Ancaq bizdə oxuyun!
Gi Debor mükafatı almış əsərlər
Yavaş – yavaş hər şey dəyişir, adiləşir. Səhər heç cür açılmaq bilmir. Gecə yarısını çoxdan keçib. Adam öz – özlüyündə düşünə - düşünə dəli olmaq dərəcəsinə gəlib çatır. Bircə anın içində. Bircə anın içində mən hər şeyi tərk edə və heç vaxt görmədiyim, amma hər zaman həsrətində olduğum yerlərə çıxıb gedə bilərəm. Əlini qoltuğuna qoyub oturmaq günahdır, pis bir vərdişdir, amma mən hal – hazırda əllərim qoltuğumda bəlkə də saatlardır ki, beləcə oturmuşam. Düşünürəm ki, sənə rast gəlməsəydim nə dəyişəcəkdi həyatımda? Nələri itirib nələri qazanacaqdım? Itirdiklərim və ya qazandıqlarım elə də vacib deyil indi mənim üçün. Əsas odur ki, sən varsan. Mən sənə görə hətta həmişə tərəfində olduğum ictimai qınaq qavramına da tüpürmüşəm. Sonrası da nə qavram? Qavram nə olan şeydir? Hər şey öz dəyərini xırda – xırda tərk edir. Yavaş – yavaş hər şey adiləşir. Hər şey öz-özünü məhv etməklə məşğuldur. Bu vəziyyətdə sən gəl mənə qavramlardan danış! İnanandadır günah doğrusu!
Məhlədəki bütün avaraları tanıyırdı o. Hamı onu dostu sayırdı. O da hamını. Şər qarışıb qaranlıq düşən kimi evlərinə çəkilən ailəcanlı kişilər onluq deyildi. Onunku yeyib – içən oğlanlarla idi. Oturub yeyib – içəndə qıraqdan onlara nə təhər mağmın – mağmın şöngüyüb baxırdısa, yeyib – içdiklərindən artıq qalan sür – sümüyün dərhal yiyəsi o, olurdu. Hətta bəzən ət də verirdilər ona. Diri tikələr. Pahh, onda keflə göydəki ulduzlara hürmək keçirdi içindən. Ancaq hər dəfə o fikrə düşəndə fikrindən tez də daşınırdı. “Lənət şeytana” – deyirdi. Başına gələn başmaqçı olar – deyibər. Bir dəfə kefinin alabuludlarda olan vaxtı, - onda qismətinə üstündə kom tikə ət olan yekə bir sümük düşmüşdü – nəyi var ağzını açıb yekə dişlərini göstərə - göstərə bir – iki ağız hürmüşdü. “Sənsən o hürən?” – deyib düşmüşdü qədeşlər üstünə. Düz bir həftə ombasını tutub gəzmişdi. Çünki o, hürmüşdü və məhlənin cayıllarının əlindən yanıqlı olan Ağca arvadın da yuxusuna haram qatılmışdı. Ağca arvadın da yuxusuna haram qatmaq o demək idi ki, gərək bir azdan bütün məhlə camaatı farağat vəziyyətində dayanıb səhərə kimi onun moizəsinə qulaq asaydı. Susmaq iki tikə ətli sümük kimi bir şey idi onun nəzərində. Arada bir dəfə su da vermişdilər ona. O da dili ilə suyu yoxlamışdı sadəcə. İçməmişdi. İçmək olardı onu? Bu cayıllar bu zəhəri necə içirdilər bir Allah bilir?! Cayıllar bir xeyli gülmüşdülər onun bu vəziyyətinə. Əməlli – başlı gözləri yaşarmışdı. Gilə - gilə yaş gəlirdi gözlərindən.
-Alə, Coni, vur getsün! Alə, birinci – birinci mən də belənçiknə olurdum. Sonra düzəldi.... – Bunu burnu həmişə qıpqırmızı olan Sərxan demiş və əl hərəkəti ilə onu yanına çağırb:
-Gəl, görək, soyutmazlar bu cür əntiqi! Dadı qaçar, küsər səndən sonra! – sözlərindən dərhal sonra o acı, zəhər kimi suyu ona içirtmişdi...
Acı, zəhər kimi su boğazından içəri töküldükcə gözlərindən gildir – gildir yaş axmışdı. Ancaq bədəni qızışmışdı. İndi əsl hürməyin vaxtı idi. Hürmüşdü də. Ancaq qəribə idi ki, heç kim onun hürməyinə qəzəblənməmiş, hətta nəinki qəzəblənməmiş ağız – ağıza verib gülüşmüşdülər.
-Hə, o gedən yerə poyuzlar da getməsün! Gələ, bu tikəni ötür getsün! Onsuz da biz də hələ sənin günündəyük, utanıb eləmə!
Gecənin bir aləmi idi. Bir qaraltı yaxınlaşırdı. Allah eləməmiş birdən Sabir kişi – zad olar a. Koması yıxılardı onda. Sabir kişi bineyi – qədimdən bu məhlədəki itlərin qənimi idi. Bir tüfəngi var idi, bir də gördün budu ha, oğlu ilə başladı küçədə olan bütün itləri qırmağa. Bir Allah bəndəsi soruşmurdu ki, a kişi, sənin işin – zadın yoxdu?! Nə istəyirsən bu yazıq heyvanlardan? Nə vermisən ala bilmirsən? Yox, əksinə, hamısı bir ağızdan deyirdi ki, vur öldür, onsuz da bezdiriblər bizi. Allah köməyin olsun!
