Muğanın dağətəyi və meşəlik ərazilərində salınmış kənd və obaların da özünəməxsus zəngin tarixi vardır. Muğanın cənub şərq hissəsində ən bərəkətli və gözəl təbiətə malik olan torpaqlarda ta qədim zamanlardan salınmış kəndlərdən biri də indiki Gözbulaq kəndidir.
Bu kəndə qədimdə «Göytəpə» deyərlərmiş ki, bu da orada yerləşən böyük təpənin adı ilə əlaqədardır. Türkmənçay müqaviləsindən sonra bu kəndin üstündə yerləşdirilmiş rus kazaklarının xüsusi alayının düşərgə saldığı Göytəpənin adını sonralar özləri ilə təzə bir əraziyə- Prişib və Privolnoye kəndlərinin cənub hissəsindəki yaşayış düşərgəsinə- rus polkunun qərargahının yerləşdiyi «şəhərciyə» qoymuşlar. Araşdırmalar zamanı bu fikri təsdiqləyən müxtəlif sənədlərə rast gəlmək olur. Sənədlərdə göstərilir ki, Göytəpə kəndi Hasıllı kəndinin cənubunda, təxminən 8-10 verst aralı məsafədə yerləşmiş hündür bir təpənin ətrafında yerləşir. Həmin təpənin yaxınlığından, meşənin dərin qatlarındakı bulaqdan mənbəyini götürən eyni adlı çay kəndin cənub hissəsindən axaraq Xəzər dənizinin yaxınlığındakı qamışlığa tökülür. Çayın sahilində Ağdaş, Privolnoye, Prişib, Mixaylovskaya, Kazımabad, Ləngan və s. kəndlər yerləşir.
Sənədlərdə daha sonra qeyd olunur ki, qədim Göytəpə kəndində yaşayan əhalinin tərkibi bir neçə tirədən və nəsildən ibarətdir. Cəmi 7 obada məskunlaşmış bu əhali 1830-1832-ci illərdə bir ailədən ibarət olub. Əhalinin sayı isə belə göstərilir - cəmi 83 nəfər. Onlardan 47-si kişi, 36 nəfəri qadınlardır. 15 yaşına çatan uşaqların sayı 24 nəfərdir.
İlk dəfə 1578-ci ilə aid mənbədə adı çəkilən Ağdaş toponiminin mənşəyi, mənası, yaranma tarixçəsini aydıınlaşdırmaq bir sıra cəhətlərinə görə çətin və dolaşıqdır. İndiki Ağdaşın (söhbət Cəlilabad rayonundakı Ağdaş kəndindən gedir - S.N.) yaşayış məntəqəsinin yerləşdiyi coğrafi mövqeyini, relyefini nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, «daş» komponenti «çöl, açıq şəhra, sahə, düzənlik» mənasında, «Ağ» isə doğma ana dilimizdə «ağımtıl (torpaqlı) çöl, boz (torpaqlı) səhra» sözlərinin birləşməsindən əməl gəlmişdir.
Onu da qeyd etmək istəyirəm ki, qədim Göytəpə kəndinin ən böyük məhəllələrindən biri Ağdaş olmuşdur. Qaradaş məhəlləsi isə həmin kəndin şimal-qərb hissəsində yerləşmişdir. Nəci bulağının axarının əmələ gətirdiyi kiçik çayın vasitəsilə indiki Gözbulaqdan ayrılmış qədim Ağdaş məhəlləsinin ərazisi hal-hazırda «Yurd yeri» adı ilə tanınır.
Həmişə işıq, gün düşən, açıq sahə sayılan qədim Ağdaş məhəlləsinin evlərinin qalıqları və s. etnoqrafik əşyaların tapıntıları bunları sübut edir. Qaldı ki, Qaradaş (Qaraağac) oykoniminə bunu da əlavə etmək istədim ki, bu da «güney» və «quzey» sözlərinin azərbaycan dilində işlədilən formasıdır. Qara və yaxud qaramtıl dağın arxasında, gün düşməyən ərazini bildirən bu söz türk dillərində ən çox aşağıdakı mənalarda işlənir: a) «qara», qaranlıq, zülmət, tutqun; b) «sərt», qəmli, kədərli, bədbəxt; v) «mal-qara»- yığım-dəstə, xalq, camaat, qoşun; q) «Quru»-torpaq, təpə, hündür təpə və s.
İndiki Gözbulaq kəndinin tarixi və coğrafiyasını, onun etnoqrafiyasını tədqiq edərkən bizə məlum olur ki, həmin yaşayış məntəqsinin ətraf torpaqlarında Ağdaş, Qaradaş, Sarıtorpaq, Ağbulaq, Qarasu, Sarıdərə adlarında toponimilər mövcuddur. Buna Gözbulağ kəndinin mərkəzində ucalan qədim yaşayış məntəqəsi Göytəpənin adını daşıyan hündür təpənin, möhtəşəm zirvənin adını da əlavə etmək olar.
Möhtəşəm adını indiyə qədər qoruyub saxlayan qədim Göytəpənin qoynunda, yaşıllıqlar arasında salınmış, gözəl mənzrəsi olan, təmiz təbiəti və qonaqpərvər, mehriban sakinləri ilə tanınmış bu günkü Gözbulaq kəndində 240 evdən ibarət kəndli təsərrüfatı, gözəl və yaraşıqlı məscid binası, geniş və işıqlı sinif otaqları ilə təmin olunmuş orta məktəb fəaliyyət göstərir. Gözbulaq kəndində hal-hazırda 1150 nəfərə yaxın əhali yaşayır. Kənddə əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Tarixi qaynaqlar xəbər verir ki, Muğan düzündə, ümumiyyətlə Azərbaycanın müxtəlif ərazilərində yaşamış tayfalar əsasən heyvandarlıqla məşğul olduqları üçün yaylaq və qışlaqlarda yaşamışlar. Yayda yaxşı otlaq yerləri axtarmaq üçün onlar dağlarda, qış mövsümündə isə ucu-bucağı görünməyən Muğan düzünə səpələnmişlər. Həmin ərazilərdə onlar yeni salınmış obalarda və yurd yerlərində təzə qonşu tayfalarla qaynayıb qarışmışlar. Buna misal olaraq göstərmək olar ki, Əcirli tayfasının tirələrindən olan Əmirxanlı və Bədirlilərin övladları artdıqca özləri yeni bir tayfa kimi arenaya çıxmışdılar. Əcirlilərin qız övladları ilə ailə qurmuş Əmirxanlılar sadəcə olaraq özlərini Əcirli adlandıraraq Muğanın müxtəlif otlaq sahələrində məskunlaşırlar. Bədirlilər isə yuxarıda adını çəkdiyimiz digər Şahsevən tayfaları ilə qaynayıb-qarışaraq təzə əmələ gəlmiş ailə və qəbilələri bəzən ayrıca tayfa kimi qələmə vermişlər. Məsələn, Cavadlı, Cəfərxanlı, Ramazanlı, Rüstəmxanlı, İsmayıllı, Alışbəyli, Bəndəlibəyli, Muradlı, Tahirbəyli, Curuğlu, Bünyadəlibəyli, Şıxlı və s.
