Ukraynada yaranmış vəziyyət yalnız narıncı rejimi hakimiyyətə gətirən xarici qüvvələrin gözləntilərinə uyğundur. Hər şey Viktor Yuşşenkonun marionet rejiminin hakimiyyətə oturması ilə başlandı. Yuşşenko komandasının funksiyası ciddi geopolitik əhəmiyyət daşıyırdı – Ukraynanı Rusiyadan tam qoparmaq, onun planlı şəkildə Qərbə, daha doğrusu ABŞ-a doğru yönəltmək və avroatlantik strukturlara daxil etmək. Materikdəki güc balansını müəyyən edən geopolitik məsələlər həll edildiyi bir şəraitdə həmişə cəmiyyətin, əhalinin maraqları ikinci plana keçir. Ukraynanın həyatında da həmin maraqların əhəmiyyəti sıfıra doğru yaxınlaşdı. Ukrayna Rusiyanın Avropa ilə yaxınlaşmasının qarşısını alan bufer zona üçün baza elementi olmalıdır, “prokladka” funksiyasını daşımalıdır – amerikan strateqləri tərəfindən Ukraynaya ayrılmış rol bundan ibarətdir. Onların Ukrayna əhalisi üçün heç bir pozitiv proqramları yoxdur. Ukrayna iqtisadiyyatının nə günə qalacağı və sosial proqramlarının taleyinin necə olacağı amerikanları maraqlandırmır. Müstəqil Ukrayna – əslində amerikan maraqları üçün fəaliyyət göstərən “müstəqil bufer zona” deməkdir.
2004-cü ilin sonlarındakı hadisələri xatırlayaraq belə fikrə gəlmək olar ki, o zaman Yanukoviçin hakimiyyətə gəlməsi ilə Kuçma dövründə yaradılmış nataraz vəziyyəti kordinal şəkildə dəyişmək olardı. Bunu bir tərəfdən Rusiya ilə münasibətləri intensivləşdirmək, digər tərəfdən də avrointeqrasiyanın instrumentləri vasitəsilə Avropa ilə əlaqələri isti saxlamaq vasitəsilə etmək mümkün idi. Ukraynanın mövqeyi geopolitik nöqteyi-nəzərdən də daha aydın müəyyənləşərdi, daha Rusiya ilə Avropa arasında biabırçı və rəzil bufer zonası statusunda qalmazdı.
Yanukoviçin ilk baş nazirlik periodunda bu istiqamətdə bir neçə addım atıldı: Sərhədlərin asanlaşdırılmış keçid proseduru, Ukrayna vətəndaşlarının Rusiyada qalma şərtlərinin yüngülləşdirilməsi müqavilələrinin bağlanması istənilən halda iki ölkənin yaxınlaşmasına, o cümlədən strateji yaxınlaşmasına təkan verdi. Yanukoviçlə Kremlin arasının isti olması, həmçinin Rusiya enerji resurslarının Ukraynaya ötürülməsi şərtlərinin yüngülləşdirilməsi Ukraynadakı iqtisadi vəziyyəti, həmçinin iki ölkə arasındakı münasibətləri yaxşılaşdıracaqdı ki, bu da öz növbəsində sadə ukraynalıların həyatına birbaşa müsbət təsir göstərəcəkdi.
Lakin Ukraynanın “milli azlıqlara” qarşı, xüsusilə də əhalinin yarıdan çoxunu təşkil edən rusdilli əhaliyə qarşı yürütdüyü siyasət elə o vaxtdan bəri pisləşməyə doğru dəyişməyə başladı. Hakimiyyəti ələ keçirən narıncı rejimin özbaşına fəaliyyətindən sonra isə ruslarla bağlı vəziyyət əhəmiyyətli dərəcədə pisləşdi. Xatırlatmaq lazımdır ki, Yuşşenko hakimiyyətə gəlməmişdən bir ya əvvəl “azlıqların” hüquqlarının müdafiəsi ilə bağlı sərəncam imzalayacağına söz vermişdi. O hətta bu sərəncamın prototipini də imzalamaqla rusdilli seçicilərin rəğbətini qazanmağa nail olmuşdu. Lakin prezident olduqdan sonra o bu sərəncamı birdəfəlik “unutdu”. Əksinə, bütün bu illər boyu televiziya və radiolarda rus dilinin çıxarılması, ukrain dilində verilişlərin faizinin artırılması ilə bağlı təzyiqlər davam etdi, bu qaydalara riayət etməyənləri stansiyaların bağlanması ilə hədələdilər. Kommersiya məqsədilə yaradılmış radiolara bu qayda sərfəli deyil, çünki ukrain dilində reklam blokları az olur. Lakin onlar bu vəziyyətin qarşısını ala bilmədilər. Bir müddət sonra isə bütün teleefiri ukrain movasına keçirdilər, Konstitusiya Məhkəməsinin qərarı ilə bütün xarici, o cümlədən rus filmləri ukrain dilinə dublyaj edilməli oldu.
