Məşhur filmdəki bu mahnının ilk sözləri bir vaxtlar hamını bir azərbaycanlı kimi məni də dərindən düşündürürdü. Öz yurdunun tarixini bilmədən vətənsevər olmaq qeyri-mümkündür. Milli hisslərin kökü, cövhəri Vətən torpağıdır. Bu torpağın yaşını bilmək, vətəndaşı olduğun ölkənin tarixini öyrənmək azdır, gərək onu həm də yazasan.
«Tarixi tarix yazır!» Bu sözlər tədqiqatçı-jurnalist Sabir Nəsiroğluna məxsusdur. Onun 25 il bundan əvvəl Düşənbədə çap edilmiş «Sehrli diyarın sirri» kitabı ilə tanış olanda, məni heyrət bürüdü. Geniş bir ərazini əhatə edən Muğan haqqında fundamental tarixi materiallar, təkzibedilməz faktlar Sabir Nəsiroğlunun zəngin erudisiyaya malik olduğunu göstərir. Bu materialları əldə etmək, qruplaşdırmaq, müqayisələr aparmaq bütöv bir ömür istəyir. Doğrudan da tarixi tarix özü yazır. Səninlə razıyam, həmkar!
Azərbaycan tarixi ilə bağlı çoxlu kitab yazılıb. Bir vaxtlar ötəri işıqlandırılmış sahələr yenidən tədqiqat obyektinə çevrilmiş, yeni-yeni mənbələr, qiymətli əlyazmalar üzə çıxarılmış, boşluq yaranmış məqamlara aydınlıq gətirilmişdir. Təəssüf ki, Şimali Azərbaycanın cənub bölgəsi tarixçilərin diqqətindən yayınmışdır və bu barədə müəyyən qənaətə gəlmək üçün əsas da vardır. Tarixçilərin görmədiyi ağır işi Sabir Nəsiroğlu öz üzərinə götürmüş, ömrünün 30 ilini Muğanın tədqiqinə həsr etmişdir.
Tədqiqatçı-jurnalist S.Nəsiroğlunun yeni kitabı təkcə cənub bölgəsində yaşayanlar üçün deyil, eləcə də bütünlükdə Azərbaycan üçün qiymətli töhfədir. Müəllifin Muğana dair mülahizələri çox maraqlıdır.
«Tarixən Muğan düzünün ərazisi çox geniş olmuşdur, ilk dəfə adı 3500-4000 il bundan əvvəl çəkilən bu ərazi tarixi mənbələrdə bütöv, bəzən də hissə-hissə müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olmuşdur… Yüzlərlə tarixi sənədlərə müraciət edib, sonra isə xəritələrin miqyaslarını tutuşdurub dəqiq nəticəni alaraq Muğan şəhərinin harada olmasını müəyyən etmişik. Məşhur ərəb səyyahı İbn Xordabeh hələ IX əsrdə yazırdı ki, Muğan Azərbaycanda şəhərdir. Əhməd İbn Əl As am Əl Kufi məlumat verir ki, Azərbaycanda Muğan adlı şəhər və çay var. «Hududu-əl-aləm» əsərinin müəllifi isə bizə belə soraq verir ki, «Muğan bir şəhərdir. Bu şəhərin bir nahiyəsi dəniz kənarında yerləşir. Muğan mahalında digər iki şəhər var ki, bunlara da «Muğan» deyilir».
Cəlilabaddakı təpənin «Nadir təpəsi» adlandırılmasını səhv sayan müəllif öz faktlarını tarixi dəlillər əsasında sübut edir. «Biləsuvar-böyük Atlılar qalasıdır» qənaətinə gələn müəllif qeyd edir ki, Biləsuvar iki tayfanın «Bilyər və suvarların cəmləşib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer» mənasını verir… S.Nəsiroğlu tədqiqatlarında bir sıra hallarda ehtimallara yer versə də, onun istinad nöqtəsi yenə də tarixi mənbələrdir. Müəllifə görə «Biləsuvar» toponimini «Atlı əsgərlərin və çaparların keçid yeri» kimi də anlamaq olar. Biləsuvarla bağlı tarixi ekskursiya göstərir ki, tədqiqatçı movzu ilə bağlı məntiqi araşdırmalar, müqayisələr aparmışdır. Bunların ən gözəl nümunəsinə «Hasıllı Muğan şəhəridir» yazısı misal ola bilər.
Hasıllının da Muğan şəhəri olmasını tutarlı faktlarla sübut edən müəllifin hər bir detaldan, ştrixdən yerli yerində istifadə etməsi oxucunun yaddaşında dərin iz salır. Qədim Şərqin şəhərləri haqqında etnoqrafik təsvirlərə Sabirin hər bir yazısında rast gəlmək olar.
Muğanın son iki yüz ilini yazmaq çətin olsa da, müəllif bu çətinliyin öhdəsindən gəlmişdir. Məncə, Azərbaycan tarixini yazanlar cənub bölgəsi haqqında S.Nəsiroğlunun təqdimatından bəhrələnməklə tariximizə hörmət etmiş olarlar! Muğanın gözəl cənub guşəsində bu günkü Cəlilabadda və Biləsuvarda məskunlaşan tayfa, nəsil və müxtəlif tirələr barəsində bilgilər, konkret tarixi məqamlar bu yerlər haqqında bəsit təsəvvürlərə işıq saçır.
Kitabı oxuyun, əsl qiymətini siz verin. Sizin qiymətiniz tarixin qiymətidir.
Комментариев нет:
Отправить комментарий