Elə vaxtlar da olurdu ki, bu tayfa başçılarının oğullarından birinin övladları iki-üç nəsildən sonra doğulmuş övladlarına öz ata-babalarının və qardaş-bacılarının adlarını qoymuşlar. Nəticədə isə bu böyük ailələr yeni yaranmış «tayfa ittifaqlarına» müstəqil bir tayfa kimi daxil olunublar.
Bu haqda F.Engels yazırdı: «Tayfalar bir neçə, əsasən iki tirəyə bölünürdülər. Əvvəlki tirələr əhalinin sayı artdıqca bir neçə qəbilələrə də bölünməyə başlayırlar». (F.Engels. Proisxojdeniye semyi, çastnoy sobstvennosti i qosudarstva, M.1976, str.176).
Bildiyimiz kimi, qədim və zəngin tarixə malik olan Muğanın karvan yolları boyunca bu günlərə kimi gəlib çatan süni torpaq təpələr ulu xalqımızın zəngin keçmişinin yadigarlarıdır. Bu təpələr, necə deyərlər, dağlardan dağlaradək səpələnmişdir. Dağlar olmayan yerlərdə isə ulu babalarımız bu təpələri öz əlləri ilə qurmuşlar. Belə yüksəkliklərə qədim zamanlarda «gözçü yerləri» deyərlərmiş. Bu qədim təpələrdə bir-birlərinə mühüm xəbərlər ötürən «ocaq qalaları» olmuşdur. Deyilənlərə görə bu təpələrdə yandırılan ocağın işığı çox-çox uzaqlardan görünərmiş. Ocaqlar «parol» kimi bir-birləri ilə əlaqə saxlayırmışlar. Tək yananda-«əmin-amanlıqdır, amma ayıq olun», cüt yananda «dost gəlir, qarşılayın», yanıb-sönəndə-«düşmən əlindəyəm, özünü qoru, məni də qurtar»…
Karvan yolu boyunca uzanan bu təpələrdə poçt stansiyaları (çaparxanalar), xüsusi dayanacaqlar, karvansaralar, məscidlər və s. tikililər fəaliyyət göstərirdi.
Hər bir qalada və yaxud çaparxanada qorxmaz və cəsur igidlərdən ibarət «gözçülər dəstəsi» qoyardılar. Onlar gecə-gündüz at belində kənd və obalarla, qala və digər yurd yerlərinin yaxınlığında olan çaparxanalarla əlaqə saxlayır, hər birindən xəbər tutur, xəbər göndərirdilər. Belə «gözçü» məntəqələrindən biri də «Xəlilabad» adlanırdı.
Xəlilabad çaparxanası XIX əsrin ortalarında bir-birindən azacıq aralı məsafədə yerləşən qoşa «gözətçi təpələri»nin günbatan hissəsində salınmışdır. 1887-ci ilin kameral siyahıya alınmasına görə Xəlilabadda 45 ev olmuşdur. Əhalinin sayı isə 233 nəfər idi.
Qədim diyarımızın tarixindən, onun əhalisinin həyat tərzindən ətraflı məlumat verən «Gündəlik»də müəllif L.Muğanlı ağsaqqalların və yaşlı ruhanilərin söhbətlərinə istinad edərək qeyd edir ki, 1839-1840-cı illərdə Göytəpədən rus qoşunları Hasıllıya hücum edərək onu darmadağın etmək istədilər. Lakin kəndin bütün əhalisi, qocalar və qadınlar, uşaqlar, hətta əlil olanlar belə, öz doğma ocaqlarının müdafiəsinə qalxdılar. Əhalinin günahsız olaraq qırılmaması üçün Seyid Xəlil Ağa düşmən qoşununun rəhbəri ilə danışığa yollandı. Lakin bu zaman naməlum istiqamətdən gələn kazak atlıları Seyidə hücum etdilər. Onların arasında güclü döyüş başlandı. Seyid və onun Sadıq adlı bir Qaraağaclı faytonçusu ağır yaralandıqdan sonra həlak oldular. Kazak dəstəsindən isə 15-16 nəfər qətlə yetirilmişdi.
Sonralar Seyid Xəlilin döyüşdüyü və həlak olduğu yerdə, onun dəfn mərasimi keçirildi. Şəhid olmuş bu müqəddəs seyidin məzarı sitayiş yerinə çevrildi. Məzarın ətrafında bir neçə ailədən ibarət sakinlər üçün evlər tikildi və karvansara salındı. Deyilənlərə görə bu ailələrin arasında Seyid Xəlilin Savalan ətrafındakı yurdundan köçüb gələnlər də var idi. Elə bu səbəbdən yeni salınmış bu kəndə Xəlilabad adı verildi. Xəlilabadın eləcə də digər yaxın kəndlərin salınmasında əsas rol oynamış Xəlilli toponimii haqqında bir az ətraflı məlumat toplamaq üçün arxiv sənədlərinə müraciət etdik. Araşdırmalar zamanı zəngin tarixi faktlarla və statistik qeydlərlə tanış ola bildik.
Tarixi məlumatlardan görünür ki, Hamarqışlaq, Albalan, (Qarabağ), Xəlilabad, Badamağacı, İncilli və s. kəndlərin sakinləri Xəlilli tayfasından ayrılmış tirə və nəsillərə mənsubdurlar. Onların da, digər Şahsevən tayfaları kimi çox maraqlı tarixi vardır.
XIX əsrin axırlarına aid olan tarixi sənədlərdə qeyd olunur ki, demoqrafik siyahıyaalınmaya əsasən Xəlillilər hər iki cinsdən 1579 nəfər olmuş, 719 təsərrüfatda birləşmişlər. Onlar bu ərazidə 20-dən yuxarı kiçik oba və qışlaq şəkilində yurd salmış, ayrı-ayrı nəsil və yaxud tirə halında alaçıqlarda yaşamışlar. Onlar yüz ildən çox bir dövr ərzində yarımköçəri maldar həyatı keçirmişlər. Həmin vaxta aid başqa bir sənəddə deyilir ki, Xəlillilər uzun zaman Qaradağ və Meşkin mahallarında yaşamış, yarımköçəri maldar olmuşlar. XIX əsrin əvvəllərində həmişəlik Bolqarçayın sag tərəfinə köçəndən sonra əkinçiliklə də məşğul olmuşlar. Onlar təzə məskunlaşmış obalarda, qonşuluqlarda yaşayan tayfalarla qohumluq əlaqəsinə girərək birgə təsərrüfatlarda çalışmışlar.