Qaraltı gəlib beşmərtəbənin həyətindəki toyxanada qoyulan taxta oturacaqda oturdu. Bir müddət oturanın kim olduğunu dəqiqləşdirə bilmədi. Aaaaa, ay başına dönüm, bu ki.... – Gözləri bərəldi bircə anın içində. Bu neynir bu vaxtı bayırda?! Bu ki, qədeşlərə heç salam – zad da vermir. Axşam işdən gələn kimi evdəkinin bişirdiyindən boğmalanıb oturur televizorun qabağında. Qədeşlər belə danışırdılar öz aralarında. Vallah, o, hələ də bilmir televizor nəmənə şeydir?! Düzdür, bir dəfə qədeşlər əllərində nəyisə tutub ona maraqla baxırdılar. Ancaq bilmirdi ki, o idi televizor ya yox?!
Xəyalında dağı arana, aranı dağa daşıyan Tahir başını qaldıranda onu gördü. Əvvəllər bu itə elə də fikir verməmişdi. Əlini qaldırdı, o da elə bu hərəkətə bənd imiş kimi gəlib düz Tahirin yaxınlığında yerə çökdü.
-Elə bilirsən asanddı insan kimi yaşamaq?! Biz insan kimi yaşamırıq! Sənə nə var, tapanda yeyirsən, tapmayanda da bir yolla qarnını doyuzdurursan. Amma biz?!... İşləməlisən iş yoxdur. Tapdığın işdə də dərini soyurlar. İşdən evə leş kimi gəlirsən. Səbəb nədir?! Evdəkilər ac qalmasın! Baxıram sənə hərdən həsəd aparıram, inan mənə!
O acı suyun iyi gəlmirdi axı Tahirdən. O iyə o qədər alışmışdı ki, yüz kilometrdən də hiss eləyirdi o saat. Bu adama nə olub bəs? Niyə gecənin bir yarısı çıxıb bayquş kimi çöldə təkbaşına oturub?! Kimsə görüb eləyəcək sonra səhər şəbədə qoşacaq. Pıçhapıç düşəcək ki, xəbəriniz var artıq Tahiri də çıxardıblar yoldan?! O qədər güclü imiş ki, itnən danışırmış dünən gecə yarısı.
-Dur get evə, Tahir, dur get! Səhər danışarıq!
Tahir yalnız səhər ayılanda gücə - bəla xatırlayacaqdı ona deyilən axırıncı cümləni. Amma nə illah eləyəcəkdisə kimin dediyini xatırlamayacaqdı... Elə biləcəkdi ki, yuxu görüb...
****
İlk dəfə səndən sonra ora getdim. Əvvəllər tez – tez getdiyimiz kafeyə. Qarnı özündən bir xeyli qabağa çıxmış o bəstəboy kişi məni görəndə ani olaraq duruxdu. Sonra məni hardan tanıdığını xatırlayıb hal - əhval tutdu. Üzündə nisgilin dərin işartıları var. İndi artıq orda həzin musiqi səslənirdi. Həmişəkindən fərqli olaraq. Müsahibimlə söhbət edə - edə halımın yavaş – yavaş dəyişdiyini hiss edirdim. O, bunun fərqində deyildi və mən istəmirdim ki, o, bunun fərqinə varsın. Nə gərək var idi axı? Niyə kimsə mənim acizliyimə gülməli idi? Yox, mən buna izin verməməli idim. Beynimi paramparça edən qarmaqarışıq fikirlərdən yaxa qurtarmaq məqsədi ilə tez – tez müsahibimi sual yağmuruna tuturdum. İstəyirdim danışsın. Məni hiss elədiyim yoxluğun içindən çıxarmağı bacarsın. Amma olmurdu, alınmırdı. Saxlayıram, daha heç nə yaza bilmirəm. Lənətə gəlsin o kafe də, bu gün məni bura gəlməyə məcbur edən səbəblər də...
****
Gecə idi. Yadıma düşmüşdün. Kərpicdən tikilən kazarmanın yanında qaraltdığımız balaca, quş damına oxşayan odun damına girdim. Siqaret yandırdım. Həkim icazə vermirdi siqaret çəkməyimə. “Çəksən öləcəksən.” – deyirdi. Yalandan deyirdim ki, tullamışam. Daha çəkmirəm. Yalandan. Əslində özümü aldadırdım, fərqində idim. Fərqində idim və bilə - bilə üstünə gedirdim ölümün.
Birdən çiynimdə bir əl hiss elədim. Cəld yerimdən sıçrayıb əlimi avtomata uzatdım.
-Mənəm – dedi – Qorxma.
