06.05.2016

Sabir Nəsiroğlu - MUĞAN VƏ MUĞANLILAR

Qədim və zəngin tarixə malik olan Taliş diyarının, Muğan düzünün tarixinə dair çoxlu əsərlər yazılmışdır. Seyidəli Kazımbəyoğlunun «Cəvahirnameyi-Lənkəran» Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun Talış diyarının tarixinə dair «Əxbərnamə», podpolkovnik İvanovun Rusiyanın Mərkəzi Dövlət Hərbi Arxivində saxlanılan «Voennoye obozrenie Talışinskoy provinsi» (fond H.E.A., iş 12229), «Kratkoye voennoye obozreniye Talışinskoqo xanstva, Obozreniye Rossiyskix vladeniy za Kavkazom v statiçeskom, etnoqrafiçeskom, topoqrafiçeskom i finansovom otnoşeniyax» (Moskva, 1836, tom 3) əsərləri, 1837-ci ildə nəşr edilən «Jurnal Ministerstva Vnutrennix Del» məcmuəsinin 36-37-ci cildlərində çap olunmuş «Obozreniye Talışinskoqo xanstva» monoqrafiyası və digər hərbi inzibati-statistik məqalələr bizə imkan verir ki, diyarımızın keçmişinə yaxından bələd olaq.
Talış diyarının və Muğan düzünün qədim yurd yerlərində erkən orta əsrlərə, Səfəvilər dövrünə aid yaşayış məskənləri, feodal qəsrləri, müdafiə istehkamları, karvansaralar, ibadətgahlar, su arxları və s. tikililər bu günlərə kimi təpələr formasında gəlib bizə çatmışdır.
Seyidəli Kazımbəyoğlu öz əsərində yazır: «Bütün Muğan kəndlərində və qəsəbələrində mövcud olan xarabalıqlar səlçuq şahlarının dövründə Xornəçi çayı qazılan zaman, istər ondan qabaq, istərsə də monqolların istilası dövründə və ondan sonrakı dövrlərdə əmələ gəlmişdir.
Tarixi mənbələrdə qeyd edilir ki, ibtidai əkinçi-maldar təsərrüfatın əsasını qoymuş əcdadlarımız daima məskunlaşdıqları ərazilərdə ilk dəfə olaraq misi kəşf etmiş, mis külçəsini döymək və əritmək yolu ilə ondan müxtəlif əmək alətləri, silahlar və bəzək şeyləri düzəltməyi öyrənmişlər. Hələ e.ə. VIII-VII minilliklərdə ulu babalarımız vəhşi heyvanları ovlamaq üçün çaxmaq və dəvəgözü daşından düzəldilmiş kiçik ölçülü  iti alətlərdən istifadə edirdilər. Bu dövr bəşər tarixində mezolit-orta daş dövrü adlanır və hər şeydən əvvəl ox və kamanın ixtirası ilə  səciyyələnir.
Hal-hazırda qədim Həməşaranın ətrafındakı əkin sahələrində e.ə. III minilliyə aid olan  müxtəlif əmək alətləri, gildən düzəldilmiş saysız-hesabsız qablar, ocaq qurğuları, təndirlər, tunc əşyalar, mis məmulatlarından düzəldilmiş müxtəlif silah-sursat və əmək alətləri, məişət qabları və s. tapıntılara rast gəlmək olur. Bütün bunlar Həməşaranın qədim yaşayış məskəni, yurd yeri olduğunu sübut  edir.
Ümumiyyətlə, Həməşara  mahalının  ərazisindəki qiymətli arxeoloji və memarlıq abidələri, xüsusən küp mədəniyyəti bizim eradan  əvvəl V əsrə  aid edilir  və bu, eramızın VII əsrinə qədər davam etmişdir. Bolqarçay istiqamətində şərqə doğru  sıralanan Quludaş  sıra dağları, Sarı, Şişinvar, Qaraca dağ, Moran  silsilə zirvələri, həm  də bu  çaylar  və dağlar  boyunca  salınmış  qədim  yurd  yerlərinin xarabalıqları, Adnabazar, Şəmbəçay, Burovar, Şirinsu, Bolqarçayın o taylı-bu taylı  sahillərində olan qədim yaşayış məskənləri keçmiş  tariximizdən nələr söyləmir, nələr  danışmır? Bəlhəri çayının (oxu: Bolqarçay) sol  sahilində yerləşən Qız qalası, Nərgiz  təpəsi, Bərzənd qalası, Xoruzlu  dağ qalaları da qədim  tarixə malikdirlər.
Quludaş silsiləsində yerləşən «Oncə  kələ» toponimi «onca qala» kimi  izah olunur. Belə  ki, Quludaş  dağları boyunca Cüzün  qala, Girdə  ləzir, Qalaca, Alı  qışlağı, Nəsir  yurdu, Germili  yurd, Ərvərəz, Hürzad  koması, Pirdovdan kimi yurd  yerlərinin mövcudluğu bu mülahizəmizin doğruluğunu təsdiqləyir. Lakin, «onca» sözünü «öncə» kimi də  qəbul etmək  olar  ki, bu  da «qabaqda» və  yaxud «qarşıdakı  qala»  mənasına uyğun gəlir. Bəlhəri çayının sağ  qollarından  biri Unca-Köşk çayı adlanır ki, bu da öndəki Çadır çayı mənasındadır. «Onca» və «Unca» sözləri  həm də XI əsrdə Azərbaycanın ərazisində məskunlaşan İncə  adlı türk tayfasının adından yarana da bilərdi. Lakin burada  dağ boyu sıra ilə qurulmuş qalaların sayının on olması bu qənaətə şübhə  doğurur.
«Qazan köşkü» adı  ilə bizə tanış  olan «Qazan qoşa» (Qazan guşə»-S.N.) abidəsi də « onca», yəni «on» qaladan biridir.
«İncə» toponiminə  gəlincə, türk  tayfalarından biri  olan İncə  tayfasının  adını  Muğanın  cənub-şərq  hissəsindəki ən sulu çaylardan  biri  daşıyır. Eyni adlı yaşayış  məntəqəsi və  İncə ayağı  deyilən göl indiki Alar həndəvərində,  dənizin  yaxınlığında  yerləşir.
Xalqımızın  folklorunda, xüsusilə  nağıl  və dastanlarımızda  ulu, müqəddəs  dağları  ucalıq, xoşbəxtlik  rəmzi  sayıblar. Dağlar  dünyanın  xeyirxah qüvvələrinin  qibləgahı, «Allahlar  məkanı» kimi təsəvvür  olunub, ən ülvi  ibadət yeri  hesab edilib. Dağa  pir  kimi baxaraq, ona  sitayiş ediblər. Dağların  şəfa  qüdrətinə «tanrı ocağı»,- deyə inanıblar. «Tanrı ocağı» istiqamətində araşdırmalar  zamanı  Seyidbazar  kəndinin yaxınlığındakı  Mirzəbəy  bulağı  yerləşən ərazi, «Məcidli talası», Bəcirəvan  kəndinin yaxınlığındakı «Pirhəsən», Eçara  kəndindəki  «Köhnə  yurd»  yeri, Burovar  dağının qoynunda  yerləşən «Abu dərdə» ocağı, Ləzran kəndində «Porsova ocağı», Şatırlı  kəndinin yaxınlığındakı «Məzar yeri», Xanəgah kəndindəki «Pirəxəncər» təpəsi, Şiləvəngə  yurd  yeri, Əlikömək təpəsi, Albalan  kəndinin  yaxınlığındakı  «məzar», «Yeddi  təpə», Bala bəy təpəsi, Nərgiz  təpəsi, Cəngi təpəsi, Paşa təpəsi, İncə təpə, Camalxan təpəsi, Sarı qaya, Xan daşı, Gilarlı təpəsi və s. başqa  maddi-mədəniyyət abidələri ön plana çəkilir.