***
Narıncı Ukraynanın mandarin rejimi tərəfindən verilmiş rusiyalı ictimai xadimlərin Ukrayna ərazisinə girişinə qadağa qoyan, ard-arda daha çox Rusiya vətəndaşlarını qardaş slavyan ölkəsində persona non qrata elan edən çoxsaylı qərarlar hələ də yaddaşlardadır. Belə gülməli, ağlasığmaz hərəkətləri oyuncaq mandarin rejiminin həyəcan və təşviş içində olmasından xəbər verir. Çox qalacaqlarına özlərinin də ümidi yoxdur. Ukrayna rəhbərliyinin ağılsız siyasətindən narazı olan insanları tutub ölkədən sürgün edirlər, kimi gəldi həbsə atırlar. Narıncı hakimiyyət elə bir vəziyyətə düşüb ki, öz xalqının maraq və istəklərini deyil, okeanın o tərəfindəki ağalarının maraq və istəklərini həyata keçirməlidir. Narıncılar bir tərəfdən onları hakimiyyətə gətirən ABŞ-a borcludurlar, bir tərəfdən də Ukrayna xalqının və cəmiyyətinin iradəsinə müqavimət göstərməlidirlər. Ona görə də bu rejimin sonu qaçılmazdır.
Rusiya dövlət səviyyəsində tədbirlər görüb Avrasiya geopolitik strategiyasını həyata keçirməlidir. Bu cür iş həm də vətəndaş cəmiyyəti səviyyəsində də aparılmalıdır. Rusiya və Ukraynadakı insanları konsolidasiya edərək onlara izah etmək lazımdır ki, niyə Ukrayna antixalq narıncı rejimdən canını qurtarmalıdır. Ukraynadakı indiki hakimiyyətin yad xarakterini açıb göstərmək, həm də insanları konkret siyasi aktivliyə təşviq etmək lazımdır. Ukraynalılar okeanın o tayındakıların istədiyi kimi deyil, öz istədikləri kimi yaşamalıdır – əsl xalq hakimiyyəti ABŞ-ın hamıya sırımağa çalışdığı xəyali xalq hakimiyyətindən deyil, məhz bundan ibarətdir. Ukrayna vətəndaşları aktiv olmalıdırlar və narıncı hakimiyyətin yaratdığı çətinlikləri kölə kimi qəbul etməməlidirlər.
Narıncı koalisiyanın hakim olduğu Ukraynanın taleyi həsəd aparılası deyil. Cinayətkar dəstənin törətdikləri nəticəsində vətəndaş müharibəsi baş vermişdir. Ukrayna dövlət kimi süquta uğrayacaq. Çünki Ukrayna əhalisinin 80%-dən çoxu aktiv şəkildə indiki narıncı istiqamətə qarşı çıxır, ölkənin NATO-ya daxil olmasını və antirus geopolitik vektora qatılmasını istəmir.