S. idi. Baş leytenant S. Batareya komandirimiz. Siqaret istədi. Verdim. Tüstünü ciyərlərinə çəkib üzümə baxdı və nəsə xəyala daldı. Dünən səhər gəlmişdi Bakıdan. O, məzuniyyətə gedəndən sonra fikirləşirdik ki, gələcək və o, gələndə cəmi bir neçə ayımız qalacaq. İndi o, gəlmişdi və Bakıda insanlardan aldığı enerji bu dağların arasında sıxışıb qalmış kərpic kazarmaya sığışmırdı. Hiss edirdim ki, o, hər gün gördüyü bu əsgərlərdən bezib artıq.
-Bakı yaman dəyişib... – Bunu S. dedi.
-Şəhərlər dəyişmir, Sem, şəhərlər maneken kimidir. Ona hansı paltarı geyindirirsən geyindir, yaraşacaq.
-Əsgər Əliyev Anar. Sitatın sonu...
Gülüşdük.
****
-Alə, farağat!
- Alə, azad!...
****
Baxın, mən balaca bir böcəyəm. Yolun ortasında dayanıb sizi gözləyirəm, Gəlin, əzin keçin məni, sizdən xahiş edirəm. Bir azdan bu şansınız da əlinizdən qaçacaq. Məni əzin bahalı maşınları ilə təzə salınan yollarda, körpülərdə şütüyən özündənrazı ərkəklər, məni əzin! Məni əzin kiminsə hesabına gəlib bu yerlərə sahib olanlar, məni əzin! Məni əzin, gözlərində şöhrətdən başqa heç nə olmayan, şöhrətə qovuşmaq üçün istənilən yolu mübah sayanlar, məni əzin! Məni əzin, gecə saatlarında bardan çıxıb atalarınızın sizə aldığı bahalı avtomobillərdə fısqırıq törədib ikitəkər qaldıran cavan oğlanlar, məni əzin! Yolunuza davam edin sonra heç bir şey yoxmuş kimi!... Göz yaşı zad da axıdıb eləməyin. Onsuz da gündə yüzlərlə insanı əzmək təhlükəsi ilə üz – üzə qalırsınız. Təhlükə deyirəm e, sizə, təhlükə! Siz təhlükənin qlobal miqyasına baxın! Siz təhlükə ilə üz – üzə gəlmirsiniz. Çünki, siz təhlükənin yaradıcılarındansınız. Ona görə də uzun sözə nə ehtiyac, əzin məni! Əzin məni, gözlərinizi yollardan çəkmədən, ancaq irəli baxa – baxa. Hətta istəsəniz qabırğama bir – iki yağlı söyüş də yerləşdirə də bilərsiniz. Bu hardan çıxdı deyə?! Onsuz da öyrəncəliyəm. Neynim? Mənim işimin – gücümün adı budur, ruzimi sizin ayaqlarınızın altından qazanıram. Tez – tez, məni gördüyünüz yerdə onsuz da ölümlə hədələyirsiniz. Bəzən dözməyib dalımca da düşürsünüz. Guya məni tutduğunuz yerdə öldürəcəksiniz. Yekə, şişman bədəninizlə əlinizdə ev ayaqqabılarınız yorulub – təntiyib arxamca qaçmaqdan vaz keçdikdən sonra dayanıb məni maraq dolu gözlərlə süzürsünüz. Diqqətlə baxırsınız, sürətlə ora – bura qaçışmağıma. Sizə qəribə gəlir, eləmi? Mən bu qədər həyat enerjisini hardan alıram? Ax, ax, ax!... Sizin məni başa düşməyiniz illərinizi alıb apara bilər. Ona görə də məni əzin!... Ən son dəblə geyinməyi özü üçün adət halına gətirən, valyuta mağazalarından aldıqlarını bir il sonra memilərə verib satdıran xanımlar, onsuz da əlimdən yanırsınız. Səhər, günorta, axşam, hər Allahın verdiyi gündə üç dəfə əlinizdə olsa evlərinizi dərmanlayarsınız ki, canınızı məndən xilas edəsiniz. Mən də arsız, balaca bir böcəyəm. Oturmuşam yolun ortasında, əcəlimin kimin əlindən olacağını gözləyirəm. Əzrayılımla çiling – agac oynamaq fikrinə düşmüşəm. Gözləyirəm bir Allah bəndəsi çıxsın məni rahatlıqla əzib keçsin! Qoy təkərlərin altında qalım. Yapışqana bənzəyən qəribə bir məhlul qalsın məndən geriyə. Təkərlərinizi növbəti dəfə qaraltdıranda siz də təkər qaraldan o səkkiz – doqquz yaşlı uşağa xüsusi ilə tapşırasız ki, təkərin o tərəflərini yaxşı təmizləsin. Görüb eləyən olar, niyə hansısa bir böcəyə görə kiminsə ödü ağzına gəlsin? Keçən dəfə təkər qaraldanda kəsdiyiniz bir manatı da qoyarsınız üstünə. Verərsiniz o balaca uşağa. Aparıb verər anasına. Ya da yox, aparıb verməz, elə yoldan ciyərləri çürümüş qardaşı üçün bir az yemək alar. Artıq iki manata nə düşürsə. Ancaq indi söz danışıqdan keçər, məni əzməmiş heç yana getməyin! Mən əzilməyə layiqəm! Özüm də bunu hiss edirəm. Özü də bütün iliyimlə, qanımla hiss edirəm artıq əcəlimin vaxtı çatıb. Dartıb gəlin yanıma, qaqaşlar, məni elə daha rahat öldürərsiniz. Birdən – birə böyüyərəm gözlərinizin qarşısında. Gözlərinizin qan çanağı olduğu bir vaxtda çevrilib olaram sizin üçün qara əqrəb. Ancaq vəziyyətiniz normala dönməmiş başınıza dönüm, əzin məni! Birdən özünüzə gələrsiniz və elə fikirləşərsiniz ki, bu yazıq böcəyi niyə öldürürəm e, qoy yaşasın da!... Saqın, elə fikrə - zada düşüb eləməyin! Məni öldürmək lazımdır, vəssalam!