Abidələr sırasında «Abudərdə ocağı» xüsusi maraq doğurur.  «Cəvahirnameyi - Lənkəran» əsərinin müəllifi Seyidəli Kazımbəyoğlu qeyd edir ki, «Bu pir peyğəmbərlərin axırıncısının 407  nəfərə  yaxın adamlarından biri Ucarud mahalının Ərsidə  kəndində dəfn edilmiş «Babül-Dürda» adı ilə məhşur olan indiki «Abu dərdəu» ocağıdır. İndinin özündə (yəni 1286-cı hicri tarixi ilə) dövlət başçıları bu  yeri  Uçtıq-Sufidəşt adlandırır». (Uçtıq-Sufidəşt-yəni «Sufidəşt uçastoku», rus dilində «Sebidaşskiy uçastok»-S.N.)
Daha sonra Ocaq haqqında müəllif yazır: «Həmin mahalın adamlarının bu  ocağa  qarşı son  dərəcə hörmətləri  vardır. Onun qəbrinin  kəramətləri də məşhurdur. Əgər bir adamın diləyi olarsa, onun  qəbri üstündə bu cür fal açır. Ürəyində niyyət  tutub xırda daşı divara  vurur. Əgər daş quru divara yapışırsa, onda ürəyində tutduğu niyyətə nail olar. Əksinə, əgər yapışmayıb yerə düşərsə, deməli  istədiyinə nail ola bilməmişdir. İndi də fal üçün vurulmuş daş qırıntılarını divarda yapışmış halda  görmək olur. Bu daşlar əl dəyən kimi yerə düşərlər. Bu cür fal əhali arasında təcrübədən keçmiş bir həqiqətdir. (Bax: S.Kazımbəyoğlu, «Cəvahirnameyi-Lənkəran», əlyazma vərəqi, səh. 37-38).
«Bab-ül Durda» ocağının yerləşdiyi  ərazinin şimal hissəsinin qayalı-yarğanlı zirvəsində uyumuş cəngavəri xatırladan, adını yuxarıda çəkdiyimiz «Qazan köşkü» abidəsi ucalır. Orta əsrdə yaşamış tarixçilərin və səyyahların əsərlərindən məlum olur ki, bu köşkün yerində qazana oxşar iki tikili yeraltı qala var imiş.
Bu abidə haqqında tədqiqatlar aparmış mərhum pedaqoq Xeyrulla Molla  Kərim oğlu Kərimov öz qeydlərində  Qazan xanın vəziri, Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Fəzlullah Rəşidəddinin «Came-ət-təvarix» kitabına istinad edərək, qeyd edir ki, «Qazan xan Biləsuvara gəldi, Həməşara  şəhərinin yaxınlığındakı Talış diyarının ən yüksək zirvələrinin birinə qalxdı. O, orada meşələrə adam göndərir, müxtəlif heyvanları, ceyran, cüyür, dağ kəli və s. arata elətdirib zirvənin ətrafında  düzəldilmiş  pəyələrə  saldırardı».
Qazan xan arvadı Buluqa xatunla qalada taxt qurdurub hündürdən  heyvanlara  tamaşa edərmişlər. Qalanın ətrafında isə xanı müşaiyət edənlər özləri üçün xırda evlər, alaçıqlar və s. inşa edirlər. İlin yay fəslini bu qalada keçirən Qazan xanla əlaqədar olan köşkün yerləşdiyi bu ərazi ətraf kəndlərin əhalisi tərəfindən hal-hazırda « Qazan köşkü» kimi adlandırılır. 
Yuxarıda qeyd etdiyimiz kimi, Qazan köşkündən xeyli aralı cənub istiqamətində sıx meşəlik ərazidə geniş bir sahəni əhatə  edən böyük qəbristanlıq yerləşir. Maraqlıdır ki, hündürlüyü 50 sm-dən 2,5 metrə qədər olan müxtəlif naxışlı və xüsusi formada yonulmuş məzar daşları indiyə qədər olduğu formada qalmaqdadır. Təxminən eramızın IV-VI əsrlərinə  aid olan bu qəbristanlıqdan xeyli aralı bir ərazidə «Qarı məzarı» deyilən bir ocaq vardır. İndinin özündə də «Qarı məzarı» müqəddəs bir ziyarətgah kimi yerli sakinlər arasında məşhurdur.
Ocağın ətrafında bir neçə min il bundan əvvəl babalarımızın kobud daşlardan düzəltdiyi ev əşyaları, ibtidai kürələrdə hazırlamış ilk mis və tunc alətlər, adi gildən bişirilmiş müxtəlif qablar, şüşədən hazırlanmış incə bilərziklər, müxtəlif naxışlarla bəzədilmiş qablar, sümükdən yonulmuş bəzəkli düymələr tariximizin səhifələrinin silinməz sətirləridir.
Ulu babalarımızın tarixi yadigarlarından biri də  indiki Ostayır kəndinin yaxınlığında yerləşən müqəddəs Piraşgöz türbəsidir. Türbənin tən ortasında üstü sal daşlarla örtülmüş qəbir içərisində öz zəmanəsinin ən müdrik, ən görkəmli nümayəndələrindən  birinin cəsədi uyumaqdadır. Müqəddəs ziyarətgah kimi yad edilən Piraşgöz türbəsinin dairəvi quruluşda hörülən divar qalıqlarının ümumi uzunluğu 30 metr, hündürlüyü 3 metr olan  türbənin divarlarının qalınlığı 80 sm, üzü günəşə  boylanan türbənin qapısının eni isə 2,5 metrdir. Türbənin yerləşdiyi Ostayır kəndinin adını şumerlərin «Gülqamış» dastanında təsvir edilmiş günəşin qızı, günəş ilahəsi İştarın adı ilə də bağlamaq olar. Əvvəllər şəxsən mən də bu fikri təsdiq edərək yazırdım ki, tarixin müəyyən keçidlərində «iştar» sözü «iştayır», «Astayir» kimi tələffüz olunaraq Ostayır  şəklinə düşmüşdür. Qonşu kəndlərin əhalisi isə buradakı pirlə, ocaqla əlaqədar olaraq kəndi Ocaqkənd kimi adlandırırlar. Bu da «Astayer-ev yeri, yurd yeri və yaxud rahatlıq bildirən «ocaq yeri» mənasını verir.
«Piraşgöz» - «Şeyx ağanın piri» yerləşən bu kəndin mərkəzi  hissəsində «Piraşgöz» kimi yer adı mövcuddur. Bunu da ki, yəqin «Şeyx ağanın gözü», yəni «Şeyxin qalası» kimi adlandırmaq olar. Qədim yunan tarixçisi Herodotun Azərbaycan haqqında yazdığı Astiyaq, İştayır sözlərini isə həm Astiaq, həm də eyni mənanı verən İştiyaq sözləri ilə əlaqələndirmək  olar.
Bu  yerlərə yaxın ərazidə, dörd tərəfdən yaşıl yamaclı dağların əhatəsində yerləşən müqəddəs ocaqlar məskəni sayılan Pirinbel kəndinin də qədim və özünəməxsus zəngin bir tarixi vardır.
