdən ziyarətə gələnlər olur.
SEYİD MİRHÜSEYN OCAĞI. Havzava kəndinin Cındıroba məhəlləsindəki qəbristanlığında yerləşir. Mirhüseyn adlı seyidin adı ilə bağlıdır. Mirhüseyn Zəbiyev 1884-cü ildə Lerik rayonunun Vistən kəndində anadan olmuşdur. O, 1961-ci ildə Havzava kəndinə köçərək , Osyobə məhəlləsində məskunlaşmışdır. Bu sətirlərin müəllifi ağanın özünü şəxsən görmüşdür. Mirhüseyn ağa təqvalı və kəramətli seyid olmuşdur. İnsanlar hər hansı problemlə üzləşdikdə onun cəddini köməyə çağırır və nəzir boyun alırdılar. Sağlığında olduğu kimi, bu gün də kənddə kimsə nəyisə inandırmağa çalışarkən, çox vaxt “Mirhüseynin cəddinə and olsun!” deyə and içir. Kəramətləri ilə çətinliyə düşənlərə kömək olan Mirhüseyn ağa 95 il ömür sürərək, 1979-cu ildə vəfat etmiş və kəndin Cındıroba məhəlləsindəki qəbristanlığında dəfn edilmişdir. Cəddinə olan inam və hörmətin nəticəsi olaraq qəbri ziyarətgaha çevrilmişdir. 2010-cu ilin yanvar ayında Ağanın nəvəsi Samirə Ələddin qızı Quliyevanın şəxsi vəsaiti hesabına bənna Şəmşir Ağakişi oğlu Hüseynov və köməkçisi Rəfail Höybət oğlu Cabbarov tərəfindən Seyid Mirhüseynin qəbri üzərində məqbərə inşa edilmişdir. Ocaq əsasən yerli sakinlər tərəfindən ziyarət olunur.
SEYİD ZEYNAL TÜRBƏSİ. Xolmili kəndinin eyni adlı qəbristanlığında yerləşir. Türbə Zeynal adlı seyidin adı ilə bağlıdır.Tağı Abbasov və Güloğlan Bağırov “Xolmili” kitabında Seyid Zeynal türbəsi haqqında yazırlar: “Yerli əhali arasında yayılmış söhbətlərdən belə məlum olur ki, o, (Seyid Zeynal-İ.Ş) Şeyx Zahidin müasiri olmuş və XII-XIII əsrlərdə yaşamışdır. Dövrünün savadlı, nüfuzlu, müqəddəs şəxsiyyətlərindən biri olmuş və dəfn olunduğu kənd qəbristanlığı onun adı ilə “Seyid Zeynal” qəbristanlığı adlanır. Məlumatlardan belə aydın olur ki, Seyid Zeynalın dəfn olunduğu qəbristanlıqda möhtəşəm türbə ucaldılmış, lakin sonradan həmin abidə dağılmışdır. Yalnız müstəqilliyimizin ilk illərində kəndin xeyriyyəçi oğlu Eldar İbad oğlu Əhmədov şəxsi vəsaiti hesabına Seyid Zeynalın qəbri üstündəki abidəni bərpa etdirmişdir.”(Bakı,2013; səh. 10-11). Seyid Zeynal türbəsi əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur. Seyid Zeynal türbəsi yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
SEYİD MİRİ / SEYİD MİRAĞA OCAĞI. Kərgəlan kəndinin Seyidoba məhəlləsində, Seyidağa Mirağa oğlu Miriyevin həyətyanı sahəsində yerləşir. XVIII əsrdə yaranmışdır. Ocaq Seyid Miri Mirannağı oğlu Miriyevin adı ilə bağlıdır. Əslən mazandaranlı olan Seyid Miri 9 yaşında ikən ailəsi ilə birlikdə Kərgəlan kəndinə köçmüşdür. O, mömin, təqvalı və kəramətli seyid olmuşdur. İnsanlar onun cəddinə tapınaraq faydalanmışlar.Ziyarətgah hazırda ağanın nəvəsi Seyid Mirağa Mirismayıl oğlunun adı ilə tanınır. Seyid Mirağa 1913-cü il martın 16-da anadan olmuş, 1983-cü il martın 31-də vəfat etmişdir. Müxtəlif vaxtlarda dünyalarını dəyişmiş baba, oğul və nəvə (Seyid Miri, Seyid Mirismayıl, Seyid Mirağa-İ.Ş). Lənkəran şəhərinin Sardəxıl qəbristanlığında eyni qəbirdə dəfn olunmuşlar. Onların yuyulduqları yer insanlar tərəfindən ziyarətgaha çevrilmişdir. Seyid Mirağanın övladları tərəfindən 1967-ci ildə ocaq üzərində məqbərə inşa edilmişdir. Ocaq müxtəlif yerlərdən olan insanlar tərəfindən ziyarət olunur.