Bir azdan səhər verilişləri başlayacaq kanallarda. Evdə olanlar evdə, işdə olanlar işdə pultu əllərinə alıb gəzinəcəklər kanallarda. Kanallar da əttökən səhər verilişləri ilə insanların beynini xarab eləməklə məşğul olacaqlar. Mən isə yolun üstündə dayanıb radar aparatını quraşdırıb bir azdan kol dibində işə başlayacaq polisə yaxınlaşıram:
- Salam!
Polis əvvəlcə səsin sahibini, yəni məni axtarır. Bir o yana, bir bu yana baxandan sonra başını yelləyir. Gözlərini yumub açır. Gicgahını ovuşdurur. “Hamısı dünənkinin zibilləridir.” – deyə düşünür öz – özünə. Dünən işdən sonra dostları, köhnə məhlə uşaqları darthadart onu gətirdilər yeyib – içməyə. Düt deyənə kimi içmişdi. İndi başı partlayır ağrıdan.
Bir də salam verirəm:
- Salam!
Səsin gəldiyi yerə sarı əyilir və birdən məni görür:
- Ay əleyküməssalam, qədeş, əleyküməssalam! Sən danışa da bilirsən, özü də tərtəmiz doğma ana dilimizdə? Yaxşısan, yenə bizim rəisə baxanda! Nə isə, gijdədim deyəsən! Mən də deyirəm səhərdən bu səs hardan gəlir?
- Sizdən bir şey xahiş edəcəyəm.
- Elə, qurbandı sənə hər şey. Lap belə ikisni elə. Ancaq qabaqcadan deyim, əsl iqtisadi böhrandayam. Kreditin vaxtı da çatıb. Heç bilmirəm neynim?
- Qorxmayın, mən sizdən pul istəməyəcəyəm.
- Onda döşə gəlsin e... Ancaq qurban sənə, mənimlə adam kimi danış. Mədəni danışanda qaşınma tutur məni.
- Məni əzin!...
- Neynim?
- Əzin də, əzin məni!
- Qadası, xatanı məndən uzaq elə!
- Mən ölmək istəyirəm.
-Lap yaxşı eləyirsən e, lap belə əlinin içindən gəlir. Guya biz yaşamışıq əlimiz bala batıb?! Amma mənlik deyil.
Bu belə deyib üzünü çevirib getmək istəyirdi ki... Birdən nə fikirləşdisə dala qayıtdı. Əyilib məni yerdən götürdü. Diqqətlə məni süzüb, sonra səliqə ilə səkiyə tərəf addımladı. Səkidə əlindən yerə qoyub:
-Get, dostum, - dedi – get yaşa. Ancaq hamıya öz dərdüvü diyib eləməginən. İnsanların heç də hamısı səni bax beləcə maşın yolundan çıxarıb səkiyə qoymaz. Əzib keçər və heç uf da deməz!....
****
Gəlməyin, istəmirsinizsə heç gəlməyin! Mən sizsiz də öz yoluma davam edərəm...
****
Can məhkəmə qədeş, mənim oğlum əvvəllər mal vururdu. Daha evdə - eşikdə heç nə qalmamışdı. Əlinə nə düşürdüsə, aparıb vərirdi igneyə. Görüm qonşumuz Ağarzanı dərin getsün, hamısı o gorbagorun zibilləri idi. O gorbagor örgətmişdi uşağı mala. Çörək sexində işləyirdim. Mənim işləyən vaxtım idi? Neynim, can məhkəmə qədeş, evdən başımı götürüb qaçırdım da səhərlər. Ancaq səhərlər. Çünki bilirdim axşam yenə haylanıb fırlanıb gələcəyəm evə və yenə qanım qaralacaq.
O gün də işdən qayıdırdım. Gördüm evin qabağı adamla doludur. Ürəyimə min cür güman gəldi. Nə olmuşdu görəsən? Yaxınlaşanda dedilər ki, Sərvər (mənim o başıbəlalı balam) qonşumuz ignə dostu Çingizi yortub. Adi hal idi də, neçə illər idi gündə belə sözlər eşidirdik. Ərlərimizin dalınca türmə yolu getməkdən yorulmuşduq, indi də uşaqlarımızın dalınca gedəcəkdik.
