Şəbnəm Xeyrulla
Ötən il Avroviziya mahnı müsabiqəsindəki qələbəmizdən sonra Avropanın nəzərləri bizə yönəldi. Azərbaycan adlı ölkə eşitməyən, ya da eşitsə də, haqqında heç bir məlumata malik olmayan sadə avropalılar əlbəttə ki, gələn il qitələrinin ən nüfuzlu mahnı müsabiqəsinə ev sahibliyi edəcək ölkə haqqında informasiya əldə etmək istəyirdilər. Bu, ən çox özünü mahnı müsabiqəsini təbliğ etməklə məşğul olan internet səhifələrində göstərirdi. "Axı bu necə ölkədir?" sualı az qala hər istifadəçi şərhində özünə yer tapırdı. Məğlubiyyətin acısını yaşayan düşmənlərimiz isə bu məsələdə də fürsəti əldən vermək istəmirdilər. Ölkəmiz haqqında yanlış informasiyalar verməklə məşğul olan xain qonşularımız öz fikirləri ilə xəbərsiz avropalıları sapdırmağa çalışırdılar. İş o yerə çatmışdı ki, hətta bir alman öz şərhində "Bakıda aeroport var? Biz ora nə ilə gedəcəyik - at-eşşəklə?" də yazdı. O zaman həmin alman xanıma Heydər Əliyev adına Beynəlxaliq Hava Limanının və şəhərimizin görkəmli yerlərinin bir neçə şəklini göndərib "Azərbaycanı Ermənistanla səhv salmayın, biz əsl Avropa ölkəsiyik" kimi cavab da ünvanlamışdım.
Amma hərdən pafosdan uzaqlaşıb reaallıqla üzbəüz qalmaq da lazım gəlir. Görəsən, vətənpərvərlik hisslərimin təsiri ilə yazdığım "əsl Avropa ölkəsiyik" fikri nə qədər həqiqətə yaxındır? Bax, bu sualı isə özümə artıq hər gün üzləşməyə adət etdiyim tıxaclarda verirəm. Tıxacların elə Avropanın özü üçün də normal bir hal olduğunu deyə bilərsiniz. Bəs görəsən, günün günorta çağı əsas yolların qazılması, təmirə bağlanması da Avropa təcrübəsində varmı? Bilirəm, yenə aranızda məni qınayanlar, "təmir, tikinti inkişaf deməkdir, inkişafın nəyindən narazısan" sualını verənlər var.
Bəli, təmir və tikinti inkişaf göstəricisidir. Amma bunlar keyfiyyətlə görülərsə. Bir yolu qısa müddət ərzində dəfələrlə təmir etmək normal haldırmı? Yeni təmirdən çıxmış yolun bir neçə aydan sonra yenidən əvvəlki vəziyyətə düşməsi məncə, heç də inkişafdan xəbər vermir. Hər dəfə yol tikintisi və ya təmiri bitəndən sonra bəh-bəhlə "Avropa standartları"ndan dəm vursaq da, qısa müddətdən sonra həmin standartlara şübhə etməyə başlayırıq.
Ötən həftə hər gün istifadə etdiyim marşrut avtobusu hər zamankı yolunu dəyişib başqa istiqamətlə hərəkət edəndə sərnişinlər bunun səbəbi ilə maraqlanmağa başladılar. Avtobus sürücüsü isə maraqlı bir cavab verdi: "O biri yolda xəzinə tapıblar. İndi qazıb onu çıxarmaqla məşğuldurlar."
Hərdən adamın ağlına gəlir ki, bəlkə elə sürücü haqlıdır, həqiqətən də bu yollarda xəzinələr gizlədilib. Yoxsa niyə hər neçə aydan bir onları qazsınlar ki?
Bir neçə gün öncə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin paytaxtın küçə və prospektlərində yağış barmaqlıqları tikdiyi xəbərini aldıq. Şəxsən mən bu xəbərə çox sevindim. Necə olmasa, bu barmaqlıqların tikintisindən sonra daha yollarımızın əsas qənimi olan yağıntı suları yollarda qalmayacaq. Amma sən demə, bu yenilikdən narazı qalanlar da var imiş. "Yenə də yolları qazmağa başlayacaqlar" gileyini səsləndirən bu narazıları başa düşməmək olmur.
Yollarımızı tezliklə həqiqi Avropa standartları səviyyəsinə çatdırmaq və bir daha bu standartdan qısa müddət ərzində geri qalmamasını təmin etmək lazımdır. Bunu özümüz üçün etməsək də, qonaqlarımız üçün mütləq etməliyik. Axı biz qonaqpərvər və göstərini sevən xalqıq. Az qalıb, Avropa bizə gəlir. Onların isə ayaqlarını yerdən götürəcək eşşəkləri yoxdur. Öz aramızdır, elə biz də gör nə vaxtdır eşşəkdən imtina edib avtomobillərə minmişik. Bundan sonra yenidən eşşəyə minəsi, Avropaya eşşəklə gedəsi deyilik ki. Ümumiyyətlə, maraqlıdır, Avropaya eşşəklə getmək olar?
Комментариев нет:
Отправить комментарий