SEYİD SADIX OCAĞI. Lənkəran-Boradigah şose yolunun üstündə, Girdəni kəndinin ərazisində, qəbristanlıqda yerləşir. Son illərdə yaranmış ziyarətgahlardan hesab olunur. Sadıx adlı seyidin adı ilə bağlıdır. Sadıx Mirsahib oğlu Əhmədov 1936-cı il martın 20-də Girdəni kəndində anadan olub. O, mömin, təqvalı və kəramətli seyidlərdən olduğu üçün hələ sağlığında onu tanıyanlar ağaya nəzir- ayırmış, çətinə düşənlər cəddini köməyə çağırmışlar. Seyid Sadıx cəmi 63 il ömür sürərək, 2002-ci il dekabrın 15-də vəfat etmiş və kənd qəbristanlığında dəfn olunmuşdur. Seyid Sadıxın cəddinə olan inam və ehtiramın nəticəsi olaraq onun məzarı ziyarətgaha çevrilmişdir. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan girdənililərin şəxsi vəsaiti hesabına ağanın qəbri üstündə məqbərə inşa edilmişdir. Ocaq əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
SEYİD MƏHƏMMƏD TÜRBƏSİ. Yuxarı Nüvədi kəndinin cənub-qərb hissəsində, təpəlikdə yerləşir. Türbənin yerləşdiyi təpə iki tərəfdən (cənub və qərb) meşə ilə əhatə olunmuşdur. Türbə Məhəmməd adlı seyidin adı ilə bağlıdır. O, islamı təbliğ etmək məqsədilə buraya gəlmişdir. Qocaman pedaqoq Rzaqulu Rzayev “Yuxarı Nüvədi kəndinin tarixi” kitabında Seyid Məhəmməd haqqında yazır: “Seyid Məhəmməd burada yaşadığı müddətdə Bərbər adında şəxs bu ərazidə padşahlıq edərmiş, onun iqamətgahı Lənkəran çayının cənubunda “Bərbər qalası” deyilən yerdə olmuşdur. Ərəb xilafəti VII əsrdə Məhəmməd peyğəmbərin dinini qəbul etdirmək məqsədilə buraya yürüş etmişdir. Bununla əlaqədar olaraq Seyid Məhəmməd də islam dininin tərəfdarı olduğu üçün ərəblərlə birlikdə Bərbər şahın qoşunları ilə vuruşmada həlak olur. Onu yaşadığı yerdə dəfn edirlər. O, vaxtdan həmin yer “Səydə tıbə” ocağı kimi tanınır.” (Lənkəran, 2007; səh. 36-37).
“Səydə tıbə” talış dilində “Seyid türbəsi,” “Seyid qəbristanlığı” deməkdir. Lənkəran rayonunun Sütəmurdov kənd sakini xeyriyyəçi Oqtay Rəcəbov şəxsi vəsaiti hesabına Seyid Məhəmməd türbəsində (“Səydə tıbə”) məscid inşa etdirmişdir. Türbə əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
SEYDƏKİNƏ TÜRBƏSİ. Kənarmeşə kəndində yerləşir. Talış dilində olan “Seydəkinə” Azərbaycan dilinə tərcümədə “Seyidqızı” mənasını verir. Türbə Seyidnisə adlı seyidin adı ilə bağlıdır. Fayaz Qasımzadə “Kənarmeşə” kitabında Seydəkinə türbəsi haqqında yazır: “Seyidnisə Mirzəli qızı 1870-ci ildə anadan olub. O, dünyaya şikəst gəlmiş, əl-ayağı iflic, nitqi isə qüsurlu olmuşdur. Atası Seyid Mirzəli əslən İranın Ərdəbil mahalından olmuş, o, bir neçə ailə ilə birlikdə İranda hökm sürən özbaşnalıqlardan yaxa qurtarmaq üçün bu yerlərə pənah gətirmişdir. Seyid Mirzəlinin arvadı Mir Səkinə yoldaca keçinmiş və meşədə basdırılmışdır. Seyidnisə kəramətli seyidlərdən olmuş, insanlar onun cəddinə hörmətlə yanaşmış, ona sağlığında nəzir ayırmış, cəddinə and içmişlər. Seyidnisə 1924-cü ildə 54 yaşında vəfat etmişdir.” (Bakı, 2008; səh.287). Hörmət və ehtiram əlaməti olaraq Seyidnisənin qəbri ziyarətgaha çevrilmişdir. Həmin ziyarətgah insanlar tərəfindən Seyidnisənin seyid nəslindən olması ilə əlaqədar “Seydəkinə” (“Seyidqızı”) adlandırılmışdır. Kənarmeşə kənd sakini Sakit Babayevin şəxsi vəsaiti hesabına türbədə təmir-bərpa işləri həyata keçirilmiş, türbə dəmir çəpərə alınmış və üstündə tikili inşa edilmişdir. Seydəkinə türbəsinə müxtəlif yerlərdən insanlar ziyarətə gəlir.