Məhkəmə oldu, iş kəsdilər balama. Bir tərəfdən sevinirdim, bir az baş – qulağım dinc olacaqdı. Amma bir tərəfdən də ürəyim yarpaq kimi əsirdi ki, birdən orda lap pis oldu? Bir dəfə böyük qərdeşinə deyib ki, ana çox əziyyət çəkib mənimçün, deginən halal eləsin. Mən daha qabaqkı Sərvər deyiləm. Tövbə eləmişəm mala.
Böyük oğlum bunu mənə xəbər eləyəndə uçmağa qanad axtarırdım. Sevinirdim. İl yarımdan sonra amnistə düşdü. Gəldi. Sınıxmışdı bir az. Namaz qılırdı. Orda örgənmişdi. Gündə mal vuran, anaşa çəkən oğlum indi heç adi siqaret də çəkmirdi. Sevinirdim.
İş tapmışdı. İşləyirdi. Arada məhlədə söz də düzüb qoşurdular onun üçün. Qulağıma çatırdı. Bir dəfə özünə də dedim.
-Oğlum – dedim – üzüvü qırx, bu saqqal nədi belə? Burda bilmirsən ala qarğa bala çıxarmır?! Özüvü nöş dilə - dişə salırsan?
Üzümə baxdı və güldü. Ay Allah, gülüşünə qurban olum balamın! O gülüşdə bir damcı da olsun yalan yox idi.
-Ay ana, bax mən artıq əvvəlki adam deyiləm. Allah mənə hidayət verib. Namaza gəlmişəm. Peyğəmbərimiz də axı saqqal saxlayıb. Narahat olma, anacan!
Oğlum mal vurmurdu, anaşa çəkmirdi, hər Allah verən günü gəlib başımı divara çırpıb pul istəmirdi məndən. Namaz qılır, Allah buyurduğundan danışırdı. Allaha şükür eləyirdim gündə yüz dəfə, min dəfə. Can məhkəmə qədeş, mən hardan bileydim ki, oğlum haranısa partlatmaq istəyir?
****
****
Yuxusuna haram qatılmışdı. Gecə soyunub yerinə uzanan kimi qulağına bir səs gəlirdi: “Hamı Allah qarşısında cavab verəcək elədiklərinə görə!” Qulağına gələn bu səs onu varından yox edirdi. Nə qədər düşünürdü ki, canını necə xilas eləsin bu səsdən, alınmırdı. Alınmırdı da, güc deyildi ki.
Dostunun ofisində pəncərəni açıb qışqıra - qışqıra telefonla danışırdı. Nəyisə başa salmağa çalışırdı telefondakına. Özündə deyildi, bəlkə də həmin anda onu tikə - tikə də etsəydilər vecinə olmazdı. Onda eşitmişdi həmin o cümləni:
-Hamı bir gün Allah qarşısında cavab verəcək elədiklərinə görə!
****
-Mən neynəmişəm e, cavab verməli olum axı? – deyə öz – özünə təskinlik verməyə çalışdı ilk əvvəl. Sonra başa düşdü ki, təskinlik verməklə deyil. Heç kim bilməsə də özü bilirdi axı hər şeyi.
****
Əlini cibinə salıb baxdı ki, görsün getməyə yol pulu var, yoxsa yox? Qalmamışdı. Çatdıra bilmirdi. Hər nə qədər baş redaktor onu inandırmağa çalışsa da alınacaq, olmurdu. Bacarmırdı. Öz – özünə fikirləşdi və dedi ki, getməyəcək. Qoy, nə olur olsun! Binanın yanından keçib tini burulmalı idi. Aşağı düşən kimi redaksiyanın qapısına çıxırdı. Bilirdi ki, içəri girən kimi birinci Cavidlə üzləşəcək. Sonra da Ağa... Salam verib salam ala – ala komputeri yandırmaqla məşğul olacaq. Və gündəlik iş rejimi...
Bircə gündəlik iş rejimini pozan O idi. Başına iş qəhətdi də, indi gəl günortaya kimi əsir – yesir ol bu çöllərdə! Nə var, nə var, əmr belədir! Apar və gətir!
****
Neçə ildir ki, tanıyıram səni... Tanıtdırmağa çalışma mənə özünü. Nolar, susmağı öyrən!... Danışmaqdansa susmaq yaxşıdır. Ən azından susmaq. Ən çoxundan isə... Özün bilərsən, istəyirsən danış! Yox, danış, danış. Səsini eşidim qoy. Səsin üçün darıxmışam. Səsini qucaqlamaq istəyirəm. Bu xarabada qəribsəmişəm. Əvvəlki kimi danış. Danış ki, səni görə bilim. Xəyalın yoxa çıxmasın qəflətən. Qəflətən özün yoxa çıxan kimi. Başımı qarışdırıram. Amma olmur, neynim e, olmur da. Olmur. Guya elə bilirsən mən sənsiz yaşamağa öyrəşmişəm?! Yox, hərdən danışmağa adam axtarıram. Yalançı sevgilər uydururam özümçün. Deyirəm filankəsi sevirəm, alınmır. Uzaqbaşı bir saat çəkir o sevgi. Ağlayırsan? Ağlama, dayan göz yaşlarından öpüm. Qurudum gözlərinin nəmini! Ancaq, ağlama!
