“OSMANLI” DEYƏ ÇAĞRILAN DÖVLƏTİN GƏRÇƏK ADI. Bu dövlətin adı Osmanlı yox, Osmaniyyə olmuşdur, rəsmi bütöv adı belə idi: “Dövləti-Aliyyəyi-Osmaniyyə”. Ancaq türkiyəlilər öz dövlətlərinə milli don geyindirmək üçün onu “Osmanlı” deyə çağırır, bizim Qızılbaş dövlətimizə isə “Səfəvilər” deyirlər. Halbuki, elə Osmaniyyə yazışmalarında o, Qızılbaş dövləti kimi adlandırılırdı. Özbək Şeybani xanlığı da yazışmalarda Qızılbaş dövləti yazırdı. Bu dövr üzrə bizim mərhum tədqiqatçımız, akademik O.Əfəndiyev də öz kitabında “Səfəvilər, yaxud Qızılbaşlar dövləti” yazır. “Qızıl” və “baş” sözlərinin ikisi də anadilli sözlərimiz olduğu üçün, Osmaniyyənin siyasi varisi olan Türkiyə öz rəsmi dərsliklərində onu “Qızılbaş” adlandırmır, ona irani don geyindirmək məqsədilə “Səfəvi”, öz ərəbçi Osmaniyyə dövlətinə isə türkçü donu geyindirmək məqsədilə, tarixi təhrif etmək hesabına da olsa, “Osmanlı” adı verir. Mən də indiyədək, ancaq bilməyərəkdən, yazılarımda “Osmanlı” və “osmanlılar” yazmışam, yanlışıma görə üzr istəyirəm, indən belə “Osmaniyyə” və “osmanilər” yazacağam.
Bunları bizim tarixçilər deməli idilər. Sözsüz, mən “bizim tarixçilər” deyərkən, burdan-bura “Azərbaycan Xalq Cümhuriyyəti”nin adını “Azərbaycan Demokratik Respublikası” kimi kimi yazan, yəni gözümüz görə-görə ən yaxın tariximizi təhrif edən Cəmil Həsənli kimi adamları nəzərdə tutmuram.
Özləri dəbdən aralana bilmirlər, aralanana da “Sən gündəməyə gəlmək istəyirsən”, deyirlər.
TÜRKİYƏLİLƏR ŞAH İSMAYILA NƏ ÜÇÜN NİFRƏT EDİRLƏR? Maraqlıdır ki, osmanilər Əmir Teymura basılıblar, Şah İsmayılı isə udublar, ancaq buna baxmayaraq, Teymura yox, İsmayıla nifrət edirlər, özü də 500 il keçməsinə baxmayaraq hələ də. Görəsən, nə üçün?
Məncə, burada yüz illərdir üstü açılmayan psixoloji bir səbəb var. Səbəb Səlimin Şah üzərində namərd, qürur verməyən, adam içərisinə çıxarıla bilməyən, sui-qəsdə oxşar qələbə qazanmağa məcbur olmasıdır. Gəlin, bu nifrətin üzərində bir az dayanaq.
Şah İsmayıl Xətainin ölkəsinə soxulub, Ona, yəni bir Şaha, “Ay qorxaq, niyə qabağıma çıxıb mənnən vuruşmursan?! Get başına ləçək bağla!” məzmunlu təhqiramiz məktublar göndərib, Onu inadla döyüşə çağıran və məktublarında Ona heç vaxt “şah” deyə müraciət etməyən (ancaq Çaldıranda qələbədən dərhal sonra dünyanın dörd bir yanına Şaha qalib gəldiyini fəxrlə xəbər verən) bu Səlim, Çaldıranda vuruşma vaxtı bilirsinizmi harada idi? Öz çadırında gizlənmişdi! Çadırın deşiyindən cəng meydanına tamaşa edir, Şahın topla vurulmasını əmr edirdi.
Şah İsmayıl isə Çaldıranda şəxsən döyüşə girmiş, güllə yarası alıb yaralananadək vuruşa-vuruşa Səlimin çadırına yaxınlaşmışdı. Şahın Çaldıranda göstərdiyi bahadırlığı düşmən olmaqlarına baxmayaraq o vaxtkı Osmaniyyə qaynaqları da etiraf etmişlər.