Rusiyanın xarici siyasətinin əsas faktoru Avrasiya inteqrasiyasıdır. Rusiyanın 1 nömrəli düşməni ona hər tərəfdən hücum edən ABŞ-dır. Biz hər gün daha çox ərazilərin atlantizmin xeyrinə Rusiyadan qoparılmasının şahidi oluruq. Yeganə xilas yolu – Avrasiyaya inteqrasiya proyektidir. Düşmənə cavab olaraq biz çoxqütblü dünya formalaşdırmaq strategiyasını həyata keçirməliyik. Bu məqsədimizə çatmağımıza kömək edəcək beynəlxalq institutlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Yalnız bu struktur təşkilat ABŞ-ın diqtəsi altındakı qlobalizasiyaya alternativ bir sistem yaratmağa kömək edəcək. Rusiyanın ŞƏT-in inkişafına göstərdiyi maraq Rusiya hakimiyyətinin ölkəmizi həmin alternativ güc qütbünün başında görmək arzusunun nümayişidir. Biz ABŞ-ın ekspansionist və kolonialist siyasətinə qarşı dayanacayıq. O cümlədən düşmənə müqavimət yolunda Vahid İqtisadi Məkan, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da çarpışacaq.
***
İndiki vəziyyətində Ukrayna vahid geopolitik məkanın – SSRİ-nin, daha geniş mənada Şərq Blokunun süqutu nəticəsində yaranmış məhlul kimidir. Onun Stalin tərəfindən çəkilmiş indiki sərhədləri mücərrəddir, dəqiq deyil, onun tərkibinə daxil olan ərazilərin nə etnik, nə milli, nə də konfessial tərkibini əks etdirmir. Vahid SSRİ dövlətinin vətəndaşları üçün fərqi yox idi imperiyanın daxilindəki sərhədlər haradan keçir. Sovet nəzarətində olan Şərqi Avropanın sərhədləri də şərti xarakter daşıyırdı. Bütün əhali birgə Sovet cəmiyyətini təşkil edirdilər.
SSRİ-nin süqutundan sonra yalnız ərazi-inzibati bölgünü ifadə edən şərti sərhədlər suveren milli dövlətlərin ciddi sərhədlərinə çevrildi. Nəticədə katolik yunanların yaşadığı Lvov, İvano-Frankovsk, Qaliçiya kimi qərb əraziləri (etnik və mədəni cəhətdən daha çox Polşanın şərq hissəsi ilə yaxındırlar), o cümlədən rusların yaşadığı şərq vilayətləri bu cür əndrəbadi yolla müstəqil Ukraynanın tərkibinə düşdülər.
Rusiya ilə Qərb arasındakı qarşıdurma şəraitində oyun oynamaqla məşğul olan Kuçmanın vaxtında belə natarazlıqlara baxmayaraq Ukrayna öz bütövlüyünü bir cür-bir təhər saxlaya bildi. Kuçma ölkənin qərb əhalisinə Avropaya və NATO-ya doğru gedəcəklərini, şərq əhalisinə isə Rusiyaya yaxınlaşacağını söz verdi, gah bu tərəfə, gah da o tərəfə meyilləndi. Lakin narıncı inqilabdan sonra Ukraynanın qütbləşmə prosesi elektoral ifadə aldı, ölkənin gələcək inkişaf vektoru məsələsi kəskinləşdi. Yuşşenko Ukraynanı onu gözləmədikləri Avropa İttifaqına və ona çimçəşmə hissi ilə baxan NATO-ya doğru dartdı, Yanukoviç isə hələ də Ukrayna ilə münasibətləri tam aydınlaşdırmamış Rusiyaya tərəf çəkdi. Əhali arasında hər iki istiqamətin tərəfdarları kifayət qədərdir və bu əhalinin həmin tərəflərə ərazi bağlılığı da vardır. Belə olan təqdirdə Ukrayna tikişlərdən partlayan şalvarı xatırladırdı.
Həqiqətən də Ukraynanın ruslar yaşayan şərq vilayətlərinə NATO-ya daxil olmağı təklif etmək elə Rostov və ya Belqorod vilayətlərini NATO-ya dartıb aparmaq kimi bir şeydir. Həmçinin lvovluları və qaliçiyalıları Rusiya ilə ittifaqa daşımaq ağlabatan deyil, çünki onları Rusiya ilə çox az şey bağlayır. Nə qədər ki qüvvələr balansı eynilik təşkil edirdi, ölkədə vəziyyət stabil olaraq qalırdı. Lakin pozisiyalardan biri öz diqtəsini həyata keçirən kimi kimi vəziyyət gərginləşir, digər tərəfin sərt reaksiyası ilə müşayiət olunurdu. Adətən belə vəziyyətlərin tarixi nəticəsi vətəndaş müharibəsi olur. Siyasi vəziyyətin həddən çox gərginləşməsi nəticəsində Ukrayna vətəndaş müharibəsi astanasına gəldi. Belə bir qarşıdurma heç də situativ, ani vaqe olan hadisə deyil, bu qarşıdurmanın sistematik geopolitik təyinatı vardır. Ona görə də Ukraynanın mövcud sərhədləri çərçivəsində bu qarşıdurmanın axırı olmayacaq, öz həllini tapmayacaq.