Dizlərini qucaqlayıb oturmusan. Hamı gəlib səni ovutmağa çalışır. Ovunmursan. Olmur, daha bərkdən hönkürməkdi bu saat ürəyindən keçən. Qırıcı olduğunun, durmadan ürək sındırdığının fərqindəsən. Dözmür bu qədər təlatümlərə zərif bədənin. Nazim Hikmətin bir şeiri də yoxdur yanında. Birdən... Dayan...
Ən dözülməz ağrılara – acılara tab edirəm,
İblisdən ümid umuram, şeytana xitab edirəm.
Ürəyimin al qanını döndərib şərab edirəm,
Başıma çəkib içirəm səni unutmaqdan ötrü
Daha nə yollar keçirəm səni unutmaqdan ötrü...
Bunu eşitmək istəyirdin? Yaxşı, sakitləş...
****
Bazar günü idi. Aşağıdan zəng elədilər ki, yanına gələn var. Nə qədər elədim ağlıma heç kim gəlmədi. Nəzarət buraxılış məntəqəsinə çatanda gördüm bir cavan oğlan qapıda gəzişir. Yaxınlaşdım.
-Salam.
-Salam, səhv etmirəmsə Oktay müəllimsiniz də.
Oktay müəllim e... Mırt vurur deyəsən. Ancaq özümü ələ almalı idim. Ələ almalı idim ki, öyrənim görüm bu cavan oğlan kimdir? Onu bura kim göndərib? Niyə mən yada düşmüşəm?
Elə bir ad çəkdi ki, yüz il də keçsəydi ağlıma gəlməzdi həmin adamın yadına düşəcəyim. Belə baxanda sən deyən elə də tanışlığımız yox idi. bir – iki dəfə hansısa tədbirdə bir yerdə olmuşduq. Başqa da heç nə. İndi, buyur, sürücüsünü arxamca göndərib.
İcazə kağızımı alandan sonra maşına oturduq. Şose yoluna çıxdıqdan sonra:
-Patron sizin şeirləiniz üçün əldən gedir – dedi.
Dinmədim. Yarım saatdan sonra artıq həmin adamla birgə maşınla evə doğru hərəkət edirdik.
-Bizdə qocaman bir şair var. İstəsən yolüstü bir ona dəyək. Bura gələsən və onu tanımayasan heç Allaha xoş getməz.
Qapıda bizi əliəsalı, ağsaqqal bir kişi qarşıladı. Üzümüzə qüruba enən gözləriylə baxaraq:
-Kimsiniz, a uşaq? – deyə soruşdu.
-Dədə, bu cavan oğlan şairdir. Bakıdan gəlib. Gəlib səninlə tanış olmağa...
-Gəlin içəri da.
Otaq başdan başa kitab idi.
-Dədə, neçə yaşın var?
-Neynirsən ə, neçə yaşım var? Pasport verəcəksən? Sən de görüm Nüsrət neynir e, Nüsrət? Yenə qızlara şeir yazır?
Yola vermək məqasədi ilə:
-Hə, dədə, - dedim – yazır.
-Mənsə yaza bilmirəm – dedi. O anda onun sifətinin necə yazıqlaşdığını gördüm.
-Niyə, ay dədə?
- Möhübbətdən yazıram. Arvad da qoymur...
****
Kazarmada hamı yatıb. Qəribədir, ağzımda bir tam var. Çoxdan unutduğum. Qaraçörəkotu tamı. Saat altının yarısıdır. Bir mən oyağam, bir də silah otağının qabağında dayanan növbətçi əsgər. Televizor açıqdır. Türkiyə kanallarının birində “Sylvia” filmini göstərirlər. Silvia Platın həyatından bəhs edir film. Yuxusuzluqdan gözləri qızarmış əsgərə Silvia Platdan danışmağın yeri yoxdur. Sakitcə oturub filmə baxıram. Silvia ərinin xəyanətini qəbul edə bilmir. Özünü yandırır. Kaş, Əlizamin burda olaydı. Əlizaminə hamı burda bir təhər baxır. Buralıq deyil o. Özü də bilir bunu. Bir azdan yuxudan oyanıb səngərə gedən yolu qardan təmizləməli olan əsgərlərin yuxudan oyandıqdan sonra üzlərində yaranacaq əzabı duymamaq üçün çox yalvarmışam Allaha. Çox yalvarmışam ki, məndən alsın bu hissiyyatı. Elə - belə hamı kimi yaşayım mən də.
Televizorun ekranında donub qalan bir kadr var. Mən sözləri unuduram yavaş – yavaş. İndi burda gündəlik istifadə olunan sözlərin sayısı o qədər məhduddur ki, məni real həyatda görənlərlə burda qarşılaşsaq onlar bu halımı görüb sadəcə acıyarlar. Silvia özünü yandırıb, silah otağının qabağındakı əsgər başucumda dayanıb mənim baxdığım filmdən nə ləzzət aldığımı düşünür öz – özünə.
-Ağsaqqal, o biri kanalda əla kliplər göstərirlər. Bu nədi e, baxırsan? İmkan varsa dəyişək kanalı!...
Xətrinə dəymirəm. Beş – on dəqiqəyə onsuz da hamı oyanacaq. Film yeridir? Filmin canlı səhnələri bir azdan çəkilməyə başlanacaq...