Tədqiqatçı-alim M.H.Vəliyev «Azərbaycan» (Bakı, 1925) kitabında qeyd edir ki, Azərbaycanın bütün ərazisində, o cümlədən Ağsu, Dəvəçi, İsmayıllı və Naxçıvanda mövcud olan Xəlilli kəndləri də eyni adlı etnik qrupun miqrasiyası nəticəsində yaranan toponimilərdir. Müəllifin fikrincə, Qərbi Türküstandan XIII əsrdə Azərbaycana gəlmiş Xəlilli və digər tayfalar ağ Hunların «Qay adı ilə məhşur olmuş xüsusi dəstəsinə aid olmuşdur. («Azərbaycan» kitabı, səh. 398) N.A.Abelov onların XIX əsrdə köçəri həyat keçirən icmalardan ibarət olduğunu qeyd etmişdir.
Xəlillilərin çürükpapaqlılar tirəsinə mənsub olan ailələr keçən əsrdə baş vermiş rus-müsəlman hərbi toqquşmaları zamanı Ərdəbil ərazisinə köçərək, orada yeni yaşayış məntəqəsi bina etmişlər. Onların məskunlaşdığı bu kənd «Xəlilabad» adıyla indiyə kimi mövcuddur. Bu kənddə yaşayan xəlillilər qonşu kəndlərin əhalisi tərəfindən yeni adla «Oruslular», yəni «Rusiya» ərazisindən köçüb gələnlər» kimi adlandırılırlar.
Çürükpapaqlıların (onlar aşılanmamış qoyun dərisindən papaq geyərlərmiş, elə buna görə də onlara bu ad verilib) bir hissəsi hal-hazırda indiki Xəlilabad kəndində yığcam halda yaşayırlar, eyni adlı məhəllə indiyə qədər mövcuddur.
Gözbulağın cənub-şərqində olan Vənlik kəndi XIX əsrin ikinci yarısında salınmışdır. Əhalinin əsas məşğuliyyəti maldarlıqdır. Ağacan bəy Şirinbəy oğlu adlı bir şəxs tərəfindən salınmış bu kəndin əhalisi demək olar ki, bir ailənin övladlarından əmələ gəlmişdir. 1907-ci ildə vəfat etmiş Ağacan bəy öz vəsiyyətinə görə bu kəndin mərkəzində yerləşən doğma mülkünün həyətində dəfn olunmuşdur. Ailənin digər üzvlərinin məzarları isə Pirhəsən və Ağdaş qəbristanlığındadır. Vənliyə yaxın olan Fətullahqışlaq da elə həmin tirədən əmələ gələn yeni nəslin saldığı obadan yaranmış bir yaşayış məntəqəsidir. Əvvəllər bu kənd Oğrubulaq kəndi ilə yanaşı Abışabad kənd ərazi vahidinin tərkibində olub. Ona görə ki, bu kəndlərin əhalisi eləcə də Ağacan bəyin əcdadları qədim zamanlarda Sufidəşt mahalında birgə yaşayıblar. Eyni tayfadan ayrılan bu yeni tirələr və nəsillər özləri üçün obalar, yurd yerləri, yaylaq və qışlaqlar salmaq üçün Muğanın ərazisində səpələniblər.
Yuxarıda adlarını çəkdiyimiz Vənlik, Fətullahqışlaq və Oğrubulaq kənd torpaqlarının sahibi Ağacan bəy Kərbəlayi Şirin oğlu XVIII əsrin ortalarında Sufidəşt mahalına köçüb gəlmiş İraq türkmanlarından çıxmış bayat tayfasının Məhəmmədi tirəsindəndir. L.Muğanlının yazdığına görə Məhəmməd və İbrahim qardaşları Sufidəştə gələndə hər ikisi subay idilər. Nadir şahın ordusunda xidmətə yazılan Məhəmmədin böyük qardaşı İbrahim anadangəlmə şikəst olduğu üçün ailə qura bilməyib və ömrünün axırına qədər subay qalaraq sonsuz, yəni övladsız olub. Onların bir öküzü var idi. Onlar bu öküzü kəndlərdə əkin əkmək üçün icarəyə verirdilər və ondan alınan qazanc ilə dolanırdılar. Lakin həmin öküz iş vaxtı zədələnir və daha iş qabiliyyətində olmur. Məhəmməd isə Nadir şahın ordusunda xidmət edirdi. Elə buna görə də şahın şəxsi əmri ilə Seyid Abbas Xan (Talış xanı) bu qardaşların məskunlaşdığı ərazini onlara bağışlayır. Həmin kəndə, vergi tutulmasın deyə «xüsusi status» sərəncamı verilir. Elə buna görə də həmin kənd «Şiləvəngə», yəni «Şil, əlil öküzün kəndi» adı ilə tanınır.
Qədim Gözbulağın ətrafında meşəliklərdə salınmış Axtaxana, Darılıq, Ağbulaq, Qaraağac, İncilli, Qoşabulaq, Çünzəli, və s. kəndlər tariximizin dünənki günündən, əcdadlarımızın məşğul olduqları maldarlıq həyatından xəbər verirlər.