Qeyd edək ki, rayonun Sütəmurdov və Veravul kəndlərində də “Seydəkinə” adlı ziyarətgah vardır.
SEYDƏKİNƏ TÜRBƏSİ. Sütəmurdov kəndinin Yuxarı məhəllə adlanan ərazisində, Velədi kəndinə gedən yolun üstündə yerləşir. Seydəkinə talış dilində “Seyid qızı” deməkdir. Adından göründüyü kimi türbə seyid nəslindən olan qızın, qadının adı ilə bağlıdır. Türbədə Seydəkinənin/Seyidqızının qəbri ziyarət olunur. Başdaşı köhnəldiyindən burada dəfn olunan şəxsin kimliyi və yaşadığı dövür haqqında dəqiq məlumat əldə etmək olmur. Görünür seyid nəslindən olan bu şəxs böyük nüfuz sahibi olduğu üçün əhali onu hörmət əlaməti olaraq Seydə kinə, yəni Seyid qızı adlandırmaqla, qəbrini ziyarətgaha çevirmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra ziyarətgah üzərində xeyirxah insanlar tərəfindən məqbərə tikilmişdir. Türbə əsasən yerli sakinlər və yoldan keçənlər tərəfindən ziyarət olunur.
SİYOPİ OCAĞI. Bəlləbur kəndində, Bəlləbur qalası səmtində, yol kənarında yerləşir.Siyopi (Siyo – pi) talış dilində “Qara pir” deməkdir.Ocağın yaranma tarixi məlum deyildir.Burada olan qəbir ziyarət olunur. Qəbir üzərində başdaşı olmadığından onun kimə aid olduğunu söyləmək olmur.Lakin, qəbrin ziyarətgah olduğuna əsaslanıb burada hansısa bir övliyanın uyuduğunu qeyd etmək olar.Respublikamız müstəqillik qazandıqdan sonra Lənkəran rayonunun Rvo kənd sakini Azad Mirzəhüseyn oğlunun şəxsi vəsaiti hesabına qəbir üzərində uzunluğu 4 metr, eni isə 3 metr olan məqbərə inşa edilmişdir. Çəpərə alınan ocağın ərazisində iri bir daş vardır. Tarixi abidə nümunəsi kimi qorumaq məqsədi ilə bu daşın 1974-cü ildə , ocağın yaxınlığında yerləşən Bəlləbur qalasından gətirildiyi söylənilir. “Siyopi” ocağı əsasən yerli sakinlər tərəfindən ziyarət olunur.