«Pirinbel» sözünün mənası «pirin beli», «pirlər məskəni» deməkdir. Bu kənd müqəddəs şəxslərin, imam övladlarının dəfn  olunduğu yer olduğu üçün «pirlər məskəni» kimi tanınmışdır. Kəndin mərkəzində yerləşən Xəlifə Qiyas və Xəlifə Kamal qardaşlarının məzarları-pir, müqəddəs ocaq kimi inam yeri sayılır.
Pirinbeldən aralı olan indiki Bərcan kəndinin yerində Bərbər adında bir şəhərin xarabalıqlarına rast gəlmək olar.  Həmin xarabalıqların yaxınlığında, çox da uzaq olmayan bir məsafədə, indiki Şənoyunu meşəsinin yerində böyük bir şəhər olub. Həmin ərazidə böyük bir «göl yeri» deyilən ərazi var. Suyu  qurumuş həmin gölün yerində müxtəlif saxsı qablar, səhəng, bardaq qırıqları görünür. Arxeoloji qazıntı işləri aparılsa, yəqin ki, çox qiymətli əşyalar əldə etmək olar. Deyilənlərə  görə Bərbər kəndinin əhalisi Nadir şah tərəfindən sürgün edilərkən öz bər-bəzək və ev əşyalarını həmin gölə atıb getmişlər.
Həmin ərazidə məzar daşlarına da rast gəlinir. Qəbir daşlarının üstündə günbəzli  məscid, ay, ulduz təsvirləri verilmişdir. Bir çox qəbirlərin üstündə hətta qoç  və öküz büstləri var. Belə tarixi abidələrə başqa qədim yurd yerlərinin ətrafında - Köhnə Sadatlı, Dəşti - Güney, Dəmirli və s. ərazilərdə də gəlmək olur. Bu da onu göstərir ki, hələ qədim zamanlarda Azərbaycan xalqı dinindən və dilindən asılı olmayaraq başqa xalqlara da hörmətlə yanaşmış və onlarla mehriban qonşu və dost kimi yaşamışlar.
Peştəsər dağ  zirvəsinin ətəklərində,  Alar kəndindən cənub-qərbdə «Şah nişin» adlı bir yaylaq var. Bu sözün hərfi mənasını «Şahnişanı», «Şahdan nişanə» yaxud «Şahın düşərgə saldığı yer» mənasında izah etmək olar. Bəs o şah kim olmuşdur?
Aydın məsələdir ki, tarixdə şahlar çox olmuşdur. Lakin xalq o şahın adını əbədiləşdirir ki, onun ideyasını qəbul etmiş, onu sevmişdir. Əbədiyyət üçün isə bu, çox şey deməkdir. Mənbələrdən bizə məlumdur ki, Şah İsmayıl Xətai 1499-1500-ci illərdə Ərçivanda və Lənkəranda olmuşdur. Burada belə bir sual meydana çıxır: Gənc  İsmayıl və onun müşaiyətçiləri Ərçivana haradan getmişlər? Güman etmək olar ki, Burovar dağlarının ətəklərindəki keçidlərlə. Əvvəla,  İsmayılın gizləndiyi kənddən və onun daimi güc aldığı Ərdəbildən Lənkərana ən qısa yol məhz buradandır. İkincisi, o dövrdə bu yol həm də ən təhlükəsiz idi, geniş karvan yollarından uzaq olması nəticəsində həmin yol ilə  hərəkət daha  münasib idi. Unutmaq olmaz ki, 12 yaşı yenicə tamam olmuş İsmayıl Ağqoyunlu hökmdarı Əlvəndbəyin təqibindən gizlənirdi. Şirvanşah  Fərrux  Yassar isə onu necə deyərlər, göydə axtarırdı. Az işlənən bu yollar isə  gələcək hökmdarın  etibarlı  mühafizəsinə  tam təminat  verirdi. 
Nəhayət, belə nəticəyə gəlmək olar ki, «Şahnişin» adı Şah İsmayıl Xətai ilə bağlıdır. Lakin burada etiraz edib deyə bilərlər ki, Şah İsmayıl Lənkəranda olarkən (1499-1500) hələ özünü Şah elan etməmişdi. (Tarixi mənbələrdə qeyd olunur ki, İsmayıl 1502-ci ildə Təbrizə gəlir, orada adına xütbə oxutdurur  və özünü «Şah» elan edir-S.N.) Lakin bir faktı nəzərdən qaçırmaq olmaz ki, İsmayıl rəsmi surətdə şah elan olunmasa da, sufilər onu özləri üçün şah və «sahibi-zaman» seçmişdilər. Deməli, İsmayıl Lənkərana adicə bir şəxs kimi yox, «Şah İsmayıl» kimi gəlmişdi. Göründüyü kimi, ictimai-siyasi fikir tariximizdə görkəmli  rol oynamış, xalqımızın şair-hökmdar oğlu bizim dağlarda olmuş və burada gələcək  mübarizəsi üçün özünə çoxlu həmfikirlər toplamışdır. Həmin dövrdə şiəliyin bu yerlərdə geniş yayılmasını da onun  ideyalarının qəbul edilməsi ilə izah etmək olar. O dövrdə  venetsiyalı naməlum bir tacirin yazdığı: «Bu sufini adamlar Allah kimi sevirlər» ifadəsi göstərir ki, xalq onu doğrudan da çox sevirmiş. Aydın məsələdir ki, əgər xalq öz oğlunu sevirsə, deməli onun ideyasını da qəbul edir.
Təkrarsız mənzərəsi, əsrarəngiz gözəlliyi olan bu yerdən Şah İsmayılın xoşu gəldiyi üçün orada düşərgə salınır. Şah bir neçə müddət gözəl təbiətli, təmiz iqlimə malik vadidə dincəlməli olur. Beləliklə, həmin ərazi «Sufi-dəşt», yəni «Sufilərin çölü, düzənliyi, səhrası» adını alır. (Sonradan yerli əhalinin ləhcəsinə uyğun olaraq Sufidəşt, Sebidaş yaxud Sebican kimi tələffüz olunmuşdur- S.N.) 
Sufidəşt adını daşıyan bu mahalda mirvari kimi suyu olan gözəl bir bulaq var. Qədimdə bu bulağa «Dilrüba bulağı», yəni «könül açan, sevindirən, rahatlıq bəxş edən bulaq»  deyilərmiş. İndi isə onun adına «Şah bulağı» deyirlər.
Başqa bir hökmdarın adıyla bağlı olan qədim Şəhriyar qalasının xarabalıqları isə Muğan düzünün tən ortasında, qədimdən qalan su arxlarının  yaxınlığında yerləşir (Biləsuvar rayonu ərazisində – S.N.)
«Rus  İmperiyası Coğrafiya Cəmiyyətinin xəbərləri məcmuəsi»nin XX cildində, 1890-cı ildə  Tiflisdə çap olunmuş «Zaqafqaziya» adlı monoqrafiyanın 120-ci səhifəsində qeyd olunur ki, «güllü-çiçəkli, bağlı-bağatlı şəhərləri və kəndləri ilə dünya alimlərinin və səyyahlarının diqqətini cəlb etmiş Muğan düzündə fəaliyyət göstərmiş suvarma sistemlərinin, qala yerlərinin xarabalıqları indi də mövcuddur. Bir-birindən təxminən 4 sajen aralıda yerləşən və mənbəyini Araz çayından götürmüş, uzunluğu 100 verstə bərabər olan Xornəçı kanalı vaxtilə  Muğanın  əksər şəhər və kəndlərini su ilə təmin etmişdir. Hal-hazırda da həmin su arxının qalıqlarına Muğanın Şəhriyar qalasının yaxınlığında rast gəlmək olar.