Əmiralılar – tayfasının məskunlaşdığı yaşayış məntəqələrindən biri indiki Qaraağac kəndidir. Kəndin bünövrəsini qoyan Əmiralılar nəsli bu əraziyə 1828-ci ilin ortalarında köçüb gəliblər. Əmiralılar əslən Qaradağ mahalından çıxmış və zadəgan təbəqəsinə mənsub ailələrdən ibarət olublar. Qaradağ mahalının Arazboyu torpaqlarında yerləşən Aslandüz nahiyəsində uzun müddət məskunlaşmış Əmiralılar 9 qardaş və 3 bacıdan ibarət olmuşdur. Bu ailənin kiçik oğlu Məhəmməd bəy Əmiralıbəy oğlu və onun həyat yoldaşı Bədircahan xanım, iki oğlu - Əlixan və Qaraxanla indiki Qaraağac kəndinin ərazisində ilk ev - binə qurmuş ailələrdən biri olmuşdur. L.Muğanlı 1910-15-ci illərdə tərtib etdiyi «Gündəlik»də qeyd edir ki, o zamanlar bu ərazidə məskunlaşan hər bir ailənin qurduğu obada «nəsil ağacı» deyilən köklü bir ağac əkilərmiş və adət-ənənəyə görə bu mərasim ailənin kiçik oğlan övladının adı ilə bağlayarmışlar. Bununla da həmin yurd yerinə adı çəkilən şəxsin adını qoyarmışlar. Məhəmməd bəy Əmralı bəy oğlunun məskunlaşdığı bu binə Qaraxanın əkdiyi ağacla adlandırılaraq Qaraağac, yəni «Qaraxanın əkdiyi ağacın binəsi» - həyəti, ocağı, pələdi və s. adlarla tanınmağa başlayıb. Kameral xidmətinin və Yer quruluşu komitəsinin Lənkəran qəzası üzrə Vergitutma reyestr kitabına istinad edərək Leyla xanım Muğanlı özünün tərtib etdiyi «Gündəlik»də yazır ki, «Qaraxanın oğlu Əlizamin Burovardan olan Həmzəbəyin nəvəsi Badisəbah xanımla ailə həyatı qurur. Onların bu izdivacdan bir oğlu və bir qızı olur. Əlizamin cavan yaşlarında dünyasını dəyişir. Onun dul qalmış həyat yoldaşı Badisəbah xanım 5 yaşlı oğlu Ramazanı qayınatasının evində saxlayaraq 3 yaşlı qızı Cahannisəni götürüb, ata evinə qayıdır. Yaşlı sakinlərin məlumatına görə Cahannisə xanım ömrünün son günlərinə kimi Zəhrada yaşayıb. (Zəhra kəndi onların baba yurdu olub)
Əlizamin bəyin oğlu Ramazan isə Qaraağacda babasının himayəsində tərbiyə alır. Ramazan 12 yaşında olarkən onu ana babasının yaşadığı Zəhra kəndindəki mədrəsədə dini təhsil almağa göndərirlər. Molla məktəbini bitirmiş Ramazan bacısının təkidi ilə Zəhra kəndində daimi olaraq yaşamağa qərar verir. Kəndin axundu Seyid Hüseyn ağanın yeganə övladı olan Fatmanisə xanımla ailə həyatı qurur. Onların ilk övladı olur. Axundun şərəfinə bu uşağın adını Qulamhüseyn qoyurlar. Ramazan Səttərxan hərəkatının iştirakçısı olduğu üçün Şah rejimi tərəfindən həbs olunur və ailəsi ilə birlikdə İranın şimal-şərqində olan Dərəgəz mahalına sürgün olunur. 1943-cü ildə Dərəgəzdə vəfat edir. Onun oğlu Qulamhüseyn isə Tudə partiyasının fəal üzvü idi. 1947-ci ildə həbs olunmasından ehtiyyat edərək İran-SSRİ sərhəd xəttinin yaxınlığında yerləşən Lütfabad kəndində yaşayan dostlarının köməyi ilə dövlət sərhəddini gecə vaxtı keçərək Türkmənistan ərazisinə qaçır. Sərhədə yaxın Artık dəmiryol stansiyasına gəlir və sərhəd keşikçiləri olan Sovet əsgərlərinə könüllü olaraq təslim olur. Sovetlər ölkəsinə pənah gətirən Qulamhüseyn Ramazan oğlu Qazaxıstanın Cambul vilayətindəki Merke rayonunda ailə həyatı qurur və ömrünün sonuna kimi orada yaşayır. 1988-ci ildə vəfat edir. Məzarı Merke kəndində yerləşən «iranlılar» qəbristanlığındadır.
Məhəmməd bəyin digər oğlu Əlixanın da cəmi bir oğlu olub. Onun adını Mirəli qoyublar. Doğum günü Həzrət Əlinin təvəllüd gününə təsadüf etdiyi üçün Əlixan bəy yeganə övladını onun şərəfinə adlandırmışdır. O zamanlar nəsil, tayfa, tirə öz söyköklərini unutmamaq üçün valideynlər çalışırdılar ki, öz övladlarına ata-babalarının, yaxın qohumlarının və müqəddəslərin adlarını qoysunlar. Elə bu səbəbdən də bu uşaq Əli xan bəyin adını daşımalı olur. Kameral xidmətinin Vergitutma kitablarına əsasən bu nəslin davamçısı olan Məhəmmədin ailəsində 1877-ci ildə 2 ekiz oğlan dünyaya göz açır. Onlardan birinin adı Ağamalı, digərinin isə Əmiralı qoyulur.
Qeyd olunur ki, yeni doğulmuş Əmiralını el arasında babasının şərəfinə Mirəli bəy deyə çağırırdılar. Rus-İran sərhəddində keşik çəkən polkun zabit və əsgərləri isə Mirəli bəyə «Qaraxan» ləqəbini vermişdilər. 1913-18-ci illərə aid sənədlərdə qeyd olunur ki, Əmiralı bəy bir neçə il Qaradağlı (Soltankənd) kəndində kətta vəzifəsini (starosta-S.N.) daşımışdır. Mirəli bəy əslən seyidlərdən olan Ucarud mahalındakı Mirixanlı kəndinin kətdasının yeganə övladı olan Hüsniyyə adlı bir xanımla ailə həyatı qurur.
1898-ci ildə onların ilk övladı olur. Uşağın adını Məhəmmədəli qoyurlar. O, 1924-cü ildə Düymə adlı bir xanımla ailə həyatı qurur. Sadəcə olaraq Məmməd adı ilə tanınan bu şəxsin övladları Əmiralılar nəslinin son davamçıları kimi bu günə qədər indiki Qaraağac və ona yaxın olan kəndlərdə yaşayırlar. Mirəli bəyin digər qardaşı Ağamalı bəy və onun oğlu Əmiraslan bəy 1921-ci ildə faciəli surətdə vəfat etmişdir. Onun digər 2 oğlu Qasım və Zeynalabdin və bir qızı Gülcahan Germi yaxınlığındakı Zəhra kəndində məskunlaşmışlar.
Qeyd etmək lazımdır ki, Əmiralılar tayfasının törəmələri- nəvə və nəticələri, kötücələri Lənkəran, Masallı, Biləsuvar, Sabirabad və Neftçala rayonlarında digər tayfa və tirələrlə qohumluq əlaqəsinə girərək birgə yaşayırlar.
Burovar dağlarının yaşıl yamaclarında məskunlaşmış Badamağacı və Burovar kəndlərinin əhalisinin tərkibində Tahirlilər xüsusi yer tuturlar. Tahirlilər də Cəfərlilər ilə yanaşı seyid ailələrinə mənsubdurlar.