SEYDƏPİR OCAĞI. Lənkəran-Lerik şose yolunun sol tərəfində, Şağlakücə kəndinin ərazisində yerləşir. Kənd sakinlərinin qənaətinə görə, yaranması XIV-XV əsrlərə təsadüf edən bu ocaq, əslən Gilan mahalından olmuş Seydəpir adlı seyidin adı ilə bağlıdır. Fikrimcə,ocaq Seydəpir şəxs adı ilə bağlı deyildir. Adından da göründüyü kimi Seydəpir talış dilində “seyd” – seyyid, “ə” - birləşdirici səs və fars dilində “pir” – ziyarətgah sözlərinin birləşməsindən yaranaraq, Azərbaycan dilinə tərcümədə “Seyid ziyarətgahı” mənasını verir. Burada dəfn edilən və adı bizə məlum olmayan şəxs təqvalı, kəramətli seyid olduğundan qəbri ziyarətgaha çevrilərək Seydəpir adlandırılmışdır. Bu gün ocaq ərazisində ziyarət olunan qəbirdən başqa qəbir olmasa da, çox güman ki, ocaq ərazisi keçmişdə qəbristanlıq olmuşdur. Düzən ərazidə yerləşən Seydəpir ocağı geniş əraziyə malikdir. Burada çoxlu sayda çoxillik tarixi olan nəhəng palıd və nil (azat) ağacları vardır. Ziyarətgah ərazisində quyu qazılmış, ziyarətçilərin günəş şüalarından və yağışdan daldalanması üçün tikili inşa edilməklə, dini ayinlərin icra edilməsi üçün hər cür şərait yaradılmışdır. Şağlakücə kənd sakinləri Kərbəlayi Cankişi Yüzbaşı oğlu Fərəcov və Əlihəsən Şahab oğlu Kərimovun şəxsi vəsaitləri hesabına qəbir üstündə böyük məqbərə inşa edilmişdir. Ocağa müxtəlif yerlərdən insanlar ziyarətə gəlir, xüsusilə Məhərrəmlik və Ramazan aylarında ziyarətçilərin sayı daha çox olur. Qeyd edək ki, Seydəpir təkcə dini yox, eyni zamanda tarixi abidədir. Burada Seyid piri (Seydəpir-İ.Ş) adlandırılan kurqan aşkar edilmişdir.
SÜBHİ OCAĞI. Digah kəndində, həyətyanı sahədə yerləşir. Ziyarətgahın yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Ocaqda uzunluğu təqribən 45 sm , eni 30 sm və hündürlüyü 20-25 sm olan daş və nəhəng qaraağac vardır. Digah kəndinin uzunömürlülərindən biri, 86 yaşlı Kərbəlayi Tağı Mirqafar oğlu Kərimovun bildirdiyinə görə, ocaqdakı daş qeybdən peyda olmuşdur. O, bu barədə vaxtilə kəndin yaşlı sakinlərindən eşitdiyini qeyd etdi. Ocağın nəyə görə “Sübhi” adlandırılması haqqında heç bir məlumat əldə edə bilməsək də, rayonun Bəlləbur kəndində “Siyopi” adlı ocağın varlığına əsaslanıb qeyd edə bilərik ki, “Sübhi” talış dilində olan Siyopinin (Qara pir) təhrifə uğramış adıdır. “Sübhi” ocağı “Mina” ocağı kimi də tanınır. Mina nənə əslən Lənkəran rayonunun Boladi kəndindən olmuş və Digah kəndinə “Sübhi” ocağının yerləşdiyi həyətə gəlin köçmüşdür. Mina nənə və əri Mircavad Miriyev seyid olmuşlar. Mina nənə kəramətli seyidlərdən olmuş, öz kəramətləri ilə ocağa üz tutanlara kömək etmişdir. Buna görə də Mina nənəni tanıyanlar ona nəzir-niyaz ayırmış, cəddini köməyə çağırmışlar. Mina nənə və övladlarının ayaqları anadangəlmə əyri olduğu üçün ziyarətgah yerli sakinlər tərəfindən, həmçinin talış dilində “Şılon” yəni, “Şillər” (şikəstlər) də adlandırılır. Mina nənə 80 ilə yaxın ömür sürərək 1974-cü ildə vəfat etmiş və Digah kənd qəbristanlığında dəfn edilmişdir. Digah kənd sakini, xeyriyyəçi Əhməd Hacıağa oğlu Qasımov 2011-ci ildə özünün şəxsi vəsaiti hesabına ziyarətgah üzərində məqbərə inşa etdirmişdir. Məqbərə iri salondan ibarətdir. Burada dini ayinlərin icra edilmısi üçün hər cür şərait yaradılmışdır. Qaraağac ağacı məqbərinin arxasında yerləşir. “Sübhi”-“Mina” ocağına müxtəlif yerlərdən ziyarətə gələnlər olur.