Əvvəllər osmanilər, indi də türkiyəlilər, onlara gecə ikən hücum etməyən, səhərəcən yatıb dincəlsinlər deyə vaxt verən Şah İsmayılın – bu igid adamın qılınc-qalxanlı atlılar ordusunu top-tüfəng atəşinə tutmaqla qalib gəlməyə məcbur olmaqlarını və ən əsası da Səlimin öz çadırından çıxıb Şahla vuruşmaqdan boyun qaçırmasını Şaha (qəribədir, Səlimə yox, Şaha!) bağışlaya bilmirlər. Məncə, Koroğlu dastanında “Tüfəng çıxdı, mərdlik getdi” sözüylə nəzərdə tutulan osmanilərin həmin bu namərdliyidir.
Təsəvvür edin, hökmdar hökmdarı açıq döyüşə çağırır, ancaq döyüş vaxtı özü çadırda gizlənir. Səlimin bu hərəkəti ümumtürk cəng qaydalarına görə bir dövlətin başını yerə soxan üz qaralığı və tarixi xəcalət idi. Əlbəttə, cəngdə hiylə işlətmək olar, ancaq Səliminki hiylə deyildi, oğuz terminologiyasında bunun adı “aldadıb ər tutmaq” idi. Şah İsmayıla əvvəllər osmanilərin, indi də türkiyəlilərin 500 ildir sönməyən kinlərinin səbəblərindən biri, bax budur.
Səlimin vuruş meydanına girmədiyini bilə-bilə, osmanilərin Səlimi Çaldıran düzündə Şah İsmayılla guya at üstündə üz-üzə dayanmış miniatürlərini çəkməkləri də məhz həmin tarixi xəcaləti gizlətmək istədiklərindəndir.
Türkiyə dövlətinin rəsmi dərsliklərində Şah İsmayıl Xətai hələ də rəzil düşmən adlandırılır, alçaldılır, guya arvadlarını meydanda qoyub qaçması, əyyaş olması və s. haqqında iftiralar həqiqət kimi tədris edilir; Türkiyə televiziya proqramlarında türkiyəli tarix professorları “azerilerin milli kahramanı” adlandırdıqları Şah İsmayılı ələ salırlar; Türkiyədə “qızılbaş” sözü hələ də söyüşdür.
Osmaniyyənin bizdən qopartdığı kənd və şəhərlərdə əsir qalaraq, Şah İsmayıl qızılbaşlığını yaşadan alevilərə əvvəllər Osmaniyyədə, indi də Türkiyədə zülm edilir. Anadoluda “Açılın qapılar, Şaha gedəlim” deyən neçə-neçə Pir Sultan Abdallar öldürülmüşlər. Nifrətin qatılığına baxın ki, M.Füzuli Şah İsmayılı mədh edib deyə, türkiyəlilər onu Y.Əmrə qədər qəbul etmirlər. Yeri gəlmişkən, sünni islamçı Erdoğan‘ın nifrət etdiyi Bəşər Əsəd də bir alevidir. 1993-cü ildə Sivasda Pir Sultan Abdal şənliyi keçirmək üçün toplanan alevilərin qaldığı otelə od vurulmuş, nəticədə 30-dan çox alevi intellektualı və sənət adamı diri-diri yandırılmış, Əziz Nesin son nəfəsində xilas ola bilmişdi. Bir sözlə, Çaldıran davam edir.
GƏLİN, ŞAHLA SƏLİMİ TUTUŞDURAQ. Osmaniyyə dövlətindən on minlərlə oğuz Qızılbaş dövlətinə axınla köç edirdi. Hətta saray divanında Səlimin öz qohumları yüksək vəzifələrini, yerlərdə bəylər öz bəyliklərini buraxıb, Şah İsmayılın dövlətinə pənah aparırdılar. Bunu türkiyəli tarixçilər özləri deyirlər, ancaq bu köç axınının səbəblərini izah edə bilmirlər. Osmaniyyədən Qızılbaşlara köç elə kütləvi olub ki, hətta Səlimin Qızılbaşlara hücumunun əsas səbəblərindən biri kimi “bu gedişlə Osmaniyyə dövlətinin xalqsız qalma ehtimalı”nı (prof. T.Gündüz) göstərirlər. İndi gəlin soruşaq, köç edənləri qızılbaş elində Şahın qılıncı gözləyirdisə, on minlərlə insan oraya köç edərdimi? İqtisadi amillərlə yanaşı, görünür, qızılbaşlıqda oğuzlara doğma gələn nələrsə, osmani hakimiyyətində isə əksinə, onlara yad nələrsə vardı.