S.Kazımbəyoğlu «Cavahirnameyi - Lənkəran» əsərində Muğan düzündə olan bir neçə qalanın qalıqları haqqında qısa da olsa qeydlər vermişdir. Müəllif «Həbib-üs-siyər» kitabına istinad edərək yazır ki, hal-hazırda Ərkəvan-Dəştvənd deyilən mahalın Əlvadi və Bambaşı kəndlərinin arasında «Cücümə» adlı qala vardır. İndi bu yer ağaclıq və meyvəlikdir. Böyük meşəlik ərazisi olan bu yerin ortasında qədim bir şəhərin gözəl binalarının əsər-əlamətləri hal-hazırkı günə qədər (yəni 1869-cu ilə qədər) qalmaqdadır. Deyilənlərə görə bu qədim Bacrəvan olmuşdur.
Bu kənd haqqında daha da aydınlıq gətirmək istəyən S.Kazımbəyoğlu «Zinət-ül-məcalis» kitabından və başqa mötəbər kitablardan iqtibas gətirərək qeyd edir ki, Bacrəvan kəndi qədimdə Muğan vilayətində olub. Səlçuqlar dövründə  Təbriz pulu ilə yüz doxsan beş min tümən, indi isə yüz səksən beş min rus manatına (1869-cu ildə)  bərabər olan gəliri var imiş. Müəllif qeyd edir ki, bu Bacrəvan kəndi qədim Bacrəvan deyil, burada yaşayanlar o bacrəvanlıların törəmələridir. Qədim Bacrəvan müharibələr zamanı xaraba hala düşdükdən sonra, onun sağ qalmış əhalisi öz doğma yurdlarından didərgin düşərək Muğan düzünün kənd və obalarına səpələnmişdir. Onlardan bir hissəsi gəlib bu yeri özlərinə vətən seçmişlər. Ona görə də bu yer Bacrəvan adı ilə tanınmışdır. Qədim Bacrəvan, Xoruzlu dağının yaxınlığında Ucarud mahalında olub, indi də onun binalarının qalıqları durur. Bu ərazi sakinlər arasında Bacrəvan adı ilə  məşhurdur. Deyilənlərə görə indi də buradakı bağlarda çoxlu meyvə ağacları vardır. Xüsusilə saqqız ağacı olduqca çoxdur. Bu yerlərin havası isti, ətraf çəmənlik və yaşıllıqdır. Qocabəyli tayfasından olan Ərdəbil şahsevənlərinin bir dəstəsi qış fəslində qışlamaq üçün buraya gəlirlər. Deyilənlərə görə buranın dağılmasının  səbəbi  ilanın çox olmasıdır və bu rəvayət camaat arasında məşhurdur (S.Kazımbəyoğlu «Cavahirnameyi-Lənkəran», 1869-cu il əlyazması, ARƏYİ elmi arxivi, s.71-72).
Muğan haqqında son dərəcə maraqlı məlumatlar vermiş Avropa müəlliflərindən biri Qolştiniya səfiri Adam Olearidir. Dövrünün tanınmış alimlərindən biri olan Oleari (1599-1671) Leypsiq universitetini bitirmiş, fəlsəfə magistri dərəcəsi almışdı. Tarix elmləri ilə yanaşı astronomiya, riyaziyyat, fizika və coğrafiyanı yaxşı bilirdi. 1630-1633-ci illərdə Leypsiq universitetinin  rektor köməkçisi  vəzifəsində çalışan Oleari, o zaman Almaniyada olan xırda feodal dövlətlərindən birinin Qolştiniya hersoqunun sarayında xidmətə başlamışdı. Hersoq III Fridrix (1616-1659) zəngin biliyi və Şərq haqqında dərin məlumatı olan Olearini Moskvaya və Səfəvilər dövlətinə danıışıqlar aparmaq üçün göndərilən Qolştiniya səfirliyinin tərkibinə daxil etdi. O, əvvəlcə səfirliyin katibi, sonra isə müşaviri oldu.
Beləliklə, Qolştiniya səfirliyi Azərbaycana, Muğan düzünə gəlib yetişdi. Səfəvi sarayına gedib qayıdarkən A.Oleari müxtəlif yaşayış məntəqələrində  olmuş, habelə Muğanın tarixinə aid zəngin material toplamışdı. Məşhur alman alimi səfər zamanı şərq dillərini öyrənmiş, gördüyü hər bir coğrafi obyekt, tarixi abidə, şahidi olduğu hadisələr, mərasimlər haqqında zəngin məlumat toplamış, kişi və qadın milli geyimlərinin nümunələrini özü  ilə  aparmışdı.
«Qolştiniya Plinisi» kimi şöhrətlənən A.Oleari Almaniyada «Yol qeydləri» əsərini çap etdirmiş, şərqin gözəl şairi  Sədinin ölməz əsəri «Gülüstan»ı almancaya tərcümə etmiş, hətta «ərəbcə-farsca-türkcə lüğət» kitabını nəşr etdirmişdir.
Adam Oleari 1637-ci il aprelin 2-də Şirvanla Muğanı ayıran Kür çayını keçərək Muğan düzünə qədəm qoyur. Səyyahın yazdığına görə o zamanlar Kür çayının üzərində, böyük yaşayış məntəqələrinin yaxınlığında və yaxud karvan yollarının keçdikləri yerdə çayı o tay bu taya keçmək üçün «sal körpü» və yaxud «bərə körpü» fəaliyyət göstərirdi. Uzaqdan gəlmiş əziz qonaqları  Kürü keçdikdən sonra Ərdəbil xanının mehmandarı qarşıladı. Qolştiniya elçilərini mehmandarın rəhbərliyi ilə burada 40 dəvə və 300-ə qədər at gözləyirdi. Qonaqların qarşılanma mərasimi və yol üçün azuqə ayrılmışdı. Səyyah bu haqda özü yazır: «Günə 10 qoyun, 30 batman Həməşara şərabı, bolluca düyü, yağ, yumurta, badam, kişmiş, müxtəlif meyvələr, bostan bitkiləri və s.»
Ertəsi gün, yəni aprelin 3-də Muğanda hərəkət edən A.Oleari bu ərazidə çobanların qışlaqda oba-oba yaşadıqlarını qeyd edərək yazır ki, Muğanda Kürün sahilindəki çəmənliklərdə çoxlu, bəzən qol yoğunluğunda biyan kökü bitir. Onun şirəsi bizim Almaniyadakından daha şirindir və tamı da daha xoşagəlimlidir. Səfir daha sonra yazır: «Biz burada bir neçə böyük sürü-tabun vəhşi heyvan gördük. Türklər onu «ceyran», farslar isə «ahu» adlandırırlar.  Bu heyvanlar xarici görünüşcə marala oxşayırlar. Lakin rəngləri qırmızı və buynuzları çıxıntılı deyil, keçi buynuzları kimi arxaya yatıqdır, çox bərk qaçırlar. Yerli sakinlər deyirlər ki, ceyrana ancaq Muğanda, həmçinin Şamaxı, Qarabağ və Marağa tərəflərdə rast gəlinir.