SÜBH OCAĞI. Digah kəndinin girəcəyində, kənd qəbristanlığının yaxınlığında Əzizağa Əhmədovun həyətyanı sahəsində yerləşir. Ocaq XX əsrin 80-ci illərində yaranmışdır. Kənd sakini Həlimə Əhmədova həyətində şoxum vurarkən cam (tas) tapır. O, həmin camı evin banına atır. Bir müddət keçdikdən sonra, Məhərrəmlik ayı ərəfəsində kənd sakinlərindən olan bir qadına yuxuda camın aşkarlandığı yerin ocaq olduğu bildirilir. Qadın gördüyü yuxunu Həlimə Əhmədovaya danışdıqdan sonra həmin yer ziyarətgaha çevrilir. Ziyarətgah hesab olunan yerdə nəhəng və çoxillik tarixə malik olan tut ağacı, ələm və daş vardır. Həlimə Əhmədovanın bildirdiyinə görə ocaqda qoyulmuş daş bir neçə il bundan əvvəl oğurlanmışdır. Ocağın niyə “Sübh” adlandırılması barədə məlumat əldə edə bilmədik. Ocaq əsasən yerli sakinlər tərəfindən ziyarət olunur.
SOLTAN BABA OCAĞI. Moloja kəndinin mərkəzində yerləşir. Kənd sakinlərinin bildirdiyinə görə, ocaq IX əsrdə yaranmışdır.Əgər ocağın IX əsrdə yaranması ehtimalını qəbul etmiş olsaq, bu zaman Sultan Baba ocağını Lənkəran rayonunun ərazisində yaranmış ilk ziyarətgahlardan hesab etmək olar. Ziyarətgah Sultan Baba adlı seyidin adı ilə bağlıdır. Sultan Baba kəramətli seyidlərdən olduğu üçün qəbri ziyarətgaha çevrilmişdir. Qəbir üzərindəki başdaşı köhnəldiyindən Sultan Babanın kimliyi və yaşadığı dövr haqqında dəqiq məlumat əldə etmək olmur. Ziyarətgahda tikili yoxdur. Ocaq əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
Qeyd edək ki, Şabran rayonunun Uqah kəndində də Soltan Baba adlı pir vardır.
ŞAHŞƏHİD OCAĞI. Lənkəran-Boradigah şose yolunun üstündə, Vilvan kəndinin girəcəyində, yolun sol tərəfində yerləşir. Ocağın yaranma tarixi məlum deyil. Geniş əraziyə malik olan ocağın ərazisində əsrlərin şahidi olan çoxlu sayda nəhəng palıd, nil (azat) ağacları və şümşad kolları vardır. Ziyarətgah bir qədər qəribə tarixçəyə malikdir. İdris Cəfərov və Etibar Əhədov “Şahşəhid” ocağı haqqında yazırlar: “Vaxtilə bu ərazidə Şəlimson adlı şəhər (şəhristan) mövcud olmuşdur. Şahşəhid ocağı da Şəlimsonla əlaqələndirilir. Deyilənlərə görə, Şəlimsona hücum etmiş Qacar tayfalarına qarşı şah başda olmaqla şəlimsonlular mərdliklə vuruşmuşlar. Qüvvələrin qeyri-bərabər olduğu döyüşlərin birində Şəlimson şahı həlak olmuşdur. Şəlimson şahının öldürüldüyü vaxt insanlar qışqıraraq “şah çəhid be!” demişlər. “Şah şəhid be!” talış dilində “Şah şəhid oldu!” deməkdir. Doğma yurdunun azadlığı uğrunda şəhid olmuş şah və onun döyüşçüləri burada dəfn olunduğundan yerli sakinlər bu ərazini “Şahşəhid” adlandırmaqla ziyarətgaha çevirmişlər.” (Şahşəhid ocağı. “Aşkarlıq” qəzeti, iyun 2007).
Lənkəran şəhər sakini Teymur adlı xeyriyyəçinin şəxsi vəsaiti hesabina ocaqda şərq memarlıq üslubunda məqbərə inşa edilmişdir. Ocağa müxtəlif yerlərdən insanlar ziyarətə gəlir.