Səlim Anadoludan köçüb qızılbaşlara qoşulmaq istəyən qırx min oğuzu qılıncdan keçirmişdir. Bunları açıb-ağartmırlar, “burada qırx min bədii ifadədir” deyirlər, malalayırlar, ancaq Şah İsmayılın vəhşi obrazını yaradırlar.
Şah İsmayıl guya anasını öldürübmüş. Bu da ərəblərin Babəkə nifrətlərindən uydurduqları iftiraya oxşar Osmaniyyə qaynaqlı iftiralardan biridir. Yaxşı, lap deyək öldürüb, bəs Səlimin öldürtdüklərini niyə demirsiniz?! Səlim böyük qardaşı Qorqudu və onun oğlunu, böyük qardaşı Əhmədi və onun oğlu Qasımı, mərhum böyük qardaşı Şehinşahın oğlu Mehmeti, mərhum böyük qardaşı Mahmudun beş oğlunu birdən (Musa, Mehmet, Osman, Emin, Orxan), mərhum böyük qardaşı Aləmşahın oğlu Osmanı, hətta öldürtdüyü qardaşlarının arvadlarını da öldürtdürmüşdür! Bu adam kiçik qardaş olduğu üçün ona düşməyən hakimiyyəti ələ keçirmək üçün qətliam törədib, qətliam!
Gəlin, o dövrdə Səlimə verilmiş təxəllüsə baxaq: Yavuz. “Yavuz” bizim dialektimizdəki “yava” sözüdür; yava – həyasız, əxlaqsız, pozğun, ədəbsiz deməkdir. Amma Şah İsmayılı qatil və cəllad kimi qələmə verirlər. Halbuki, Şah İsmayıl Səlimin atası Sultan II Bəyazidə məktublarında ona “ata” deyə müraciət edəcək dərəcədə nəcib, yumşaq, mənəvi insan idi. Səlim isə o qədər yava idi ki, ölüm səbəbi də həyatına yaraşan oldu: gündəyməzinə çıxan çibandan öldü.
Yüz illərdir Azərbaycanda, Şərqi Anadoluda, İranda, İraqda Şah İsmayıla şeirlər, mahnılar qoşurlar; Səlimə bircə misra yazıldığını eşitmisinizmi?!
Osmani sultanlarının və saray əyanlarının mələz (“devşirme”, düdəmə) olduqları heç kimə sirr deyildir. Çaldıranda böyük bir oğuz dövlətinə qalib gələnlər avropalıların top-tüfənglə silahlandırdıqları mələzlər idi…
Osmanilər üçün qızılbaşlar Orta Asiya türklüyü ilə körpü idi. Səlim bu körpünü yandırmaqla Osmaniyyənin türklüklə bütün əlaqələrini kəsmiş oldu və sürətlə ərəbləşməyə üz tutdu. Yüz illər sonra osmanilərin türk dilini erməni Aqop Martayandan (Dilaçardan) öyrənməkləri də bunun nəticəsi idi. Bu, həmin durumlu-murumlu qondarma dildir ki, mən yazılarımda ona “türkiyəcə” adı verirəm, sadəlövh azərbaycanlılar isə bu dili “qədim türk dili” hesab edirlər.
QIZILBAŞLIQ XÜRRƏMİLİYİN DAVAMI KİMİ. Şah İsmayılın qızılbaşlığı əsla bu günkü fars şiəliyi deyildi. Biz bunu Osmaniyyə sərhədləri daxilində qalan, beləliklə şiələşdirici fars təsirindən uzaqda yaşayan və beləcə orijinal qızılbaşlığa daha yaxın qızılbaşlığı yaşadan bu günkü aleviliyin simasında da açıq görə bilirik.