Ukraynanın alınmayan postsovet dövlətçiliyi probleminin yeganə həll yolu onun hissələrə bölünməsidir. Biz bu gün faktiki olaraq 4 Ukrayna görürük. Əhalisi pravoslav ruslardan ibarət olan şərq vilayətləri – bu ərazilər heç bir ağrılı proses olmadan Rusiyanın tərkibinə daxil ola bilərlər. Əhalisi katolik yunanlardan ibarət olan qərb vilayətləri Lvov, İvano-Frankovsk, Qaliçiya – yatıb yuxuda da özlərini Avropada və NATO-da görürlər və ora sakitcə yollana bilərlər. Qeyd edək ki, qərb vilayətləri elə tarixən, İkinci Dünya Müharibəsinin sonuna kimi Avropaya aid idilər və 1921-ci ildə “Stalin liniyası” ilə Ukraynanın digər ərazilərindən ayrı göstərilirdilər. Etnik və mədəni cəhətdən oturuşmuş əsl Ukrayna – “Stalin liniyası” ilə Dnepr çayı arasında qalan ərazilərdir. Krım isə tatarların və rusların yaşadığı, öz ayrıca tarixi yolu olan ərazidir.
Belə bir bölünmə sxemi hamı üçün sərfəlidir. Rusiya ucqar şərq vilayətlərini götürür. Qərblilər Rusiyadan tam müstəqillik alırlar və Avropaya inteqrasiya edirlər. Krım öz xalqının iradəsindən asılı olaraq öz müqəddəratını özü həll edir. Qalan Ukrayna – “Stalin liniyasından” Dneprə qədər olan hissə isə nəhayət Qərblə Şərq arasında haça-paça olmaqdan qurtulub özünə normal, harmonik ukrain dövlətçiliyi qurmaq imkanı əldə edir.
***
Əgər Ukrayna ABŞ-ın sərt nəzarəti altında atlantist kursunu davam etdirərsə, bu ona yaxşı heç nə vəd etmir. Dediyimiz kimi, ABŞ-ı Ukraynanın daxili vəziyyəti, onun iqtisadiyyatı, vətəndaşlarının sosial rifahı qətiyyən maraqlandırmır. Ukrayna ABŞ-a yalnız Rusiyanı Avropadan ayırmağa xidmət edən sanitar kordon kimi maraqlıdır. Ukrayna ABŞ-a yalnız Rusiya ilə Avropa arasında strateji partnyorluğa, hər hansı inteqrasiya layihəsinə mane olan sədd timsalında məsrəf materialı kimi vacibdir. Atlantist siyasi vektorun davam etməsi Ukrayna üçün ağır iqtisadi nəticələrə gətirib çıxaracaq və amerikanlar Ukraynanın bu ağır yükünü Avropa İttifaqının üstünə atacaqlar. Ukraynalılar dəqiq bilməlidirlər ki, atlantikyönümlü orientasiya ölkəni fəlakətə aparıb çıxaracaq.
***
Tez-tez Avrasiya Hərəkatı və Avrasiya Gənclər Birliyi rəhbərlərinin ünvanına belə fikirlər səslənir ki, biz öz aksiyalarımızla və bəyanatlarımızla Ukraynanın ərazi bütövlüyünə qəsd edirik. O cümlədən müqavimət ordusu yaradılması, Ukraynanın bölünməsinin vacibliyinin əsaslandırılması, avrasiyaçıların bu ölkədə siyasi çıxışlar etməsi guya Ukraynanın suverenliyini şübhə altına alır. Biz belə ittihamlara az cavab verməmişik. Bu işdə bizə hər dəfə Ukrayna elitasının həqiqət mücəssiməsi hesab etdiyi, ağzından çıxan hər dürlü kəlməsini acgözlüklə mənimsədiyi amerikan elitasının nümayəndəsi Zbiqnev Bjezinski əvəzedilməz köməklik göstərmişdir.