ŞAHSUBƏY OCAĞI. Lənkəran-Havzava şose yolunun üstündə, Girdəni kəndi ərazisində, qəbristanlıqda yerləşir. Ocağın dəqiq yaranma tarixi məlum deyil. Şahsubəy adlı şəxsin adı ilə bağlıdır. Yerli sakinlərin fikrincə, Şahsubəy Şah İsmayıl Xətainin ordu başçılarından biri olmuşdur. Əgər Şahsubəyin Ş.İ.Xətainin ordu başçılarından biri olması fikrini qəbul etmiş olsaq ziyarətgahın tarixi XVI əsrə gedib çıxmış olur. Şahsubəy əhali arasında böyük hörmət və nüfuza malik olduğundan onun məzarı ziyarətgaha çevrilmişdir.Şahsubəy ocağının yerləşdiyi qəbristanlıqda son zamanlara qədər Şahsubəyin qəbrindən başqa qəbir olmamışdır. Ocağa yaxın olan ərazidə sonradan məskunlaşan insanlar arasında burada basdırılan meyitlərin gecələr qeyri-adi qüvvələr tərəfindən çaya atılması ilə bağlı mifin hakim olması məhz buna səbəb olmuşdur. Qeyd edək ki, qəbristanlığın yaxınlığından Girdəniçay axır.Kənd sakinlərinin qənaətinə görə, Girdəni kəndində adına ocaq olan Ağabəy Şahsubəyin qardaşı olmuşdur.Girdəni kənd sakini Tofiq Əzim oğlu Mirzəcanov şəxsi vəsaiti hesabına Şahsubəyin qəbri üzərində məqbərə inşa etdirmişdir. Ocaq əsasən yerli sakinlər tərəfindən ziyarət olunur.
ŞAHSƏMİ PİRİ. Separadi kəndində qəbristanlıq adıdır. Burada əsasən seyidlər dəfn edildiyindən qəbristanlıq eyni zamanda “Seyidşamı” piri də adlandırılır. Kənd sakinləri cümə axşamlarında, məhərrəmlikdə və digər müqəddəs bayram günlərində buraya gələrək qəbirləri ziyarət edir, “yasin” oxudur, şam və məşəl yandırırlar. Qəbristanlıqda seyidlərdən başqa həm də körpələr də dəfn olunur. Burada nəhəng və çoxillik tarixə malik olan qaraağac və çoxlu sayda şümşad kolları vardır. Pir əsasən yerli sakinlər tərəfindən ziyarət olunur.
ŞEYX ZAHİD TÜRBƏSİ. Şıxıkəran kəndində, qəbristanlıqda yerləşir. XIII əsrdə yaşamış Şeyx Zahidin adı ilə bağlıdır. Şeyx Zahid öz dövrünün tanınmış ziyalısı, sufi alimi,filosof, müəllim və şair olmuşdur. O, 1215-ci il martın 21-də Lənkəran rayonunun Siyavar kəndində Şeyx Rövşən Əmirin ailəsində dünyaya göz açmışdır. Şeyx Rövşən Əmir İranın Gilan vilayəti kəndlərinin birində evləndikdən sonra Siyavar kəndinə köçmüşdür. Şeyx Zahidin əsl adı Tacəddin İbrahimdir. O, ilk təhsilini Astaranın Bütəsər (indiki Pensər) kəndində XIII əsrin məşhur sufi alimi Seyid Camaləddindən almışdır. Seyid Camaləddin çox böyük ümidlər bəslədiyi müridinə- şagirdinə “Zahid” (ərəb dilində “ibadət adamı,” “pəhrizkar” deməkdir) ləqəbini vermiş, vəfat edərkən isə ona öz işini davam etdirməyi və sufi təriqətinə başçılıq etməyi tapşırmışdır. XIII əsrdə Talışın ərazisi Gilanın tərkibində olduğu üçün Şeyx Zahid özünə “Gilani” təxəllüsünü götürmüşdür. Şeyx Zahid zəmanəsinin böyük alimlərindən biri olmaqla yanaşı, eyni zamanda bir neçə dil də bilmişdir. Beləki, o, talış, türk (Azərbaycan), gilək, ərəb, fars, kürd və qədim pəhləvi dillərini bilirmiş. Şeyx Zahid talış və gilək dillərində şeirlər yazmışdır. Ömrünün çox hissəsini Gilanda, sonralar isə Muğanda yaşamışdır. Onun Siyavar, Hiləkəran (indiki Şıxəkəran) və Gərmətükdə dini təbliğ edən nümayəndəliyi, Muğan, Şirvan və Marağada isə çoxlu şagirdləri olmuşdur. Şeyx Zahid 25 il səfəvilərin ulu babası Şeyx Səfiəddinin mürşidi- müəllimi olmuşdur. Lənkəran mahalının Hiləkəran kəndində fəaliyyət göstərmiş Şeyx Zahid məktəbi dövrünün ən yüksək təhsil verən elm ocaqlarından biri olmuşdur. Şeyx Zahidin şəxsi həyatına gəldikdə isə onun iki arvadı olmuşdur. Birinci arvadı siyavarlı, ikinci arvadı isə hiləkəranlı idi.O, ikinci arvadı ilə 72 yaşında olarkən evlənmişdir. Şeyx Zahidin iki arvaddan üç övladı dünyaya gəlmişdir. Övladlarından ikisi oğlan, biri qız olmuşdur:Şəmsəddin, Camaləddin Əli və Bibifatma. Şeyx Zahid qızı Bibifatmanı şagirdi Şeyx Səfiəddinə (1252-1334) ərə vermişdir.
