Möhtəmən Həkim. Hekayə
Müxtəlif məlumat xarakterli söhbətlərdən sonra Rasim kişi dünyada gedən iqtisadi böhranla əlaqədar adamların maddi vəziyyətinin, güzəranının çətinləşməsindən söhbət açdı. Qələndar kişi elə bil ki, bu mövzuda söhbətə bənd imiş. O, söhbətə başladı, nə başladı:
Yaxın ayların söhbətidir. Bakıya gedirdim. “Qazel” markalı mikroavtobusun sürücüsünün arxasındakı sırada məndən əlavə iki nəfər də əyləşmişdi. Söhbət əsnasında mənə bəlli oldu ki, sərnişinlərdən birinin adı Rasim, o birinin adı isə Qələndardı.
Qələndar Bakıda yaşayırdı. Rasimin təqribən 55 yaşı, Qələndarın isə 45-48 yaşı olardı. Hər ikisi söhbətcil adam idi.
Qardaş, kim maddi vəziyyətinin pis olmasından gileylənirsə, özü günahkardı. Elə adamlar geyişin, yerişin bilməyənlərdir. Bax, elə götürürəm öz ailəmi. Üç nəfərik, həyat yoldaşım, qızım və mən. Təqribən ayda evimizə 250 manat pul daxil olur. Bakı kimi bir şəhərdə bu miqdarda pul bizi tamamilə qane edir. Hər həftə yarım kilo ət alıram, iki kiloqram yağ da bizə bir ay bəslik edir. Özünüz də yaxşı bilirsiniz ki, bu iki ərzaq məhsulunu həddindən artıq istifadə edənlər tez qocalırlar. Qaldı, çoxlarının geninə-boluna pul xərclədiyi paltar məsələsinə, o məni çox da narahat etmir. Yeddinci ildir ki, ayağımda gördüyünüz bu ayaqqabını geyirəm. Hər il ayaqqabımı modaya uyğun olaraq rəngləyirəm. Əynimdəki şalvarı kim inanar ki, on ildir geyinirəm. Bu şalvar ilk əvvəl açıq boz rəngdə idi. İki il geyinəndən sonra onu sarımtıl, iki il sonra yaşılımtıl, iki il sonra qəhvəyi rəngə boyamışam. İndi isə qara rəngdədir. Hələ bunu bir neçə il də geyə bilərəm.
Qızımın iyirmi yaşı var. Hal-hazırda əynində olan yupkanı qızımın üç yaşı olarkən almışam. Amma çox gözəl, həm də davamlı parçadandır. On yeddi ildir ki, geyinir. Düzdür uşaq vaxtı yupka dizindən aşağı idi. İndi isə dizindən bir qarış yuxarıda qalır. Allah köməkləri olsun moda yaradanların. Hər il yubkaları qısalda-qısalda gedirlər. Qızım da hər il yupkasını modaya uyğun rəngə boyayır. Güllü parça qırıntılarından yupkaya bəzəklər artırır. Bəzəkləri də hər il dəyişdirir. Çox sağ olsun qızım, çalışır atasını əlavə xərcə salmasın.
Bəzən yaxın adamlarım məni qınayaraq deyirlər ki, a kişi, ayıbdır, qızı belə geyindirmək olmaz. Onda deyirəm. Bəyəm sizə əl açmaq yaxşıdır? Yaxud da şortikdə gəzmək?
Düzdür, yubkası şortikdən çox-çox qısa olsa da, bu daha abırlıdır. Həm də ki, qızımı yaraşıqlı göstərir. Qızımla mən küçədə yanaşı gedərkən cavan oğlanlar inanırsan ki, ona necə tamarzı-tamarzı diqqət yetirirlər. Hətta bir dəfə cavan oğlanın özündən xəbərsiz ağzından su axdığını da görmüşəm.
Qələndar kişi bir az ara verib dərindən nəfəs aldı. Sonra isə ürək dolusu:-“Ax moda, moda, sən nə gözəl şey imişsən!” –dedi.
Rasim kişi daha dözə bilməyib bir az bərkdən:- “A kişi, qurtar görək!” –deyib, üzünü bozartdı.
Elə bil qurbağalı bir gölə daş atdılar. Qulaq asanların hamısı susmuşdu. Mən isə düşünürdüm ki, görən Qələndar kişi modanın əhəmiyyətindən daha nələr danışacaqdı?
Hayıf ki, Qələndar kişiyə imkan verilmədi.
Söhbət başımızı o qədər qarışdırdı ki, “Qazel”in nə vaxt son dayanacağa çatdığını hiss etməmişdik. Xudahafizləşib hərə bir istiqamətə yan aldı.
Комментариев нет:
Отправить комментарий