Tədqiqatçı-alim M.Vəliyev (Baharlı) «Azərbaycan» (B., 1925) kitabında yazır ki, Seyidlər adı ilə tanınan bu adamlar türkləşmiş ərəblərin nəslindəndirlər. Ərəbistanda yaşamış Qüreyş qəbiləsinə mənsub olmuş və Azərbaycana Səfəvilər hakimiyyəti dövründə gəlmişlər. Əvvəllər cənubi Azərbaycan, sonralar isə Şimali Azərbaycanın ərazisinə yayılmışlar. Tahirlilər digər seyid ailələri kimi Cəlilabad rayonunun müxtəlif kənd və obalarında məskunlaşmışlar. Tahirlilərdən ayrılan bir neçə göbəy və yaxud nəsil rayonun bir neçə yaşayış məntəqəsinin bünövrəsini qoymuşlar (Uzuntəpə kəndinin bir hissəsi vaxtı ilə Tahirkəndi adlanıb. Ondan bir az aralı, kəndin şimal hissəsində İsmayıl obası yerləşirdi). İkinci göbəyə isə Hacı Cavadlı tirəsi deyirlər. Vaxtı ilə onlar Vənlik, Fətullahqışlaq və Oğrubulaq ərazisində yaşayıblar. Hacı Cavadın həmin yerlərdə qışlaqları, oba yerləri olub. Sonradan o, həmin obaları daimi olaraq öz dayısı Ağacan bəyə bağışlayır. Hacı Cavad öz ailəsi və böyük oğlu Fətullahın ailəsi ilə birlikdə İbrahim bəyin obasına pənah gətirir. İbrahim bəyin Vərgədüz mahalındakı doğma yurdlarında vəfatından sonra onun oğlanları bu torpaqları daimi istifadə üçün Seyid nəslindən olan Hacı Cavadlı ailəsinə ərməğan edirlər. Beləliklə, İbrahim obası yeni adla «Hacı Cavadlı obası (kəndi)» kimi tanınır. Yuxarıda adların çəkdiyimiz kəndlərdə Hacı Cavadın övladları Fətullah və Cəbrayılın nəslindən olanlar hal-hazırda da yaşayırlar.
Bu kəndlərdən çox da uzaq olmayan Komanlı kəndi öz adını XII-XIII əsrlərdə Azərbaycana yürüş etmiş Monqol qoşunlarının tərkibində olan tayfaların yadigarı kimi saxlayır. Lakin, bu günə kimi tarixdə öz adını qoruyub saxlamış Komanlı kəndinin hazırkı əhalisinin əsas tərkibi Cəfərli tirəsinə mənsubdurlar. Buna baxmayaraq, onlardan əmələ gəlmiş bir neçə ailə və nəsil yeni adla, tayfa və tirə kimi adlanırlar. Misal üçün, qeyd etmək lazımdır ki, hal-hazırda Komanlıda Kəlbə Əsgərli tirəsi kimi tanınan ailələr bütövlükdə cəfərlilərə məxsusdurlar. Kəndin digər sakinləri isə Komanlıya köçməmişdən əvvəl yaşadıqları yurd yerlərinin və yaxud ailə başçılarının adı ilə müxtəlif göbəylərə bölünürlər. Məsələn, Soruslu, Rəhimli, Dinili və s.
Komanlıya yaxın olan ən məhşur kəndlərdən biri olan Bəcirəvan iki böyük köçdən - yurd yerindən ibarətdir. Aralarında təxminən 2-3 km məsafə olan bu yaşayış məntəqələri Böyük Bəcirəvan və kiçik Bəcirəvan haqqında kifayət qədər məlumat əldə etmişik. Bizə aydın olmuşdur ki, Bəcirəvan kəndi əsasən bu yerlərə köçüb gəlmiş qədim Bəcirəvan şəhərinin sakinləri tərəfindən salınmışdır.
Belə rəvayət olunur ki, guya qədim Bəcirəvan şəhərinin əhalisi ilanların hücumuna məruz qalaraq öz doğma ocaqlarını ataraq Muğan düzünə səpələnmişlər. Hal-hazırda Muğanda mövcud olan Bəcirəvan kəndlərinin əhalisinin demək olar ki, bir-birləri ilə qohumdurlar.
Həmdullah Qəzvini özünün «Nüzxət əl-klub» əsərində qeyd edir ki, Bəcirəvan Muğanın ən böyük şəhərlərindən olmuşdur. XIII əsrdə isə monqolların hücumu nəticəsində viran edilmiş və sonralar abadlaşaraq kəndə çevrilmişdir. Daha sonra H.Qəzvini qeyd edir ki, Bəcirəvanın içərisindən keçən çay Biləsuvarın içərisindən də keçir. Bəcirəvan şəhərinin əhalisi mənbəyini dağların qoynundakı bulaqlardan alan çayın suyu ilə təmin olunur, əhalisi əkinçiliklə, əsasən dənli bitkilər əkməklə məşğul olurdular. İbn Əl-Əsirin verdiyi məlumatlardan aydın olur ki, Bəcirəvan Araz çayının cənubunda yerləşirmiş. Digər ərəb tarixçisi Əl-İstəxri də öz əsəri «Kitabi masalik və əl-mamalik»də Bəcirəvan şəhərini Azərbaycanın Təbriz, Bərzənd, Muğan və digər şəhərləri ilə bərabər sayaraq qeyd edir ki, Bəcirəvan şəhəri böyüklüyünə görə yuxarıda adları çəkilən şəhərlərə «bənzəyir».
«Tarixi-Dərbəndnamə»nin müəllifi Bəcirəvanın Muğanda ən böyük şəhər olduğunu göstərir. A.Bakıxanov məşhur «Gülüstani - İrəm» əsərində qədim mənbələrə əsaslanaraq Muğanda olan bir çox şəhərlərin, o cümlədən Həməşara, Muğan, Bərzənd, Bəcirəvan, Biləsuvar və s. adlarını çəkir. Rayonumuzun ərazisində olan Bəcirəvan kəndi, eləcə də Muğanın şimal-şərq hissəsində yerləşən eyni adlı kəndlər vaxtilə qədim Bəcirəvan şəhərindən köçüb gəlmiş əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin qalıqlarıdır. Yəqin ki, hal-hazırda bu kəndlərdə yaşayan sakinlərin müəyyən bir hissəsi o zamankı əhalinin övladlarındandırlar.
Bəcirəvandan bir az aralı, təxminən 1831-1833-cü ildə əsası qoyulmuş Rus kazak qvardiya polkunun qərargahının yerləşməsi nəticəsində kiçik bir rus pravoslav kəndi əmələ gəlir. 1838-1841-ci illərdə isə Rusiyanın daxili rayonlarından Muğana rus kəndlərinin «köçürülməsi» başlanır.
Tarixçilər qeyd edirlər ki, «Hasıllı kəndinin günçıxan hissəsində «Russkiy Asul» və Petrovka deyilən məhəllələr salındı. Lənkəranda, Astarada, Qızılağacda və Biləsuvarada rus istehkamları (postları) quruldu. Elə həmin ərəfələrdə «mərkəz» tərəfindən Talış-Muğan əyalətində «rusların yerləşdirilməsi» planı tərtib olundu. Azərbaycanın Talış xanlığında ilk rus kəndləri - Privolnoye, Vel, Prişib, Nikolayevka, Novoqolovka, Alekseyevka, Mixaylovskaya və s. yaşayış məntəqələri yarandı (Bax: «Sehrli diyarın sirri», Həmşəhri, 1976, s.41).
