22.12.2011

Kəndinə qayıdan yazıçı


“Şofer”, “məhbus”, “alverçi”...

Güzarım yenə kəndə düşmüşdü. Tanış-biliş, kimə rast gəlirdimsə, məni görcək, sözü bir yerə qoymuş kimi, eyni sualı verirdilər:
-Görsənmirsən, alə? Bayram yumurtasına dönmüsən. 
-Şəhər düşüb sənə ha, kökəlmisən, maşallah!
-“Qorodskoy” oldun, belədü də.Sən day bizi bəyənməzsən.
Mənim kimi, Qan Turalı demiş, gün ərzində heç kompyuter diliylə desək, üç min işarəlik danışmayan adam, gəl indi bu suallara bir-bir cavab ver.
Amma bu yazıda məni tanıyan (daha doğrusu, yaxşı tanımayan) üç adam haqda danışacam.



“Əli ayağı” ziyarətgahının yaxınlığında avtobusdan düşüb dənizin havasını ciyərlərimə təzəcə çəkmişdim ki, köhnə tanışlardan biri başımın üstünü kəsdirdi:
-Salam, ay brat! Alə, haçan gəlmisən?
Özümü o yerə qoymadan dedim:
-Bir-iki gün olar.
-Oralarda vəziyyət necədü? Bizim uşaqlardan kimi görürdün?
- Bizimkilərdən çox az adam qalıb.
-Hansı bazardeydün?
- “Levebirejno”-da. Day alverin də ləzzəti qalmayıb. Getdi o vaxtlar.
Dediklərimi təsdiqlədi. Bu zırrama çoxdan bəri görünməməyimdən elə bilmişdi ki, Urusetdə alverlə məşğulam. On altı yaşım olanda bir müddət dayımla birlikdə Kiyev bazarında gül satmışdım, o vaxtdan onun yadında gülsatan kimi qalmışam. Buna da şükür! 
Yadımdadır, həmin bu oğlan məni sütül bir rus qızıyla tanış eləmişdi... 
Dnepr çayının sahilində sınıq-salxaq ruscamla bu qıza eşqnamə oxuduğum gün yadıma düşdü. Rus dilini mənə kitablar yox, həmin o sütül qız öyrətmişdi. Hər dəfə ruscadan nəsə tərcümə edəndə o qızın xəyalı gəlib durur gözlərimin önündə. 
Nə isə, təzə məscidin yanına çatanda nimdaş bir “ZİL” nərildəyə-nərildəyə böyrümdə saxlayıb siqnalladı. Sinif yoldaşım Zaur idi. Başını kabinədən çıxarıb qışqırdı:
-Alə, otur maşına!
Xeyli hal-əhval tutduqdan sonra əvvəlki tanışımın cümləsinə qohum olan bir fraza qulaqlarımı qıdıqladı:
-Haçan buraxıblar?
-Dünən...
-Amma brat, içəri sənə düşüb ha! Heç yatıb çıxana oxşamırsan, kökəlmisən. Bura bax, ancaq heç nədən zibilə düşdün e!
-Hə... Əşşi, başqa söhbətə keç. Canın-başın nətərdi?- Söhbəti başqa səmtə yönəldirəm.
-Sağlığın. Bizim də çörəyimiz daşdan, qumdan çıxır da.
-Buna da şükür!
... Kəndə gələndə bir xeyli piyada dolaşıram. Əvvəlki kitab mağazasının yerində indi inşaat malları mağazası açıblar. Mağazanın qabağında köhnə məhlə uşağı Zahidlə rastlaşdım. Məni görcək birbaşa mətləbə keçdi:
-Mənə bax, yaxşı əlimə düşmüsən. Bekarsan?
-Hə, -dedim.
-Deməli, bir iş götürmüşəm. İki balaca otaqdı, köhnə rəngini qaşıyıb tökmək, təzə mala çəkmək lazımdu. Usta işini mən görəcəyəm, sən divarları qaşıyarsan. Yaxşı pul verir, yarı bölərik. Hə, necədü?
- Haçan başlayacaqsan?
- Get, köhnə iş paltarlaruvi yığ, gəl. Bu gündən başlayaq. Onsuz da boş-bekar gəzirsən. Hazır işdü də.
- Yaxşı, evdə gözlə, paltarlarımı götürüb gəlirəm.
Suvaqçı Zahiddən ayrılıb mürdəşir dostuma zəng vururam:
-Gəl çayxanaya, oturub dərdləşək.
Mənə nə desə yaxşıdır:
-Sən də molla oldun mənimçün! Sən çay içəndə yox, araq içəndə maraqlı olursan.
Bizim kənddə uzun müddətli yoxa çıxdınsa, deməli, ya Urusetdə alverlə məşğulsan, ya içəridə yatırsan, ya da qəbirdə.
Biz hələ ki, qəbirdə deyilik. Buna da şükür!..

Kənan HACI

Комментариев нет:

Отправить комментарий