Şeyx Zahid 1300-cü ilin martında Siyavarda vəfat etmiş və orada dəfn edilmişdir. Tarixdən bəllidir ki, Şeyx Zahidin məqbərəsini bir neçə dəfə su basmışdır. Məhz dəniz suyunun qalxması ilə əlaqədar onun qəbri sonralar Hiləkəran, indiki Şıxəkəran kəndinə köçürülmüşdür. Tarixi mənbələrdən məlum olur ki, indiki Şıxəkəran kəndinin əvvəlki adı Hiləkəran olmuşdur. Şeyx Zahidin qəbri buraya köçürüldükdən sonra kənd onun adı ilə Şıxəkəran adlandırılmışdır. Şıxəkəran talış dilində Şıxəkon adlanır. Talışca Şıx – “Şeyx,” kon – “evlər” deməkdir, burada -ə- hərfi birləşdirici səsdir. Beləliklə, Şıxəkəran toponimi talış dilində “şeyx evləri” mənasını verir.
Səfəvi hökmdarları ulu babaları olan Şeyx Zahidin məqbərəsini dəfələrlə ziyarət etmiş,onu təmir etmişlər.1478-ci ildə Ş.İ.Xətainin atası Şeyx Heydər (1460-1488) bir neçə mahir bənna və nəccarla gəlib məqbərə ilə gümbəzi təmir etdirmişdir. Şah İsmayıl Xətai (1486-1524) 1500-ci ildə, I Şah Abbas (1571-1629) isə 1609-cu ildə buranı ziyarət etmişlər.
İnam və ehtiram əlaməti olaraq Şeyx Zahidin qəbri ziyarətgaha çevrilmişdir.Şeyx Zahidin qəbri üzərində olan tikililər bir neçə dəfə hökumət tərəfindən dağıdılmışdır.Azərbaycan müstəqillik qazandıqdan sonra 1990-1995-ci illərdə burada kənd sakinlərinin vəsaiti hesabına şərq memarlıq üslubunda yeni məqbərə inşa edilmişdir.Məqbərə iki salondan ibarətdir. Şeyx Zahid türbəsi respublikamızda tanınan ziyarətgahlardan hesab olunur. Tarix elmləri doktoru, professor Məşədixanım Nemətin “Azərbaycanda pirlər” kitabında (Bakı, 1992) türbə haqqında məlumat verilmişdir. Xalq tərəfindən Şeyx Zahidə olan inamla bağlı “Yatmış şahzadə haqqında talış əfsanəsi” və “Müqəddəs Şeyx Zahid haqqında talış xalq əfsanəsi” yaradılmışdır. Yerli əhəmiyyətli memarlıq abidəsi hesab olunan Şeyx Zahid türbəsi dövlət tərəfindən qorunur. Türbənin invertar nömrəsi 4838-dir. Şeyx Zahidin adı əbədiləşdirilərək Lənkəran şəhərinin küçələrindən birinə verilmişdir. Türbəyə müxtəlif yerlərdən insanlar ziyarətə gəlir.