Rus İmperiyasının cənubunda Muğanın ucqar torpaqlarında yerləşən bu kiçik kənd və digər yaşayış məntəqələri haqqında o vaxtın mətbuatında verilmiş bəzi yazılarda və arxiv materiallarında belə qeyd olunur: «Muğan Rus imperiyasının nəzarəti altına düşür. İmperiyanın hüdudlarında Azərbaycan, xüsusən onun Xəzərboyu cənub əyalətləri həm siyasi, həm də iqtisadi əhəmiyyət kəsb edirdi. Bununla da Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi nəticəsində böyük və qüdrətli Azərbaycan xalqı öz dövlət bütövlüyünü itirərək zorla iki hissəyə bölündü. Azərbaycanın bir parçası olan Muğan diyarı Çar Rusiyasının zadəganlarının və sənaye sahiblərinin ticarət yarmarkasına, onların xammal bazasına çevrildi. Qədim Muğan diyarında az bir vaxtda rus kəndləri inşa olundu.
Ruslarla yanaşı, ukraynalılar, polyaklar, yəhudilər, almanlar, estonlar, latışlar, və s. avropamənşəli millətlər məskunlaşırlar. 1920-ci ilin inzibati-ərazi bölgüsində göstərilir ki, Muğanda 57 rus kəndi olmuşdur. Göytəpə sərhədi qoruma idarəsinin kameral-xidmətinin məlumatında qeyd olunur ki, «1914-cü il yanvar və fevral aylarında Muğanda ən böyük yaşayış məntəqələri sayılan Privolnoye, Pokrovka, Nikolayevka, Qriqoryevka, Arxangelovka, Andreyevka, Novoqolka və Konstantinovka kəndlərinin əhalisi Muğanın cənubunda olan yararlı torpaq sahələrini tamamilə öz əllərinə keçirmişlər. (Bax: İQAMO, fond 413, d.52,p.13)
Bu hərbi-siyasi «planlar» Muğan diyarının yeni tarixinin səhifələrinin «şəcərə»sinə həkk olunmuşdu.
XIX əsrin axırlarında Privolnoye kəndində fəaliyyət göstərən ibtidai məktəbin direktoru D.İ.İvanovun 1878-1880-cı illərdə hazırladığı «Vətənşünaslıq» («Rodinovedeniye») dərsliyində deyilir: «Prişib kəndi Rusiya imperiyasının cənub sərhədlərində rusların ən böyük yaşayış məntəqələrindən biridir. O, Göytəpə çayının sol sahilində yerləşir.183 həyətdən ibarət olan bu kənddə 900 nəfərə yaxın əhali yaşayır. Əhalinin tərkibi molokanlardan ibarətdir. Həştərxan quberniyasındakı eyni adlı Prişib kəndindən sürgün olunublar. Buna görə də onlar öz doğma kəndlərinin adını Muğanda məskunlaşdıqları əraziyə - indiki kəndə veriblər.
Hazırda Prişibdə molokanların iki ibadətxanası (Molebnya) və bir dini məhəllə məktəbi vardır. Kəndin ərazisində poçt-rabitə stansiyası, kömürkxana, qonaq evi və xəstəxana fəaliyyət göstərir».
1876-cı ildə Peterburq şəhərində nəşr olunmuş «Qafqaz-general-qubernatorunun siyasi-inzibati-məlumatı» kitabında oxuyuruq: «Türkmənçay» müqaviləsindən sonra Prişibə köçmüş müsəlman kəndliləri Şipovun nəzarət qalasının (post) cənub-şərq hissəsində Göytəpə çayının sahilindəki düzənlik yerdə məskən salmışlar. Onların içərisində üç savadlı molla, iki sınıqçı və bir neçə təbib vardır. Uzuntəpə, Biləsuvar, Germi, Şəhriyar və Sədəbazar kəndlərindən köçüb gəlmiş bu kəndlilərin yaxşı «cümə bazarı» olmasına baxmayaraq, onlar Prişib bazarına da gəlib ruslarla alver edirlər».
İndiki Göytəpə (Prişib) şəhərində memarlıq cəhətdən maraqlı bir abidə vardır. «Müqəddəs Olqa kilsəsi» adını daşıyan bu abidə 1868-ci ildə Prişibin cənubunda yerləşən Mixaylovskaya kəndində salınmışdır. Bu kilsə inşa edildikdən sonra, kənd sadəcə olaraq Pravoslavnoye kimi adlandırılmışdır. (Rəsmi sənədlərdə isə Mixaylovskaya adını daşıyırdı-S.N.)
Yuxarıda adını çəkdiyimiz «Vətənşünaslıq» dərsliyinin tərtibçisi D.İ.İvanov yazırdı: «Pravoslavnoye kəndi 1864-cü ildə 33-cü qvardiya polkunun bura gəlməsi nəticəsində yaranmışdır. Kəndin əhalisi polkun zabitlərindən ibarət olmuşdur. Kəndə əvvəl Mixaylovskaya deyirdilər ki, orada birinci «müqəddəs ata» Mixail adında bir keşiş idi. Kənddə elə həmin il bir rus kilsəsi fəaliyyətə başlamışdır. Kilsə Talış meşəsindən kəsilib gətirilmiş xüsusi ağaclardan tikilmüşdür. Sonralar, yəni 1868-ci ildə pasxa bayramı günü həmin kilsənin yerində yenisi Qırmızı kərpicdən tikilməyə başlanmışdır».
Bu gözəl abidə haqqında rəsmi sənədlərdən aşağıdakı qeydləri oxuyuruq: «Prişibin qarşısında, yəni Göytəpə çayının sağ sahilində 1864-cü ildə salınmış Pravoslavnoye kəndi yerləşir. İndi həmin bu kənddə Muğanda yeganə olaraq pravoslav məzhəbinə mənsub olan kilsə yerləşir. Qırmızı kərpicdən hörülmüş bu kilsənin əsası 30 aprel 1868-ci ildə qoyulmuşdur. Kilsənin tikintisində Qafqazın general qubernatoru Böyük knyaz İ.İ. və knyaginya Olqa Fyodrovnanın böyük rolu olmuşdur. Hazırda Pravoslavnoye kəndində ruslardan ibarət 351 nəfərlik əhali yaşayır. Bundan başqa orada 350-yə yaxın müsəlmanlardan ibarət əhali məskunlaşmışdır (yəni azərbaycanlılar). Müsəlmanlar bura əsasən qədim Göytəpə kəndindən köçürülmüşlər. Həmin kənddə indi 33-cü polkun ştabı yerləşir. Pravoslavnoye kəndində indi Sebidaş polis pristavının qərargahı, aptek, şəriət məhkəməsi və bir neçə dükan var. Bundan başqa burada 10 çarpayılıq xəstəxana, uşaq evi, iki siniflik ibtidai məktəb və mədrəsə açılıb. Kənd zəlzələdən sonra korluq çəkir».