Aprelin 4-də Qolştiniya  ölkəsindən  gəlmiş elçilər Bolqarçay  sahilindəki Şəhriyar qalasının xarabalıqları yaxınlığında dincəlmək üçün düşərgə saldılar. Adam Oleari bir neçə alman yoldaşları və yerli bələdçi ilə çayın o biri tayına keçib yerli əhali ilə ünsiyyət yaratdı. Səyyah yazır ki, bu kəndin sakinləri bizə  olduqca lütfkar və xeyirxahlıqla yanaşdılar, içməyə süd gətirdilər. Türklərə qarşı vuruşmalarda onların hökmdarına köməyə gəlmiş əsgərlər olduğumuzu güman edib arzuladılar ki, Allah düşməni bizim qabağımıza qatıb İstambula qədər qovsun…»
A.Oleari daha sonra qeyd edir ki, çobanlarla və onların himayəsində olan xırda yaşlı uşaqlarla ünsiyyət vaxtı onlardan Azərbaycan dilini öyrənirmiş. O, Muğan camaatının həyat tərzi haqda qeydlər edir: «Yayda onlar dağlara gedirlər, orada yaxşı otlaq sahələri, səfalı yaylaqları var. Qışda isə düz səhrada düşərgə salırlar». Səfir - səyyah Muğanda olarkən onunla münasibətdə olan xançobanı, təklə, elmənkü, Hacı Tağılı (Ocaqlı), sultanbaxşalı, ərdəndüşənli, xalac, düymədöyənli və başqa tayfalar barədə məlumat verir.
Qədim Həməşara şəhərinin xarabalıqlarının yaxınlığında çayın sol sahilində, Hasıllının şimal-şərq darvazasının günçıxanında yerləşən  Əcirli obası barədə söz açan rus və avropa səyyahları yazırlar ki, « bu yerlər insanların ən qədim yaşayış məskənlərindən sayılır və coğrafi cəhətdən ən əlverişli yerdir. Hasıllının bazarlarına gələn tacirlər xırda gəmilərlə öz yüklərini dəniz və çay yolu ilə Həştərxandan, Petrovskidən, Bakıdan və Ənzəlidən gətirə bilərlər. Yüklərin boşaldılması üçün burada çayın sol sahilində böyük anbarlar vardır. Tacirlər istədikləri miqdarda öz mallarını anbarlara boşaldıb, orada saxlaya bilərlər. Anbarlara  xüsusi  gözətçilər tərəfindən nəzarət olunur».
Haqqında söhbət açdığımız bu xarabalıqların yerləşdiyi Həməşara  təpəsinin açılmayan sirri çoxdur. Həməşara təpəsi möhtəşəmdir, bu təpə Azərbaycan ərazisindəki  təpələrdən  çox-çox böyükdür. Həməşara  çayının hər iki sahilini əhatəyə almış bu nəhəng təpə torpaqdan ucaldılmış Misir piramidasını - ehramı xatırladır. Bu sirli təpə  haqqında xalq arasında müxtəlif rəvayətlər, saysız-hesabsız söyləmələr əsrlərdən  gəlib  bizə çatmışdır. Qırx min illik tarixə malik olan təpə öz mədəni təbəqələrinin qalınlığına görə dünyanın ən nadir maddi-mədəniyyət abidələrindən biridir. Onun karvan yollarının ayrıcında yerləşmiş, minilliklər boyu ictimai-siyasi hadisələrin, münaqişələrin və qanlı müharibələrin şahidi olmuşdur. Çox güman ki, dəhşətli qasırğa kimi Muğan ölkəsinə gəlmiş qarətçi yadellilər qarşılarına çıxan  bir çox şəhər və kəndləri darmadağın edərək, yandırıb külə döndərdikləri  zamanlar Həməşarada güclü yanğın olmuş, xarabalığa çevrilmiş şəhərin imarətləri, ayrı-ayrı binaları  və tikililərin divarları, ümumiyyətlə  yaşayış   yerləri bütünlüklə qalın kül qatının  altında  qalmışdır…
O qanlı günlər tarixin səhnəsindən ulu babalarımızın müqəddəs adlarını silə bilməmişdir. Ulu babalarımız Həməşaranın ən hündür yerində yandırılan məşəli sönməyə qoymamış, göz bəbəyi kimi qoruyub saxlamışlar. Bu «müqəddəs ocaq» müxtəlif dövlətlərdə tez-tez qanlı hadisələrin, yanğın və talanların, sülh danışıqlarının şahidi olmuşdur.
Eramızdan çox-çox əvvəllər təpənin üstündə  və onun ətəklərində daş və çiy kərpicdən sıx şəkildə yaşayış binaları tikilmiş, ətraf torpaq sahələri əkinçi babalarımızın diqqətini özünə cəlb etmiş, onların vaxtaşırı sığınacaq yerinə çevrilmişdir. Elə həmin vaxtlardan Həməşarada oturaq həyat tərzinə keçmiş əcdadlarımız özlərinə böyük yaşayış məskəni  yaratmış, şəhər salmışlar. Beləliklə, burada ibtidai əkinçi - maldar  təsərrüfatının  əsası qoyulmuşdur. Əkinçilik və maldarlıq təsərrüfatı ilə məşğul olmuş insanlar öz daimi yurd yerlərində qədim və sirli şəhərin bünövrəsini qoymuşlar.
Tarixi mənbələrdə qeyd olunur ki, Muğlar böyük axınla bu əraziyə gəldikdən sonra bura Muğan adıyla tanınmışdır. Onların başında Əbər adlı bir şah dururmuş. Əbər şah özü üçün burada öz adına böyük bir qala şəhəri saldırır. Çox keçmir ki, həmin şəhər Həməşara kimi tələffüz olunaraq, yeni adla Muğanın mərkəzinə çevrilir.
Mənbələrdə qeyd olunur ki, Muğanın «paytaxtı» kimi tanınmış qədim Həməşara şəhəri Azərbaycanın o zamankı dövrdə  ən böyük şəhərlərindən birinə çevrilmiş və sonralar monqollar tərəfindən dağıdılmışdır.
Salnaməçilər Şərq şəhərlərinin ümumi tarixindən etnoqrafik və arxeoloji təsviri məlumatlar verərək  qeyd edirlər ki, Sada bazar (Sadeyi buzurqi), Sadatlı və Həməşara ən mühüm  yaşayış məntəqələrindən olublar.
Bu faktlardan istifadə etmiş bəzi həvəskar tarixçilər öz doğma yurdlarının, el-obalarının tarixini yazarkən apardıqları tədqiqat və araşdırmalarda  Həməşara şəhərinin yaranmasını müxtəlif cür izah edirlər. Məsələn, yuxarıda qeyd olunan Sadat şəhəri indiki Sadatlının günbatanında xarabalığa çevrilmiş «Yurd yeri» deyilən ərazi sayılırsa, oraya «Məscidli tala» və yaxud sadəcə olaraq «Məscidli lata» da deyirlər. (Rəsmi mənbələrdə isə «Sədət təpəsi» deyirlər-S.N.) «Əbərşəhri» şəhəri isə, yəqin ki, bizim doğma Həməşaradır və indiki Cəlilabad ərazisində yerləşən böyük bir şəhər olub.
Zəngin və maraqlı tarixə malik olan  Həməşara şəhərinin xarabalığı kimi mövcud olan bu qədim təpənin ən hündür yerində qədim zamanlarda əcdadlarımızın yandırdıqları çırağın işığı Biləsuvardan, həm də Mahmudabaddan görünərmüş. Çıraq bir növ parol xarakteri daşıyırmış - gah tək, gah da qoşa yanarmış.
Qeyd etdiyimiz kimi qədimdə bu şəhərin təməlini qoyan  Əbər şah haqqında müxtəlif qaynaqlarda məlumat verilir.  Dünya şöhrətli fars-tacik  şairi  Əbülqasim Firdovsi özünün ölməz əsəri «Şahnamə»də yazır: «Əbərşəhri çox bəlalar gətirsə də, o özünün qorunması uğrunda gedən savaşlarda  cahanın ümid işığını kəşf etdi».