TÜRBƏT OCAĞI. Sütəmurdov kəndinin Seyidlər məhəlləsində, yol kənarında yerləşir. Ocaqda qəbir və kitabə yoxdur. Yerli sakinlər tərəfindən müqəddəs hesab olunan ərazi dəmir hasara alınmış və üstündə dəmir konstruksiyalı tikili inşa edilmişdir. İnsanlar niyyət edərək burada şam və məşəl yandırır, ip, parça qırıqlarını ziyarətgahın dəmir barmaqlıqlarına bağlayırlar. “Türbət” ocağı Sütəmurdov kəndindəki “Qara ələm” ziyarətgahına gedən yolun üstündə yerləşdiyindən “Qara ələm” ziyarətgahına gedənlər buradan keçərkən mütləq “Türbət”i də ziyarət edirlər. Ocaq əsasən yerli sakinlər tərəfindən ziyarət olunur.Xüsusilə Məhərrəmlik ayında burada ziyarətçilərin sayı daha çox olur.
“TÜRKƏNCİL” OCAQLARI. Türkəncil kəndində Baba (Bobo) Nəcəf ocağından başqa daha üç ocaq da vardır. “Baba Nəcəf”dən fərqli olaraq həmin ziyarətgahların adı yoxdur. Məhz buna görə də Türkəncil kəndindəki “adsız” ziyarətgahları “Türkəncil” ocaqları adı altında şərti olaraq sayla (I, II, III) vermək qərarına gəldik.
I Ocaq- kəndin mərkəzində, yol kənarında yerləşir. Yaxınlığında iri uləs(vələs) ağacı olduğundan sakinlər ocağı bəzən “Üləsə tıbə” də adlandırır.”Üləsə tıbə” talış dilində “Vələs ağacı olan türbə” deməkdir. Ocağın yaranma tarixi məlum deyil. Burada olan naməlum qəbir ziyarət olunur. Yerli sakinlərin fikrincə, bu qəbirdə kənddə adına ocaq olan Baba Nəcəfin yaxınlarından kimsə uyuyur. XX əsrin 90-cı illərində Türkəncil kənd sakini Kamal Güləhməd oğlu Xudaverdiyevin şəxsi vəsaiti ilə qəbir üzərində məqbərə inşa edilmişdir. Ocaq əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
II Ocaq- kəndin mərkəzində, Əyyar Gülməli oğlu Hüseynovun həyətyanı sahəsində yerləşir. Yaranma tarixi məlum deyil.Burada olan naməlum qəbir ziyarət olunur. Qəbir üzərində olan baş daşı köhnəldiyindən onun kimə məxsus olduğunu oxumaq mümkün deyildir. Yerli sakinlərin fikrincə, qəbirdə müqəddəslərdən kimsə uyuyur. Qəbir üzərində tikili yoxdur. Ocaq əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
III Ocaq- kənd sakini Əbülfət Mürvət oğlu Əsədullayevin həyətyanı sahəsində yerləşir. Yaranma tarixi məlum deyil. Burada da naməlum qəbir ziyarət olunur. Baş daşı köhnəldiyindən onun kimə məxsus olduğunu oxumaq mümkün deyildir. Deyilənlərə görə, bu qəbir də Baba Nəcəfin yaxınlarına məxsusdur.Qəbir üzərində tikili yoxdur. Ocaq əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
ZEYNƏB OCAĞI. Digah kəndinin girəcəyində, qəbristanlığın yaxınlığında, Mirağa Mirqubad oğlu Hüseynovun həyətyanı sahəsində yerləşir.Zeynəb Mirqubad qızının adı ilə bağlı olan ocaq XX əsrin 50-ci illərinin əvvəllərində yaranmışdır. Zeynəb təqribən 3-4 yaşlarında həyətlərindəki daşın yaxınlığında oynayarkən gözünə qadın görünər və həmin qadın Zeynəbə əski parçalarını yuyub daşın yaxınlığında olan ağaca sərməyi bildirərmiş. Bu hal bir neçə dəfə təkrarlanır. Valideyinləri bunun səbəbini balaca Zeynəbdən soruşduqda o, başına gələn əhvalatı onlara danışır. Məhz bundan sonra həmin yer ziyarətgaha çevrilir. Ocaqda olan daş ziyarət olunur. Müqəddəs hesab olunan daş təqribən 1 m hündürlüyündə daş hasara alınmışdır. Zeynəb ocağı əsasən yerli sakinlər tərəfindən ziyarət olunur. Xüsusilə, Məhərrəmlik ayında ziyarətçilərin sayı daha çox olur.

Комментариев нет:
Отправить комментарий