23.07.2021

Qərbin Ukraynaya xəyanəti: “Ukraynaya atdılar”

Cəmil Şirvanov

Dünən Şimal Axını-2 layihəsi ilə bağlı Ukraynanı "razı salmaq məqsədi daşıyan", Amerika ilə Almaniya arasında bağlanan müqavbilənin mətni dərc edildi. Bu Müqaviləyə görə Amerika Şimal Axını-2 layihəsinin özünə, onun tikintisində, cari texniki xidmətin göstərilməsində iştirak edən və gələcəkdə bunu edəcək tərəflərə tətbiq etdiyi sankasiyaları ləğv etməyi və gələcəkdə bu barədə heç bir sanksiya tətbiq etməyəcəyini öz üzərinə götürdü.
Almaniya Xarici İşlər Nazirliyinin rəsmi internet saytında dərc edilən Müqavilənin tam mətni ukraynalılar arasında böyük təşvişə səbəb oldu və hələ də olmaqdadır. Təşvişə səbəb Müqaviləni oxuyanlarda “Ukraynaya atdılar” fikrinin yaranmasıdır. Vəziyyətin belə olacağını əvvəlcədən bilən ABŞ Dövlət Departamenti öz saytında dərc edilən məlumatla Zelenski və onun komandasını “bu Müqaviləni tənqid etməkdən çəkinməyə” çağırdı. Əslində isə bu bir xəbərdarlıq idi: “Kəs səsini! Yoxsa ehtimal edilən 30 avqust görüşünün ehtimalı belə olmayacaq”. Müqavilənin özü isə Ukrayna tərəfindən yalnız xəyanət kimi qiymətləndirilə bilərdi.
İndi isə gəlin həmin Müqavilədə Amerika ilə Almaniyanın konkret hansı məsələlərdə razılığa gəldiklərini, bu müqavilənin Ukrayna tərəfindən rəsmi şərh edilməsinin niyə qadağan edildiyini detallı şəkildə öyrənək.
Müqaviləyə diqqətlə nəzər yetirdikdə görürük ki, Şimal Axını-2 layihəsindən başqa xeyli mövzulara toxunulub. Məsələn, Minsk razılaşması, Amerikanın Fransa və Almaniya tərəfindən Ukraynanın şərqindəki konfliktin Normand formatı vasitəsilə nizamlanmasında göstərdiyi səyləri dəstəkləməsi, ətraf aləmin qorunması, ABŞ və Almaniya arasındakı əlaqələrin möhkəmləndirilməsinə çalışmaq barədə bəyanatlar və s.
Minsk razılaşması Ukrayna hakimiyyətinin qorxulu yuxusudur. Onun reallaşmasından qorxduqları qədər heç nədən qorxmurlar. Amerikanın bu razılaşmanın həyata keçirilməsini dəstəkləməsinin özü elə ABŞ-ın Ukrayna rejiminə xəyanəti deməkdir.
Müqavilənin bu mövzuda olan hissəsi belə Ukraynaya böyük mənada “atdıqlarından” xəbər verir. İndi isə gələk Şimal Axını-2 layihəsinə.
Burda Almaniya və ABŞ öz öhdəliklərini bəyan edirlər ki, biz imkan verməyəcəyik ki, Rusiya Şimal Axını-2-dən Ukraynaya qarşı təzyiq vasitəsi kimi istifadə etsin. Bunun üçün onlar Ukrayna üzərindən gedən qaz tranzitinin 2024-cü ildən sonra da davam edəcəyini bəyan edirlər. Onlar bunun üçün bu ilin 1 sentyabr tarixindən gec olmayaraq Almaniya tərəfindən xüsusi nümayəndə təyin ediləcəyini və Rusiya ilə danışıqlara başlayacaqlarını bəyan ediblər.
Məsələ burasındadır ki, bu maddələrdə heç bir konkretlik yoxdur. Neçə ilə, hansı həcmdə qaz tranzit ediləcəyi barədə dəqiqləşdirilmə yoxdur. Bu isə Ukrayna üçün çox təhlükəli məqamdır. Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin arxasında heç bir rəqəmlər durmur. Yalnız ümumi, bəyanat və məsləhət tipli sözlər.
