İbrahim Sel
İntiqam Hacılı (İntiş) və kinodan yazarlığı öyrənən digər dostlar üçün
“Siz televiziya tamaşaçıları heç vaxt dünyanı dərk edə bilməzsiniz”
V hissə
9.PEDRO ALMODOVAR. İspan Pedro Almodovar son illərin müəllif kinosunun ən tanınmış rejissorlarındandır, müasir kinematoqrafiyanın klassiklərindən biri sayılır. Onu Qoyyanın şagirdi, Lorkanın ruh qardaşı, İspaniyanın zədələnmiş ruhu adlandırırlar. Almodovarın sayəsində dünya Penelopa Kruz, Antonio Banderas, Rossi de Palma, Viktoriya Abril kimi istedadları tanıdı.
Rejissorun filmlərində sosial realizm, naturalizm güclüdür. Onun qəhrəmanları tibb bacıları, narkomanlar, aktyorlar, müğənnilər, filosofluq edən cahillər, homoseksuallardır. Bir çox filmlərində Almodovar qadın təbiətini tədqiq edir.
Almodovara şöhrəti “Buna layiq idimmi?” filmi gətirdi. Tənqidçilər bu filmi “qara komediya”, “kiçik şedevr” adlandırmışdılar. “Əsəbi qadınlar” filmi “Oskar”a nominant oldu və digər mükafatlar qazandı. 1999-cu ildə Almodovarın “Anam haqqında hər şey” filmi ən yaxşı xarici film nominasiyasında “Oskar” aldı. 2002-ci ildə ekranlaşdırdığı “Onunla danış” dramı da rejissora mükafatlar gətirdi və “ən yaxşı ssenari” nominasiyasında “Oskar” qazandı. Son illərdə rejissor bir-birindən maraqlı filmlər çəkməkdə davam edir: “Pis tərbiyə”, “Qayıdış”, “Parçalanmış ağuş”. Almodovar deyir: “Filmi elə çəkməlisən ki, tamaşaçı sonadək bir dəfə də olsun saatına baxmasın”.
10.QAY RİÇÇİ. Vaxtilə Madonnanın əri olan bu cavan oğlanın filmləri İngiltərənin real cinayətkar aləmini əks etdirir. “Kart, pullar və iki tüfəng” filmi bütün seyr zamanı tamaşaçını həyəcanda saxlayır. Məşhur müğənni, mafiya ilə sıx əlaqələri barədə şayiələr dolaşan Stinq də onun proyektlərinə qatılır.
***
O ki qaldı mənim özümə, əsasən 70-80-cı illərin Sovet filmlərini sevirəm, çünki yaşımın elə bir dövrüdür ki, ruh sakitçiliyi axtarıram. Sövet dövründə gözəl qəlb filmləri çəkilmişdir ki, onların içərisində sevdiklərim var: “Взрослые дети”, “Девчата”, “Карьера Димы Горина”, “Неподдающиеся”, “Девушка без адреса”, “Приходите завтра”, “Живёт такой парень”. Rus dilini bilənlər, internetdən tapıb baxın, peşman olmazsınız. Mənim sevimli sovet aktyorlarım Nikolay Rıbnikov, Aleksandr Demyanenko (məşhur Şurik) və Nadejda Rumyantsevanı siz də görün. Müəmmalı şəkildə həlak olan gözəl bir rejissor vardı: Yuriy Çulyukin. Milliyətinə görə şişirdilən və irəli çəkilən Eldar Ryazanov isə mənim heç vaxt xoşuma gəlməyib. Onun cəmi bir yaxşı filmi olub: “Девушка без адреса”. 1957-ci ildə çəkilib, onda hələ Ryazanov deformasiyaya uğramamışdı. Ümumiyyətlə, Xruşşov aşkenazların əli ilə devriləndən sonra bütün gözəl rejissor və aktyorlar sıradan çıxarıldı və sırf rus kinoindustriyası məhv edildi. Unutmaq olmaz ki, Xruşşov dövrü Sovet tarixinin çiçəklənmə dövrü idi və bütün sahələr kimi kino da uğurla inkişaf etdirilirdi.
Hollivudu hamı kino fabrikası kimi tanıyır. Məlim olduğu kimi, dünyaca məşhur bu yer ABŞ-da yerləşir. Hollivudun kinolarında mövzular elə rəngarəngdir ki, onları sadalamağa adamın ömrü çatmaz. Məşhur əsərlərin səhnələşdirilməsində də çox usta rejissorları var. Yeni bir kino çıxdısa, bütün dünya kinoteatrlarında afişası asılıb tamaşaya qoyulur. Hələ filmlərdə oynayan aktyor və aktrisaları demirəm. Həmişə baş rola çox yaraşıqlı oğlanlar və çox gözəl xanımları seçirlər. Bu oyunçuların dünyada milyonlarla fanatları olur. Hansı ölkəyə getsələr, böyük bir izdiham bunları qarşılıyır. Filmlərin büdcələri milyonlarla dollarla ölçülür. Hollivud məşhur olduğu üçün ortaya çıxartdığı “zibil” də olsa, onu bəyənən insanlar tapılır və bu film beşiyi heç vaxt iflas etmir. Heç iqtisadi böhranlarda da. Kinonu ərsəyə gətirən insanlara yalançı “oskar”lar da verib dünya əhalisinin başını qatırlar.
