19.07.2021

ABŞ niyə Şimal Axını-2-yə qarşıdır?

Cəmil Şirvanov

“ABŞ niyə Şimal Axını-2 layihəsini qarışdırır?” sualına bəzi ekspertlərin cavabını oxuyarkən gülməmək mümkün deyil. Ölkənin aparıcı neft eksperti saytlardan birində qoyulan bu suala o qədər “mövzu ətrafında” cavab verir ki, mövzunun özü yaddan çıxır. Ay nə bilim: “Rusiya bu layihəni reallaşdırmaqla Avropada ancaq bir ölkəyə bağlanmış olacaq; Bu Avropa parlamentinin 2005-ci ildə təsiqlədiyi şaxələndirmə siyasətinə ziddir; Həmçinin 2014-cü ildə Ukrayna və Rusiya arasında yaşananlardan sonra ABŞ iki ayağını bir başmağa dirəyərək bu layihənin əleyhinə çıxır”. Və bu kimi əsas məqsədi gizlədən örtüyü şərh edən sözlər.
Əslində isə suala cavab bu cür olmalı idi. ABŞ Qərbi Avropa texnologiyası ilə Rusiya təbii resurslarının birləşməməsi, yəni Moskvanın Berlin və Parislə yaxınlaşmaması üçün böyük ərazidə sanitar kordon qurub. Bu kordonun “materialına” daxil olan ölkələr Şərqi Avropa dövlətləridir. ABŞ məhz onların vasitəsilə Almaniya və Fransa ilə Rusiyanın iqtisadi əlaqələrinin möhkəmlənməsinə, inkişaf etməsinə imkan vermir. Avropanın ürəyi sayılan bu iki ölkənin Rusiya ilə yaxınlaşması həm də Avropa İttifaqı ilə Rusiyanın yaxınlaşması deməkdir. Əgər bu baş verərsə ABŞ-ın dünya hökmranlığı planlarının hamısı iflasa uğrayar. Çünki Avropa İttifaqı və Rusiya birləşdiyi, yəni vahid geopolitik və geoiqtisadi məkan yaratdığı halda ABŞ iqtisadiyyatına qarşı ən güclü bir rəqibə çevrilirlər. Ona görə də ABŞ hər vəchlə buna imkan verməməyə çalışır, bir çox hallarda buna nail də olur.
Amerikanlar neçə illərdir ki, Şərqi Avropada, məhz vaxtilə Rusiyanın kiçik qardaşları olan oyuncaq dövlətlərdə müxtəlif konfliktlər yaratmaq vasitəsilə Avropa İttifaqı ilə Rusiyanın bir-birinə qarşı əks mövqedə olmasına nail olurlar. Lakin bu vəziyyətdə pozitiv məqamlar da az deyil, hətta deyərdim inqilabi sıçrayışlar belə var. Məsələn, Şimal axını-1 və Şimal axını-2.
Vaxtilə Vladimir Putin Almaniya kansleri Şröder ilə yaxın münasibətlər qurub, düzgün müqavilələr bağlayıb bu müqavilənin icrasına nail ola bildi. Belə ki Rusiya onun qərb sərhədyanı zonasında ABŞ tərəfindən qurulmuş sanitar kordonu yandan ötüb keçən, Baltik dənizinin dibi ilə Şimal axını-1 qaz kəməri çəkdi. Almaniya Rusiya qazını heç bir dövlətin vasitəçiliyi olmadan birbaşa, ucuz və daha çox partiyada ala bildi. 
Məhz buna görə ABŞ müxtəlif yollara əl ataraq Şröderi hakimiyyətdən uzaqlaşdırdı. Lakin Putin onu Rusiyada işə dəvət edərək, Şimal axını-1 layihəsini idarə etməyi ona tapşırdı.
Amerikanlar elə bildilər ki, yeni hakimiyyətə gələn Angela Merkel onların hər dediyi ilə oturub-duracaq. Lakin belə olmadı. Angela bir çox məsələlərdə Amerikanın diqtəsini qəbul etsə də, ölkəsinin enerji təhlükəsizliyi məsələsində lazımi müqaviməti göstərib məhz öz ölkəsinin maraqlarını kifayət qədər müdafiə edə bildi. Məhz bunun sayəsində Putinin Merkel ilə danışıqları pozitiv nəticə verdi. Amerikanın gözləntilərinin əksinə olaraq Şimal Axını-2 layihəsi barədə yeni müqavilə imzalandı və layihənin icrasına başlanıldı. Bu artıq Avropa döyüş səhnəsində ABŞ-ın üzünə çəkilmiş ikinci sillə idi.
ABŞ-ın indiyə qədər bu layihənin tikilib qurtarmasına hər vəchlə mane olmağa çalışmasına baxmayaraq, qaz kəmərinin birinci borusunun tikintisi artıq başa çatıb. İkinci borunun birləşdirilməsinə isə sayılı günlər qalıb. ABŞ bu faktla barışsa da, kəmərin işə düşməsi ilə yaranacaq vəziyyət onu heç cür qane edə bilməz. Çünki onun nəzarətində olan ölkələrdən keçməyən bir qaz kəməri  Almaniya sənayesi üçün sərfəli və bol enerji, Rusiya iqtisadiyyatı üçün isə milyardlarla gəlir deməkdir. Hadisələrin bu cür inkişafı ABŞ-ın iqtisadi hegemoniyasına bir zərbədir və əslində get-gedə onu itirməsi deməkdir.

Комментариев нет:

Отправить комментарий