1898-ci ilin əvvəlində Moskvada nəşr olunan «Din və həyat» (Bu jurnalın əvvəlki 9 nömrəsi «Din və Azadlıq» adı altında nəşr olunmuşdur-S.N.) jurnalında balaca bir məqalə dərc olunmuşdur. Bu məqalə bütün Avropada kiçik Pravoslavnoye kəndinin şöhrətini daha da artırmışdır. Jurnalda çap olunmuş bu yazıda qeyd olunurdu: «Lənkəran uyezdində Göytəpə çayının sağ sahilində təpədə tikilmiş pravoslav kilsəsinin ətrafında salınmış Mixaylovskaya kəndi Pravoslavnoye adını daşıyır. Burada yaşayan yerli tatarlar (azərbaycanlılar-S.N.) və Prişib kəndində yaşayan molokanlar kəndin əsas əhalisi sayılan pravoslav rusları ilə olduqca mehriban və səmimidirlər. 1898-ci ildə Prişib və Mixaylovskaya birləşərək «beynəlmiləl şəhərciyə» çevrilmişdir. Həmin il çayın sahilində, bazarın yanında müsəlmanlar üçün hamam və karvansara binaları tikilib istifadəyə verilmişdir».
1898-ci il 8 iyun. Həmin gün molokanların Prişib və pravoslav məzhəbil rusların Mixaylovskaya kəndləri rəsmən birləşirlər. Bu yaşayış məntəqəsi əvvəllər Prişib-Pravoslavnoye, sonralar isə ona öz doğma yurdlarının adına - «Göytəpə» deyirdilər. 1811 nəfərdən ibarət olan bu beynəlmiləl şəhərdə 3 xəstəxana, (ikisi şəxsi, biri isə dövlət xəstəxanası), 2 şəxsi aptek, 2 bazar, karvansara, baytarlıq məntəqəsi, qonaq evi, 2 qiraətxana, 2 poçt idarəsi, hamam, şəriət məhkəməsi, polis idarəsi, bir neçə ərzaq dükanı, yeməkxana, 1 şəxsi mədrəsə, molokanların ibadətxanası, subbotniklərin dini mərasimlər keçirmək üçün icma-xeyriyyə evləri və s. var idi. Prişibin günbatan səmtində, ondan təxminən 2-3 km aralıda, Muğanın cənub torpaqlarında rusların məskunlaşdıqları ən böyük yaşayış məntəqəsi yerləşir. Bir neçə xırda rus yaşayış məntəqələrinin-xutorların birləşməsi nəticəsində yaranmış bu kəndə Privolnoye deyirlər. Yaşlı sakinlərin söylədiklərinə görə bu kəndin bünövrəsi 1838-ci ildə qoyulmuşdur. Balakleya, Balaşovskaya, Çerkesskaya və Mazonskaya məhəllələrindən ibarət olan Privolnoye kəndinin əhalisinin tərkibi subbotnik məzhəbli ruslardan ibarətdir. Onlar buraya Tersk vilayətinin Qizlyər, Stavropol quberniyasının Praskoveya, Həştərxan quberniyasının Prişib və Balakleya, Yenisey quberniyasının Yudino, Saratov quberniyasının Mazon və Dubrovki, habelə Balaşov qəzasının müxtəlif kənd və digər yaşayış məntəqələrindən köçürülmüşlər.
Rusiyanın torpaqlarında kilsəyə itaət etməkdən boyun qaçıran subbotnik məzhəbli bu kəndlilər Muğanda düşərgə salmış, geniş otlaq sahələrinə, yaraşıqlı mənzərəsinə və gözəl təbiətinə malik olan yeni yurdlarına Privolnoye kəndi (yəni «azadlıqda olma», «firavanlıqda yaşamaq» deməkdir) adını verirlər. Privolnoye əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi.
XIX əsrin ikinci yarısında Rus imperiyasının cənub torpaqlarında ən çox inkişaf etmiş bu kənddə yerli sənaye obyektləri, o cümlədən 11 kərpic zavodu, hər birisi dördqəbuledici sexdən ibarət olan 4 su dəyirmanı, yağ emalı zavodu, kürəxanalar, kənd təsərrüfatı üçün müxtəlif çeşidli dəzgahlar hazırlayan emalatxanalar və s. fəaliyyəət göstərirdi.
Privolnoye kəndində yaşayan sənətkarlar- dəmirçilər, çəkməçilər, araba təkərləri düzəldən ustalar, taxta çəllək düzəldənlər, dülgərlər, ev tikən ustalar bütün Muğanda şöhrət qazanmışdılar.
Privolnoye kəndində subbotniklərin 4 sinoqoqu və 4 dini məhəlli məktəbləri fəaliyyət göstərirdi. Kənd əhalisinin (1873-cü ilin statistik məlumatlarına əsasən) demək olar ki, 94%-i qədim yəhudi (ivrit) dilində yazıb oxumağı bacarırdılar.
Maraqlıdır, 1873-cü ildə Privolnoye kəndində Rus imperiyasının Maarif Nazirliyi rəsmi olaraq məktəb açmışdır. Əvvəllər iki sinifdən (oğlanlar və qızlar ayrı-ayrılıqda) ibarət olan bu məktəb 1885-ci ildə «zemskoe normalnoe uçilişe» statusunu alır. O zaman bu məktəbdə 500 addan ibarət olan 10 000 nüsxə kitab fondu olan 2 kitabxana fəaliyyət göstərirdi. Kitabxananın biri şagirdlər üçün, digəri isə kütləvi oxucular üçün idi.
Tarixi mənbələrdə qeyd edilir ki, XIX əsrin axırlarında və XX əsrin əvvəllərində müxtəlif vaxtlarda məktəbin bu zəngin kitab xəzinəsində Rus imperiyası Akademiyasının alimləri, Sankt-Peterburq və Kazan Universitetlərinin müəllimləri tədqiqat aparmış və Muğan torpağının qədim tarixi, coğrafiyası və etnoqrafiyası ilə yaxından tanış olmuşlar.