Rus şərqşünas-alimi İlya Berezin özünün «Puteşestviye v Persiyu» (Kazan, 1871) əsərində yazır ki, Əbərşəhri ərəblər tərəfindən darmadağın edilərək kənd halına salınmışdır. Ərəblər zəbt olunmuş bu yaşayış məntəqəsini öz dillərinə uyğun olaraq Muğan, yəni «Muğların, atəşpərəstlərin yaşadıqları yer, yurd» adlandırmışlar.
Muğanın ən gözəl şəhərlərindən sayılan, qədim Biləsuvardan Qızılağaca gedən karvan yolunun üstündə yerləşən bu şəhərə - Həməşəraya, onun zəngin və əlçatmaz keçmişinə sizinlə birgə səyahətə başlamaq istəyirəm. Cəlilabad şəhərinin ta qədimdən indiyə qədər keçdiyi yollarla sizinlə bir yerdə addımlayıb, onun tarixi ilə yaxından tanış olacağıq. 
Bildiyiniz kimi, dünyaya göz açan hər bir bəşər övladını yollar gözləyir. Həyat yolları. Bu yollar digər formalarda da olurlar. Haqq yolu… doğru yol, vətən yolu, ata yolu…
Bütün bu yolların səyyahı kimi, Cəlilabad şəhərinin mərkəzində yerləşən Həməşara yurd yerinin tarixi izinə düşüb onun, az da olsa qədim diyarın zəngin və maraqlı tarixi ilə tanış ola bildim.  Qədim diyarımızın tən ortasında möhtəşəm bir qalanın və onun  təmtəraqlı imarətlərinin izləri təpələr formasında ucalır. Bu qədim təpələrin adı «Həməşara yurd yeri» kimi tanınır, beş min illik tarixə malikdir. Həməşara bir neçə dəfə dağılıb yerlə-yeksan olunub, lakin tarixin səhifələrində izini itirməmişdir. Tarixi rəvayətlərə görə Həməşara yeddi dəfə sel-su və zəlzələ nəticəsində, bir dəfə xəzərlərin hücumları, 9-cu dəfə isə ərəb işğalçılarının hücumları nəticəsində darmadağın edilmişdir. Dağılmış şəhərə ərəblər «Muğan -muğların, yəni atəşpərəstlərin şəhəri» - «Muğan şəhəri» deyirlərmiş.
Ərəb qoşunlarının hücumlarına məruz qalan bu şəhərə yaxın kənd və obalarda, keçilməz dağ-meşə kəndlərində gizlənmiş əhali bir yerə toplaşaraq Həməşəranı - Muğanı yenidən bərpa edirlər. Abad bir yurda çevrilmiş bu şəhərdə məskunlaşmış əhali islam dinini qəbul edərək, sonuncu peyğəmbəri (S) tanımışlar. Öz doğma yurdlarının ərəb işğalçılarının  dili ilə «Muğan şəhəri», «oda, günəşə sitayiş edənlərin şəhəri» adıyla çağırmışlar. 
Muğan şəhəri X-XIV əsrlərdə yaxın Şərqin ən mühüm ticarət mərkəzlərindən birinə çevrilir. Xəzər sahilində yerləşən bu şəhərə Yaxın və Uzaq Şərqin müxtəlif şəhərlərindən səyyahlar, tacirlər üz tuturlar.
Beləliklə, tez bir zamanda Həməşara bütün dünyada tanındı. Lakin bu gözəl diyar yenə yadelli yırtıcı qoşunların hücumlarına məruz qaldı. Dünyanı lərzəyə gətirən, şərqin ən böyük hökmdarlarını diz çökdürən Çingiz xanın sərkərdəsi Xulaqu xan bu möhtəşəm şəhəri darmadağın etdi. Tarixçilərin qeydlərinə görə heç kimə baş əyməyən muğanlılar günçıxandan «od-alov» gətirmiş monqol qoşunlarının qarşısında aciz qaldılar. Muğan ölkəsinin Həməşara şəhəri «ölümə düçar oldu, şəhər əfsanələrdə «yaşamaq»  məcburiyyətində qaldı.
S.Kazımbəyoğlu «Cəvahirnameyi - Lənkəran»da qeyd edir ki, Həməşara qalası Muğan çölünün arasında vaqedir». Tarixi mənbələrə istinad edən müəllif göstərir ki, Ərkə Həməşəranı Gudərzin oğlu  Əbərşah tikmişdir. Mərhum Əbülqasım Firdovsi də öz «Şahnamə»sində bu möhtəşəm qala haqqında yazmışdır. «Həbib-üs-siyər» kitabının yazdığına görə, keçmiş dövrlərdə Xəzər dənizi orada olmuş, indi isə dəniz üç ağac geri çəkilmişdir. Məhsuldar və münbit torpaqlara  malik Muğan düzündə salınmış kəndlərin əhalisi maldarlıq, əkinçilik və toxuculuqla (xüsusən yun parçalar, corab, şal və s.) məşğul olur, dəri məmulatı  istehsal edirdilər. Bu diyarda xalçaçılıq (palaz, çeçim, kilim və s.) da inkişaf  etmişdir. Bu ellər al-əlvan ipəkləri və yun malları ilə hələ qədim çağlardan məşhurdur. Muğanın cənubunda Burovar dağının ətəklərində behişt bulaqlar vardır. Müalicə əhəmiyyətli isti su bulaqları, şəfa çeşmələri ilə də zəngindir. 
Muğan onun şəhər və kəndləri, gözəl sakinlərindən bəhs edən yüzlərlə etnoqrafik oçerk, yol qeydləri, xatirələr yazılmışdır. Seyidəli Kazımbəyoğlunun məhşur «Cəvahirnameyi-Lənkəran» əsəri  ilə yanaşı Mirzə Əhməd Mirzə Xudaverdi oğlu özünün Talış xanlığının tarixinə dair «Əxbərnamə» əsərində xüsusən Hasıllıya dair maraqlı qeydlər etmişdir. Bu qiymətli əsərlərin hər ikisində qeyd olunur ki, «Hasıllı gur bazarları və bərəkətli torpağı olan bir diyardır».
Muğanın bu qədim şəhərinin xarabalıqlarında özünə «istirahət dayanacağı» seçən  Əmir Teymur 1387-ci ildə məscid, karvansara və onlarla yaşayış evləri tikdirmiş, bazarlar saldırmışdır. Qədim qaynaqlarda göstərilir ki, burada əhalinin sayı 14 mindən yuxarı idi. Əmir Teymur Hasıllını  abad edən zaman ətrafda yaşayan yerli əhaliyə icazə verir ki, özləri üçün yurd yeri- şəhər salsınlar. Lakin bu «şəhərlər» Hasıllının yanında «kiçik kənd» və «obalar» halında olmalıdır. Əmir Teymurun saldığı Hasıllı şəhəri onlardan çox-çox üstün və yaraşıqlı olmalı idi. Belə şəhərlərin sırasına yeni salınmiş Həməşara da daxil idi.  Qədim şəhər Hasıllının iki-üç verstliyində, onun günçıxanında qədim Həməşara qalası ilə üzbəüz, (cənub hissəsində) yəni çayın sağ sahilində yerləşirdi. Ərazisi 20 hektardan ibarət olan «yeni şəhərin» əhalisinin əsas tərkibi yerli «aborigen» tayfalarından ibarət idi. Onlara Əcirli deyirdilər. Şəhərin əhalisinin çoxalmasına baxmayaraq «xüsusi qanunlara» riayət  edilməli idi. Şəhərin ərazisi çox geniş olmamalı və bu şəhərdə böyük binalar, qala divarları tikilməməliydi, məscid və karvansaralar fərdi yaşayış evlərindən asanlıqla seçilməliydi. Buna baxmayaraq, yeni salınmış bu şəhər sürətlə inkişaf edirdi. 