Əgər son illərin hadisələrini yadımıza salsaq görərik ki, Rusiya Avropaya Qaz tranzitinin Ukrayna üzərindən edilməsindən heç vaxt imtina etməyib. Əksinə, Ukrayna ABŞ-ın göstərişi ilə hər vəchlə Rusiya qazının Avropaya nəqlinə çətinliklər yaradıb. Ona görə də Rusiyanın alternativ variantları – Şimal axını-1, Türk axını, Şimal axını-2 layihələri meydana çıxıb. Rusiya üçün belə kəmərlərin daha çox olması bir az da sərfəlidir. Yəni Ukrayna kəmərinin olmaması həm də Rusiyanın ziyanınadır.
Biz həmişə yazılarımızda qeyd edirik ki, ABŞ Qərbi Avropa dövlətləri ilə Rusiyanın yaxınlaşmasını, Rusiya enerji resurslarının Avropa texnologiyası ilə birləşməsinə mane olmaq üçün Rusiya ilə Qərbi Avropa arasında sanitar kordon qurub. Özündən asılı etdiyi Şərqi Avropa dövlətlərindən ibarət kordon ölkələri - Ukrayna da bu kordona daxildir - Rusiya ilə Avropa arasında istənilən sahədə əlaqələrin inkişaf etməsinə mane olmaq üçün Amerikanın əlində bir alət rolunu oynayır. Çünki ABŞ-ın dünya hegemoniyasına mane ola biləcək, onun gücünə bərabər səviyyədə güc qoya biləcək alternativ geopolitik məkan Avropa və Rusiyanın birliyindən ibarət bir məkandır. Ona görə də amerikanlar buna nəyin bahasına olursa olsun yol vermirlər.
Bundan əlavə, enerji daşıyıcılarının strateji təsir vasitəsi olduğu da heç kəsə sirr deyil. Bu baxımdan ABŞ Avropanın enerji təminatını öz nəzarəti altında saxlamaq üçün hər şeyə gedir. Lakin bu işdə Rusiyanın qarşısını tam ala bilmir. ABŞ-ın qaz istehsalçısı kimi ilk yerdə olmasını, potensialının isə bundan daha çox olmasını nəzərə alsaq görürük ki, ABŞ Avropanın Rusiyadan qaz almasına həm də ona görə mane olur ki, öz qazını bu bazara daxil etmək istəyir. Özü də bunu azad rəqabət şəraitində deyil, Avropanı Rusiya qazından məhrum edib öz qazını almağa məcbur etmək üsulu ilə. Lakin hər şey heç də amerikanların istədiyi kimi getmədi. Onlar bu mövzuda həm Avropaya, həm də Rusiyaya öz şərtlərini diqtə etmək imkanlarını itirdilər.
Əlbəttə ki hansısa danışıqlar olacaq, Almaniya, Ukrayna və Rusiya arasında müqavilə də bağlana bilər. Çünki Ukraynanın qaz təminatı Rusiyadandır. Əgər bu təminat Ukrayna üzərindən keçən tranzit kəmərindən təmin edilməsə başqa yerdən gəlməyəcək. Ukrayna qaz müqaviləsini Avropa dövlətləri ilə bağlasa da Rusiya qazını elə həmin kəmərdən götürəcək və istifadə edəcək. Lap elə indiki kimi. Olan isə sadə xalqa olacaq. Hər il qaz tarifləri bahalaşacaq. Çünki müqavilə Rusiya ilə güzəştli şərtlərlə deyil, Avropa dövlətləri ilə baha qiymətə bağlanılır. Qazı birbaşa Rusiyadan alsalar da sənədlərdə guya Avropadan daşıyırmışlar kimi daşınma xərclərini də qazın maya dəyərinə əlavə edirlər.
Ümumiyyətlə ABŞ-Almaniya müqaviləsinə diqqətlə fikir verdikdə görürük ki, ABŞ çox səliqəli şəkildə çətin vəziyyətdən sivrilib çıxır, vəziyyətin yüngülvari ağırlığını belə özünün “Avropadakı ən yaxın müttəfiqinin” üzərinə ataraq görüntü yaradır ki, guya o Ukrayna qarşısındakı bütün öhdəliklərini yerinə yetirmişdir. Əslində isə heç bir öhdəlik yerinə yetirmir, restoranda hesab vermək məqamında tualetə qaçan adamlar kimi hesabı dostunun üzərinə atır.
