29.05.2016

Məhəmməd Tanhu - Liliput sayıqlamalar

“Quran”da hər şey yazılıb, deyirlər
gözlərimi eynək tək açıb oxudum, çox oxudum.
ilk məktubum haqqı, getməyin yazılmamışdı.
xxx
insan ağrılarıyla insanlaşırsa,
olğunlaşırsa, ucalırsa 
qəmin gözə gəlməsin!
ağrın əlin üzməsin!
xxx
yağış nizətək töküləndə şəhərə
diksinər nimdaş pencəklər
udqunar çatlaq pəncərələr, 
gur eşidilər şüşəsinin ürək döyüntüləri
xxx
qayıtmağın dözülən ağırlığı
əvvəlcə görüşlər azalar 
sonra gülüşlər.
sevgi həmişə “az”lığa uduzur:
az darıxmağa, az xatırılamağa
gedənlərdən “heç kim” qayıtmayacaq, deyir şair
heç kim böyük rəqəmdir axı
bu inqilabi getməyi döndərək qayıtmağa.
üzsüz dediklərimiz, elə o üzlə qayıtsınlar
deyirəm, üzüsulu qayıtsınlar, 
biz qurudarıq üzlərini öpüşlərimizlə.
xxx
yerin üçdə ikisi suyla örtülü, deyir okean yaşlı səyyah 
bəlkə bundandır adamların ağlamağa meyilliliyi
axı, yerdə cazibə qüvvəsi mövcud.
xxx
süpür göz yaşlarını gözlərimin küçəsindən
daha nəm yerlərdə yeriyə bilmirəm
xxx
daha tək deyilsən, şair
ağciyərində xərçəngin var
bəs heyvanları sevmirdin?
xxx
aysberqlə toqquşan “Titanik”dir,
bir yazarın ölümü.
xxx
Qeyd: Yaralı qəlbin səsi olmur, iniltisi olur.
xxx
Adamlar doğmalarını isti qumlarda basdırırdı
Uğurlar həyata keçirdi ölümə hazırlıq məşğələləri
xxx
“Tənha yaşayanların manifesti” kitabının ilk cümləsi:
cavabı məlum suallar, ən qorxulu suallardır.
siz, bizim sentimentallaşdırdıqlarımızdansınızmı?
xxx
AY, küçədə gəzişən aç tifillərin gözündə
yarım çörək kimi görünər hər gecə
xxx
kölgəsi özündən hörmətli, iyerosximonax
özgə birinin sənin üçün etdiyi duanın
qəbulolma ehtimalı
beş yüz on milyon kvadrat kilometrlik həqiqətdən
neçə dəfə kiçikdir?
xxx
anatomik-humanistik cəhətdən
sxolastik-romantik cəhətdən
və tematik-problematik cəhətdən
sənə aşiqəm.

Комментариев нет:

Отправить комментарий