Bjezinski Ukrayna və onun Rusiya ilə münasibətləri haqqında nə yazır? “Ukrayna Avrasiya şahmat taxtasının üzərindəki yeni və vacib məkandır ki, geopolitik mərkəz rolunu oynayır, çünki onun müstəqil bir dövlət kimi mövcudluğu Rusiyanın dağıdılmasına kömək edir” – deyə məşhur geostrateq özünün amerikan açıq-saçıqlığı ilə bildirir. Amerikanların yalnız onlara fayda verən şeylərlə maraqlandığını nəzərə alsaq, başa düşməliyik ki, burda yenə də əsas məsələ Rusiyanın dağıdılmasıdır – amerikanlar buna bütün 20-ci əsr boyunca çalışıblar. Və Ukrayna bu dağıntıda uyğun alətə çevrilməkdən başqa əhəmiyyətə malik deyildir.
“Rusiya Ukraynasız Avrasiya imperiyası ola bilməz” – əsas vurğu məhz budur. Bjezinskinin bu sözləri Amerikanın Ukraynaya hədsiz marağının, o cümlədən son illərdə amerikanların Ukrayna siyasətinə qoyduqları maliyyə vəsaitlərinin və səylərinin səbəbini izah edir. Rusiya bir Avrasiya imperiyası kimi Amerika üçün dəhşətli yuxudur. Ona görə də Amerika ötən əsr boyu bütün gücünü Avrasiya məkanının parçalanmasına, Rusiyanın yenidən güclənməsinin və imperiyaya çevrilməsinin qarşısını almağa yönəldib. Amerikanlar bu məqsədə çatmaq üçün hər vasitəni işə salıblar.
Bjezinski hələ 1990-cı illərin əvvəllərində yazdığı “Böyük Şahmat taxtası” kitabında amerikan elitasını ehtiyatlı olmağa səsləyirdi: “Əgər Moskva 52 milyonluq əhalisi və böyük resursları olan Ukrayna üzərində nəzarəti qaytarsa və Qara dənizə çıxış əldə etsə, onda Rusiya avtomatik olaraq Avropa və Asiyaya yayılan güclü bir imperiya dövlətinə çevrilmək imkanı əldə edir”.
Bu nə deməkdir? Belə çıxır ki, bu qədər vaxtı dünya ağalığı uğrunda əlləş-vuruş, sonra Rusiya yenidən güclü imperiyaya çevrilsin?! Və bu amerikanların 99,9%-nin heç adını belə bilmədiyi (hələ yerləşdiyi yeri demirik!) hansısa Ukraynanın hesabına baş versin? Məlum məsələdir ki, Ukraynanı Rusiyadan, Rusiyanı da Ukraynadan ayırmaqdan ötrü amerikan agentləri, şpionları, diplomatları və onların Ukraynada əlbir olduqları şəxslər dəridən-qabıqdan çıxmağa, bütün xalqı belə qırğına verməyə hazırdırlar. Ukraynalıların və rusların çoxəsrlik birgəyaşayış tarixini silmək, ümumi köklərini, dillərini, inamlarını aradan aparmaq istəyirlər ki, Amerikanın dünya ağalığı yolundakı bütün maneələri götürsünlər. Odur ki necə deyərlər, şəxsi heç nə yoxdur, sırf geopolitikadır.