XVIII əsrin birinci yarısında Nadir şahın qoşunları şəhəri viran etdilər. Həməşara yenidən al - qana boyandı. Əhalinin əksəriyyəti bu qırğına tab gətirmədi, yanmış şəhərdən çıxmayaraq öz həyatlarını qurban verdi. Sağ qalanlar şəhərin günbatan  hissəsində özlərinə sığınacaq tapdılar. Xas torpaqlarda salınmış Hasıllı, bir tərəfdən Hacı İsmayıllı (ora yuxarı Hasıllı da deyirdilər - S.N.), o biri tərəfdən isə Kərbəlayi Fərzili  kəndlərinə qədər uzanan ərazini əhatə edərək, müharibələr nəticəsində darmadağın olunmuş  Həməşaranın əhalisini öz qoynuna alaraq onları özünə sakin etdi. Yeni yurd yerləri quruldu, obalar salındı. Hasıllıda olmuş səyyah və tacirlər öz yol qeydlərində gördükləri haqqında söhbət açaraq, burada şəhəri xatırladan böyük qəsəbə olduğunu, kərpicdən, qamışdan tikilib palçıqla suvanmış evlər, bağ-bağat, xalça və müxtəlif ipək parçalar istehsal edən təcrübəli sənətkarların emalatxanalarını, duluşçuların istehsalat sexlərini, xüsusi təndir və kürəxanaları da gördükləri haqda yazmışlar. 
1888-ci il iyun ayının 30-da kənddə qonaq olmuş rus ordusunun polkovniki Vs.Krestovski yazır: «Hasıllı obası xəndək ilə iki yerə bölünür. Aşağı və Yuxarı Hasıllı. Onların birincisi rus qaydası ilə tikilib və orada subbotnik məzhəbinə itaət eləyənlər yaşayırlar, ikincisində isə rus evlərinə oxşarı olan hissədə ləhcəsinə görə irandilli xalqlara mənsub olan tatarlar yaşayırlar».
Bundan savayı Hasıllı bazarı yerli əhalinin rəğbətini qazanmış Moskva çitləri və başqa rus məhsulları ilə doludur. Qənd, şirni, biskvitlər, hətta ev-avadanlıq əşyaları, mis, çuqun, polad məmulatları saysız – hesabsız miqdarda ruslar tərəfindən nəinki yerli əhaliyə,  hətta sərhəddin o tayında olan yaxın İran kəndlərinin əhalisinə satılır». (Vs. Krestovski, «Soçineniya», VIII cild, SPB, 1909, səh.219).
Bazarın ətrafında Yuxarı Hasıllı ilə Aşağı Hasıllı arasındakı geniş bir ərazidə Əcirlilərin qalayçılar, kömürçülər və dəmirçilər məhəlləsi yerləşirdi. Azərbaycanın bütün şəhərlərində olduğu kimi Hasıllıda da ayrı - ayrı məhəllələrin kəttaları var idi. Məhəllə sakinləri öz sıralarından bir nəfəri «kətta» və yaxud «ağsaqqal» seçib, şəhər kələntərinin təsdiqinə verirdi. Azərbaycanın digər yerlərində olduğu kimi Hasıllı mahalında da kəndxudaların böyük nüfuzu var idi. Buna misal olaraq Avropalı səyyah Alessandrinin  qeydlərini göstərmək  olar. Azərbaycan şəhərlərini qarış-qarış gəzmiş Alessandri yazırdı: «Yaşayış yerlərində kəndxudaların qüdrəti şahin qüdrətindən böyükdür. Onlar istədikləri vaxt hər bir qərarı qəbul edə bilərlər və lazım gələrsə, dükanlardan yığılan vergiləri artıra bilərlər».
Alessandriyə görə Azərbaycan  ərazisində vergi və mükəlləfiyyətlərin bir neçə növləri səfəvilərin sələfləri - Qaraqoyunlu və Ağqoyunlu padşahları, bəziləri isə hələ Sasanilər və Ərəb xilafəti, səlçuqlar və monqolların hakimiyyəti dövründən miras qalmışdır. Misal üçün, ülufə, konalda, ulaq, üləm, peşkəş, salami, dəhyek, bəhrəcə və s. göstərmək olar. Bundan savayı hər yerdə olduğu kimi Hasıllıda da yerli vergi  və rüsumlar təyin edən səlahiyyətli adamlar var idi.
Araşdırmalardan bizə məlum olur ki, 1916-cı ilin noyabrına qədər Aşağı Hasıllıda baş küçənin kələntəri Hacı Bağır Kərbəlayi Təmraz oğlu adında Ucarudlu bir mülkədar idi. 1874-cü ildən bu vəzifəyə seçilmiş Hacı Bağır  1875-ci ilin payızında Hasıllının mərkəzində böyük bir  «ticarət meydanı» saldırmışdı. 
Bu meydan «Alış meydanı» (Kupçaya ploşad) adlanırdı. Hasıllının əhalisi və mahalın kəndlərindən gələn sövdəgarlar həmin meydanda çadır qurub öz mallarını satırdılar. Həmin meydanda güləş, at çapmaq, it boğuşdurmaq, xoruz döyüşdürmək və digər yarışlar keçirilirdi. 
Kəttanın  səyi nəticəsində Hasıllı bazarı canlanaraq bütün dünyada şöhrətlənir. Yeni məhəllələrin sayı artır: Həməşərə planı, Əcirli obası, Cühüd məhəlləsi, Milli döngəsi, Şirvanlılar məhəlləsi, Təklə ocağı, Orus məhəlləsi, Köçəri pəyəsi, Qaraçı köməsi və s.  Kəndin ən görkəmli yerində –Əcirli məhəlləsinin şimal hissəsində salınmış baş küçə böyunca Ucarudlu Hacı Bağır oğlanlarının ikimərtəbəli, altı dükanlar, üstü yaşayış evlərindən ibarət olan yaraşıqlı mülkləri dururdu. 
Səhrədqoruma idarəsinin kameral xidmətinin  1914-cü il yanvar və fevral aylarında verdiyi rəsmi məlumata əsasən rus  Hasıllısının (Russkiy Asul) əhalisi olduqca qarışıq idi. Ruslardan başqa, şirvanlılar (təxminən əhalinin yarısı), yəhudilər-13 nəfər, ləzgilər-15 nəfər, kürdlər -24 nəfər, talış, tat, aysor və başqa irandilli xalqlar-358  nəfər və digər avropamənşəli xalqların nümayəndələri yaşayırdılar. Rus Hasıllısının əhalisinin sayı 1790 nəfər idi, bunların 951 nəfər kişi, 839 nəfəri qadınlardı.
Hasıllının ruslar yaşayan məhəlləsinə Aşağı Hasıllı da deyirdilər. Aşağı Hasıllıda sünnilərin məscidləri yerləşirdi. Orada həmçinin yəhudilərin bir sinaqoqu, molokanlar üçün molebnaya (itaət evi), katoliklərin ibadətgahı və hərbçilərin pravoslav kilsəsi var idi. Aşağı Hasıllıda oğlanlar üçün üçsinifli rus-müsəlman və qızlar üçün ikisinifli məktəblər açılmışdı. Kənddə böyük kütləvi kitabxana fəaliyyət göstərirdi. 
Hasıllıda 26 çarpayılıq lazaret, 15 çarpayılıq xəstəxana var idi ki, bunlarda 3 həkim, 8 feldşer, 6 şəfqət bacısı və akuşer çalışırdı. Bir aptek, üç dava-dərman satışı dükanı açılmışdı. 