Qızılbaşlıq xürrəmilik kimi, əski ümumtürk inamlarıyla da sintez olunmuş, bu günkü aleviliyə çox oxşar, bayatılı, çalğılı, çaxırlı, sintetik bir inam forması idi. Məsələn, Şah İsmayıl bir qulağına parlaq qaşlı sırğa taxardı, bu sırğa əski türk inamında Günəşin simvolu idi. Qızılbaş ordusunda qadınlar da vuruşurdu. Türkiyə tarixçilərinin özlərinin də etiraf etdikləri kimi, qızılbaş kişilər bir qadınla evlənirdilər, osmani sünniləri kimi dördünü birdən almırdılar.
“Qızılbaş”- başqalarından ayırd edilmək üçün başına qırmızı papaq qoyan şəxs idi. Birincisi, elə buradan görünür ki, Şah İsmayıl heç də hamını qılınc gücüylə qızılbaş olmağa məcbur etmirdi, qızılbaş olanlarla yanaşı qızılbaş olmayanlar da vardı.
İkincisi, “qızılbaş” adı əski ümumtürk adlandırmalarına yad deyildir, məsələn, qaraqalpaqlar (qarapapaqlar), ağbaşlar, yaşılbaşlar (özbəklərdə), qarabörklülər adlı boylar olublar. Qara qoyun yunundan papaq taxdıqları üçün qaraqoyunlulara qarabaşlar da deyilirdi. Yəni belə adlandırma ənənəsi öz ənənəmizdir.
Üçüncüsü, qırmızı (qızılbaşlar kimi qırmızı!) geyimli, ya da bayraqlı xürrəmilərin başçısı Babək titul-adının “papaq” sözümüzdən ərəb tələffüzüylə yaranmış olması fikri irəli sürülmüşdür. Mənim versiyama görə, “Babəki Xürrəmi” (Papağı Qırmızı) adı ilə “qızılbaş” adı arasında hansısa semantik bağlılıq var. Akademik Z.Bünyadov Şah İsmayılın atası Şeyx Heydərin Babəkin təliminə oxşar təlimi təbliğ etdiyi haqqında tarixi məlumatı qeyd edir. Türkiyənin mərhum şərqşünas və ədəbiyyat tarixçisi A.Gölpınarlı da “Qızılbaşlar xürrəmilərin mənəvi nəvələridirlər”, yazır. Bir sözlə, istər qızılbaşlığı, istərsə də aleviliyi ərəb Əliyə bağlamaq sonrakı dövrün persian məhsullarıdır.
OSMANİ BALASININ DİLİNDƏ DANIŞMAĞA BAŞLAMIŞ QIZILBAŞ. Orta məktəb şagirdi olduğum vaxtlar idi. Evimizdəki kitabxanada Şah İsmayıl Xətainin şeirlərini açıb oxumağa başlamışdım. Kitabın girişində Şah haqqında verilən məlumatlarda Qızılbaş dövlətində ana dilimizin başlıca rolunu göstərmək üçün bir neçə misal verilmiş, sarayın dəftərxanasında “gecə patrulu”na “gəzər”, “təqaud”ə “kəsim” deyildiyini oxumuşdum. Bəlkə də o vaxt o kitabda çox sözlər oxumuşam, ancaq bu ikisi qalıb yadımda. Sonralar Türkiyədə A.Martayan (Dilaçar) adlı erməni dilçi “kəsim” sözü düzəltmiş və ona ərəbcə “zümrə” mənası vermişdir. İndi görün, nə utancverici rüsvayçılıqdır ki, qızılbaşların bu günkü varisləri olan azərbaycanlılar “kəsim” sözünü təqaüd mənasında yox, düşmənimiz olan Osmaniyyənin varislərinin diliylə, hətta bir erməninin diliylə zümrə mənasında işlədirlər.
“Türkiyə özümüzküdür, o, nəinki torpaqlarımızı işğal etmək, dilimizi məhv etmək, lap bizi zorlasa da, qəbulumuzdur, sağ olsunlar!” deyənlərə isə mənim sözüm yoxdur.
Комментариев нет:
Отправить комментарий