Məktəbin direktoru, Rus imperiyası Maarif Nazirliyinin «yüksək dərəcəli pedaqoqu» sayılan, təcrübəli müəllim D.İ.İvanov familiyalı bir şəxs idi. Məhz onun səyləri nəticəsində fəaliyyət göstərən Muğanın bu ilk təhsil ocağında dərslər cəmi 4 ay - oktyabr ayının 15-dən, dekabr ayının 15-ə qədər, bir ay fasilədən sonra yenə yanvar ayının 15-dən mart ayının 15-ə qədər keçirilirdi. Mənbələrdə göstərilir ki, 1889-cu ildə kənd icması tərəfindən məktəb üçün yeni bir tədris binası tikilib istifadəyə verilmişdi. Həmin dərs ilində məktəbdə təhsil alan şagirdlərin sayı 450 nəfəri ötüb keçmişdi. XX əsrin əvvəllərində bu məktəb yeni salınmış xutorlarda siniflər açmağa başladı. Bunlardan biri «Privolnenskiye xutora» deyilən ərazidə (indiki Səttərxan küçəsi, Sovet hakimiyyəti dövründə əvvəllər Nərimanovka, sonralar isə «Kirovka kəndi» adı ilə mövcud idi-S.N.), digəri isə Yeni Petrovka kəndində (Tolstoy küçəsi) yerləşirdi. Subbotniklərin (Privolnoyedən çıxmış əhalinin) məskunlaşdıqları Sviridovka və Naftuluq kəndlərində isə əhalinin təhsili ancaq dini icmalar tərəfindən müəyyənləşdirilirdi.
Privolnoye kəndində 1904-cü il yanvarın 1-ə olan statistik məlumata əsasən 490 tüstü çıxan (dım) təsərrüfat var idi ki, burada cəmisi 2589 nəfər əhali yaşayırdı. Onlardan 1195 nəfəri kişi, 1394 nəfər isə qadın idi.
Muğanın cənuubunda yerləşən digər rus yaşaış məntəqələrində isə əhalinin sayı belə göstərilir. 1904-cü ildə tərtib olunmuş vergitutma sənədlərində qeyd olunur ki, yanvarın 1-ə kimi Petrovka kəndində 64 təsərrüfatda yaşayan 752 nəfər əhalidən 374 nəfəri kişi, 378-i qadın, Pokrovka kəndində 249 təsərrüfatda yaşayan 1621 nəfər əhalidən 912 nəfəri kişi, 709-u qadın, Qriqoryevka kəndində (indiki Üçtəpə kəndi) 177 evdə yaşayan əhalidən 500 nəfəri kişi, 425 nəfəri qadın (cəmisi 925), Andreyevka kəndində 148 evdə yaşayan 421 nəfərdən 216-sı kişi, 205-i qadın, Astraxanka kəndində 66 evdə yaşayan 330 nəfərdən 160-ı kişi, 170-i qadın; Novoqolovka kəndində 181 evdə yaşayan 1260 nəfərdən 645-i kişi, 615-i qadın, Pravoslavnoye kəndində 175 evdə yaşayan 660 nəfər əhalidən 340 nəfəri kişi, 320 nəfəri qadın, Prişib kəndində 223 evdə yaşayan 1221 nəfər əhalidən 554 nəfəri kişi, 670 nəfəri isə qadındır.
Ümumiyyətlə, Muğanın cənubunda yerləşən Astraxanbazar rayonun ərazisində 1904-cü ildə yaşayan əhalinin sayı milli tərkibinə görə belə idi. 9 rus kəndində 1773 təsərrüfat formalaşmışdı ki, burada da cəmi 9782 nəfər əhali yaşayırdı. Onlardan 4896 nəfəri kişi, 4886 nəfəri isə qadın olub.
Milli azlıq kimi sayılan talışların kütləvi halda yaşadıqları 2 kənddə 150 təsərrüfat olmuşdur. Onların əhalisinin sayı isə belə göstərilmişdir. Cəmisi: 1390 nəfər (870 nəfər kişi, 520 nəfər qadın).
Tatarlar adı ilə qələmə alınmış azərbaycanlıların isə cəm halda məskunlaşdıqları 120 yaşayış məntəqəsində 3150 təsərrüfat mövcud idi. Bu kənd və obalarda məskunlaşmış 25644 nəfər əhalidən 13598 nəfəri kişi, 12046 nəfəri isə qadından ibarət olub.
Əsasən əkinçiliklə və heyvandarlıqla məşğul olan azərbaycanlıların yaşadıqları ən böyük yaşayış məntəqəsi Hasıllı, ikinci böyük kənd Alar idi. O zamanlar Aların əhalisi 1390 nəfər, ən kiçik yaşayış məntəqəsi olan Oğrubulaq kəndinin əhalisi isə cəmisi 19 nəfər olmuşdur.
Yuxarıda adlarını çəkdiyimiz bütün kənd və obalar rəsmiləşdirilmiş qaydada 22 inzibati ərazi bölgüsünə daxil olan xüsusi sahələrdə idarə olunurdular. Mahalın bütün ərazisi Prişib polis dairəsinin pristavına tabe idi. Dövlət əhəmiyyətli bütün idarələrin nümayəndələrinin Prişib kəndində kontorları (idarələri) fəaliyyət göstərirdi.
***
Hələ orta əsrlərdən biri karvan yolunun üstündə yerləşən Göytəpə mahalına növbəti səyahətimizi belə tamamladıq.
Xalqımızın qədimliyini, ata-babalarımızın min illərlə bu torpağa bağlılığını təsdiq edən dəlil və sübutların əsasında, sadəcə olaraq onların əziz xatirəsinə hörmət əlaməti olaraq, Ağayar Şükürov yazır ki, «Əsl məna məzmununa malik olan yeganə tarix varsa, o da mifdir. Ənənəvi mədəniyyət nöqteyi-nəzərinə görə biz nə ediriksə, miflərdə təsvir olunanlardan başqa bir şey deyildir».
Yeri gəlmişkən qeyd etməliyik ki, məi yüzilliklər keçdikdən sonra bu günkü tariximiz gələcək nəsil üçün mif ola bilər. Mifi, tarixi yaradan məhz xalqdır».
Bəli, tarix millətin keçmişinin, bu gününün, dastançısıdır. Tarix millətin varlığını əks etdirən güzgüdür. Tarix xalqların müqəddəs kitabı olmalıdır. Onların məişətinin, fəaliyyətinin güzgüsü, əcdadlarının sonrakı nəsillərə vəsiyyəti olmalıdır. Qoy bizim bu kitabımız da Azərbaycan xalqına öz tarixinin başlanğıcını tapmaqda yardımçı olsun.
Hörmətli oxucu, sizin nəzərinizə Qafqazın görkəmli bir aliminin bu müdrik kəlamını çatdırmaq pis olmazdı: «Millətin süqutu o zaman başlayır ki, o öz tarixini unudur… Öz tarixini unudan millət də millət sayıla bilməz». Elə bunu nəzərə alaraq mən bu yazını görkəmli xalq şairimiz, Azərbaycan torpağını qarış-qarış gəzmiş, onun tarixini, etnoqrafiyası və adət-ənənələrini dərindən bilən Bəxtiyar Vahabzadənin sözləri ilə bitirirəm:
Xalqın tarixini bilməyən insan,
Özünü tanımaz, sözünü bilməz.
Bulaq çeşməsindən su içən heyvan,
İçdiyi çeşmənin gözünü bilməz.

Комментариев нет:
Отправить комментарий