Avrasiyaçılar geopolitik orientasiyası olan bir hərəkat kimi özlərinin bütün aksiyalarında və digər fəaliyyətlərində amerikalı kolleqaları kimi sırf geopolitik məntiqdən çıxış edirlər, lakin əks istiqamətdə! İlbəil avrasiyaçıların əsas tezisi bundan ibarət olmuşdur ki, Ukraynada Amerikanın geopolitik ekspansiyası həyata keçirilir. Bu məhz Rusiyaya edilən hücumdur ki, bu hücumda Ukrayna yalnız plasdarm, məsrəf materialı, mübadilə rolunu oynayır. Amerikanın guya Ukrayna dövlətinin, xalqının taleyi barədə düşünməsi kimi fikirlər sadəcə illüziya, əhalinin özünü aldatması və elitanın bilərəkdən onu dolaması deməkdir. Amerika heç vaxt ayaqları altında əzilib ölənlərə fikir verməmişdir. ABŞ-ın Ukraynada keçirdiyi hərbi təlimlər də ordusunun de-fakto bu plasdarmda möhkəmələnməsi üçün bəhanədir. Amerika ordusunun hər hansı bir ölkənin ərazisində peyda olması həmin ölkənin birbaşa işğalı deməkdir və bundan sonra hansısa suverenlikdən kəkələməyə ehtiyac qalmır. Onlar heç vaxt həmin ölkədən öz xoşları ilə getmirlər.
Ciddi danışsaq, artıq bu gün NATO-ya könüllü daxil olmaq istəyən, mahiyyətcə “Məni alın, nəhayət işğal edin!” deyə qışqıran Ukraynanın müstəqilliyi yoxdur. Biz də onları narahat edən həmin bəyanatlarımızla bu qurumun olmayan şeyinə qəsd etmiş oluruq. Ukraynanın faktiki olaraq heç bir suverenliyi yoxdur: ölkə suverenliyini Viktor Yuşşenkonun marionet rejiminin hakimiyyətə gəlməsi ilə tam itirdi. Bu gün Ukrayna Amerika administrasiyasına tam tabe edilib, onun elitası isə Vaşinqtondan gələn göstərişlərlə hərəkət edir. Orda nə baş verirsə versin, həmçinin birgə hərbi təlimlər keçirmək cəhdləri də birbaşa Amerikanın protektoratlığı altında baş verir. Mahiyyət etibarilə orda sarsıtmalı heç nə qalmayıb.
Ona görə də guya biz öz bəyanatlarımızla Ukraynanın konstitusion quruluşunu ədəbsizcəsinə və amoralcasına pozuruq kimi ittihamlar əsassızdır. Narıncılar özləri həmin konstitusiyanı dəfələrlə kobudcasına pozublar. Bizim Ukraynada Amerikan işğalına qarşı müqavimət ordusu yaratmaq çağırışımızın həm geopolitik, həm yuridik, həm də mənəvi-əxlaqi əsaslandırması mövcuddur. Avrasiyaçılar tərəfindən irəli sürülən Ukraynanın bölüşdürülməsi layihəsinin isə həm də tarixi əsasları mövcuddur.
Ukraynanın Rusiya üçün vacibliyini, burda gedən geopolitik qarşıdurmanın gərginliyini nəzərə alan amerikan geostrateqi Bjezinski öz kitabının materiklərin böyük müharibəsindən bəhs edən fəslinin çox hissəsində Ukraynadan danışır. Ukrayna bu gün Rusiya üçün digər MDB dövlətlərindən daha çox başağrı yaradır. Amma Ukrayna özü özünə də az iztirab çəkdirmir. Ukraynanın elitası okeanın o tayından gələn göstərişlər əsasənda vahid orqanizmin bir hissəsini diri-diri, narkozsuz amputasiya etməklə məşğuldur. Belə düşüncəsiz, özünüməhvə aparan aktın nəticəsi xalqın iztirabları və faciələridir.
Bütün bunların fonunda bir şey sakitləşdirir: bizim Böyük Məkanımızın inkişafının geopolitik məntiqi sonda hər şeyi öz yoluna qoyacaq. Yaranmasının astanasında olduğumuz Avrasiya İmperiyası xalqlarımızı Vladivostokdan Dublinə qədər ərazini əhatə edən vahid məkana qaytaracaq. İmperiyamızın yaranmasında hərəkətverici qüvvə həm Qazaxıstan, həm Belarusiya, həm də Böyük Rusiyanın digər qardaş xalqları olacaq. Biz Ukraynanı Rusiyaya, Rusiyanı da Ukraynaya qaytaracayıq. Lakin Ukrayna adlı çapıq İmperiyanın bədənində hələ uzun müddət özünü xatırlatmağa davam edəcək.
Комментариев нет:
Отправить комментарий