Hollivudda bədii filmlərlə yanaşı seriallar da çəkilir. Məsələn, bir “LOST” serialı var. Bu serial çox məşhurdu. Həm Amerikanın özündə, həm Rusyada, həm də Türkiyədə. Bu üç fərqli mədəniyyətin insanları bu serialın vurğununa çevrilibsə, digər Avropa dövlətlərinin adını çəkməyə heç ehtiyac da yoxdu. Yəni ki dünyanın hər yerində izlənən bir serialdı. Serial haqqında qısa olaraq onu deyim ki, təyyarə qəzası nəticəsində insanlar bir adaya düşür. Günlərlə kömək gözləyirlər, bir xəbər çıxmır. Günlər ayları əvəz edir, bir kömək gəlmir. Onların başına adada hər iş gəlir. Aylar keçdikcə qırılırlar. Qəribə heyvanlar görürlər. Qəribə insanlarla rastlaşırlar. Yəni insan baxır və həyəcanlanır ki, ay Allah sən məni belə bəlalardan uzaq et. Serialda yaraşıqlı oğlanlar və gözəl qızlar xüsusi olaraq seçilir. İnsana qəhrəman təəssüratı bağışlayır. Və avtomatik olaraq fanatlar, yəni ki növbəti filmləri sırımaq üçün yeni qurbanlar ortaya çıxır.
Keçən həftələrin birində “texnologiyanın növbəti zəfəri” adlı bir məqalə oxudum. İndi sizə də deyim nədir bu növbəti zəfər. Alimlər çiplər kəşf edib. İnsanın dərisinin altına yerləşdirilir. Həkimlərin dediyinə inansaq, bu çiplərin insan orqanizmasına heç bir zərəri yoxdur. Gəlin keçək xeyirlərinə. Bu çipləri insanlara qoymaqla kimin harda olduğunu həmin anda öyrənmək mümkündür. Artıq cinayətlər zamanı üstündən iki il keçmiş cəsədlərin aşkar olunma dövrü sona çatdı. Zorakılığa məruz qalmış cavan qızların cansız bədənləri vaxtında tapılacaq. Əgər gəminiz ilə okeanda səyahət edərkən fırtına baş verərsə və okeanın bilmədiyiniz bir nöqtəsinə uçsanız, sizi tapmaq artıq çox asan olacaq, narahat olmayın. Sadəcə yaxınlarınızın gedib sizin itdiyiniz barədə lazımi orqanlara müraciət etməsi kifayətdir. Əlbəttə ki siz əvvəlcədən öz razılığınız ilə bu çipin bədəninizə qoyulmasına izin vermisinizsə.
İndi yəqin başa düşdünüz mən LOST serialını niyə misal çəkdim. Bilirsiniz, indiki dövrdə güclü dövlət olmaq üçün güclü ordulara ehtiyac yoxdur. O qaldı Makedoniyalı İsgəndərin dövründə. İndiki zamanda hansı ölkə tutarlı aqitasiya ilə məşğuldursa, o ən güclü dövlətdir. Güclü dövlətləri əsasən ərazisinə, ordusuna, əhalisinin sayına və iqtisadiyyatına görə sıralayırdılar. Amma bu kriteriyaları qoyanlar nə bilsin ki, gələcəkdə Hollivud olacaq, gələcəkdə McDonalds, Coca-Cola olacaq. Dünyada ölkələrin 99%-ində McDonalds var və ailələrin yemək süfrəsində Coca-Cola içilir. Axşam olanda televizor yandırılır, başqatdı filmlərinə, ya da seriala baxılır. Amerikanın ən güclü orqanı kimi Pentaqonu sayılır. Məncə bu heç də belə deyil. Çünki Pentaqon hər evə girə bilmir. Amma Hollivud filmləri hər evə çox rahat girir. Bu filmləri izləyənlərin beyinləri isə çox rahat yuyulur. LOST serialının fanatı gedib həmin çipi çox rahatlıqla özünə taxdırar. Amma heç vaxt fikirləşməz ki, o çiplə onu əslində idarə edirlər. Qula çevirirlər. Heç ağlına gəlməz ki, o çip sayəsində artıq onun hər addımı izlənəcək və onun əvəzinə qərarlar qəbul ediləcək. İnsanları robotlaşdırırlar, çünki robotları idarə etmək daha asandı. Hollivudun insanları təsirləndirmə qabiliyyəti çox yüksəkdir, çünki güclü psixoloqlarla işləyirlər. İnsanların zəif cəhətləri ilə onların üzərində təsir qabiliyyəti əldə edirlər. Sevgini çox rahatlıqla istənilən mövzulu filmə soxuşdura bilirlər. Hətta deyim ki, LOST-a da sevgini soxuşdura biliblər. Bir insan olaraq insanı başa düşməkdə elə də çətinlik çəkmirəm. Mən də bəzi kinolardan təsirlənirəm. Sadəcə bu təsir məni ən gec bir gündə tərk edir. Kinolardan və seriallardan təsirlənənlərə demək istəyirəm ki, Rembo və Terminator kimi qəhrəmanlar həyatda olmur.
Rus “krutoy”ları barədə keyfiyyətli filmə baxmaq istəyirsinizsə, “Bumer” filminə (bir də) diqqətlə baxın. Onda “Briqada” serialı sizə uşaq-muşaq nağılı kimi görünəcək. “Gəl bunu tez edək” filmi isə rus banditlərinin Amerikada qeyri-adi macəralarından bəhs edən psixoloji dramadır. Bu filmdə məşhur idmançı Oleq Taktarov və aktyor Vladimir Maşkov çəkilmişlər.
Əgər siz sağalmaz “boevik” xəstəsisinizsə, təcili Koreya istehsalı olan “Vaxt gözləmir” (“Время не ждет”) filmini arayın, onda Hollivudun döyüş səhnələri sizə şit fantaziya məhsulu kimi görünəcək. Haydı, tələsin!
Комментариев нет:
Отправить комментарий