1906-cı ildə Hasıllıda hətta həbsxana da fəaliyyət göstərirdi ki, orada o zaman 47 nəfər dustaq saxlanırdı. Tarixçilərin qeydlərində göstərilir ki, Hasıllıda şəriət  məhkəməsi, divanxana, bir neçə dayaq məntəqəsi və hər bir şəraiti olan karvansaralar var idi. Karvansaraların biri Şeyx Hacı İsmayıl Tağızadənin, biri Mir Abdul Kərim Kazımoğlunun, üçüncüsü isə Kərbəlayi Məmməd Sadıq oğlu adlı bir ucarudlu varlının imiş. Aşağı Hasıllıda Nemtsov qardaşlarının böyük su dəyirmanı var idi. Dəyirmandan bir az aralı Əcirlilər qəbristanlığının günçıxan hissəsində yerləşən ziyarətgaha bütün mahaldan, hətta qonşu Ucarud, Talış, Qaradağ, Meşkin, Quştəspi mahallarından ziyarətə gələnlər olurdu. Ziyarətgahın tən ortasında yerləşən məzarların birinin üstündə sənduqə formasında baş daşı vardır.
Hasıllının tarixi, onun təbiəti, etnoqrafiyası, ayrı-ayrı şəxsiyyətləri haqqında qədim qaynaqlar zəngin və maraqlı məlumatlar vermişlər. «Hasıllıda və Muğanın digər kəndlərində mömin adamların çoxlu məzarları var. Bura ən çox ziyarət edilən müqəddəs yerlərdəndir» (L.Muğanlı «Gündəlik», I dəftər, s.22) 
Daha sonra bu müqəddəs  ocaqların birini təsvir edən Leyla xanım Muğanlı öz gündəliyində qeyd edir ki, «bu müqəddəs məzar mahalda tanınmış bir seyidə məxsus idi. Baş daşında bu sözlər böyük ustalıqla ərəb dilində həkk olunmuşdur: «Ya Allah ya Mühəmməd, ya Əli, həzə-l-mərqudu-l-mərhumi-l-məğfuri rəhmətu-lahi-aleyhi, Hacı MirXas Ağa İbn Möhsün İbn Musa sənə əlfin və miəteyni vahid və səməninə huva-l-lahu-l-ləzi, lə ilahə illə, huva alilu-l ğeybi va ş-şəhadəti, hva-r-rəhmanu-r rəhim, ya qadl-l hacati, ya rəfiə-dəraçati. Əlmaut kəsun kullu-n-nəsi  şəribuhu, va-l kəfəni turabun kullu-n-nəsi rəkibuhə, va-l-qabru bəbun kullu-n-nəsi daxilihu».
Tərcüməsi belədir: «Ya Allah, ya Məhəmməd, ya Əli! Bu qəbir mərhum, bağışlanmış (Allah ona rəhmət eləsin) Hacı Mir Xas Ağa İbn Mir Möhsün Musəvinindir. O, tək Allahdır, ondan başqa ilahi yoxdur, görünənləri və görünməyənləri də bilən mərhəmətli, rəhmlidir. Həm ehtiyacları ödəyən, dərəcə və səviyyələri qaldıran. Ölüm elə bir qədəhdir ki, hamı ondan içməlidir. Kəfən elə bir libasdır ki, onu hamı geyinməlidir. Tabut elə bir gəmidir ki, ona hamı minməlidir. Qəbir elə bir qapıdır ki, hamı  oradan  girməlidir».
L.Muğanlı bu ocaqda ikinci bir seyidin məzarı olduğunu bildirərək qeyd edir ki, orada qoyulmuş qəbir daşında bu sözlər yazılmışdır: «Bu məzarda uyuyan Mir Abdul Hüseyn Ağa Musəvidir. Allah ona min rəhmət eləsin. Amin».
Muğanın, eləcə də Azərbaycanın müxtəlif ərazilərində islam dinini yaymaq məqsədilə yaradılmış dini ocaqların adlarını daşıyan bir neçə yer və yurd adlarının içərisində Xanəgah xüsusi yer tutur.
Artıq bizə məlumdur ki, müəyyən dövrlərdə, xüsusən səfəvilərin hakimiyyəti dövründə imtiyazlı zümrələr içərisində feodallardan sonra ikinci  yeri ruhani zümrəsi tuturdu. Bu zümrəyə hər mahalda yaşayan şeyxülislamlar, vaizlər və nəhayət, dərviş malikanələrindəki (Xanəgah və pirlərdəki) şeyxlər daxil idi. (Bax: Petruşevski İ.P. göstər. əsər).
Tanınmış tədqiqatçı-alim, akademik V.V.Bartold «Xanəgah» sözünü XANAKA variantında şərh edərək, onu «xane» sözünün suğd dilindəki «bütpərəst  və manixey, zahid və tərkidünyaların hücrəsi» mənasında olduğunu qeyd etmişdir.
Fars mənşəli Xanə (Xana) «ev» və «gah» , «yer» sözlərinin birləşməsindən ibarət olan xanəgah əslində «ev yeri» deməkdir. Lakin əlimizdə olan qaynaqlarda göstərilir ki, xanəgah hər cür yaşayış məntəqələri deyil, Təriqət başçıları və aparıcıları  üçün tikilən xüsusi binalar, «müqəddəs ocaqlar» «xanəgah» adlandırılmışdır. Bu toponimlərin mənşəyi, mənası və yaranma tarixi barədə də məlumat oxucularımız üçün çox maraqlı olardı. Elə bütün bunları nəzərə alaraq akademik V.V.Bartoldun tədqiqatına  müraciət etməli olduq. Akademikin yazdığına görə, islamiyyətə  qədərki dövrdə «müqəddəs yer» kimi məlum olan yerlərdə  salınmış tikililər «xanəgah» adlandırılmışdır. X əsrdən bizə məlum olan, lakin XV əsrdən sufilərin  (dərvişlərin) məskəni kimi sayılan bu «müqəddəs ocaqlar», «xanəgah»-«şeyx və ya mürşidin rəyasəti altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer; təkya» mənasında işlənərək, dini məzmun daşımışdır (xristianlarda «Monastır»- S.N.).
Hazırda rayonumuzun ərazisində yerləşən Xanəgah kəndi, eləcə də Quba, İsmayıllı və Lerik rayonlarındakı Xanəgah yaşayış məntəqələri keçmişdə bir bucaqda, hücrədə, camaatdan kənarda oturub, ömürlərini ibadətdə keçirən ruhanilər, tərkidünyalar üçün salınmış ocaqların qalıqlarıdır. 
Xanəgah kəndindən xeyli  aralı məsafədə, onun cənub hissəsində  Cəngan dərəsi deyilən bir tarixi ərazi var. «Müharibə ocağı» və yaxud «savaş yeri» kimi izah olunan bu əraziyə, XIX əsrə aid sənədlərdə, xəritələrdə rast gəlinir. Çox güman ki, bu yerlərdə ilk dəfə məskunlaşmış əhali vaxtı ilə Arazın Muğan sahilindəki, Salyan rayonundakı, Neftçala və Şirvandakı eyni adlı kəndlərin sakinləri ilə bir elat təşkil etmişlər. Onlar Mərkəzi Muğanda qədim tarixi olan  Şəhriyar düzündəki Cəngan kəndindən ayrılmadılar. Elə buna görə də kənd öz adını o vaxtdan qoruyub saxlaya bilmişdir.

Комментариев нет:

Отправить комментарий