Çəkməyi bacaranlar üçün təbii ki...
-Batareya, qalx!...
****
Onu qətiyyən anlaya bilmirdim. Gah mənə bağlandığını deyir, gah da bir dəfəlik çıxıb həyatından getməyim üçün mənə diz atıb yalvarırdı. İndiyə kimi ona qayğı göstərən yəqin ki, olmamışdı. Ona bəlkə də “sevirəm!” – demişdilər, amma ona heç kim sevgisini hiss etdirməmişdi. Və o da ömrünün bu çağına kimi bax beləcə yaşayıb gəlmişdi. Bilirdi ki, mən gedəcəyəm. Bir daha da qayıtmayacağam. Bilirdi bunu, hər dəfə ağlına gətirəndə dəli olurdu. Amma yenə də bir bəhanə tapıb mənimlə dalaşırdı. Bəhanələri də nə olurdu: niyə gecikdin, niyə indiyə kimi şəhərdə ləngidin?! Özü də bilirdi ki, şəhərdən onların kəndinə gələnə kimi axşam düşür.
Budur, üz – üzə dayanmışıq. Ona bu görüşün axırıncı görüş olduğunu deyirəm. Susur. Amma hiss eləyirəm “ola bilməz” – deyir ürəyində. Gözlərindən oxunur.
-Məni bircə sən sevirdin, sən də gedirsən. Mənim bəxtim niyə belədir görəsən?
-Yaxşı, ağlaşma qurma! Sən bilirdin ki, biz müvəqqəti görüşürük.
-Bilirdim. Bilirdim, amma belə tez bitəcəyini bilmirdim. Heç olmasa bu gecə burda qal da, nolar!...
****
Təbəssüm... Az miqdarda belə olsa. Yenə də. Bir az da. Acı göz yaşları içərisində gülümsəməyə öyrəş. Hamı sənin güclü olduğunu görsün. Düşünsün ki, sən əjdəhasan. Eybi yox, tək qalanda ağlaya da bilərsən. Heç eybi yox! Onsuz da hər beş nəfərdən üçünün vəziyyəti eynidir. Əksəriyyət bir – birinin üzünə yalandan gülür. Özünü xoşbəxt göstərməyə çalışır. De – gül, niyə bu cavan yaşdan özünü dərd çəkməyə öyrəşdirəsən axı? Sənə qalıb burda dərd çəkmək?
****
Kədər... Ümumiyyətlə, izi – tozu belə görünməsin. Nəyə lazımdır axı? Kimin nə işi var sənlə? Kim özünü sənin yerinə problemlərin ağuşuna atar? Amma, sən olsaydın. Sən olsaydın, heç düşünmədən özünü kiminsə yerinə fəda edərdin. Heç gör başqası bunu eləyər? Niyə özünü məcbur edirsən? Sənə yaraşan nədirsə, onu elə də...
****
-Bəlkə, səninlə gedim?! – deyə soruşdum.
Əslində dilucu soruşub – zad eləmirdim. İstəmirdim səndən ayrılmaq. Olmurdu. Alınmırdı.
Sən etiraz etmədin. Və bir də gözümü açdım ki, artıq sizin rayonun avtovağzalındayam. Tərs kimi geri qayıtmağa avtobus da yox idi. Bircə Bakıya gedən taksilər cərgəylə dayanmışdı. Taksilərdən birinə oturub Bakıya qayıdanda maşının içinə çökən qaranlıqdan istifadə edib səssiz – səssiz ağladım. Mənə çatmayan bilirsən nədir: o günə kimi həftədə bir neçə dəfə səni gəlib avtovağzaldan ötürsəm də niyə səninlə rayonunuza kimi getməmişəm? Adi tanıdığımız – bildiyimiz rayon idi, amma baxma da. Yenə də olsun, o rayon mənim üçün əziz idi. Bilirsən niyə, çünki o rayon başdan – başa sənin uşaqlıq xatirələrinlə bəzənmişdi.
****
İçəri keçən kimi qabağına çıxan ilk qadının sifətinə bir yumruq ilişdirib:
-Fahişələr, - dedi qışqıraraq – Bakını qoymusunuz it gününə. Adam sizə görə bu şəhərə də nifrət eləyir artıq.
Qadın dolmuş gözləriylə onun üzünə baxıb ağzından şoralanan qanı sildi. Sonra əlləri ilə üzünü qapayıb hönkürdü. O, isə qadına fikir belə vermədən içəri keçdi. Rastına çıxanı qabağına qatıb əzişdirirdi. Heç nəyə baxmadan. Vururdu, haralarına gəldi. Onu bu saat bir şey düşünündürürdü sadəcə: şəhərdəki bütün fahişəxanaları təmizləmək! Çünki, iki gün olardı ki, qızı evə gəlmirdi...