Buna əmin olmaq üçün müqavilənin digər absazını oxumaq kifayət edər. Həmin absaz Avropa İttifaqının 3-cü energetika paketinə və Şimal Axını-2-nin necə işləyəcəyinə aiddir. Müqavilədə qeyd edilir ki, tərəflər Avropanın enerji təminatının diversifikasiyasını dəstəkləyir və Almaniya öz yurisdiksiyası altında olan ərazidə Şimal axını-2 kəmərinə enerji təminatçısı kimi 3-cü tərəfi də cəlb edə bilər. 
Burda söhbət bütün qaz kəmərindən deyil, Almaniyanın yurisdiksiyasının altında olan, yəni qaz kəmərinin Almaniyanın ərazi sularında və quru ərazisində olan, kəmərin ümumi uzunluğunun heç 5 %-ni təşkil etməyən hissəsindən gedir. Almaniya öz yurisdiksiyasında olan hissədə borunun 50%-ini digər şirkətə verə bilər. Düşünürük ki, bunun Rusiyanın maraqlarına təsir edəcək bir tərəfi yoxdur. Çünki elə həmin Rusiya qazı gəlib sonuncu hissədə 50% digər şirkətə satılacaq və elə həmin borudan keçərək Almaniyaya daxil olacaq. Yəni sadəcə kağız-kuğuz çoxalacaq, avropalı qaz istehlakçıları az da olsa baha qaz alacaq. O da  əgər 3-cü enegetika paketinin tətbiqinə ehtiyac yaranarsa. Yaranmayacağı təqdirdə heç-bir artıq kağız-kuğuz da yazılmayacaq.
Əslində bu cür şərtin qoyulması Ukrayna ilə məzələnməkdən başqa bir şey deyil. Belə bir şərtin Ukraynaya heç bir xeyirinin olmayacağı gün kimi aydın ola-ola bu şərti "Ukraynanın maraqlarını qorumaq" üçün qoyduqlarını bəyan etmək həqiqətən də onunla məzələnmək deməkdir.
Ukraynanın Şimal axını-2-yə görə 1 milyard dollar kompensasiya tələb etməsi də hamımızın yadındadır. Bunu nəzərə alan tərəflər Ukraynada yaşıl enerjinin inkişaf etdirilməsi üçün 1 milyard dollardan az olmayan məbləği Ukraynanın yaşıl fonduna köçürməyi öz öhdəsinə götürürlər. Fonda ilk ianəni 175 milyon dollar məbləğində Almaniya etməlidir, yaxın illərdə də bu cür ianələri öz dövlət büdcəsinə də salmalıdır. Amerika isə fonda siyasi və texniki dəstək verəcək (Necə?). Almaniya və Amerika həm də Ukraynanın bərpa olunan enerji sahələrinin, xüsusilə kömür sitehsalının inkişafına maliyyə dəstəyi verəcəklərini bildiriblər. Bunun üçün 70 milyon dollar maliyyə yardımı nəzərdə tutulub.
Qalan 755 milyon dollar məbləği isə Almaniya 3-cü tərəfləri cəlb etməklə təmin etməyə çalışacaq. Belə olan təqdirdə demək olar ki, bu pullar heç də Ukraynaya hədiyyə kimi verilməyəcək. Güzəştli də olsa kredit şəklində olacaq. Çünki bu pullar Ukraynaya hansısa dövlətin büdcəsindən yardım kimi deyil, biznes investisiyası şəklində daxil olacaq.
Bütün bunları təhlil edərək belə bir nəticəyə gəlmək olur ki, Almaniyanın bu Müqavilə üzrə daşıdığı maliyyə öhdəliyi 245 milyon dollardır. Bu isə yenə də Ukraynaya xəyanət deməkdir. 1 milyard əvəzinə 245 milyon dollar. Məhz ona görə də Amerika Dövlət Departamentinin Ukrayna rəsmilərinə bu Müqaviləni tənqid etməyi qadağan etməsini başa düşmək olar. Ukraynadan Rusiyaya qarşı istifadə etdilər və sonda istifadə edilmiş prezervativ kimi zibilliyə tulladılar.
Bu tarixçə Amerikaya tərəf can atan dövlətlər, NATO və Avropa İttifaqı deyərək sayıqlayanlar üçün ibrətamiz dərs olmalıdır. Başqa kəndin xuliqanı ilə birləşib qonşuna qarşı çıxarsansa, ilk sənin evin yanacaq.

demotiya.com

Комментариев нет:

Отправить комментарий