****
Musiqi məktəbinin qabağı adamla dolu idi. Onlar dərsdən qaçmışdılar. Kamran da orda idi, atasının gözündən yayınmağa çalışaraq yığışanlara baxırdı. Namiq musiqi məktəbinin qabağına bu adamlar yığılaşandan musiqi məktəbinə gəlmirdi. Çünki tardan onlara dərs deyən Eduard müəllim neçə vaxt idi ki, ortada görünmürdü. Hərənin ağzından bir avaz gəlirdi. Heç Anuranı də görə bilmirdi. Əvvəl elə bilmişdi ki, vəssalam, Kamranın dedikləri düzdür. Onlar düşməndilər. Görüblər ki, hamı onlara düşmən kimi baxır, çıxıb gediblər. Kim idi onlara düşmən kimi baxan, beş – üç nəfər. Onlar da Kamranın atası Məmmədtağı dayının ağlında idilər. Məmmədtağı dayı da neçə vaxt idi ki, evdə az – az olurdu. Bütün gününü musiqi məktəbinin qabağında keçirirdi. Orda yığışan camaatın qabağında nəsə danışırdı. Düşmənlərdən, Bakıda olanlardan. Bir kişi də var idi musiqi məktəbinin qabağına yığışanların arasında. Təzə köçmüşdü bu rayona. Evdə danışırdılar ki, müəllimdir. Yerevandan köçüb gəlib bura. Bundan sonra bu rayonda dərs deyəcək. Əlində, barmaqlarının üstündə qəribə gömgöy yazılar var idi. “Yerevan ” - deyəndə gedib kitab rəfinin alt gözünü açıb qalaq - qalaq “Göyərçin” jurnalını gətirib tökmüşdü stolun üstünə. Və Yerevan şəhərinin artıq harda yerləşdiyini bildiyindən üstündə ortasından göy xəttin keçdiyi qırmızı oraq – çəkicli bayrağın olduğu jurnalı açıb uzun – uzadı oxumuşdu.
Budur, musiqi məktəbinin qabağındakı qələbəlik ağzını ayırıb Mərdan müəllimə qulaq asırdı:
-Düşmənlər gecənin bir yarısı kəndə gəlib dedilər ki, kənddən çıxıb gedin! Demədilər hansı cəhənnəmə! Eləcə dedilər ki, gedin! Biz də başımızı götürüb gəldik. A kişilər, mən bu yaşımda başqa hara getməli idim ki?! Sizin yanınıza gəldim də!
Məmmədtağı canfəşanlıqla yerindən dilləndi:
-Belə xoş gəlmisən, səfa gətirmisən! Göz üstdə də yerin var. Qardaş qardaşa nə gündə lazımdı ki? Qoy düşmən və onlara arxa duranlar utansın! Onlar başa düşsünlər ki, belə olmaz! Ar olsun onlara!
Qələbəliyin arasında uğultu yarandı. Düşmən kim idi, bəlli idi. Namiq bilirdi ki, düşmən deyəndə Anuragili və onların kəndindən olanları nəzərdə tuturlar. Bəs yaxşı, düşmənlərə arxa duranlar? Onlar kim idi?
Bunu axşam anasından soruşanda evdə qiyamət qopdu:
-Hardan eşidirsən e, sən bu cür gic – gic söhbətləri? Kim danışır bunları?
Anası rus dili müəlliməsi Sveta Bayramovnaya zəng vurmaq istəyirdi ki, öyrənsin görüm bu “düşmən” məsələsi nə məsələdir? Ehtiyac qalmadı, çünki Sveta Bayramovna bir azdan yaşıl yun şalı belində qapını döyürdü...
****
Anası onun dərsdən qaçıb musiqi məktəbinin qabağına getdiyini biləndə möhkəm hirsləndi. Belə anlarda Namiq bilirdi ki, anası onu döyməyəcək, ancaq onunla oturub söhbət edəcək. Anası çox az – az olurdu ki, eyvanın bir küncündən asılmış palazçırpana müraciət etsin.
Bu dəfə də belə oldu. Anası Sveta Bayramovnanı yola salandan sonra gəlib mısmırığını sallamış Namiqlə üzbəüz oturdu.
-Niyə dərsdən qaçmısan?
-Qaçmamışam.
-Bəs neynəmisən?
-Kamran dedi ki, gedək görək kişilər nə danışır?!
-Kişilər... –anası Namiqin dediyini gülməli şəkildə təkrar elədi: - Kişilərə bax da...
-....
-Üzümə bax, sən böyüyəndə nə olacaqsan?
- Mən demişəm də, böyüyüb Moskvada oxuyacam. Ədəbiyyat İnstitutu var e, orda.
-Belə dərslərdən qaçmaqla?
-Bir də eləmərəm...
-Mama, Anura dərsə gəlmişdi?!
Anasının əli üzünə yapışdı...
****
Bu qədər yaşadıqlarım yəni sənə heç nə demir?!
****
MƏHƏRRƏM dayı ilə avtobusda tanış olmuşdum. Yol boyu bir xeyli söhbət elədik. Arada avtobus pirin altında saxlayanda oturub çay da içdik. Üzümə zəndlə baxıb:
-Allah – dedi – hər kəsə çəkə bildiyi qədər dərd yükləyir, bala! Ancaq çəkə bildiyi qədər!
Bakı –Siyəzən – Şahbuz – Sumqayıt – Siyəzən – Bakı
Комментариев нет:
Отправить комментарий